Əllər
Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...
Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.
Yuxarı məhəllədə Səfdər adlı bir qonşum vardı, hardasa işləyirdi. Səhər tezdən işə gedirdi, nahar vaxtı da qayıdırdı. Axşam qaralan kimi yerini saldırıb başını qoyardı. Mən gecələr işıq yandırıb məşğul olanda deyərdi:
– Müəllim, axşamın xeyirdən sabahın şəri yaxşıdır, qaranlıqda baş işləməz, yat dincini al.
Mən ona etiraz eləyib cavab verərdim ki, ay Səfdər, bu məsəl köhnəlib, indi daha axşam məktəbləri, axşam kursları açılıb... Teatrlar, kinolar var... Deyərdi yox, mən qaranlıqdan xeyir görməmişəm, teatra-zada ayağım dəyməz, şər qarışdı adam gərək gözlərini yumsun.
Səfdərin Rəfiqə adlı arvadı və Şəfiqə adlı bir yaşlı qızı vardı. Rəfiqə də əri kimi qaranlıqdan qorxardı. Axşamlar burunu çölə çıxartmırdı. Onlar çox sakit dolanırdılar. Səfdərin əlinin əməyilə qazanılan çörək bu ailədə sakit bir həyat yaratmışdı. Rəfiqə bütün günü yuyur, təmizləyir, silir, süpürür, bişirirdi. Onun əlləri bir dəqiqə dinc durmurdu.
Bir gün nə təhər oldusa Səfdər özünə təzə vəzifə tapdı, anbar müdiri. Bu vəzifəyə keçən kimi büsbütün dəyişdi, hardansa bollu pul qazanmağa və ona görə də qaynam-qaynam qaynamağa başladı. Arvadından soyudu, uşağının üzünə baxmadı. Yazıq Rəfiqə haqqında tez-tez deyirdi: “Bilmirəm bu əfəli mənə kim calayıb?”
Qərəz deyindi, deyindi və günlərin bir günü Rəfiqəni boşadı. Şəfiqəni verib qucağına göndərdi atasının evinə. Əvəzində bəzəkli-düzəkli, dünya görmüş bir gəlin alıb gətirdi...
Təzə gəlin Səfdərin evini bəzəməyə başladı. Güzgülü şkaf, çilçıraq, şifoner, qonağın bir dəstəsi gedib, o biri gəlirdi. Gecələr çalmaq-oxumaq səsindən tutulurdu. Səfdər axşamdan yatmağı tamam tərgitdi. Təzə gəlinin cürbəcür qulluqçuları vardı, bütün günü onun işini görürdülər. Əlləri yum-yumşaq idi. Sandıqda saxlanıb işlənmiş ağ inək parçaya oxşayırdı.
Səfdərin isə, deyəsən, tərəzisi bu ağırlığı çəkə bilmirdi. Bunu mən Səfdərin əllərindən hiss edirdim. Bir dəqiqə dinc qalmırdı. Gah təsbeh çevirir, gah papiros eşir, gah da barmaqlarını bir-birinə qacıdıb şaqqıldadırdı. Axşamlar çox ora-bura gedib-gəlirdi, doqqazda kimlərlə isə pıçıldaşırdı.
Mən bir kərə ona rast gələndə dedim:
– Ay Səfdər, niyə belə vurnuxursan, yuxuna haram qatırsan? Bəs deyirdin ki, axşamın xeyrindən sabahın şəri yaxşıdır.
Səfdər ağızucu:
– Özün demirdin ki, köhnə məsəldir? – cavabını verib yanımdan düz keçdi. Hiss elədim ki, yəqin qaranlıqlardan xeyir görməyə başlayıb.
Qış axşamlarından biri idi, hava lap tez qaralmışdı, bizim həyətdə də küçədə də göz-gözü görmürdü. Bərk də xəzri əsirdi. Mən instituta gedəcəkdim, axşam məşğələmiz vardı. Paltoma bürünüb küçəyə çıxanda qapımızın ağzında üç kölgə gördüm. Mən çıxan kimi onlardan biri yaxınlaşdı, qaranlıqda əlimi tutub ovcuma bir şey qoydu:
– Al, – deyə pıçıldadı, – keçən səfərki malların puludur. Apar, gizlət. Biz gedirik, izimizə düşüblər, ehtiyatlı ol!
Hər söz deməyə macal tapmadım. Onlar bir anın içində qaranlıqda əridilər. Mən geri qayıtdım. Otağımda baxıb gördüm ki, əlimdəki puldur, böyük məbləğ pul. Heç şübhə yox ki, onlar qaranlıqda məni Səfdərlə qarışıq salmışdılar. Odur ki, qonşumun qapısını yavaşca döydüm. Qapını təzə gəlin açdı, məni görüb özünü itirdi, “evdə yoxdur” deyə kəkələdi, mən pulu ona uzadıb dedim:
– Bu pulları indicə küçədə üç nəfər verdi. Səfdərə çatacaq...
Qadın acgözlüklə pulları aldı, tez qapını örtü. Ancaq mən otağıma qayıtmağımla Səfdərin dalımca gəlməyi bir oldu. Həyəcanlı idi, rəngi ağarmışdı. Əvvəla, arvadından əvəz üzr istədi ki, mənə “evdə yoxdur” cavabı verib, sonra da pulu masamın üstünə qoyub yalandan gülə-gülə dedi:
– Müəllim canı, bu puldan xəbərim yoxdur... Mənə heç kəs borclu deyil... Yəqin sənin özününküdür, rayondan atan göndərib...
– Nə danışırsan, Səfdər?! – deyə mən pulu ona uzatdım. – Mənim atamda bu qədər pul hardandır? Al, sənə gətiriblər, dedilər keçən səfərki malların puludur.
Səfdər geri-geri çəkilməyə başladı. Əllərini qabağa elə tutmuşdu ki, elə bil əlimdəki pul deyil, tapança idi.
– Apar, sahibinə qaytar, müəllim, – deyə çığırdı. – Mən heç kəsə mal satmamışam, bu puldan da xəbərim yoxdur.
O, dalı-dalı gedib qapıdan çıxdı. Mən paltoma bürünüb təzədən küçəyə çıxdım. Ha ora-buranı hərləndimsə o adamlara rast gəlmədim. Gecəni yata bilmədim. Elə bil o pullar ilan idi, gözümü yuman kimi məni çalacaqdı. Səhər tezdən durub geyindim, qapıdan çıxmaq istədikdə Səfdər qabağımı kəsdi. Deyəsən, o da gecəni yatmamışdı, çünki rəngi qaralmış, gözlərini altı tuluq-tuluq olmuşdu.
– Müəllim, səhər tezdən hara belə?
– Pulları milisiyaya aparıram.
Səfdər yalandan zarafat elədi:
– O gül kimi pulların nə təqsiri var ki, milisiyənerə verirsən, ay müəllim?
– Qoy axtarıb sahibini tapsınlar.
Bu cavabı verib getmək istəyirdim ki, Səfdər qolumdan tutub saxladı, qulağıma pıçıldadı:
– Yarı bölək.
– Mənə lazım deyil...
– Mənə lazımdır, ver bəri...hərçənd mənə dəxli yoxdur, ancaq, ümumiyyətlə, pula eşqim var. Ver, cayıl adamıq, xərcliyək səninçün...
Küçə qapısının ağzında məni təzədən haqladı:
– Bir daş altda, bir daş üstə... Bildin?..
Pulları ona verib otağıma qayıtdım. Paltomu təzəcə çıxartmışdım ki, küçə qapısı təzədən döyüldü. Səfdərin otağında bir həyəcan oldu, stol yıxıldı. Səfdər hövlnak yanıma gəldi.
– Al, bu pulları, müəllim, xatası çıxar... Qapını döyürlər...
Girdiyi ilə çıxdığı bir oldu. Masanın üstünə atdığı pullar bu otaqdan-o otağa, o otaqdan-bu otağa səyahət eləməkdən əzim-əzim olmuşdu, mən onları yığıb cibimə qoydum, təzədən paltomu geyməyə hazırlaşırdım ki, Səfdər qayıtdı:
– Qulluqçu imiş... Necə də qorxdum... Bura ver, onları, müəllim, məhəbbəti ürəyimə qonub, ayrı dayana bilmirəm.
Əzik-üzük kağızlar təkrar onun cibinə köçdü.
O gün axşama kimi institutda məşğul oldum. Axşam qaranlıqda əl havasına evə qayıdırdım, uzaqdan qonşumun otağından gələn işıqları görəndə pul əhvalatı yadıma düşdü. Dedim yəqin Səfdər yenə başlayıb vur çatlasın, çal oynasına... Ancaq həyətdən içəri girəndə gördüm elə deyil. Onun qapısının ağzında bir-iki milis nəfəri dayanıb, içəridə də adamlar var...
Otağıma girib işığımı yandırdım. Bu zaman Qapım yavaşca aralandı. İçəriyə bir əl uzandı. Mən o saat təzə gəlinin əlini tanıdım, səhərki pulları ovcunda bərk-bərk tutmuşdu. Qadın yəqin qorxudan içəri girə bilmirdi, dalı qapıya durmuşdu. Çünki əl tərsinə dayanırdı, özü də tir-tir əsirdi.
Bu vaxt bir səs eşitdim:
– Bacı, o nədir qonşunun qapısından içəri uzatmısan?
– Heç, ay qardaş kağızdır.
– Ver görək nə kağızdır.
Əl bir qədər titrədi, sonra geri çəkildi.
...Elə gecə ikən Səfdəri apardılar. Arvadı səhər tezdən kişinin nəyi vardısa yığışdırıb atası evinə köçdü...
Bu yaxınlarda gecə vaxtı yuxarı məhəllədən evə qayıdırdım. Küçələr gündüz kimi işıq idi. Bizim yaşadığımız o daxmalar da yox idi, çoxdan sökmüşdülər. Yerində işıqlı, çilçıraqlı bir bağ salmışdılar.
Mən Bakının mənzərəsinə aludə olaraq, düşüncə içərisində gedəndə qabağıma qoca bir kişi çıxdı. Bu kişinin əlində ağac vardı. Asfaltı tıqqıldada-tıqqıldada başı aşağı gedirdi. Mənimlə tuşlaşanda başını qaldırdı, heyrət içində dayandı:
– Müəllim!
– Səfdər! – deyə mən də təəccüblə səsləndim. – Sənsən?
– Özüməm. Gecə növbəsinə gedirəm. Dəniz qırağında böyük teatur var ha... Orada gözətçi işləyirəm.
– Hansı teatr?
– Drama...
Mən bilmədim heç nə deyim, nədənsə soruşdum:
– Uşaqlar necədir?
Bu sual Səfdəri həyəcanlandırdı, sevinə-sevinə dedi:
– Rəfiqə təqaüd alır. Şəfiqə isə həkimdir, cərrahlıq eləyir. Kimdən soruşuram, deyir əlləri lap qızıldır.
– Bəs o biri arvad necə oldu?
– O arvad budur bax, gör mənə neçəyə tamam oldu?..
Bunu deyərkən Səfdər sağ qolunu qaldırdı; biləkdən o yana boş idi, əli yox idi.
– Əlin niyə yoxdur, ay Səfdər?
– Yadındadır, məni apardılar? Hə. Sonra vədəm tamam olub, geri qayıdanda düşdüm yenə o arvadın çənginə, qurşandım köhnə işlərə... Gecə qaranlıqda o arvadın qardaşı ilə sözüm çəp gəldi. Xəncərlə üstümə hücum çəkdi. Əlimi qabağa verdim... Əlim getməsəydi başım gedəcəkdi.
Səfdər qəribə bir gülüşlə güldü, kədərlə dedi:
– Bir əlimi qurban verdimsə də, o qaranlıq dünyadan ayrıldım. İndi hər Şəfiqəyə baxanda, nəvələrimi qucağıma alanda elə bilirəm on il cavanlanıram. Heyf ki, gözətçilikdən başqa heç nəyə yaramıram... amma yaxşı yerdə işləyirəm. Hərdənbir uşaqların hamısını yığıb müftə teatra aparıram.
Biz ayrıldıq. Mən təzə evlərin, küçələrin, bağların arası ilə irəlilədim və düşündüm ki, bütün bu gözəlliyi yaradan, əməkçi insan əlidir. Qara işlərlə məşğul olan əli isə qaranlıq dünya özüylə aparıb getdi...
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-eller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Çiy ətTədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:
CeyranAtalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Altı qızın atasıArvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Başqa şairlərin şeirləri
Qonşulann elmə həvəskar ola,Tibb oxuya, fənnə xəberdar ola,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Əlbəttə dili-şadə deyil kimsə qərinəƏlbəttə dili-şadə deyil kimsə qərinə,Həmta ola bilməz ona biçarə Kəminə.