Altı qızın atası
Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:
– Uşaqlardan muğayat ol!
– Nə uşaqlar?
– Qızları deyirəm də.
Pirəli hirsindən dodaqlarını çeynədi, arvadının qolundan tutub kobudcasına həyətə çıxdı:
– Gəl-gəl, – dedi, – o, qızların adını uşaq qoymusan, hələ mənə tapşırırsan da?
– Bəs a kişi, uşaq deyil, nədirlər? Böyüyünün on yaşı var!
– Uşaq deyil, başa bəladırlar. Sənin o üç qızın elə bil üç ilan olub sarılıb mənim boğazıma. Əgər xəstəxanadan oğlan xəbəri gəlməsə məndən əlini üz!
– Arxayın ol, a kişi! – deyə arvad titrək və qorxaq səslə cavab verdi. – Hiss eləyirəm ki, bu səfər oğlan olacaq... Çox nadincdir. Həmişə tərpənir, məni gecələr yatmağa qoymur.
Bu sözlər Pirəlinin xoşuna gəldi. Bığının altında gülümsədi və damağına bir siqaret qoydu.
Qapıçı qadın qaça-qaça Pirəlinin üstünə gəldi:
Ay yoldaş, gözün aydın! Arvadın sağ-salamat qurtardı.
– Nədir? Oğlandır, yoxsa yenə qızdır? – deyə Pirəli qorxu və həyəcan dolu səslə çığırdı. Qapıçı qadın əllə susmaq işarəsi verib dedi:
– Çığırma, yoldaş, bura xəstəxanadır, mədəniyyət evi deyil.
– A bacı, nəyim olub? Onu de! Oğlandır, ya qız? Tez ol, ürəyim davam gətirmir.
– Qızın olub, qızın, – deyə qadın sevincək cavab verdi.
Bu söz Pirəlini elektrik cərəyanı kimi vurdu. Elə bil onu birdənbirə titrətmə tutdu. Bir azdan bədəninə qızdırma gəldi. Ha elədisə, dili bir söz tutmadı. Evdə üç qız var, biri də bu, oldu dörd... – Dörd qızı o neyləsin?
Elə bu anda içəridən qapıçı qadını səslədilər. Qadın Pirəliyə sarı dönüb dedi:
Dayan, dayan, a yoldaş! Deyəsən uşağınız ekizdir. Məni çağırırlar. Gözlə, bəlkə bu birisi oğlan oldu...
Pirəlinin ürəyinə ümid qığılcımları doldu. Titrətmə-qızdırma getdi. Cəhənnəmə, dörd qız bir oğlan, yenə dərd yarıdır.
Ancaq bir azdan qapıçı qadın qayıdıb gülə-gülə ona dedi:
– Bu birisi də qızdır, ekizdilər.
Pirəli bilmədi ki, neyləsin. Əvvəlcə arvadın üzünə baxıb, mənasız yerə güldü, sonra hirslə əlini uzatdı, yarımdaz başından bir tük dartdı, bu hərəkətinə uyğun bir söz demək istəyirdi ki, arvad ona dedi:
– Dayan, dayan, məni yenə çağırırlar.
Arvad getdi, Pirəli qopartdığı tükə baxıb dayandı, bilmədi neyləsin, atsın, ya təkrar yenə yerinə yapışdırsın. Bu anda arvad qayıtdı və qəhqəhə ilə dedi:
– Xoşbəxtliyə baxın. Birdən üç uşağınız olub.
– Üçüncüsü nədir? – deyə Pirəli quru səslə soruşdu:
Arvad:
– Qızdır, – xəbərini verəndə, artıq Pirəlinin səbr kasası daşdı. Əsəbləri lap yüksək həyəcan dərəcəsinə çatıb qırıldı, gözünə qaraltı çökdü, dizləri titrədi, sonra isə... yalnız bu sözləri deyə bildi:
– Get arvada de ki, daha məni özünə ər hesab eləməsin. Bizimki qurtardı, altı qızın anası ilə mənim haqq-hesabım yoxdur.
Qıztamam gözüyaşlı uzanmışdı. Ərinin getməsi xəbəri onu o qədər həyəcanlandırmışdı ki, südünün qaçmasından qorxurdu. Nə olacaq? Evdəkilərə kim baxacaq? Onlar elə günü bu gün acından qırılarlar. Kim bişirib-düşürəcək, kim yatıracaq, kim geyindirəcək? Birdən xəstələnərlər, birdən nefti dağıdarlar, maşınkanı çevirərlər, ev alışar, içəridə uşaqlar diri-diri yanarlar. Yaxşı, a namərd kişi, qoy uşaqlar böyüsün...
Qıztamam bu cür düşüncələrdə ikən uşaqları əmizdirməyə gətirdilər. O, balacaların totuq-totuq üzlərinə baxıb, ah çəkdi. Ancaq balalar böyük acgözlüklə döşə hücum çəkəndə Qıztamam gülümsündü, onları fəxrlə döşünə daha da sıxdı. Yalnız bu zaman o, öz dərdini unuda bildi. Qızları aparıldıqdan sonra yenidən fikir dəryasında üzməyə başladı. “Nə olacaq? Nə edəcəklər?” kimi suallar elə bil qapıdan, pəncərədən ümumiyyətlə, hər tərəfdən hücum çəkib otağa dolurdu. Qıztamam bu cür ağır düşüncələr içərisində uzandığı zaman xəbər gətirdilər ki, raykomun qadınlar şöbəsinin müdiri onu xəbər alır və kefini soruşur. Qıztamam mat qaldı. Hələ bu vaxta qədər onun ayağı raykomun binasına dəyməmişdi. Qadınlar şöbəsinin müdiri onu hardan tanıyır? Bəlkə səhv edirlər, bəlkə xəstəxanada bir Qıztamam da var. O, hər ehtimala qarşı cavab verdi ki, “Çox sağ olun!”
Bir azdan xəstəxananın baş həkimi gülə-gülə onun yanına gəldi və xəbər verdi ki, indicə bu saat rayon ispolkomunun sədri zəng eləyib onu soruşub...
Qıztamam burada lap yəqin etdi ki, səhvdir, o biri Qıztamam kimdirsə, böyük yerdəndir. Öz şübhəsini baş həkimə dedi. Baş həkim qəti etiraz elədi. Onu inandırdı ki, ortada heç bir yanlışlıq yoxdur, məhz onun, Pirəli kişinin arvadı Qıztamamın kefini xəbər alırlar.
Qıztamam bunu eşidəndə ah çəkib dedi ki, bu gündən onun əri yoxdur. Pirəli uşaqları da, evi də atıb gedib
Bu xəbər ani bir sürətlə bütün xəstəxanaya yayıldı. Baş həkimin sərəncamı ilə xəstəxananın işçilərindən bir qadını Qıztamamın evinə göndərdilər ki, anaları sağalıb evə gəlincəyə qədər uşaqların yanında növbə çəksin.
Bu andan xoş və gözəl xəbərlər dolu kimi Qıztamamın başından yağmağa başladı.
Günorta üstü rayonun ictimai-təminat şöbəsindən Qıztamama maddi yardım gətirdilər. Ondan bir saat sonra pionerlər evindən bir dəstə pioner gəlib xəbər verdi ki, təzə tikilən evlərdə Qıztamama təzə bir mənzil veriblər...
Balacaları əlavə südlə təmin etmək üçün inək verilməsi xəbəri sabahı gün səhər gəldi. Bu xəbər gələndə rayon qəzetinin fotoqrafı Qıztamamın şəklini çəkirdi.
İki gün sonra bu şəkil qəzetdə çıxdı. Altdan yazmışdılar: “Altı qızın anası”.
Bəs altı qızın atası hardadır? Onun bu hadisələrdən xəbəri yoxdurmu?
– Yoxdur. Üç qızı olduğunu eşidəndən sonra, evinə ayağı dəyməyib. Əvvəlcə dərdindən içdi, iki gün praqul eləyib işə çıxmadı. İki-üç gün bu praqulun üstünü malalamaqla məşğul oldu. Sonra otaq haqqında düşünməyə başladı. Neyləsin, harda yaşasın? Əvvəlcə qəti qərara gəldi ki, Qıztamamın heç həndəvərinə hərlənməyəcək, sonra yavaşyavaş yumşaldı. Yaşadıqları otağı yarı bölməyi, bir yarısında altı qızın anasını, o biri yarısında isə özünü yerləşdirməyi qət etdi.
Doğum hadisəsindən təxminən on beş gün sonra Pirəli birinci dəfə öz evinə sarı yönəldi və bu andan bəd xəbərlər, onun başından aşağı dolu kimi yağmağa başladı.
Əvvəla evlərinin yanında qonşularında yaşayan qoca bir qarı dişsiz ağzını açıb gülə-gülə onun üstünə gəldi:
– Gözün aydın, Pirəli! Arvadının şəklini qəzetdə gördüm, ürəyim dağa döndü.
Arvadın üzü qocalıqdan bürüşüb yumağa dönmüşdü. Bu cür yumaq kimi bədəndə ürəyin necə dağa döndüyünü Pirəli başa düşmədi.
Ancaq fikirləşdi ki, yəqin qarı qoca olduğu üçün nəyi isə çaşbaş salıb. Qıztamam bu saat xəstəxanada qızları ilə əlləşir. Onun şəkli qəzetdə niyə çıxsın?
Bu fikirlərlə Pirəli evə yaxınlaşırdı ki, upravdoma rast gəldi. Upravdom özü cavan adam olduğuna baxmayaraq qoltuğuna bir qoca portfel almışdı. Ağzına kimi dolu olan bu portfelin yamaqlı belindən böyük bir sarğı bağlanmışdı. Bu sarğını aça-aça upravdom hələ lap uzaqdan çığırdı:
– Pirəli qardaş, Qıztamam bacının yanına getməyə vaxtım olmadı. Gələ, bu kağızları ver qol çəksin, balacanı göndərərəm aparar. Bu da ki, (o hansı sənədi isə tapmaq üçün, portfeli iki-üç dəfə dovğa qazanı kimi buladı, sonra dörd-beş yerindən cırılmış bir kağız çıxartdı) orderin surəti, ona da gərək qol çəkə. İşə tikəcəyik, təzə evdə üç otaq məsxərə deyil...
Bunu deyib upravdom kimin isə dalınca qışqırdı:
– A yoldaş, bizim ev kirayəsi ilişib qalıb sizdə... – və gözdən itdi.
Pirəli kişi yenə başa düşmədi. Nə ev? Nə üç otaq? Orderə Qıztamam niyə qol çəkir? Bəlkə üç qız doğandan sonra onu rayona kommunxoz təyin ediblər? Bu suala qapılarındakı qıfıl da cavab verə bilərdi. Əksinə, daha yeni, daha dəhşətli sual meydana çıxdı bəs qızlar hanı? Arvad xəstəxanadadırsa, bəs evdəkilərə nə olub?
Pirəli bu cür düşüncələr içərisində bağlı qapının qabağında dayandı. Bu anda lopabığ bir kişinin bir inəyi arxasınca dartıb gətirdiyini gördü. Kişi ona yaxınlaşanda Pirəli kənara çəkilib yol vermək istədi, amma lopabığ kişi inəyi saxlayıb üzünü ona çevirdi:
– Əmioğlu, – deyə yaşına uymayan nazik bir səslə soruşdu, – Pirəlinin evi haradadır?
– Pirəli mənəm, – deyə sevinərək cavab verdi.
Kişi qaşlarını çatıb dedi:
– Mənə Pirəli yox, Pirəlinin evi lazımdır.
– Bax bu da mənim evim...
– Hansı?
– Bu...
– Yox, – deyə lopabığ Pirəlidən çox inəyə müraciətlə dedi: – Sən köhnə evdən danışırsan, mənə təzə ev lazımdır, üçüncü mərtəbədə. Qıztamam bacının təzə uşaqları üçün ispolkom ev bağışlayıb.
O, inəyi sürüb bir az getdi, sonra da dönüb acıqlı-acıqlı Pirəliyə dedi:
– Ələ salmağa adam tapmısan, a kişi? Pirəli olmaya-olmaya niyə özünü qabağa verirsən? Pirəli bu saat yəqin təzə evində uşaqlarının yanındadır, altı qız atası olmaq bilirsən nə böyük şərəfdir?!
İndi Pirəli təzə evin dörd tərəfinə fır-fır fırlanır. Qıztamam nəinki onu evə buraxmır, hətta üzünə belə baxmaq istəmir.
Axırı nə olacaq, heç özüm də bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-alti-qizin-atasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ərəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!
Ərəboğlu1922-ci ilin yay aylarından biri idi. Maarif Komissarlığı tərəfindən qastrola göndərilmiş teatr truppası xüsusi təsdiq olunmuş marşrutla rayonları və kəndləri dolaşır, tamaşalar verirdi. Bu tamaşaları təşkil eləmək çox çətin idi. Əvvəla ona görə ki, nəqliyyat vasitəsi yox idi, aktyorlar bəzən otuz-qırx kilometr yolu piyada getməli olurdular. Sonra günlərlə oturub dekorasiyanı gözləyirdilər. Dekorasiya araba ilə daşınırdı. Rayonların bir çoxunda, xüsusən kəndlərdə bina yox idi, çox vaxt açıq havada oynamalı olurdular. Bütün bu əziyyətlərə baxmayaraq truppada böyük həvəs və ruh yüksəkliyi vardı, çünki onları hər yerdə əziz qonaq kimi qarşılayırdılar. Teatra o qədər maraq vardı ki, bilet üstə, yer üstə dava-dalaş düşməsin deyə, milisə müraciət etməli olurdular.Nəhayət, aranda işlərini qurtarıb dağ rayonlarından birinə getməli oldular. Dekorasiyaları iki arabaya yükləyib axşamdan göndərdilər. Səhər tezdən aktyorlar iki faytona doluşub yola düşdülər. Bütün yolu, oxudular, çaldılar, deyib-güldülər, rayon mərkəzinə çatanda elə bir hadisə baş verdi ki, qorxudan bilmədilər neyləsinlər. Faytonların hər tərəfini silahlı adamlar bürüdü. Onları tüfəng qabağında revkomun binasına apardılar, artist olduqlarını yəqin elədikdən sonra buraxdılar. Üzlərinə baxan, sözlərinə qulaq asan olmadı. Gecələmək üçün yer belə çox çətinliklə düzəltdilər.
AtKislovodskda istirahət edirdik. Çkalov küçəsində, mərhum İsmayıl Hidayətzadə ilə qonşuluqda mənzil tutmuşduq. Bizim opera teatrımız bura qastrola gəlmişdi. İsmayıl bu teatrın həm direktoru, həm də baş rejissoru olduğu üçün bütün günləri işləyirdi, ancaq hərdən (teatrın istirahət günlərində) onların səfalı həyətində oturub söhbət edirdik. Soltan xanım çox yaxşı çay dəmləyirdi, bizdə armudu stəkanlardan bu çayı içə-içə “mırt vururduq”. İsmayıl məzəli söhbətləri dinləməyi çox sevirdi. Özü də başına gələn hadisələri, eşitdiyi-bildiyi əhvalatı gülməli şəklə salıb danışmağı bacarırdı.İki-üç gün ürəkdarıxdırıcı sısqa yağış yağandan sonra nəhayət gün çıxmışdı. Səhər saat on olardı. Mən həyətdə gəzişirdim ki, uzaqdan bir səs eşitdim. Kim isə məni çağırdı. Səs gələn tərəfə getdikdə gördüm ki, İsmayıl öz bağlarından mənə əl eləyir.
ƏllərAxşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.
Başqa şairlərin şeirləri
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Bax fələk Şamdə bir zümreyi-kafər yerinəBax fələk Şamdə bir zümreyi-kafər yerinə,Künci-viranədə həm Ali-Peyəmbər yerinə.
ƏfəndimMən Xəstəyəm, bağda bostan əkərəm,Dırqınada bir gözələ nökərəm,