Dedi: “gələcəyəm vidalaşmağa...”“Adam aldatmaq da, – dedim, – hünərmi?Bir an dayanmadan qabaq-qabağaDərənin dibinə zirvə enərmi?!

Gözəllər gözündə unudulmuşam,Nə vaxtdır yuvası cəh-cəhsiz quşam.Bəxtimi sınaram yenə bu axşam,Söz verib, sözündən, görək, dönərmi?..”

Mən bu xəyaldaykən qapı döyüldü,Açdım, sarı donlu o xanım güldü!Sarı qəndil idi, yox, sarı güldü!Əslində – qəndilmi, gülmü... bəşərmi?

Dedim: a qismətim, a nurlu çiçək,Yerişin, gülüşün, hər adan qəşəng,Naxışlı qədəmin-izin mübarək!Şəşi qoşa edən talemi, zərmi?!

Gəldin – gəncliyimi gətirdin, sağ ol!Əlçatmaz arzuma yetirdin, sağ ol!Xətrimdə bənövşə bitirdin, sağ ol!Eşqin rayihəli odu sönərmi?

Tezcə ayrılmaqdı, duydum, niyyətin,Odumun üstünə od qoydu şərtin.Məni məndən edən bu ünsiyyətinBilmirəm axırı xeyirmi, şərmi?

Sevda məqamında əbədiyyət var,Onun hər anından nişanə qalar.Taledən bir kəsim versən yadigar...Heç belə bir bəxşiş ələ düşərmi?

Qənd yemiş qumrutək sən gülə-güləDedin: “iştəhanı bir az az elə...”Tale verdiyini belə gözələGörən özgəsinə bir də verərmi?

Getdin tələsərək, getdin qaçaraq,Tənha çıraq kimi şölə saçaraq,Yanınca bir xəyal... o mənəm ancaq!Baxın, gedən təkmi... iki nəfərmi?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale