Səhifə 1 / 5

İkinci şəkil

Bağça... Ceyran xalanın evinin qabağı. Bənövşə, Qəmər, Ceyran xala səhnəyə gəlib əllərindəki çamadanları yerə qoyurlar.

Ceyran xala

Gəl, səni bir də qucaqlayım, qızım. Neçə vaxtdır ki, üzünü görməmişəm. (Qızını qucaqlayır)

Bənövşə

Ay ana, yavaş. Qəmərdən ayıbdır.

Qəmər

Niyə ayıb olur? Kaş mənim də belə bir anam olaydı.

Ceyran xala

Elə mən sənin də ananam, qızım... gəl səni də qucaqlayım. (Onu da qucaqlayır) Elə bilərəm, iki ceyran qızım var.

Qəmər

Mən heç güman eləməzdim ki, anan bu qədər cavandır, Bənövşə.

Bənövşə

Atam onu “həmişəcavan” deyib çağırardı, yadındadırmı, ana?

Ceyran xala

Eh, ay qızlar, mənim cavanlığım da, həvəsim də usta Qurbanla getdi. O öləndən sonra başım da vaxtından qabaq ağarmağa başladı... (Gözlərini silir)

Bənövşə

Ay ana, neyləyirsən? Heç yeridir?

Ceyran xala

Sevindiyimdəndir. Sənin məktəb qurtarıb gəlməyini gör neçə il gözləmişəm... Yaxşı, həyətdə niyə dururuq? Çıxaq evə... (Yavaşdan) Bəs, Bənövşə, gəlməyini Camala niyə xəbər verməmisən?

Bənövşə

Teleqram vurmuşdum. Bilmirəm niyə vağzala gəlmədi. Bəlkə xəstədir?

Ceyran xala

Yox, xəstə deyil. Dünən məni görməyə gəlmişdi. Yəqin teleqramını almayıb. Bu saat bir adam göndərib, xəbər verərəm.

Qəmər

Elə gözəl bağçanız var ki, adam heç ayrılmaq istəmir.

Danışa-danışa evə girirlər. Mindilli, Camal tələsik səhnəyə çıxırlar.

Mindilli

Gəliblər, çamadanları görmürsünüz?

Camal

Beş il nişanlı gözlədim, axırda vağzalda qabağına da çıxa bilmədim, o qədər uzatdın ki... Gülləri ver, özün get, gözümə görünmə.

Mindilli

Yoldaş Camal, sizi inandırıram ki, bu daha yaxşıdır. Hicran nə qədər uzun olsa, vüsal o qədər şirin olar.

Camal

Bu saat hicrandan, vüsaldan danışmağın vaxtı deyil. Get, mənim tapşırıqlarımı axşama hazır elə... Aman, aman... Ayaqqabı məni öldürdü ki...

Bənövşə pəncərədə görünür. Camal onu həyəcanla çağırır.

Camal

Bənövşə!

Bənövşə

Camal! Bəs sən haradasan?.. (Pəncərədən çəkilir)

Camal (Mindilliyə)

Nə durmusan? Görmürsən qız yanıma gəlir?

Mindilli

Gözdən itirəm.

Mindilli gedir. Bənövşə qaçaraq evdən çıxır. Camal ilə görüşürlər, sevindiklərindən gülürlər, sonra bir qədər göz-gözə dayanırlar.

Bənövşə

Məni qarşılamağa niyə gəlmədin?

Camal

Gecikdim... Ancaq eybi yoxdur. Hicran nə qədər uzun olsa, vüsal o qədər şirin olar.

Bənövşə

Bu qədər hicran bəs deyil, hələ yenə də ayrı qalmağımızı istəyirdin?

Camal

Əksinə, Bənövşə can, bu gün mən sənin yanına tələsdiyimdən gecikdim. (Gülür) Gülləri qucağımda tutub dayanmışam. Al, götür.

Bənövşə

Nə yaxşıdır!.. Hamısı qızılgül... Yadındadır? Moskvaya gedəndə bütün kupeni gül ilə, çiçəklə doldurmuşdun...

Camal

Bu qədər vaxtı necə dözmüşəm, heç özüm də bilmirəm. Əvvəllər hər gün ananın yanına gəlirdim... Bu bağçada oturardım, səni yadıma salardım.

Bənövşə

Əvvəllər... Sonra yavaş-yavaş yadından çıxdı?

Camal

Elə bir gün, elə bir dəqiqə olmayıb, Bənövşə can. Sonralar məsul vəzifəyə keçdim... Zarafat deyil.

Ceyran xala gəlir.

Ceyran xala

Bizə nə yaxşı qonaq gəlib!

Bənövşə

Ancaq bir az gecikmiş qonaqdır. Gedək gülləri suya qoyaq... Niyə tərpənmirsən? Ayağın ağrımır ki?

Camal

Yox... Elə-belə. Bir balaca... (Yerimək istəyir, dayanır, öz-özünə) Atana lənət, Mindilli.

Bənövşə

Gəl, kömək eləyim... Buna görə vağzala gecikmisən də... (Onlar getmək istəyəndə Qəmər səhnəyə düşür) Qəmər! Mənim nişanlımla tanış ol.

Qəmərlə Camal görüşürlər.

Qəmər

Ayağınıza nə olub.

Camal

Bir şey olmayıb. (Düz yerimək istəyir, birdən dayanır)

Ceyran xala

Bənövşə, apar uşağı evə, bir az uzansın.

Camal

Nə danışırsan, Ceyran xala, mən xəstə-zad deyiləm ki?..

Ceyran xalanın əlindən çamadanı alıb evə gedir. Bənövşə və Ceyran xala gülərək, onun arxasınca gedirlər.

Qəmər (onların arxasınca baxıb gülümsünür)

Nə qədər həyəcanlıdırlar. Sevib-sevdiyinə ərə getmək nə böyük xoşbəxtlikdir!

Ceyran xala qayıdır.

Ceyran xala

Ev daha sərindir, gəl içəri, doktor!

Qəmər

Bağçanız da yaxşıdır, eviniz də! Nə gözəl tikilib!

Ceyran xala

Bu evi usta Qurban öz səliqəsilə tikdi.

Qəmər

Bənövşənin atası bənna idi?

Ceyran xala

Heç kəs ona bənna deməzdi. “Usta” deyib çağırardılar. Elə bil kişinin əli ovsunlu idi. Hansı daşa deysəydi, dönüb şəkil kimi olurdu. Deyərdi, Ceyran, yüz ev tik desələr, tikərəm, elə eləyərəm ki, biri o birisinə oxşamaz. Bu ev Bənövşə ilə yaşıddır. O anadan olanda tikdi. Üstündə də daş ilə adını yazıb. O vaxt həm işləyirdi, həm də dərs verirdi, şəyirdləri vardı...

Qəmər

Deməli, Bənövşə də atasının yolu ilə gedib.

Ceyran xala

Bəs necə! Ali məktəbə gedəndə atası dedi ki, qızım, bəlkə doktorluq oxumaq istəyirsən, bəlkə şairliyə həvəsin var? Cavab verdi ki, ata, incinər olacağam, vəssalam. Ev tikmək yaxşı işdir.

Bənövşə həyətə düşür.

Bənövşə

Ana can, bağçamız nə qəşəngləşib!

Ceyran xala

Bu il xüsusi fikir vermişəm, bilirdim ki, qurtaran kimi gələcəksən. Gör nə qədər məxməri bənövşə əkmişəm.

Bənövşə (gülür)

Mənim adımın xatirinə.

Ceyran xala

Əlbəttə... Onlara baxıb səni yadıma salırdım. Axırıncı məktubunu alandan sonra yenə ümidimi itirmişdim. Axı yazmışdın ki, səni harada isə saxlamaq istəyirlər.

Bənövşə

Aspiranturada? Hə, təklif elədilər, amma mən qalmadım. Evə gəlməyə elə tələsirdim ki...

Ceyran xala (Qəmərə)

Elə bilirsən, mənim yanıma tələsirmiş, doktor?.. Yox, nişanlısının yanına... Beş il nişanlı qalmaq asan iş deyil. Rəhmətlik atası məni bir ay nişanlı qalmağa qoymadı...

Qəmər

Başa düşürəm, Ceyran xala. Şəhərdə bir səndən danışanda, bir də nişanlısından danışırdı.

Ceyran xala

Danışmaqdan nə çıxar, toyu tez eləmək lazımdır.

Qəmər və Ceyran xala yenə bir neçə çamadan götürüb evə gedirlər. Camal səhnəyə gəlir.

Bənövşə (bayaqdan dərdiyi bənövşələri Camala uzadır)

Bayaq sən mənə qızılgül bağışladın, mən də sənə bənövşə bağışlayıram. Niyə bir yerdə dinməz qalmısan?

Camal

Tərpənə bilmirəm. Pokrışkalar məni birtəhər eləyib. (Ayaqqabılarını göstərir)

Bənövşə

Pokrışka nəyə deyirsən? Dönüb maşın olmusan, nədir? (Gülür)

Camal

Bu harayda adam maşın da olar, ekskavator da... (Bənövşə dəstəsini alır, iyləyib döşünə sancır)

Bənövşə

Nə olub sənə? Hazırlaşmayıb dərsə gələn uşaqlara oxşayırsan.

Camal

Yox, Bənövşə, neçə ildir mən bu dərsə hazırlaşıram. Amma indi heç bilmirəm hansı tərəfdən başlayım.

Bənövşə

Camal, neçə ildir səni görmürəm, bilirsən nə qədər dəyişmisən?

Camal

Neyləyim? Özümə fikir verməyə vaxtım olmayıb. Həmişə işdə, məsul vəzifədə... Nə vaxtdır rəisi əvəz eləyirəm.

Bənövşə

Rəisi əvəz eləyirsən? Mən bilmirdim.

Camal

Bəs necə? Bəlkə daha tamam rəis keçdim, baş mühəndis ayrı adamı götürdüm. Bircə planı qovub çatdıra bilsəm.

Bənövşə

Planın geridir? Heç gözləməzdim... Sən qabaqlar bütün bu rayonda adnan çağırılardın...

Camal

Dayan bir, yenə elə olacaq... Gecələri də tikintidə keçirirəm... İndi daha sən də gəlmisən, evim-eşiyim, rahatlığım olandan sonra... Eh... Səninçün elə bir ev düzəltmişəm ki, top vursan, dağılmaz. Duzqabından tutmuş hər şey almışam, Bənövşə can! Amma mən ölüm, toyu gecikdirmə.

Bənövşə (gülür)

Qəribə danışırsan... Heç elə bil əvvəlki Camal deyilsən... Mən duzqabını neyləyirəm? Moskvada aşpazlıq məktəbini bitirib gəlməmişəm ki?

Camal

Əşi, sən də... Mən duzqabını misal üçün dedim... Şifonerdən danış, mebeldən danış, nədir onun adı, göydən asırlar ha?

Bənövşə

Çilçıraq?

Camal

Odur ha... Üçü birdən...

Bənövşə

Üçü birdən? O qədərini neyləyirsən ki?

Camal

Əşi, nə bilim... Düşdü, aldım da... İstəyirsən lap götür bağışla qonşuya... Bu ölsün, söz demərəm... Ancaq toyu gecikdirmə...

Bənövşə (gülür)

Sən məni güldürmək üçün bu cür deyirsən, elə deyilmi, Camal can? Əvvəldən də məzəli danışmağı çox sevirdin... Ancaq hələ toya tələsmə, qoy bir iş məsələm həll olunsun, sonra. Mən trestin sərəncamına gəlmişəm, görək hara göndərirlər.

Camal

İş? İşə girmək istəyirsən?

Bənövşə

Bəs necə?.. Əlbəttə...

Camal

Nə danışırsan? Mən olan yerdə sən niyə işləyirsən? Məvacibim ixtiyarında, maşın ayağının altında.

Bənövşə

Sən bu sözləri ciddi deyirsən, Camal?

Camal

Lap ciddi deyirəm.

Bənövşə

Deməli, mən Moskvada ona görə oxuyurdum ki, gəlib sənin duzqabının yanında oturum?

Camal

Əşi, ay Bənövşə, çıxart bu duzqabını müzakirədən. Mən səni istədiyimdən deyirəm. Beş il oxumusan, deyirəm bəlkə bir-iki il istirahət eləyəsən... İşləmək istəyirsən, işlə. Mən söz demirəm ki...

Bənövşə

Axı sən nə söz deyə bilərsən? Etiraz eləməyə nə haqqın var?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri