Ayağı dənizin suyundan içən,Başının üstündən buludlar keçənMərmər pillələrlə üzü aşağıSöylə enmisənmi heç axşam çağı?..

Belə geniş səma, göy sahil hanı!Qəhrəman şəhərin böyük limanıGəlib gedənlərlə dolur, boşalır,Gəmi karvanları bura yan alır.

Sular qaralanda, axşam düşəndə,Dalğalar gah susub, gah gülüşəndə,Göy sahil boyunca qarışanda şərNurdan boyunbağı taxır gəmilər.

Öpüb yola salır qardaş-qardaşı...Bir cavan səyyahın çatılır qaşı,Yanında nə dost var, nə ana-bacı,Dənizdən yel əsir, daranır saçı.

O indi qürbətə düşəcək yola,Qəhərdən az qalır gözləri dola.Liman xidmətçisi “Yaxşı yol!” – deyəHörmətlə ötürür onu gəmiyə.

“Yaxşı yol!” Hünərin varsa buna döz...Nə qədər səslənmiş qulaqda bu söz.“Yaxşı yol” demişik, eşitmişik bizSəfərə çıxanda, işə gedəndə.Qürurla, sevinclə vurmuş qəlbimizVətən torpağını biz seyr edəndə.

Ürəyi yuxaldı cavan səyyahın,“Yaxşı yol” deyənə o, döndü baxdı –Qayıtdı geriyə, dayandı yaxın,Qucaqlayıb onun əlini sıxdı.

Adi bir yoldaşın səsi deyildiUğurlar diləyən o həzin nida.Vətənin adından sanki deyirdiÜrəyi titrədən o səs, o səda.

İlk dəfə gördüyü adamla elə,Sual etməyin ki, nəydi bu ülfət:Coşğun bir sel kimi gəlmişdi diləTorpağa məhəbbət, elə məhəbbət.

Nə yaman olurmuş Vətən həsrəti,Yetim uşaq kimi kövrəlir insan.Dərindən duyarsan bu həqiqətiDoğma sahilləri tərk edən zaman...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən