Kislovodskda istirahət edirdik. Çkalov küçəsində, mərhum İsmayıl Hidayətzadə ilə qonşuluqda mənzil tutmuşduq. Bizim opera teatrımız bura qastrola gəlmişdi. İsmayıl bu teatrın həm direktoru, həm də baş rejissoru olduğu üçün bütün günləri işləyirdi, ancaq hərdən (teatrın istirahət günlərində) onların səfalı həyətində oturub söhbət edirdik. Soltan xanım çox yaxşı çay dəmləyirdi, bizdə armudu stəkanlardan bu çayı içə-içə “mırt vururduq”. İsmayıl məzəli söhbətləri dinləməyi çox sevirdi. Özü də başına gələn hadisələri, eşitdiyi-bildiyi əhvalatı gülməli şəklə salıb danışmağı bacarırdı.

İki-üç gün ürəkdarıxdırıcı sısqa yağış yağandan sonra nəhayət gün çıxmışdı. Səhər saat on olardı. Mən həyətdə gəzişirdim ki, uzaqdan bir səs eşitdim. Kim isə məni çağırdı. Səs gələn tərəfə getdikdə gördüm ki, İsmayıl öz bağlarından mənə əl eləyir.

Təəccüblə soruşdum:

– Nə əcəb evdəsən, məşqə getməmisən?

– Məşqimiz saat on ikidədir, – deyə İsmayıl cavab verdi. – Gəl, çay içək!

Oturduq. Xüsusi ətri olan xoruzpipiyi çaylar gəldi. Böyük alma ağacının altında arabir başımıza, boynumuzun dalına yarpaqlardan damcı düşə-düşə çay içməyə başladıq. Bu zaman gördük ki, mənim yaşadığım ev tərəfə qalxan dik yoldan bir kişi atla düşür. Yol palçıqlı və sürüşkən olduğundan, at qorxa-qorxa yeriyir və bəzən də dörd ayağını gen qoyub dayanır. Bu zaman kişi atı amansızcasına şallaqlamağa başlayır. Yazıq atın böyrü-böyrünə girib, qabırğaları sayılır, şallaq dəydikcə ağrıdan gözləri nəlbəki boyda olur, ancaq ayağını tərpətməyə qorxur.

İsmayıl qalxıb kişini səslədi: “Düş yerə, başından çəkib dalınca apar, o cür getməz, heyvana əziyyət verincə, başına bir az güc ver” – deyə ona bir az nəsihət elədi. Sonra təkrar yerində oturanda mənə dedi:

– Axmaq adam, yalnız şallaq vurmaq bacarır, ata gör necə baxıb ki, canlı skeletdir.

Sonra da düşüncə içərisində davam elədi:

– Bütün Kislovodskda bir yaxşı at yoxdur, hamısının qıçı əyri, gözü kordur.

– At dövrü keçib, – deyə mən çay içə-içə ona cavab verdim.

O, birdən özündən çıxdı (ümumiyyətlə sakit danışa bilmirdi): – Necə keçib, nəyi keçib? At – atdır, maşın – maşın. At keçən cığırlarda maşın bir qələt eləyə bilməz. Bu boyda kurort şəhərində yabıdan başqa heç nə tapmaq olmur.

– Nə bilirsən? Bəlkə var.

– Bilməsəm danışmaram. Üç gündür ev-ev hər yanı axtarmışıq.

– Axı, at sənin nəyinə lazımdır?

– Mənə lazım deyil, Koroğluya lazımdır.

Hə, İsmayılın at barədə bu cür yanıqlı danışmasının səbəbini indi başa düşdüm. Bu axşam ilk dəfə “Koroğlu” operası göstəriləcəkdi. Bu tamaşa üçün at mütləq lazım idi. O, sözünə davam edərək deyirdi:

– Əlbəttə, səhnə üçün göylə oynayan dəli at yaramaz. Bülbüldən ehtiyat eləyirəm, onu hər ata mindirmək olmaz. Dinc heyvan lazımdır. Ancaq heç olmasa görkəmi olsun. Koroğlunu bu cür bir yabıya mindirsək tamaşaçı bizə nə deyər?

– Bəs, axşam neyləyəcəksiniz?

– Tapmışıq, – deyə İsmayıl gülümsünərək cavab verdi. – Uzaq kəndlərin birindən tapmışıq. Sahibi ilə bərabər dünəndən Kurzalda yaşayır. Görkəmi yaxşıdır, özü də sakit ata oxşayır. Ancaq yenə də ehtiyat eləyirəm. Bu gün onunla dörd saat məşq eləyəcəyəm.

– Atla məşq? O necə olan şeydir?

– Durovun arxasınca gedirəm, heyvanları ram eləməyə başlamışam. İstəyirəm vaxtkən atı musiqiyə öyrədim ki, axşam orkestr çalanda şıllaq atmasın.

Saat on ikinin yarısına qədər çay içdik, söhbət elədik. Sonra o getdi, mən də durub parka gəzməyə çıxdım. Qayıdanda saat dördü keçmişdi. Bizim Çkalov küçəsinə çatanda gördüm İsmayıl qabaqda ağır addımlarla gedir. Özümü ona çatdırdım. Məni görüb dayandı, tövşüyə-tövşüyə, xırıltılı səslə dedi:

– At mənim başıma bir oyun açıb ki, yorğunluğumdan nəfəsimi ala bilmirəm.

– Nə olub? Yoxsa ürküb qaçıb, tuta bilməmisiniz?

– Yox canım, çox dinc heyvandır.

– Bəs niyə səni bu qədər yorub?

– Tələsmə, addım-addım gedək, danışım.

Beş addım gedib, beş dəqiqə dayana-dayana irəlilədik. Xeyli keçəndən sonra İsmayıl sözünə davam elədi:

– Səndən ayrılıb teatra getdim, sahibi atı səhnəyə çıxartdı, mən ona dedim yanında dayanma, get, saat dördə yaxın gəl, qoy bizə öyrəşsin. Dirijora da tapşırdım ki, nə qədər mümkündür bərkdən çalsın. Bu qayda ilə məşqimiz başlandı. Üç saat yarım vurhavur oldu. Çənlibel pərdəsini, bir də dördüncü pərdəni neçə dəfə məşq elədik. Yorulmasın deyə Bülbülü oxumağa qoymurdum. Yalnız atla gəzirdi ki, özünə isinişdirsin. Mən də ki, özün bilirsən, məşq olanda rahat dayana bilmirəm. Ora-bura qaçıb yoruldum, tərlədim. Elə qurtarhaqurtarda idik ki, atın sahibi gəldi, zalda dayanıb bir az baxdı, sonra məndən soruşdu:

– Siz burda neyləyirsiniz?

Dedim:

– Məşq eləyirik ki, at orkestrin səsinə öyrənsin.

At sahibi gülümsündü və mənim qulağıma pıçıldadı:

– Mənim atım kardır. Qulağının dibində orkestr çalma, istəyirsən lap top at, eşitmir.

– Bəs niyə əvvəlcədən soruşmamışdınız ki, bu atın eybi nədir?

İsmayıl ah çəkib dedi:

– Bütün Kislovodskda bir abırlı at tapmışdıq, mən nə bileydim ki, onun da qulağı kardır?

Küçədən maşınlar ora-bura şütüyürdü. Əsrimiz maşın əsri idi. Üç yüz il bundan qabaqkı Qırat indi dönüb kar at olmuşdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qanlı məktub

Əlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.

19635 dəq
Darvaza dram cəmiyyəti

Bizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.

19636 dəq
İlk tamaşa

Gülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.

9 dəq
Hər ürəkdə sevgi var

Səlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:– Nə olmuşdu, kim idi?

19699 dəq

Başqa şairlərin şeirləri