Sözünmü qalmış
Mənimlə ortada söz güləşdirmə,Haqdan danışmağa sözünmü qalmış?Satdın bu millətin pambığın, neftin,Bazara sürməyə bezinmi qalmış?
Özgə oyuncağı, özgə səsisən,Əsillər dinəndə sən kəsəsisən!Əllərdə sürtülmüş pul kisəsisən,Rənginmi seçilir, üzünmü qalmış?
Milləti ayırdın qohuma, yada,Sən də zəmanənin yapdığı xəta...Ağıl meydanında pul keçmir, atam,Yoxuş dirənməyə dizinmi qalmış?
Səni qısqırıblar bu dönüş mənə,Yada gül uzatdın, atdın daş mənə,Millətin odunu satdın düşmənə,İndi qızınmağa közünmü qalmış.
Yüz diktə qarışıb cümlə yazına,Dönmüsən yüz əldə əl kağızına,Vicdan kəlməsini alma ağzına,Başdan əyrisənsə düzünmü qalmış?
Siz sevinc küləyi, mən qəm daşıyamHər sınıq ürəyin ilk sirdaşıyam,Mən qaya yazısı, Qan Yaddaşıyam –Siyasət qumunda izinmi qalmış!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-sozunmu-qalmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir