Səlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:

– Nə olmuşdu, kim idi?

Paltosuna sığmayan, kök, daz bir kişi ağızucu cavab verdi:

– Bir arvad idi, ürəyi xarab olmuşdu, apardılar. Səlim “nə cür arvad idi, necə geyinmişdi?” – deyə bir iki nəfərdən soruşdusa, heç kəsdən müəyyən cavab ala bilmədi. Öz-özlüyündə yəqin elədi ki, bu yıxılan Bənövşədir. Odur ki, rast gələn bir maşın saxladı, küçənin axırında gözdən itməyə başlayan təcili yardım maşınını göstərib dedi:

– O karetanın dalınca sür.

Maşın yerindən tərpənib, get-gedə sürətini artırdı. Şofer cavan bir oğlan, artıq qabaqda aydın görünən təcili yardım karetasından gözünü ayırmayaraq, gülə-gülə dedi:

– Elə bil Amerika kinosudur. O qaçır, biz qovuruq. Sonra da üzünü Səlimə tərəf çevirərək ciddi soruşdu:

– Əmi, o təcili yardım maşınında xəstəniz var?

– Var, – deyə, Səlim bir az tərəddüdlə cavab verdi:

– Kimdir, qızınızdır?

– Yox arvadımdır.

– Bəli, belə-belə işlər... – deyə şofer mənalı-mənalı başını tərpətdi. Səlim bu sözün nə üçün deyildiyini başa düşmədiyi üçün şoferin üzünə təəccüblə baxdı. Şofer bu baxışın mənasını anlayıb tez cavab verdi:

– Ona görə deyirəm ki, əmi, mən hələ evli deyiləm, nişanlıyam. Nişanlımı da çox istəyirəm. (Bir az düşünüb pıçıltı ilə əlavə elədi). Çox gözəldir. Deməli, evlənəndən sonra başımda bu cür hadisələr çox olacaq.

Səlim:

– Qorxma, bəlkə olmadı, – deyə ona təsəlli vermək istədi. Şofer onun sözünü kəsdi:

– Qoy olsun. Onun yolunda hər dərdə dözərəm. (Sonra öz-özünə əlavə elədi). Bircə toyu eləsəm...

Şofer qarşıdan gələn nəhəng yük maşınının yanından ehtiyatla keçdikdən sonra təkrar Səlimə müraciət elədi:

– Arvadına nə olub, əmi?

Çox söhbətcil olan Səlimin bu səfər heç danışmağa meyli yox idi. Ürəyi elə bil sinəsində yox, qabaqdakı təcili yardım maşınının içində döyünürdü. Ona görə də “heç özüm də bilmirəm” – deyib məsələnin üstündən ötmək istədi. Ancaq olmadı. Şofer min cür sual verdi, axırda Səlim başına gələni ona danışmağa məcbur oldu. Şofer bu söhbəti eşidib maşının sürətini bir az da artırdı. Təcili yardım karetası ilə taksi bir vaxta klinikaya çatdılar. Səlim cəld yerə atlandı, elə bu zaman xalatlı bir həkim və bir tibb bacısı da karetadan düşdülər. İki nəfər əllərində xərək karetaya yaxınlaşdılar. Dal qapıları açıb, yaşıl paltolu, sarısaç bir qadını xərəyə qoydular. Səlim təəccübündən donub qaldı. Şofer onun qolunu dümsüklədi:

– A kişi, get arvada təskinlik ver, qorxma bir şey olmaz, hələ cavandır.

Səlim şoferə tərəf dönüb yavaşdan dedi:

– Bu mənim arvadım deyil.

– Bəs sənin arvadın hanı? – deyə şofer təəccüblə soruşdu.

Səlim çiynini çəkib susdu. Bu zaman onun nəzərini üstündə “Təcili yardım klinikası” yazılmış bir bina cəlb etdi. Səlim şoferdən, onun müxtəlif suallarından yaxa qurtarmaq üçün pulunu verib tələsik klinikaya tərəf getdi. Bu zaman dəhşətli bir qışqırtı eşidib, Səlim ayaq saxladı. 12-13 yaşlarında bir qız uşağı, ana deyib, özünü xərəkdə yatan sarısaç qadının üstünə atmışdı, ağlayırdı. Bayaqdan ölü kimi uzanmış qadın qızının səsindən ayıldı, ya qüvvətə gəldi, nədirsə, başını qaldırdı, ana-bala qucaqlaşdılar. Sonra qadın xərəyi aparanlara tərəf dönüb dedi:

– Saxlayın, sizə zəhmət olmasın, özüm ayağımla gedərəm, qızım qolumdan tutar.

Arvadı yerə düşürdülər, Səlim onlara artıq baxmayıb, yoluna davam elədi, klinikanın iri qapılarından içəri girdi. İçəridə masanın arxasında ağ xalatlı bir oğlan oturmuşdu. Səlim bu oğlandan Bənövşənin bura gətirilmədiyini soruşdu: Oğlan dəftərə baxıb “Yox, elə adam bu gün bura gətirilməyib” – deyə cavab verdikdə, Səlim bir an nə edəcəyini bilmədi. Hara getsin, harda axtarsın.

Burda, yeni tikilmiş bu binanın balaca vestibülündə həyat qaynayırdı. Gənc şəfqət bacıları ora-bura qaçır və ətrafa dərman qoxusu saçırdılar. Bu qoxu Səlimin xatirəsində qəribə bir hiss əmələ gətirdi. Neçə illər bundan qabaq bunlar kimi oynaq, gənc bir qadın ağ xalatda, işdən evə qayıdardı. O zaman bax bu dərman qoxusu otağa, onların yeganə otaqlarına yayılırdı. Səlimə elə gəlirdi ki, bu qoxu ilə bərabər evdə günəş doğur. Bənövşənin gəlməyi ilə hər tərəf işıqlanıb. Bənövşə o vaxt cərrahın yanında işləyən tibb bacısı idi. Hər gün dörd-beş cərrahiyyə əməliyyatından sonra yorğun, əzgin, ancaq xoşbəxt, gülər evə dönərdi. Səlim onu öpmək istəyəndə deyərdi:

– Dayan, dayan, qoy əlimi yuyum, karbolkanın iyi sənə də çökər.

Səlim də hər zaman ona cavab verərdi:

– Bu karbolka qoxusu deyil, bənövşə qoxusudur.

Səlim bu xatirələrdən xoşlanıb gülümsündü. Ancaq ortada tək dayanıb, özbaşına güldüyünü görməsinlər deyə, üzünü yana çevirib küçəyə çıxdı.

Küçədə böyük şəhərin nəbzi döyünürdü. Maşınlar, avtobuslar, trolleybuslar ora-bura qaçır və bir dəqiqə bir yerdə rahat durmurdular. Bu səkidən o səkiyə keçmək üçün adamlar növbəyə dayanmışdılar. Səlim də bu adamların sırasında gözləməyə başladı. Ətrafda yağış havası vardı. Buludlar elə dolmuşdular ki, elə bu saat ağlamağa hazır idilər. Uzaqdan Semaşko xəstəxanasının korpusları görünürdü. Səlim səkini keçib trolleybus gözləməyə başladı. Burdan Semaşko lap aydın görünürdü. Səlimin burda yatdığı günlər elə bil lap dünən idi. Müharibədən təzə qayıtmışdı. Ayağındakı güllə yarası onu narahat etdiyi üçün Səlimi burda yatmağa məcbur eləmişdilər. Hər gün Bənövşə onu görməyə gəlirdi. O gələn kimi həkimlərin, tibb bacılarının arasına pıçıltı düşürdü. Qulağı eşidə-eşidə deyirdilər ki, bu barıt qoxusu verən cəbhəçinin, bu qara əsgərin nə gözəl, nə cavan arvadı var. Səlim bu sözlərdən incimirdi. Əksinə, fərəhlənirdi. Bənövşə ilə onun arasında cəmi beş yaş fərq var idi. Amma həmişə, kənardan baxanlara elə gəlirdi ki, onların yaşlarında azı on-on beş il təfavüt var.

Səlim bu düşüncələr içərisində ikən ona lazım olan trolleybus gəldi. Səlim mindi. Oturmaq üçün yer axtarmağa ehtiyac qalmadı. Bir uşaq “baba, oturun” – Səlim oturdu və öz-özünə gülümsündü: “Baba” ona hələ heç kəs baba deməmişdi. Düzdür, əgər oğlu sağ olsaydı, yəqin indi artıq çoxdan onu baba eləmişdi. Ancaq bütün qocaların arzuladığı bu gözəl adı o daşıya bilmədi. Onun qoçaq, sevimli, ağıllı oğlu xasiyyətdə onun özünə, sifəti isə Bənövşəyə bənzəyən yeganə oğlu neçə illər bundan qabaq naməlum bir xəstəlikdən şam kimi əriyib söndü. Bu hadisə, onların ürəklərini sarsıdan bu qəmgin ölüm, hər ikisini tez bir zamanda qocaltdı. Hər zaman Bənövşənin dodaqlarını bəzəyən xoş təbəssüm, oğlu ilə bərabər öldü.

Səlimin başında əmələ gəlmiş bu xatirə axınını bir sarsıntı qırdı. Trolleybus birdən-birə dayandı. Adamlar bir-birinin üstünə yıxıldılar. “Nə var, nə olub?” – deyə ətrafındakı adamlardan soruşdu. Heç kəsdən cavab çıxmadı. Ancaq Səlim bu qədər əsəbi olduğu üçün öz-özünü danlamağa başladı. “Axı sən nədən qorxursan, ay qoca” – deyə öz-özünə müraciət elədi. Bura şəhərin lap kənarıdır. Bənövşənin bu tərəflərdə nə işi var? Sənin də Bənövşədən başqa heç kəsin yoxdur. Nə üçün belə qorxaqsan, hər şeydən ürkürsən, titrəyirsən, nə üçün?

Elə bu dialoq zamanı, əzilmiş maşını kənara çəkdilər. Yol açıldı. Trolleybus hadisə baş vermiş yerdən keçəndə Səlim gördü ki, əzilmiş maşının şoferi milisə nə barədə isə izahat verməyə çalışır. Milis nəfəri isə bloknotunda qeydlər edir. Səlim bunu görüb rahat nəfəs aldı. “Şükür, bədbəxt hadisə olmayıb” deyə düşündü. Maşın əzilib cəhənnəmə, insan əzilsə... Nə isə. Səlim qəmgin fikirləri davam etdirmək istəmədi. Bənövşə haqqında düşünməyə başladı. Ancaq buna da imkan olmadı. Trolleybus onun evinin yaxınındakı duracaqda dayandı.

Səlim düşdü, tələsik addımlarla evlərinə sarı gedəndə küçə qapısının ağzında qonşu uşaqlarının dayandıqlarını gördü. Onu görən kimi uşaqlar: “Gəlir, gəlir – deyə evə tərəf qaçdılar. Səlimin yenə ürəyi, ayaqları titrəməyə başladı. Nə olub, niyə onu görən kimi qaçdılar – deyə düşündü. Qara fikirlər bir-birini qovaraq, onun başına dolmağa hazırlaşırdılar ki, uzaqdan cingiltili bir səs eşitdi. Qonşunun balaca qızı həyətdən yuxarı səslənirdi:

– Bənövşə xala, Səlim dayı gəlir.

Qara fikirlər geri qayıdıb yox oldular. Elə bil birdən-birə gün çıxdı, hava açıldı. O, ağır-ağır pilləkanları çıxdı, evə girdi.

Bayaqdan xatirəsində bütün həyatını canlandırmış və ona görə də Bənövşəni də cavanlaşdırmışdı. Ona elə gəlirdi ki, yenə də əvvəlki kimi onun qəşəng qəhqəhəsini eşidəcək, üzündə, dodaqlarında onun bu səsini hiss edəcəkdir. Ancaq belə olmadı. Səlim evə girəndə saçı ağarmış, qoca bir qadın gözlərini silərək ayağa qalxdı. Səlim təəccüblə soruşdu:

– Bənövşə ağlamısan?

Bənövşə titrək səslə dedi:

– Sən mənim ürəyimi tamam üzməmiş əl çəkməyəcəksən, Səlim. Hardasan?

– Səni axtarırdım.

– Mən itmişdim ki, axtarırdın?

– Bəs necə? On dəqiqəliyə gedib, üç saata gəlmədin. Mən də düşündüm babanın ağ yoluna... Semaşkoya qədər getmişəm.

Bənövşə güldü. Bu gülüşlə onun üzündə o qədər qırış əmələ gəldi ki, közdə bişmiş almaya oxşadı. O, Səlimə yaxınlaşıb ahəstə qucaqladı və üzünü onun pencəyinə söykəyib bir az dayandı. Sonra yavaşdan dedi:

– Sənə kostyum axtarırdım. O dükan mənim, bu dükan sənin. Birində rəngi yaxşı idi, ölçüsü düz gəlmədi. O birində ölçüsü yaxşı idi, rəngi xoşuma gəlmədi. Gəzə-gəzə bir də gördüm ki, üç saat keçib. Sən isə dəli olub düşmüsən küçələrə. Yadındadır? Bir gecə..

Səlim tez onun sözünü kəsib dedi:

– Yaxşı yadımdadır. Teatrdan gec gəlmişdin. Mən də xəstə yatırdım. Qızdırmalı-qızdırmalı...

Bənövşə onu danışmağa qoymadı.

– Dayan, Səlim, – deyə sözünü kəsdi. – Deməli sən məni yenə ondakı kimi sevirsən? Məni, bu bürüşmüş qoca arvadı?

Səlim onu qucaqlayıb, pambıq kimi ağ saçlarını sığalladı:

– Səni, bəli, səni. Yaddan çıxartma ki, mən də qocalmışam, qırışmışam. Ancaq bu qoca, zəif, büzük ürəyimdə əvvəlki sevgi olduğu kimi qalıb. Əvvəl sən gənc bir qız idin, mən səni gənc bir oğlan kimi sevirdim. İndi sən qoca qarısan, mən də qoca kişi. Mən indi səni bir qoca kimi sevirəm. Sevgi heç bir zaman ölmür, Bənövşə. Şəklini dəyişir, keyfiyyətini, mahiyyətini dəyişir, amma tamam məhv olmur. Əlbəttə, mən əsil sevgi haqqında danışıram. Yalan sevgi haqqında yox.

Səlim Bənövşədən gizlin dilinin altına bir validol qoyub, yemək masasının arxasına keçdi və mehriban nəzərlərlə Bənövşəni süzüb dedi:

– Yemək gətir. Səni axtara-axtara elə acmışam ki.

Bənövşə süfrəni düzəldərək gülə-gülə dedi:

– Dəlisən də.

dekabr, 1969

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri