Birinci pərdə
Səhifə 1 / 3
Birinci şəkil
Hələ tikilməkdə olan evin birinci mərtəbəsi. Burada müvəqqəti olaraq tikinti idarəsi yerləşmişdir. Böyük səliqəsizlik hiss olunur. Zərifə əlində teleqram qaçaraq gəlir.
Zərifə
Yoldaş Camal! Yoldaş Camal!
Mindilli tələsik səhnəyə çıxır.
Mindilli
Nə var, Zərifə, dayan, iki kəlmə sözüm var.
Zərifə
Başım qarışıqdır, görmürsən ki, adam axtarıram?
Mindilli
Dayan, ay qız, icazə ver, o şirmayı barmaqlara bu titrək dodaqlarımı toxundurum.
Zərifə
Vaxtım yoxdur, yoldaş Camala teleqram var, deyəsən nişanlısı gəlir.
Mindilli (teleqramı onun əlindən alıb oxuyur)
Bəli, deməli, Bənövşə xanım gəlir?
Zərifə
Nə var? Nə ibarə ilə deyirsən: “Bənövşə xanım gəlir”.
Mindilli
Başqa bir qadının adını çəkəndə dünya qopar?
Zərifə
Başındakı olan-qalan tükü də mən didib tökərəm ha, az danış.
Mindilli
Bu sözdən sonra lap başımı kəsib bir tərəfə qoysan da etiraz eləmərəm. Qısqanclıq sevginin ən birinci əlamətidir.
Zərifə
Bəs səndə niyə o əlamətdən yoxdur?
Mindilli
Necə yoxdur? Bütün günü kölgə kimi dalınca gəzirəm. (Qasım içəri girir. Mindilli onu görüb sözü dəyişir) Odur, yoldaş Camal oradadır, həyətdədir. Teleqramı tez çatdır.
Zərifə (qapının yanında pıçıltı ilə)
Sonra görüşərik, sənə sözüm var.
Çıxır.
Qasım
Buxalterin qızını əlində möhkəm saxlayırsan.
Mindilli
Yaxınlarda toyumuzdur. Ancaq bu yoxlama məsələsi qanımı qaraltdı, heç yerdir?
Qasım
Hə, bir az dilxorçuluqdur.
Mindilli
Nə oldu, axır ki, üzülüşüb getdi?
Qasım
Təftişini elədi, aktını bağladı. Getməyib neyləyəcək ki?
Mindilli
O balacaboy göygöz mənə çəpəki baxıb nə soruşurdu?
Qasım
Səninlə maraqlanırdı.
Mindilli
Mənimlə?
Qasım
Hə, elə başa düşmüşdü ki, sənin iki familiyan var, mən dedim onun əsl familiyası Mindilovdur. Qəhrəman Mindilov. Burada zarafatla Mindilli deyirlər.
Mindilli
Min kərə demişəm ki, zarafat kapitalizm qalığıdır, ondan əl çəkin, başa düşmürlər ki... Sonra nə deyirdi?
Qasım
Bir də deyirdi ki, sənin üstündə çoxlu borc var.
Mindilli
Hə, o barədə mənimlə də danışdı. Rəng yaxmaq istəyirdi, dirədim divara, dedim dayan, kontrolyorsan, ya rəngsaz?
Qasım
Höcət olma, borcun var, qaytar.
Mindilli
Borc hanı? Dağ boyda sçot tökmüşəm buxalterin qabağına... Qəbul eləsin də, niyə yubadır? Qoy bir toyu eləyim. Onda danışacağam. O məni incidir, mən də qızını incidərəm.
Qasım
O qədər də yüngül yanaşma.
Mindilli
Yüngül niyə? Lap Camal yoldaşın özü ilə danışmaq istəyirəm.
Qasım
Danış. Camal qızıl kimi oğlandır.
Mindilli
Başı açılır ki? İndi daha heç vaxtı olmayacaq. Nişanlısı gəlir.
Qasım
Nişanlısı gəlir?
Mindilli
Gəlir də... İşin belə vaxtında yaxşı olmadı, başı qarışacaq eşqə, məhəbbətə, dost-aşnanı yaddan çıxardacaq.
Qasım
Qorxma, Camal məhəbbət dəryasıdır, sevgisi hamımıza çatar.
Zərifə içəri girir.
Zərifə (Mindilliyə)
Tez ol, səni çağırır.
Mindilli (həyəcanla)
Məni çağırır? Bu saat...
Mindilli çıxır. Qasım da onun arxasınca çıxanda Zərifə baxıb gülümsünür.
Zərifə (Qasımın dalınca baxır)
Ala ey, bu da özünü kişilər cərgəsinə qoyur.
Mirzə Salman öz-özünə danışa-danışa içəri girir.
Mirzə Salman
Yatırlar, yatırlar, sonra başlayırlar çığır-bağır salmağa. Axırda çanaq mənim başımda sınır. Zərifə, buradasan?
Zərifə
Nə var, nə olub, ata?
Mirzə Salman
Nə olacaq, kvartalın əvvəlində yatırlar, axırında ayılıb başlayırlar çığır-bağır salmağa, buna ürək davam eləyər? Sən haradasan? Sərçə kimi bir dəqiqə bir yerdə qərar tutmursan. Səhərdən dərmanımı içməmişəm. Gətir görək.
Zərifə
Bu harayda dərmanı neyləyirsən, ay ata?
Mirzə Salman
Dərmanı harayda içməyib, bəs nə vaxt içərlər?
Zərifə
Hansından verim? Damcı dərmanı, ya qaşıq?
Mirzə Salman
Qaşıq dərmanından ver. Damcı-damcı içməkdən ürəyim üzülür. (İçir) Zəhrimar elə acıdır ki... Bəs həblər hanı?
Zərifə
Orada, stolumun gözündədir. Təzə xəbəri eşitmisən, ata?
Mirzə Salman
Nə xəbər? Yəqin yenə deyəcəksən ki, hansı yoldaşınsa özünə təzə paltar tikdirib.
Zərifə
Yox. Camalın nişanlısından teleqram var, bu gün gəlir, onu deyirəm.
Mirzə Salman
Hə, o qızı mən tanıyıram. Usta Qurbanın qızıdır. Çox ağıllı, bacarıqlı qızdır. Bəlkə bunun əl-ayağını o yığa. Plan dolmur, iş yerimir, pul xərclənmir...
Zərifə
Pul xərclənmir, daha yaxşı. Başın dinc olar.
Mirzə Salman
Yox, qızım, sənin maliyyə işlərində heç bir sərriştən yoxdur. Smeta gərək bank vasitəsilə yerinə yetsin. Amma bizim idarədə tərsinədir. Təchizat şöbəsinin üstündə nə qədər borc var.
Zərifə
Mindilovun?
Mirzə Salman
Mənim yanımda onun adını çəkmə. Adını eşidəndə ürəyim sancır.
Zərifə
Ata, istəyirsən gedim həbləri gətirim?
Mirzə Salman
Yox, həblərdənsə, Camalı tapmaqda mənə kömək elə. Yoxsa bank bağlanar, bu gün də üçüncü obyektin işi qalar.
Çıxırlar. Camal gəlir. Mindilli onu kölgə kimi təqib edir. Camalın əlində teleqram var.
Camal (teleqramı bir də oxuyur)
Deməli saat 3-də, 5-ci vaqon. (Gülümsünür, teleqramı öpür) Qız bu saat yol gəlir. (Mindilliyə) Taxtaları daşıtdırdın?
Mindilli
Bircə vaqonumuz qalıb.
Camal
Sənə bir töhmət də verərdim, heyf ki, başım qarışıqdır. Mən indi qızın qabağına necə gedim? O saat stansiya naçalniki yapışacaq boğazımdan. Bir aydır vaqonları boşaltmırıq.
Mindilli
Bu səhvimi iki, ya üç günə düzəldərəm. Bu gün sizin üçün yaxşı mebel sifariş elədim.
Camal
Dayan görək, mebel vaxtı deyil. Bu Yusif hanı? (Telefonun dəstəyini götürür) Kommutator, tez Yusifi tapıb göndər. Ay qız səninlə deyiləm? Pah atonnan. Keydir ki... Yusifi deyirəm ey, tez tap mənim yanıma çağır.
O biri telefon zəng vurur, Mindilli götürür.
Mindilli
Bəli, bu saat... (Camala) Telefona çağırırlar, yoldaş Camal!
Camal (dəstəyi alır)
Kimdir? Hə, özüdür ki, var. Camal sağ-salamat hüzurunda kəmərbəstə. Sən öl, gələ bilməyəcəyəm, yox-yox Mindilli də, Qasım da gələ bilməz, kvartalın axırıdır, plan doldururuq. Gəl gör nə həngamə çıxartmışam. Üç gündür kabinetdə yatıram. Bir yandan da bu gün nişanlım gəlir, hə, bəs, necə? Toyu bu günlərdə eləyirəm, daha məndə gözləməli ürək qalmayıb... Öpürəm bütün kampaniyanı. (Telefon dəstəyini asıb, teleqramı cibindən çıxardır) Bir saatdan sonra qatar gəlir, sən maşını saz saxla.
Mindilli
Maşın sazdır. Dəllək gözləyir.
Camal
Bu gün qəbul günüm deyil, sabah gəlsin.
Mindilli
Qulluq işi üçün gəlməyib, özünüz demişdiniz ki, çağırım.
Camal
Hə, dəlləyi deyirsən? Düzdür, ot qalxıb, biçdirmək lazımdır. (Əlini üzünə sürtür) Həyətyanı təsərrüfatım yaman haldadır, Mindilli!
Mindilli
Siz də mənə Mindilli deyirsiniz, yoldaş Camal?
Camal
Nə olar deyəndə? Adam dost zarafatından incimaz. (Saatına baxır) Hanı sənin dəlləyin?
Mindilli
Ülgücünü itiləyib hazır dayanıb.
Camal
Yəqin kostyumumu da gedib gətirməmisən.
Mindilli
Kostyum da, ayaqqabılar da hazırdır. Vaxtım olmur ki, sizə deyim.
Camal
Doğrudan da, vaxt yoxdur... (Pul çıxarır) Ala, onlarla özün hesablaş.
Yan otağa keçmək istədikdə Zərifə və Mirzə Salman içəri girirlər.
Zərifə
Burada imiş ki.
Mirzə Salman
Yoldaş Camal, bir ayaq saxla.
Camal
Mirzə, məni pis yerdə tutmusan, vağzala tələsirəm.
Mirzə Salman
Burada bir neçə kağız var, vağzaldan da vacibdir. Səni neçə gündür ki, tuta bilmirəm.
Zərifə çıxır.
Camal
Di tez ol, Mirzə! (Papiros çıxarır, Mindilli o saat kibrit yandırır) Mən bu kağızlara baxınca, sən də tez ol, danış görək, müfəttiş aktda nə yazdı, oxuya bilmədim, dedim sonra gətirsin.
Mirzə Salman
Bu saat deyim?
Camal
Mühümlərini.
Mindilli
Əlbəttə, əlbəttə.
Mirzə Salman (Mindilliyə)
Sən qarışmasan yaxşıdır. (Camala müraciətlə) Yazdı ki, plan müntəzəm olaraq aydan-aya doldurulmur. İş düzgün təşkil olunmayıb.
Camal
Bu heç... Sonra.
Mirzə Salman
Yazdı ki, texniki alətlərə çoxlu pul sərf edilib, ancaq istifadə olunmur.
Camal
Bu da heç... Sonra.
Mirzə Salman
Sonra yazdı ki... (Dayanır)
Camal
Nə oldu, yadından çıxdı?
Mirzə Salman
Yox... bu saat... (Mindilliyə işarə edir)
Camal
Hə, başa düşdüm. Mindilli, gör Yusif haradadır? Tap bura çağır.
Mindilli
Bu saat telefonla xəbər verim.
Camal
Get, özün çağır. Kütlə ilə canlı əlaqə yaratmaq lazımdır.
Mindilli
Canlı əlaqə? Bu dəqiqə yaradaram. (Çıxır)
Camal
Hə, de görək, Mirzə.
Mirzə Salman
Bir də ki, bunun, təchizat şöbəsinin haqq-hesabını xüsusi qeyd elədi. Sçotların çoxuna şübhə ilə baxır.
Camal
Səhv eləyir. Əsassız şübhədir. Mən olan yerdə heç kəs qorxusundan bir çöpə əl vurmaz. Bu da heç... Ayrı bir şey yoxdur ki?
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-nisanli-qiz-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Yeni il hədiyyəsiNeçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.
Cənnət xuliqanıProloq*– Sevil gəlmədi.
Nadir şahƏrəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!
Başqa şairlərin şeirləri
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli