Gözəl Türkiyənin gözəl qızları,Yer uldazlarıdır, yer ulduzları.

Gecələr Ay olar onlara heyran,Gündüzlər onlardır günəşə seyran.

Duyğuları incə, sözləri incə,Əməlləri incə, özləri incə.

Könüllər oxşayar dadlı dilləri,Nə gözəl konuşur türk gözəlləri.

Gözəl İstanbulun gözəlliyindən,Əbədiliyindən, əzəlliyindən.

İlhama gələrlər, şairlənərlər,Göyə ucalarlar, yerə enərlər.

Ürəklər alovlu, üzlər mehriban,Baxışlar mehriban, gözlər mehriban.

O gözlər andırar gözəl gölləri,Nə gözəl konuşur türk gözəlləri.

Onların səsinə uymamaq olmaz,Canlı inciləri duymamaq olmaz.

Türlü xarüqədir, türlü sehrdir,Musiqi şəklində olan şeirdir.

Sədəflə süslənən qönçə dodaqlar,İçində yaşamaq zövqünü saxlar.

Sanki sədalanır qönçə gülləri,Nə gözəl konuşur türk gözəlləri.

Gəzdim başdanbaşa sevgili yurdu,Hər yerdə bir gözəl önümdə durdu.

Görüb də sevməmək mümkün deyildir,Onlar bər-bəzəyə düşgün deyildir.

Candan sevdikləri yurddur, ulusdur,Ruhları tanburdur, sazdır, qopuzdur.

Bir türkü söyləyir könül telləri,Nə gözəl konuşur türk gözəlləri.

Səslər dalğa-dalğa nəvalanmada,İçimdə dərdlərim dəvalanmada.

Sanki insan deyil, mələk səsidir,Dünyanın ən ülvi musiqisidir.

Bu nə möcüzədir, ah, nə bilim də,Mənim ürəyimcə, mənim dilimdə.

Səslər gözəlliyə saysız elləri,Nə gözəl konuşur türk gözəlləri!..

Ankara, 1988

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri