Ustad İrfan Ünver Nəsrəddinoğluna

Dağların dərdi vardır,Dağlar dağlara həsrət,Dağların başı qardır,Dağlar dağlara həsrət.

Ürkək-ürkək baxarlar,Şimşək olub çaxarlar,Özlərini yaxarlar,Dağlar dağlara həsrət.

İldırım vura bilməz,Sıldırım qıra bilməz,Dağlarsız dura bilməzDağlar dağlara həsrət.

Gündüzlər dumanlıdır,Gecələr gümanlıdır.Ahlıdır, amanlıdır,Dağlar dağlara həsrət.

Zillətinə uyan yox,Möhnətinə hayan yox,Həsrətini duyan yox,Dağlar dağlara həsrət.

Yanlardır, yörələrdir,Türlü mənzərələrdir,Dərələr dərələrdir,Dağlar dağlara həsrət.

Şəfa verər ellərə,Çiçəklərə, güllərə,Könüllər könüllərə,Dağlar dağlara həsrət.

Varlığında ağrı, dağ,Nə istəyir Ağrıdağ?!Ağrıdağın bağrı dağ,Dağlar dağlara həsrət.

Quzeydən sav alandım,Güneydə Savalandım,Qoşqarda havalandım,Dağlar dağlara həsrət.

Çarə yovuşan deyil,Hicran sovuşan deyil,Vəslə qovuşan deyil,Dağlar dağlara həsrət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran