Səhifə 2 / 3 · 33%

Kim evlənir?

Gövhər

Əliqulu. Özündən otuz yaş cavan bir arvad alır.

Xəlil

Əşi, qoy oturmuşuq...

Qumral

Ata! Ata, bu nə sözdür? Ola bilməz!..

Gövhər

Niyə ola bilmir? Onun toyunda mən ortadan çıxmayacağam, doyunca oynayacağam. Nişan-zad aparmısan? (Barmağından üzüyü çıxardıb, ona verir) Al, bu da təzə gəlinin üzüyü. Bu saat paltar da gətirərəm.

Əliqulu

Dayan görək, ay canım, heç nə gətirmə!

Gövhər

Yox, niyə? Mənimçün bundan əziz gün olar? Ay Xəlil, Əliqulu evlənir, nə durmusan? Hərəkət eləsənə!..

Xəlil

Düz deyirsən, bacı, sevinmək lazımdır. Hurray, əl çalın, toydur!

Gövhər

Qızım, sən niyə mat qalmısan? Bundan sonra iki anan olacaq, sevinsənə!

Qumral

Ata, bunlar nə danışarlar?

Xəlil

Mübarək olsun, mübarək olsun! (Əliqulunu qucaqlayıb öpür)

Əliqulu

Canım, siz məni hoydu-hoyduya götürmüsünüz, nədir?

Gövhər

Niyə, xeyir işdə ağlamazlar ki? Sevinərlər, gülərlər... Bu saat qırmızı paltarımı da geyəcəyəm.

Xəlil

Gedim, qoyunu kəsim?

Gövhər

Kəs, zurnaçı da çağır! Bu gün bütün şəhərə səs salaq: Əliqulu evlənir!

Əliqulu

Çığırma, eyibdir, qonşular eşidər.

Gövhər

Qoy eşitsinlər! Özüm bu saat hamısına xəbər verəcəyəm.

Əliqulu

İşə düşmədik? Qəribə xasiyyətiniz var, bir kəlmə söz demək olmur. Adamı biabır eləyirsiniz. (Başı alovlu çıxır).

Xəlil (onun arxasınca)

Mübarək olsun, mübarək olsun!..

Gövhər (Qumrala)

Çağır o oğlanı bura!

Qumral

Ana, Kamalın heç bir işdən xəbəri yoxdur.

Gövhər

Çağır!

Xəlil (yan otağın qapısını açır)

Gəl bura, görək!

Kamal gəlir.

Gövhər (Kamala)

Deməli, sən bizimlə ikibaşlı qohum olmaq istəyirdin? Qohumunu Əliquluya verib, qızını özün almaq istəyirdin?

Kamal

Başa düşmürəm.

Xəlil

Bu saat səni başa salım. Nazlı xanım Əliquluya ərə gedir!

Kamal

Bu nə cür ola bilər? Onun ki, əri var, Xəlil dayı. O ki, mənim əmim oğlunun arvadıdır.

Xəlil

Yəqin bir yolunu tapıb da.

Qumral

Biabırçılıq!

Kamal

Mən bu saat gedirəm onlara. (Gedir)

Gövhər Qumralı qucaqlayıb, hönkürtü ilə ağlayır. Səhnə qaranlıqlaşır.

Beşinci şəkil

Hadisə pərdənin qabağında gedir. Rövşən gəlib telefon budkasına girir, haraya isə təcili zəng eləməyə başlayır. Bu zaman Yasəmən bir tərəfdən, Nazlı o biri tərəfdən səhnəyə çıxırlar. Rövşən cəld budkanın içində gizlənir.

Yasəmən

Nazlı, nə yaxşı rastlaşdıq! Sizə gəlirdim. Bəs, Rövşən hanı?

Nazlı

Yenə küsüb. Dünən bulvarda acıq eləyib gedəndir, tapa bilmirəm. Təqsir səndədir. Yasəmən, axı dedim ki, onu başa sal!

Yasəmən

Başa salmaq olur ki... Sən gözündən gedən kimi alışıb-yanmağa başlayır. Bu saat zəng eləyib onu taparam. (Telefon budkasına yaxınlaşır, Rövşəni görür) Rövşən, buradasan? A Nazlı, ərin gör harada gizlənib! Gəlin buradaca, tamaşaçıların qabağındaca barışın.

Nazlı

Mən küsməmişəm ki.

Rövşən

Mən küsmüşəm. Məktub yazanla, Əliqulu ilə sevişdiklərini öz gözümlə gördüm. (Yasəmən ilə Nazlı gülürlər) Niyə gülürsünüz? Özün dedin ki, güclə bu kişini yola gətirirəm.

Nazlı

Elçilik eləyirdim də...

Rövşən

Nə elçilik? Məni azdırma, həqiqəti indi başa düşmüşəm.

Yasəmən

Sənin həqiqətdən bu qədər uzaq vaxtın olmayıb.

Nazlı

Rövşən, bu saat mən səni iki kəlmə ilə başa salım. Əmin oğlu Kamal o gördüyün kişinin qızını istəyir. Mən elçilik elədim, razılığını aldım.

Yasəmən

Biz hamımız bu işdə iştirak eləyirdik.

Rövşən

Bəs mənə nə üçün demirdin?

Nazlı

Vaxt oldu ki? Biz barışan kimi, bu yandan da Əliqulu kişi gəlib çıxdı. Tez Yasəmənin qulağına pıçıldadım ki, Rövşənin başını qarışdır. (Gülürlər)

Rövşən

Bəs, sənə məktub yazan o deyil?

Nazlı

O kişinin hay-hayı gedib, vay-vayı qalıb, qadınlara məktub yazan vaxtıdır?

Rövşən

Qocalığına nə baxırsan? Dəyirman xoruzu kimidir.

Nazlı

Nədirsə, mənim vəzifəm onun razılığını almaq idi, yerinə yetirdim.

Yasəmən

İndi barışın ki, toyda dilxorçuluq olmasın.

Rövşən

Yəni düz deyirsiniz?

Yasəmən

Məni yalan danışan görmüsən?

Rövşən

Bağışla, Yasəmən, onu o qədər istəyirəm ki, tükü tərpənəndə küləklə vuruşmağa hazıram.

Nazlı

Küləklə neyləyirsən elə, amma mənimlə işin olmasın.

Yasəmən

At, bu qısqanclığı, Rövşən, özünü gülünc eləmə, birkərəlik at!

Rövşən

Deyirsən atım?

Yasəmən

At!

Rövşən

Atdım, qurtardı!

Yasəmən

Bu cür təmiz qadını da qısqanarlar?

Nazlı

Eh, a Yasəmən, qədrimizi bilən kimdir?

Rövşən

Üzr istəyirəm, Nazlı bağışla!

Nazlı

Yüz dəfə bağışlamışam, bu da yüz birinci olsun.

Rövşən

Sən mənim nazlı-duzlu arvadımsan.

Nazlı

Sən də mənim Rövşənimsən, dovşanımsan. İndi dovşan can, get, bir böyük dəstə gül bağlatdır, biz də evdə hazırlaşaq. Toy üçün nə lazımdırsa, əmin oğlu gətirib qoyub bizə.

Yasəmən

Tez ol, ha, axşama az qalır.

Rövşən

Quş kimi uçuram.

Yasəmən və Nazlı gedirlər. Rövşən bu biri tərəfdən yollananda Kamal qabağına çıxır. Kamal çox bikefdir.

Rövşən

Əmioğlu! Yenə gizlin-gizlin işlər görürsən?

Kamal

Əmioğlu! Bu saat eləyəm ki, bıçaq vursan, qanım çıxmaz.

Rövşən

Niyə? Nə olub ki, əmioğlu?

Kamal

Qaş qayıran yerdə vurub göz çıxartmışam.

Rövşən

Yoxsa, Əliqulu yenə razı deyil?

Kamal

Bağışla məni, Rövşən, onlar bir-birilə tanış olan gün, dağılaydı!

Rövşən

Açıq danış görüm, nə olub?

Kamal

Mən evlənməkdənsə, Əliqulu evlənir...

Rövşən

Onun arvadı yox idi, bəyəm?

Kamal

Var, niyə yoxdur? Arvadını boşayıb, tələsik toy eləyir.

Rövşən (gülür)

Elə şey olmaz canım! Daha sən niyə bikef olursan? Xalqın bir qayınanası olanda, səninki iki olacaq.

Kamal

Bilirsən, kimi alır?

Rövşən

Yox.

Kamal

Nazlını.

Rövşən

Hansı Nazlını?

Kamal

Bizim Nazlını.

Rövşən

Mənim arvadımı?

Kamal

Aha...

Rövşən (qəhqəhə ilə gülür)

Kamal, qızdırmalısan, nədir? Mən Nazlı ilə elə bu dəqiqə görüşdüm, biz ömürlük barışdıq.

Kamal

Elə bu dəqiqə Əliqulu kişi arvadını boşadı, özü də dedi ki, Nazlını alıram.

Rövşən

Bəlkə, özü tək bu qərara gəlib?

Kamal

Axşam toylarıdır... Nazlı razılıq verib, danışıblar.

Rövşən

Əşi, yalandır.

Kamal

Ay əmioğlu! Bu boyda da yalan olar? Orada bir haray var ki, gəl görəsən.

Rövşən

Bəs mənə dedi ki, gül al gətir.

Kamal

Qadın hiyləsidir də, öz toyunun gülünü də sənə aldırır.

Rövşən

Bu nədir, xəyanət? Bu boyda da ikiüzlülük olar? Fikrimə min söz birdən gəlir. Heç bilmirəm hansını əvvəl deyim?

Kamal

Əmioğlu, sənə nə olub?

Rövşən

Elə bil min arı girib, başımda vızıldayır.

Kamal

Rövşən, sakit ol!

Rövşən

Yenə min dənə pişik girib ürəyimi cırmaqlamağa başladı.

Kamal

Rövşən, özünə gəl, Rövşən! (Səhnədən çıxırlar)

Pərdə açılır. Əliqulunun evi. Otaq şkaflar vasitəsi ilə iki hissəyə bölünüb. Bir tərəfdə Gövhər kefsiz oturub. Əliqulu bir kişi ilə öz tərəfinə gəlir.

Əliqulu

Bax, evi tanıdın ki, yol da həyətdəndir. Axşam iyirmi beş nəfərlik yemək hazırla. Subaylıq belədir də... Gərək qonaqlarına yeməyi restorandan gətirdəsən. İndi tez get, nə lazımdır, düzəlt.

Əliqulu o adamı ötürüb geri dönür, otağı sahmana salmağa başlayır. Bir nəfər əlində qarmon, Gövhər tərəfdən içəri girir.

Qarmonçu

Əliqulunun evi buradır?

Gövhər

Xeyr, qardaş, bura deyil.

Qarmonçu

Necə bura deyil? Mənə bu ünvanı veriblər. Qarmonçalanam. Tapşırıblar ki, tez gəl – toydur.

Gövhər

Toy otağın o biri tərəfindədir.

Əliqulu

Hə, mən burdayam, ay qarmonçalan, şkafların arasından gəl bura.

Gövhər

Burdan keçmək olmaz. O otağın yolu həyətdəndir.

Əliqulu

Belə qonşuluq olmaz, ay bacı, mənim qonağıma sən burdan yol verməlisən, ya yox? (Qarmonçuya) Gəl, qorxma, gəl!

Gövhər

Yox, olmaz! Burdan yol yoxdur, həyətdən get.

Qarmonçu

Biri deyir: gəl, o biri deyir: get. Dava-mərəkəyə düşmədik!..

Qarmonçu gedir. Əliqulu tərəfdən Səfər içəri girir.

Səfər

Əliqulu, bəd xəbər, Əliqulu!

Əliqulu

Çığırma, yavaş danış görək, nə olub?

Səfər

Nazirlikdən əmriniz gəldi. Sizi işdən götürdülər. Müavininiz də o dəqiqə mənim əmrimi verdi. (Əliqulu bərkdən gülür) Nə olub? Bu cür xəbərə də gülərlər?

Əliqulu

Doğrudan da, Sıfırsan! Əşi, sən nəyin dərdini çəkirsən? Sabah səhər tezdən Nazanı göndərəcəyəm dayısının yanına.

Səfər

Ağlım bir şey kəsmir.

Əliqulu

Ağıl var ki, kəssin? Hə, bəs bu qarmonçu nə oldu? Pis qonşu sənə nə deyim? Qoymadı kişi buradan gəlsin. Yəqin yolu tapmır, gedək, onu gətirək.

Çıxırlar. Səhnə arxasından musiqi səsi eşidilir. Qumral, Gövhər və Xəlil səsə gəlirlər.

Gövhər

Yəqin təzəgəlindir. Xəlil, onları geri qaytar. Mənim evim xalxın ayağının altında qalmasın. Qumral, tez ol, bu evdən tamam çıxıb gedək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri