İzmir, dalğalanır əski bir saray,Nerəyə baxırsam, gülür ulduz, Ay,Aman, nə cənnətə uğradım bu yay,Nə türkü söyləyir Müşərrəf Akay:“Olmayıb kimsədən minnətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!”

Türkiyə böyükdür, Türk böyük deyir,Onun Atasıdır Atatürk deyir,Ey gidi düşmənim, məndən ürk deyir!Çünki bu yer üzü mənə Türk deyir!Yaxar, yıxar səni nifrətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!

Salon dəniz kimi yırğalanmada,Qasırğalanmada, qovğalanmada,Əllərdə çələnglər halqalanmada,Umulmaz türkülər dalğalanmada,Budur şerim mənim, sənətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!

Saz, davul dillənir, qopuz dillənir,Sanki mızraq dinir, topuz dillənir,Türkə ömür verən oğuz dillənir,Altıyız milyonluq nüfuz dillənir,İçimdə şaxlanır, heyrətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!

Siz ey yabançılar, yasaqlar, susun!Bu yerdə yeri yox türlü casusun,Bu yurd örnəyidir uca namusun,Bu gerçək səsidir yurdun, ulusun,Durur bu torpaqda qüdrətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!

Coşur türkülərdə ürək sözlərim,Sevinc yaşlarıyla dolub gözlərim,Silinməz tarixdə qalan izlərim,Ey könüldaşlarım, ey əzizlərim,Ey vətənim mənim, millətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!

İzmir, 1987

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən