Çox qədimdi Azərbaycanın tarixi,
İlk mədəniyyəti –
Əski türklər – şümerlər yaradıb
Beş min il əvvəl yer üzündə.
İndi düşmənlərimiz –
Türkün qədim mədəniyyətini
Öz adlarına çıxırlar.
Hətta özümüz də bilmirik tariximizi.
Misirə, Yunanıstana şəkkim yox,
Amma təəssüflər olsun,
İngiltərədə dərs deyəndə –
Hərdən görürdüm,
Türk dünyasından
gələn tələbələr,
Öz əsillərini yunanda,
Misirdə axtarırlar,
İsbat etmək istəyirlər –
Türk mədəniyyəti,
Yunandan nə qədər təsirlənib.
Buna nə deyəsən?
Azərbaycanın tarixi
Yenidən öyrənilməli,
Yenidən yazılmalıdır.
Bunu zaman tələb edir,
Tarix tələb edir.

Firdovsinin şovinizmi

Fars hökumətinin –
Yanlış siyasəti,

Ana dilimizdə oxumağı
yasaq edibdi məktəblərdə.
Kifayətlənməyib bu cinayətlə
Hətta yanlış öyrədiblər tarixi bizə.
Guya Turan –
Vəhşi insanlar məskəniymiş.
Çünki fars şairi Firdovsi
Yaratmışdı bu təsəvvürü bizlərdə.
Farslardan bir qəhrəman, şücaətli
İnsan obrazı yaratmışdı
Şeir adına qoşduğu yalanlarda.
Türklərin vəhşi obrazını
Yaratmışdı insanların zehnində.
İrandan çıxandan sonra –
Turan mədəniyyətini öyrənib
Türk tarixilə tanış olanda
Heyrət etdim fars şairinin
Neçə əsr bundan əvvəl
İnsanlığa yaraşmayan şovinizminə,
Türkə xəyanətinə.
Bir millətin tarixinin
yalandan yazılmasına,
uydurulmasına.
Mədəniyyət beşiyi Turanın
Vəhşi kimi canlandırılmasına.

Şəms Təbriziyə

Heyf, Şəms!
Sən diri ikən –
Daş kimi, canlı ölülərin
Əhatəsində yaşadın.
Nicat tapmadın doğma ocağında.

Mane oldular
tarixin çərxinin
dolanmasına.
Bir çırağın –
Öz yurdunda yanmasına.
Sən oldun su,
Zaman dəyirmanına.
Günəş oldun güllərə, çiçəklərə,
Ağaclara hər zaman.
İşıq oldun xalqının
Qaranlıq gecələrinə.
Kaş, sənə qurban olaydı
Bu canlı ölülər.
Azad olaydı tariximiz,
Bu bəlalardan.
Cahillər düşüblər hər libasa
Din libasına,
azadlıq libasına,
siyasət libasına.
Birliyə, qardaşlığa, dostluğa
qarşıdılar
Bu ikiüzlü adamlar.
Heyf, Şəms!
İndi sən yoxsan.

Səttar xana

Niyə səndən qorxurdu –
Daxili, xarici düşmənlər, Səttarxan!
Niyə xalqımız bu qədər sevir,
Tərif edir səni, Səttarxan!
Əmirəxiz məhəlləsindən keçəndə
Divarlar da baş əyib

sənin şucaətinə,
Vətən sevginə.
Uşaqlıqda analarımız səndən
Bəhs ediblər beşik başında,
Kişi, qadın, qoca, cavan,
İştirak ediblər –
Sənin başçılıq etdiyin Təbriz üsyanında.
Qızlar, qadınlar kişi libası geyib,
Müdafiə ediblər Təbrizi
səngərlərdə
Sənin yanında.
Şəhid olandan sonra
Bilinib qadınlıqları.
Saxlamısan Təbrizi ayaq üstə
Tam bir il düşmən mühasirəsində.
Sındırmısan, ümidsiz etmisən,
Düşməni əməlindən.
Buna görə xalqımız sənin adınla
İllər boyu fəxr duyacaq.
Zaman gəlib qalxasan təzədən
Üsyan edəsən zülm əleyhinə.
Ucaldasan yenidən
Təbrizin başını zirvələrə.

Firudin İbrahimiyə

On yaşımda idim,
Milli Hökumət dövründə,
İzləyirdim xəbərləri
gecə-gündüz, diqqətlə,
1946-nın axırlarında –
Getmişdim səhər tezdən
çörək almağa.

Gördüm qaçaqaç var küçədə
əsgərlər arasında
Sordum qaçan əsgərlərin birindən:
– Əcəba, nə olub bu gün, söylə mənə.
– Yıxıldı hökümət,
yıxıldı evimiz,
Məhv oldu gələcəyimiz.
Qırırlar günahsız insanları, -
söylədi əsgər qaça-qaça.
Sonra eşitdim ki,
Dara çəkirlər
Firudin İbrahimini
Təbrizdə millət bağı önündə.
Unutmaram o günü ömrümdə.
Getdim gördüm, camaat yığışıb
Dövrə vurub Firudinin ətrafında.
Dar ağacı kənarında,
Yer,
göy,
dam-divar
Dolu idi silahlı əsgərlə,
Yalnız Firudini dar ağacına
çəkmək üçün.
Bu qədər qüvvə cəlb olunmuşdu.
Gördüm bir gözəl cavan uca qamətilə,
Məğrur durub dar ağacı qarşısında.
Geyinibdi gözəl kostyum
Salıbdı qalstuku boynuna,
Sanki dar ağacına yox,
Bir ziyafətə gəlibdi.
Bu halət daha çox
qorxudurdu düşməni.
Göstərirdi bu şəxsin iradəsini,

qüdrətini
Və sınmaz Vətən eşqini.
Kəndiri boynuna salmadan əvvəl
Xar etdi şah qoşunun bu cümləylə,
Gör nə qədər bu xainlər zəifdirlər,
Qorxurlar məni hətta
Dara çəkməkdən.
Amma bütün vücudumla inanmışam.
Azərbaycanın varlığına.
Üç dəfə –
«Yaşasın Azərbaycan!» dedi
Sonra saldı kəndiri
Öz əliylə boynuna.
Qəhrəman kimi ölümüylə –
Qorxu saldı.
Xain düşmənin canına.

İqbal Lahuriyə

Tanışam sənin
fikrinlə,
seirinlə,
fəlsəfənlə
Gənclik illərimidən.
Tapmışam səndə işıqlıq, aydınlıq
Dinin, məzhəbin qaranlıq çərçivəsində.
Sən islamı nə qədər
insanlaşdırdın
Həyatda hərəkəti, elmi anlamağı,
Bilik qazanmağı
göstərdin insanlara.
Bilmirəm bu gücü, qüdrəti

Hardan almısan sən?
İngiltərəyə gedəndən sonra
Öyrəndim ki,
Almaniyada elm öyrənmisən,
İngiltərədə dərs demisən.
Alt-üst etmisən ənənəvi fəlsəfəni
Təzə fəlsəfi fikirlərinlə.
Sənin fəlsəfəni
öyrəndikdən sonra
Hakim oldu varlığıma
düşüncələrin.
İllər keçsə də,
Qopa bilmirəm –
sənin düşüncələrindən,
Ruşuma hakim olan
fəlsəfi fikirlərindən.
Demişdin bir yerdə
İslamda peyğəmbərliyi
Fərddən camaata gətirməyini.
Öyrətdin ki, Allah bizə
Şah damarımızdan yaxındı.
Hər kəs özlüyündə
peyğəmbər ola bilər.
Fəxr edirəm sənin,
Şərq fəlsəfəsinin
səsi olmağına,
Şərq elmini –
Qərbdə ucaltmağına.

Təbriz xatirəsi

Bakının günəşli səhəri
Yadıma salır Təbriz günlərini.

Gün düşərdi
Gözəl Təbriz xalçaları üstünə.
Can tutardı güllər xalılar üstündə
Ən sevdiyim gün
Məktəbə getməyən günlərim idi.
Oturardım səssiz-səssiz
Tamaşa edərdim
xalçalar üstündəki
bu gülüstana.
İstəməzdim anam gəlib
İçəridə təmizlik apara,
Ayıra məni bu tamaşadan.
Xahiş edərdim anamdan
Bir az da oturum.
Baxım bu sehrli gözəlliyə.
O zaman bilməzdim
Gələcək bir zaman
Qürbətdə həsrət qalacağam
Təbrizli günlərimə,
Ömrümün o gözəl illərinə.

Ziya Sədrın
xatirələrindən

Neçə il öncə yazmışam məqalə
Şeyx Şamil haqqında.
Nəşr olub yazdıqlarım
Avropada, Amerikada.
Amma görüşdüm
Təbrizli bir dostumla
bu yaxınlarda.
Canlı xatirələr danışdı

mənə bu insandan.
Onun babası Səmərqənddə
Təhsil aldıqdan sonra,
Vuruşub Şeyx Şamilin
Ordusunda o zaman.
Ucalıb general məqamına
öz ləyqaətilə
Şamilin sevimlisinə çevrilib.
Sonra da
Ordu başçısı olub.
Bir döyüşdə
İki hissəyə böldüyü ordusuyla
Salıb rus qoşunlarını mühasirəyə.
Bunu danışanda övladlarına
Deyibmiş
Öldürdüyü düşmənlərin
Qanları dolubmuş zirehinin haqlasına.
Sonra Təbriz həsrəti
Buraxmayıb onu.
Qayıdıb Təbrizə .
Əynində hərbi libası,
İki başlı qılıncı.
İndi də qalır bu geyimlə qılınc.
Uzaq döyüşlərin xatirəsi kimi.
Deməli, Təbriz igidləri
Agah imiş Şamilin varlığından.
Onun ruslara qarşı
Azadlıq savaşından.

Seyid Cəfər Pişəvəriyə

Pişəvəri böyük şəxsiyyət idi,

Qurban getdi –
Moskvayla Tehranın oynuna.
Milli hərəkatın igid oğlu –
Pak ürəklə, təmiz arzularla
İstəyirdi qurtrasın Azərbaycanı
Düşdüyü halətdən.
Köləlikdən,
istismardan,
cəhalətdən.
Düşmən əsarətindən,
O bilirdi ki, millətin
dili,
məktəbi olsa,
İnsanları oxuyub, yaza bilsə
öz ana dilində
İnkişaf, tərəqqi edər.
Ömrü boyu
Ağır zillətlərə dözdü
Xalqının yolunda.
Diktator Rza şahın
Zindanını gördü.
Ancaq sınmadı,
əyilmədi,
Yenə sadiq oldu öz məramına.
Yaratdı Milli Höküməti Təbrizdə
Oyatdı xalqımızı yuxudan.
Xatırlayıram o illəri –
Kəndlilərin, fəhlələrin
Dəstə-dəstə könüllü,
şövq ilə
Vətəni qorumağa gəldiklərini.
Bir qürur yaranmışdı insanlarda
Qocalarda, gənclərdə, uşaqlarda,

Mən də məktəbdə oxuyurdum,
Duaları, seirləri öz dilimdə,
Xatirimdədir öyrənməmişdik
bir şeiri:
«Daşları ləldi, qumları mərcan,
Yaşa, yaşa Azərbaycan!»
Hələ də yayaşır –
Bu qürur hissi canımda
Bu qüruru Pişəvəri verdi
Vətən sevgisiylə bizlərə.
Düşmən dözə bilmədi,
Millətin qüruruna.
Tutdular gülləyə minlərlə insanı
Gözlərimin önündə.
Pişəvərini aldadıb hiylə ilə
Bakıya apardılar.
Az zaman keçmədən
son qoydular həyatına.
Amma onun milli hərəkatı
Bitməyib,
davam edir
bu gün də.

Səfərxan Qəhrəmaniyə

Sən illərlə
düşmən zindanında qaldın,
Baş əymədin
cəlladların işgəncəsinə,
Min cür hiyləsinə.
Xatirimdədir sənin
inqilabdan sonra

Tehranda zindandan
azad olmağın,
Gəlmişdi minlərlə
Azərbaycan türkü Təbrizdən
Səni qarşılamağa.
İnsanlar –
Gətirirdilər səni
qərhəman kimi
əlləri üstə.
Oldum sənin toplantında,
Gördüm –
Çöhrəndə parlayan qüruru,
Əfsanə kimi görünən vücudunu.
Zindan görmüş insanlar,
Kəbə kimi baş əyirdilər sənə.
Sən səbrlə, mətanətlə
dəvət edirdin onları
Mübarizəyə,
müqavimətə,
şücaətə.
Heyran qaldım, sənin
Zindanda formalaşmış
Azad şəxsiyyətinə,
Ucaldığın azadlıq təxtinə.

Mərziyə Uskuyiyə

Səninlə görüşə bilmədim,
Qızım Mərziyə!
Amma eşitdim dostlardan,
tanışlardan,
Səni sevənlərdən

Azad fikirlərinin –
Vətən torpağına
Su kimi yayılmasını.
Axdın gecə-gündüz dayanmadan
İlham verdin
qəflətdə olan qadınlarımıza.
Sarsılmaz ruhunu
buldum şeirlərimdə
Qızım Mərziyə!
Əfsus, düşmən susdurdu sənin
Bu əzəmətli ruhunu.
Eşitdim bir gün qürbətdə bu xəbəri,
Kədərləndim,
qüssələndim sənin faciənə.
Amma hədər getmədi,
Hər zaman bəhrə verəcək –
Sənin azadlıq toxumu səpən
mübarizələrin.

Behruz Dehqaniyə

Tanıyırdım Behruz Dehqanini
Bir ziyalı kimi,
vətənpərvər
müəllim kimi,
Bölüşərdik fikirlərimizi
məktub vasitəsilə,
O Təbrizdə,
Mən Edinburqda yaşayırdım.
Göndərərdim ona
Bəzi fəlsəfi,
Tarixi, siyasi kitabları,
Bir yaz günündə görüşdüm

Məşhur qəhvəxanada,
bağ qabağında
Onun çox səmimi, bilikli
Vətənsevər olduğunu hiss etdim.
Bir gün çəkildik –
Sakit bir guşəyə,
Sordum ondan
Səməd Behrənginin
Arazın slarında
Müəmmalı ölümüylə bağlı.
Saldı başın aşağı –
Dərin xəyala daldı.
Bir az sonra söylədi kədərlə:
«Səmədin ölümü məlum olmadı
Qaranlıq qaldı bizlərə».
Qayıtdım Londona
Bu görüşdən sonra.
Eşitdim Behruzun
İşgəncə altında öldürülməsini
neçə ay sonra,
Dilim gəlmir –
Şərh edəm bu insanın
Düşmən əlində
şəhid olmasını.

Səməd Behrəngiyə

Bir yaz günü –
Səməd Behrəngi ilə
Bəhsimiz oldu evimizdə.
O zaman mən –
Gizli gəlmişdim Təbrizə
Anamı görməyə,

Sordum Səməddən:
– Nə edirsən,
Nə yazırsan ki, belə?
Salmısan şah rejimini
iztirab içinə.
Baxaraq üzümə
fikirli gözlərilə:
– Mən həqiqətdən savayı
Bir şey yazmıram,
Mən gördüyümü yazıram
Səbri qardaşım, -
söylədi.
Əfsus –
Qoruya bilmədik Səmədi
Düşmən fitnəsindən.
O, milli mübarizəmizin
fəxri, örnəyi idi,
Canlı tarixi idi.
Azadlıq təlim edən müəllim idi
Qaranlıq yolların çırağı,
Zülmət gecələrin nuru idi.

Əzizə Cəfərzadəyə

Böyük insanlar –
Öz zəmanəsində
İlham verərlər,
ruh verərlər,
Dayaq olarlar
millətinə, xalqına.
Böyük insanlar –
Dünyadan gedəndən sonra

Boş görünər yerləri.
Darıxdırar şəhər adamı,
Vətən adamı.
Bu hissləri yaşadım
Əzizə xanımın taleyində.
O, həyatını dəyişəndən sonra
Elə bil dövrəm boşaldı,
Dünyam boşaldı.
Kaş daha çox öyrənəydim
Onun biliyindən,
Qızıl kimi təcrübələrindən
Çünki hər zaman –
Onunla görüşümdən sonra
Ruhum zənginləşirdi,
Dünyaya baxışım dəyişirdi.
Əzizə xanım –
Əvəz olunmayan
Bir şəxsiyyətdi
Türkün qəhrəmanlıq tarixində.
Gözəl bir nümunədi qadınlığa
Heyf ki, tanıtdırmamışıq
Bu şəxsiyyəti dünyaya.

İsmayıl Şəmsə

Şəms, ölüm haqdı
Nə bu cür ki, eşitdim
Günəş batar
Nə bu cür ki, sən batdın
Tənha bir bağ otağının
küncündə
Xəstələndin,

Yoxsa acından
Dünyanı dəyişdin – bilmirəm.
Qarışıq xəbərlər sarsıtdı məni.
Ağır kədər qondu qərib ürəyimə.
Söndü ölümünlə arzuların.
Sən Şəms idin –
Güney tarixində,
Güney hərəkatında.
İşıq salmışdın
qaranlıq həyatımıza.
Heç zaman getməz
İşıqlı izlərin
Sən günəş kimi təzədən
Doğulacaqsan
Vətən tarixinin
Mübarizə üfüqlərində.

Savalan dağı

Savalan dağı, ay Savalan dağı!
Nədən canında isti qan,
Başında bəyaz qar,
Baxırsan belə sakitcə
Zindandakı elinə.
Görmürsənmi –
Dilini, millətini sevənə xain,
Vətənini sevənə təziyə-tələb
deyirlər.
Ana dilində məktəb istəyənlərə
Zülm edirlər.
Savalan dağı!
Sən daşıyırsan

tarixin dərdini,
əzəmətini,
Qəhrəman babalarımızın nəsihətini.
Bilmirsənmi –
Düşmənə, zalıma
Nifrət müqəddəsdir.
Nədən kəsmirsən zalımların əlini?
Nədən məsum insanların
Tökülən qanlarına
Göz yumursan.
Bilmirsənmi –
Sən Azərbaycanın səssiz harayı
fəryadısan.
Qaldır başını,
Gör əzab çəkən övladlarını
Qəddar düşmən əlində.
Qalx Savalan dağı, qalx ayağa!
Uçur bu zülm səltənətini!
Son qoy zülmə, köləliyə,
Axı, əsarət yaraşmır
Tarixlər yaradan
Azərbaycan türkünə.
Qalx, Savalan dağı!
Qalx! Qalx!

Səhənd

Ey Səhənd,
Ey Vətənimin anası!
Doldurmusan xatirələrimi
Balla, şəkərlə,
Hər yaz, hər bahar,
Bağışlayırsan gizli sularla

Xəstələrə şəfa.
Amma görürəm
Yalnız zalım hakimlər, pulu məmurlar,
Bəhrələnirlər
Sənin balından, südündən,
Bütün nemətlərindən.
Amma öz millətin qalıb
Balının, südünün,
Şəfalı sularının həsrətində.
Bax, anam Səhənd,
Öz övladlarının taleyinə.
Qoymurlar yazsınlar,
oxusunlar
Sənin dilində, ana dilində
Doğma Vətənimizdə.
Amma qüssələnmə anam,
Bir zaman gələcək,
İgid oğulların –
Azad edəcəklər düşmən əlindən.
Öz şirin dillərini.
Balalarımız azad surətdə
Oxuyacaqlar öz doğma dillərində.
Təbriz, Zəncan, Ərdəbil,
Sulduz, Həmədan, Qəzvin,
Tutun əllərinizi möhkəm!
Qaldırın qaranlıq din buludlarını
Millətimizin başından.
Artıq gecdir, daha səhər açılıb,
Dan ulduzu parıldayır,
Azadlıq günü doğulmaqdadır.

Eynalı dağı

Ey Eynalı dağı!
Uşaqlığımın şirin xatirəsi,
Qüssəli xalqımın dayağı,
Gizli sirlərimizin yatağı.
Səttarxan üsyanının
Xiyabani hərəkatının şahidi,
Milli Hökumət zamanı
Fədailər məskəni.
Bilirəm –
Niyə qan sağılıb gözlərinə.
Çünki görürsən –
Ətəyindəki Təbriz zindanda
Millətin məsum övladlarına
İşgəncə verilməsini.
Öldürülən ataları,
Yetim qoyulan balaları.
Qaldır başını!
Çağır qəhrəman Vətən övladlarını!
Nədən unudulub
Qəhrəmanlıq tariximiz.
Qoy,görsün qəddar düşmən
Bizim milli iradəmizi!
Qaldır bir də
Odlar y urdu –
Azərbaycanın qiyamını.
Ey Eynalı dağı!

Ərk qalası

Ey Azərbaycan
Tarixinin simvolu,
Ey Təbrizin dayağı!
Ey ümidsizlərin ümidi,

Keçmiş günlərin əzəməti.
Əyilməsin sənin başın,
Sınmasın qamətin,
Türk düşməni İran dövlətinin nifrəti
səni əyməsin.
Saxla qamətini, möhkəm dur yerində.
Xar et, xalqımızın düşmənlərini.
Qüvvət ver, azad et,
məhbus millətimizi.
Uşaqlıqda –
Hər gün səni görməyə can atardım,
Ərk qalası!
Ötən illərin xatirəsi,
İsti günlərimizin kölgəsi.
Oyat yatmış xalqımızı,
Qəflət yuxusundan.
Ürək ver gənclərimizə,
Bu müqəddəs milli hərəkatımızda
Ərk qalası!
Nə zaman ayağa duracaq
Təbrizin qəhrəman xalqı.
Qalx səslə xalqımızı,
Dəvət et mübarizəyə.
Qaldır üstünə Türk bayrağını –
Azərbaycan bayrağını.
Dalğalansın uca başında,
Qoy övladların,
Sevinsin səni görəndə.
Daha cürət etməsin düşmən,
Bu qədər zülmə, sitəmə.
Daha bəsdir, Ərk qalası!
Qoyma tökülsün bu qədər
Azadlıq istəyənlərin qanları,

Daha bəsdir!
Daha bəsdir, Ərk qalası!

El gölü

Ay El gölü!
Təbrizimin görüş yeri.
Yaz gələndə açılırdın,
Dostlara qəlbini açırdın.
Sevənlərin, sevişənlərin
Ziyarət yeri idin.
Dostların ziyafət yeriydin.
Xatirimdədir, dostlarla –
Sənin başına dolananda
Dərdlərimizi, arzularımızı
Bir-birimizə söyləyəndə
Nə qədər yüngül
qayıdardıq evimizə.
Yuxumuz şirin olardı o gecə.
Təbrizin –
Xəfif meh əsən gecələrində
Düşmənlərimiz bu görüşləri,
Ziyfaətləri görəndə
Qorxu düşürdü xain canlarına.
Adını dəyişdirdilər,
Bir zaman Şah gölü,
Bir zaman Fars gölü,
Bir zaman da İslam gölü oldun.
Ay El gölü!
Ta silsinlər sənin məhəbbətini,
Əzəmətini, qüdrətini
uşaqların ürəyindən,

Məqsəd bu dəyişikliklərlə
El gölünü tarixdən silməkdi,
Onu kiçildib –
Xatirələrdən götürməkdi.
Onu qorxulu səmtə çevirməkdi.
Bir zaman dedilər guya –
Burda cavanlar görüşür, öpüşür,

Əxlaqsızlıq edirlər.
Polis gənclərə
İşgəncə verməyə başladı.
Oğlanları, qızları bu bəhanəylə.
Buraxmadılar El gölünə.
Vəhşət yaratdılar
Hər tərəfdə din adına.
Bir az sonra,
Bu cinayət daha çox
Siyasi müstəviyə keçdi.
Tapıldı –
Azadlıq istəyən gənclərin
Cənazəsi El gölündə.
Meyidlər çıxdı su üzünə.
Qaralmış, qol-qıçı sınmış
Sanki cəlladlar qorxudan
Yer tapmamışdı
Gizlətsin cinayətlərini.
Buladılar El gölünün suyunu,
Şəhid qanı ilə.
İndi görürəm –
El gölü qan ağlayır,
Bu cinayətlərin davam etməyinə.
Ay El gölü!
Anamın,

atamın,
tariximin yadigarı.
Havam, suyum, bərəkətim.
Qalx, qoyma sənin əlinlə
Şəhid etsinlər gənclərimizi!
Qalx, sel ol,
Sularınla cavab ver düşmənimizə.
Kəs cinayətkarların
ayağını tariximizdən.
Azad et, dilimizi, millətimizi.

Urmiyə gölü

Mən əsrlər yaşamışam,
İçimdə əzəmətli tarix yaratmışam,
Böyük dövlətlərin,
impereatorların
tarixinə düşmüşəm,
Yüzdən çox adanı
Sinəmdə yetişdirmişəm,
Bu adalarda həyat var,
Cənnət kimi bağlar var.
Eşq var ürəyimdə,
Qəzəb, nifrət daşıyıram
düşmənlərimə
Qəzəbli sularımda.
Mən tarixin şahidiyəm.
Dövoəmdəki bağlar
Dünyada məşhur olub.
Neçə böyük insanın varlığı,
Zərdüşt peyğəmbərin adı,
Mənimlə bağlıdı.
Çoxları deyirlər,

Sivilizasiya məndən başlayıb.
İndi soruram, sizlərdən:
– Nədən bu cahillər mənim
Adımı dəyişib Rzayə qoyublar?
Diktator Rza şahın adı ilə.
Nə üçün fars şavinistləri
Adımı dəyişib, öldürüb ruhumu,
Hər tərəfdən türk düşməni
Hücum edib mənə,
Yanır ürəyim, yanır,
Göz yaşım quruyur, bu dərdlərdən.
Qalxın, balalarım, qalxın!
Mənim adalarımda şirin sular axır,
Həyat çeşmələri yenə də qaynayır,
Kəşf edin bu suları,
Sirab edin yanmış ürəyimi,
Qoymayın fars şovinistləri,
Türk düşmənləri,
Məni doğma vətənimdə
viran etsin,
Qoymayın,
Mən Azərbaycanın barıyam.
Tarixin yadigarıyam.
Yayda, qışda millətin,
Dərdlərinə dəvayam,
Kəsin düşmənlərin ayağını
Mənim gözəl ölkəmdən!

Ağrı dağı

Ey Ağrı dağı,
Nuh gəmisinin qərargahı
Tariximizin əfsanəsi,

Azərbaycanın əzəməti,
Niyə qaldırmırsan başını,
Erməni cinayətlərinə.
Tarix boyu qəsb edib
Doğma yurdumuzu
bu düşmən.
Cəsarəti, həyasızlığı yetişib
Bu həddə ki,
Sənə sahib durmaq fikrinə düşüb.
Ta örtə öz çirkin sifətini simvol kimi,
Sənin əzəmətinlə.
Amma dünya bilir –
Sən də bilirsən tarixdə,
Bu cinayətkar ermənilər
Sonradan gəliblər bu yerlərə
Azərbaycan torpağında
İrəvanda, Qarabağda
Yer verilib bunlara,
İndi isə həyasızca,
Ev sahibini Şuşadan,
Laçından, Kəlbəcərdən,
Bütün Qarabağdan
Çıxarıblar eşiyə.
Tutublar ev sahibinin
dədə-baba yerlərini.
Bu ədalətsizliyə, bu dərdə
Necə dözəsən?
Ey Ağrı dağı!
Daha daşıma bu ağrını ürəyində,
Çağır, qaldır qəhrəman
balalarını
Oturtsunlar zalım düşməni
öz yerində

Bəzz qalası

Ey Bəzz qalası!
Uca qamətinlə,
Göylərə çəkilmiş əzəmətinlə
Azərbaycanın vüqarısan.
Babək yadigarısan.
Yaşayır tarixdə –
İki sistemin mübarizəsi
Biri islam adına xəlifələrin istibdadı
O biri Babəkin istibdada qarşı qiyamı,
Deyəsən tarix təkrar olur indi də,
Bir tərəfdə donmuş, ölmüş
molla rejimi
Müqabilində milli hərəkət,
Babəkin yolun gedənlər
Birisi cəhalətə, qaranlığa
aparan sistem,
O birisi işıqlığa, azalığa gedən yol.
Bəzz qalası, sənin yolun
İşıqlığa, azadlığa gedən yoldur,
Neçə illərdir –
Başlanıb bu hərəkat Azərbaycanda.
Gənclər sənin işığında
Hərəkətə gəliblər.
Minlər, milyonlar üz tutublar
Sənə Kəbə kimi.
Öyrəniblər bu yolun əzəmətini
Professor Zehtabidən.
Bu şəxs qurban verdi özünü,
Vətən yolunda öldürüldü
İran İslam rejiminin əlilə.

Amma sözləri, fikirləri
Silinməyən izlər qoydu.
Bu izlər çıraq olub,
Gənclərimizin yolunda.
Qaldır başını Bəzz qalası!
Qorxma düşmənin –
Vəhşi həmləsindən,
Etirazından, təhdidindən.
Sən olmusan –
Azərbaycana iftixar,
Azadlıq istəyən
Millətimizə etibar,
Ey Bəzz qalası!

Xudafərin körpüsü

Ey Xudafərin!
Böldülər, sındırdılar səni,
Ta ayırsınlar ikiyə bir milləti.
Bilmədilər adın kimi –
«Allah yaradan» birliyi
Bölmək mümkün deyil.
Bu ad, bu körpü, bu əlaqə,
Millətin birlik simvoludu.
Sənin daşlarında
Bir tarix yatıbdır –
Həsrət tarixi,
ayrılıq tarixi,
birlik tarixi.
Sındırıblar
Sənin qolunu, qanadını
düşmənlərimiz,

Düşünüblər bəlkə
Yuyub apara səni
Araz suyu bir gün.
Amma bilməyiblər –
Arazın suyu göz yaşıdı,
Xalqımızın ayrılıq həsrətidi.
Bu göz yaşında duyğular var,
İlahi hisslər var.
Allah dərman verib
göz yaşını
Həsrətdə qalanlara,
ayrılanlara.
Araz millətin ayrılıq rəmzidi.
Sənin varlığının
sirridi, Xudafərin.
Yaşat bu sirri ürəyində,
göz yaşlarında,
Ta bir gün gələ, qovuşa,
Bakı-Təbrizə, sevgi-sevgiyə,
Ana-balaya
Ey Xudafərin!

Təbrizin xalçaları

Təbrizin xalçaları, xalıları
Bizim keçmiş tariximizdi.
Zəhmətkeş xalqımızın
təxəyyülüdü
Cürbəcür rəngləri,
Təbrizin canlı xatirələridi,
Mən o nəqşələrdə,
o rənglərədə
Balaca uşaqların

barmaq izlərini,
Məsum qiyafələrini görürəm.
Həm xoşhal oluram,
həm kədərlənirəm.
Xoş oluram –
Bu uşaqlarla oynadığım günlər
yadıma düşəndə,
Fabrikimizdə –
Ləzzət verirdi onların
Mehriban rəftarları mənlə.
Kədərlənirəm yadıma düşəndə
Onların qış günündə
Nimdaş geyimləri,
İlmək salanda qanayan barmaqları.
Xalça toxuyanda –
Yaralı barmaqları ilə
Məcburdular işləməyə.
Belədə –
Qanlı iz düşürdü
Xalçanın ağ boyalarına.
Ürəyim dözmürdü onları
bu halda görəndə.
İstəyirdim –
Onları azad etsinlər
Mən işləyim yerlərinə,
Yaralanmış barmaqları
sağalana qədər
İndi xəyalımda
Təbriz xalçaları
Məsum uşaqların
Həyat salnaməsidi,
Qımızı rənglər
Onların qanlarının izidi,

Hələ bu ikilik yaşayır içimdə,
Təbriz xalçalarını görəndə.

Şəhriyar

Sən Qorqud nəslindənsən,
Şəhriyar,
Sən peyğəmbər nəslindənsən, Şəhriyar
Sənin xəyalın aşıbdı zamanı, məkanı,
Min illərin tarixini
görə bilirsən bir anda.
Yaradırsan xəyalında şairləri hər zaman
Əbədi gəlmisən sən yer üzünə.
Sənin səsin, sirrin qırıb zəncirləri
dilimizdən.
Heydər baba kimi dağ durub arxamızda
Sən məhv etdin Pəhləvi sülaləsini,
Verdin fars şovinizminin
səksən illik zəhmətini bada.
Bundan ötrü doğru deyiblər ki,
Şairlər dolandırır tarixin çərxini.
Titrədir şahların taxt-tacını,
Deyirlər –
Sən əsrlərdir, doğulmusan.
Məncə, şairlik ruhu yaranmış
min illər öncə.
Şəhriyar, sən əsrlərin səsisən,
Dədə Qorqudların nəfəsisən.

Balaş Azəroğluna

Qardaşım, Balaş!

Nə qədər sürəcək bu zaman?
Nə qədər anaların
Gözləri yolda qalacaq?
Nə zaman gələcək,
sən də, mən də
Milyonlarla
həsrətdə,
ayrılıqda
Yaşayan balalarımız
«Ana Vətən» deyərkən
Düşəcəklər diasporun oyunlarına
Qanı qanımızdan olan
Vətən satqınlarının toruna.

Əbulfəz Elçibəyə

Elçibəylə ilk görüşümü –
Unuda bilmirəm.
Eşidəndə ki, Güneyliyəm,
İngiltərədən gəlmişəm,
Görüşüb söhbət etmək istəyirəm
Gülərüzlə «xoş gəldin» - dedi.
İlk görüşümüzdə.
Güneydə,
Ana dilində məktəblərin
Olmamasından danışdıq.
Parçalanmış Azərbaycanın
bütövləşməsindən,
Bir də
Türk dünyasının azadlığından
danışdıq.
Sözləri diqqətimi çəkdi
Bu böyük insanın.

Neçə dəfə təkrar etdi bu cümləni
«Türk dünyasının birliyi
Azərbaycanın Güneyindən –
Təbrizdən keçir».
Ancaq narazılıq etdi –
Bəzilərinin savadsızlığından,
Kobud hərəkətlərindən.
Mən özüm də anlayırdım
bəzi şeyləri.
Bu böyük insanla görüşməzdən öncə.
Sanki özbaşınalıq var idi onun
ətrafında.
Anladım ki, bunların hamısı –
Elçibəyin sadəliyinə,
səmimiyyətinə bağlıdı.
Ona olan böyük sevgini
Azərbaycanda görəndə,
Belə düşündüm ki, bir gül bitmişdi
Səhrada tikanlar içində.
Ayrılanda məni
qapıdan yola saldı.
Onun bu təvazökarlığı, insaniyyəti
Əbədi qaldı xatirimdə.
Elə bu xatirəylə də
Döndüm qürbətə.

XXI əsrdə edamlar

Bir gün baxırdım –
İran adlanan ölkədə,
Müxtəlif ittihamlarla
Yüzlərlə cavanın edam olunmasına.
Dinsiz-imansız, casus adıyla,

Vətən xaini, pantürkist damğasıyla,
Daha nələr, nələr,
Hansı iftiralar qalmamışdı
Söyləməsinlər ünvanlarına.
İçərisində qızlar, oğlanlar
Uzanıblar yan-yana
Gediblər ölüm yuxusuna.
Özümdən sordum, görən
Zalım düşmən bilirmi,
Ya bir düşünürmü,
Nə zəhmət çəkib analar
bu balalara?
Bir tarix açıldı
gözümün önündə.
Uşağın doqquz ay
Ana bətnində bəslənilməyi
Dünyaya gələndən sonra
Ananın gecələr
Körpəsiylə birgə diş ağrısına,
qulaq ağrısına dözməsi.
Sonra məktəb illəri
Dərsə gedən zaman –
Kəsib yeməyindən,
xərcindən
Balasının çantasını doldurması.
Hər gün məktəbə yola salanda
Ürəyinin övladının
yanında qalması.
Ananın bütün günü
övladı ilə yaşaması
Balasını bağrına basmaq üçün
Axşamın düşməsini
intizarla gözləməsi,

Məktəbdən sonra
İntizarın, zəhmətin davam etməsi.
Günlərin,
ayların,
illərin
Məşəqqətlə keçməsi.
Övladının iyirmi yaşına yetişməsi.
İnanmalı deyil, yanır ürək
Görəndə ki düşmən son qoyur
Ana zəhmətinə
Bir anda br gülləylə.

Şəhid Əmaniyə

Yazın həqiqəti, yazın!
İşıq salın bu qaranlıq gecələrimizə.
Qalmayacaq yerdə Əmanilər qanı,
Doğulacaq, törəyəcək
Minlərlə oğullar bu qandan.

Düşmənin gözləri kordu
görmür günəşi,
Doğulur hər gün təzədən
qəhrəman oğullarımız.
Günəş kimi görürəm,
yeni doğulan,
Ölümün özünə dik baxan
Əmaniləri.
Məhv edəcək düşməni
Bizim milli iradəmiz.
Gücümüz,
birliyimiz,
qüdrətimiz.

Eşidilməkdədir –
Ayağa qalxan izdihamın
hayqırış sədası,
Çatıbdır düşmənlərimin yası.

Bütövlük məramı

Bizim məqsədimiz –
Güney Azərbaycanda,
Milli azadlıq hərəkatında
Ana dilində məktəbdi,
Xalqın maariflənməsi,
Uşaqların tərbiyəsidi,
Söz, fikir azadlığıdı.
Zülm içində yaşayan
Xalqımızın hürriyyət qazanmasıdı.
Torpaqdı, sudu, işıqdı
kəndlilərimizə,
Fabrik, zavod, çeşidli iş yerləridi.
Radio, televiziyadı ana dilimizdə
Müstəqil dövlət yaratmaqdı
ölkəmizdə,
Ta qorusun insan hüquqlarını,
Azərbaycan türk kimliyini,
Dilimizin hörmətini,
Millətimizin qürurunu.
Təbii ki, bir zaman
İki Azərbaycan birləşəcək,
Bölünmüş xalqımız bütövləşəcək.
İki Azərbaycan xalqının
Dövlətinin rəyinə.
Bütöv Azərbaycan yaranacaq.
Qoy susdursun bu cavablar

Gündə bir ittihamla
Gənclərimizə divan tutan
Fars şovinizmini.
Qoy cavab olsun
bu azadlıq istəyi.
Zülmə, zalımlığa, qəddarlığa
Xalqımızın haqq səsini batıranlara.

Noyabr-dekabr, 2008, London-Brüssel-Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən