Diyar var – üstünə od tökür günəş,Yayı da atəşdir, qışı da atəş.Taleyin behişti buradır deyir –Susuz səhralarda yaşayan həbəş.

Diyar var – il boyu ərimir buzu,Yaşıl yamacında mələmir quzu.Doğma sakininə fəqət bu yerinXurmadır arpası, şəkərdir duzu.

Diyar var – dörd yanı tufanlı dalğa,Döyür sahilini müdam qasırğa,Ömrünü ölümə girov qoyanlarYurdum-yuvam deyir vulkanlı dağa...

Gəzib iqlim-iqlim, görüşüb bir-birƏrzin hər yerində insanı dindir,İztirab da çəksə car da çəkəcək:“Vətən mehribandır, vətən şirindir!”

Vətənlər içində göyçək vətənim,Səhrası, yaylağı çiçək vətənim,Dünyanın qoynunda sən bir dünyasan –Azərbaycan! Bəxtim, taleyim mənim!

Diyarlar içində şirin diyarım,Qışı ilıq, yayı sərin diyarım,İmzalar içində imzan var sənin,Gözümün üstündə yerin, diyarım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale