Səhifə 2 / 4 · 25%

Azad

Qoy xəbər verim, yoxsa, sorğu-sualla yaxamızı qurtara bilməyəcəyik.

Səadət

Ancaq, əlini cibindən çıxart.

Azad

Yoldaşlar, sizə onu deməliyəm ki...

Yasəmən (onun sözünü kəsir)

Başlanğıc çox təntənəli oldu.

Azad

Qulaq as, axırı bundan da təntənəli olacaq. Sizə onu deməliyəm ki...

Səadət

Papirosu qoy bir yana.

Azad

Bəli, sizə onu deməliyəm ki, altı aydan artıqdır ki, Səadət mənim familiyamı daşıyır.

Nazlı

Necə?

Yasəmən

Nə?

Nazlı

Mən başa düşmürəm.

Yasəmən

Yəqin evləniblər də...

Nazlı

Aha, evləniblər... Bəs, bizə niyə xəbər verməmisiniz?

Yasəmən

Bizi toyunuza layiq görmədiniz?

Səadət

Təqsir, bax, bundadır. (Azadı göstərir) Qoymadı ki, əməlli-başlı toy eləyək, yoldaşları çağıraq.

Azad

Bacılar, inciməyin. Öz toyumuza çağırmadıqsa, oğlumuzun toyunda lap başda oturacaqsınız.

Səadət

Azad, ətimi tökmə.

Nazlı

İki müdir bir-birilə evlənib. Yəqin toyunuz iclasda olub hə?

Azad

Məsələ nə toydadır, nə də toyun harada olmağında. Məsələ məhəbbətdədir. Arada məhəbbət olandan sonra ailədə hər gün toybayramdır. Bəziləri var ki, evlənəndə üç gün, üç gecə zurna çaldırırlar, amma bir ildən sonra evlərində elə zurna qopur ki, məhkəmələr həll eləyib, qurtara bilmir. Bəli, yoldaşlar, bizim – Səadət yoldaşla özümü deyirəm – gözümüz bir görür, qulağımız bir eşidir. Hətta, ürəyimiz də bir döyünür.

Səadət

Azad, reqlament!

Azad

Hələ vaxtım var, qoy danışım.

Səadət

Otur görək, macal ver, başqaları da söz desin.

Azad

Şəxsən mən qurtardım. Söz verilir Nazlı xanıma.

Nazlı

Şəxsən mən söz istəməmişəm.

Səadət

Neçə gündür ki, iclas eləməyib, kişi darıxıb ey...

Azad

Bu cür şəhərdə də adam darıxar? Gəzirik, tamaşa eləyirik, uşaq kimi sevinirik...

Səadət

Adam baxdıqca baxmaq istəyir.

Yasəmən

Görürsünüzmü, elə bil, ildə bir əsr irəli gedirik. Çılpaq küçələrə bu qədər yaşıl paltarı kim geyindirdi? Bulvara, bağçalara bu qədər gül-çiçəyi kim səpdi? Bu təzə evlər, geniş prospektlər haradan meydana çıxdı? Yadınızdadırmı, biz oxuyanda bunların heç izi-tozu da yox idi. Kim elədi?

Azad

Biz eləmişik, biz!

Səadət

Özünü qatma, sənin xəbərin yoxdur.

Yasəmən

Azad düz deyir, biz eləmişik. Bizim kimi başında atəş, ürəyində məhəbbət olan adamlar eləyib.

Humay gəlir.

Humay

Bıy, nə əziz qonaqlarımız gəlib? Xoş gəlmisiniz!

Nazlı

Təbrik elə, evləniblər ey!..

Humay

Doğrudan? Təbrik edirəm, təbrik edirəm! Quru təbrikdən nə çıxar, tez olun süfrə açın!

Nazlı

Düz deyirsən, bacım, bunlar ki, toyu gizlin eləyiblər, gərək bu saat elə şənlik məclisi yaradaq ki, əvəzi çıxsın. Süfrə açaq, badə qaldıraq, sağlıq deyək. Qızlar çirməyin qollarınızı!

Azad

Bəs, mən? Səadət evdə qayğanağa duz da tökəndə mənimlə məsləhətləşir.

Humay çıxır. Qapı döyülür, heç kəs eşitmir. Kamal yavaş-yavaş içəri girir.

Kamal (öz-özünə)

Deyəsən, qonaqlığa düşmüşəm.

Yasəmən (Kamalı görür, Nazlıya)

Bu kimdir?

Nazlı

Kimi deyirsən? Hə, bu oğlanı. Kamaldır da...

Yasəmən

Təzə-təzə tanışların çıxır.

Nazlı (məzəmmətlə)

Yasəmən! (Kamalla görüşür) Xoş gördük, Kamal.

Kamal

Getmişdim evinizə, qapı bağlı idi. Dedim, yəqin burada olarsınız.

Nazlı

Çoxdan burada yaşayıram. O evə heç getmirəm.

Yasəmən

Məncə qonağı birinci növbədə tanış eləyərlər.

Nazlı

Buyurun, tanış olun!

Azad

İkinci növbədə oturmaq təklif eləyərlər.

Nazlı

Buyurun, oturun!

Səadət

Üçüncü növbədə yemək təklif eləyərlər...

Nazlı

Buyurun, yeyin!

Kamal

Siz məni utandırırsınız. Mən qonaq deyiləm, elə ev yiyəsi kimi bir şeyəm.

Yasəmən

Budur ey... konflikt başlandı...

Humay

Kamal, xoş gəlmisən. Bəs, Rövşəni niyə özünlə gətirməmisən?

Kamal

Rövşəni mən niyə gətirirəm? Özü öz ailəsinə gələ bilmir?

Humay

Ailə hanı? Yuva dağıldı, ay Kamal, quşların hərəsi bir tərəfə uçdu.

Nazlı

Humay, yeri deyil!

Humay

Mən rəmz ilə danışıram da...

Kamal

Mən də deyirəm niyə o evdə heç kəsi tapmadım. Deməli, yuva dağıldı, quşların hərəsi bir tərəfə uçdu? Onda icazə verin, sizi narahat eləməyim.

Humay

Hara gedirsən? Otur, biz sənə əmin oğluna görə hörmət eləmirdik ki?

Nazlı

Səni öz qardaşım qədər istəyirəm.

Humay (Kamalı güclə əyləşdirir)

Otur, bu saat sənə çay gətirim. (Gedir)

Qonaqlar otururlar. Birdən Rövşən qucağında bir dəstə gül, xəzri kimi otağa soxulur, hamı ayağa qalxır.

Rövşən

Bura bir kişi gəldi, kimdir o?

Azad

Məni deyirsən?

Rövşən

Sən yox. Azad, tanımadığım bir adam idi.

Kamal

Bəlkə məni deyir?

Rövşən

Hə... (Yaxasından yapışır) Sənin bu evdə nə işin var?

Kamal

Əmioğlu! Tanımadın məni?

Rövşən (birdən tanıyıb, yaxasını buraxır)

Kamal, sənsən? Bir idarə müdiri vardı, səni lap ona oxşatmışdım. Dərdimdən gözüm dünyanı görmür, dostla düşməni bir-birindən ayıra bilmirəm. (Gül dəstəsini Nazlıya tərəf uzadır) Xahiş eləyirəm bu gülləri qəbul edəsiniz. (Kamala) Nə vaxt gəlmisən? Burada nə edirsən?

Kamal

Səni axtara-axtara gəlib buraya çıxmışam.

Rövşən

Məni buradan didərgin salanı didərgin düşsün! (Ətrafdakılara) Heç bir əl uzanmır ki... Yasəmən, salam, bunları suya qoy, solmasın.

Yasəmən

Mənə gətirmisən?

Rövşən

Gətirmişəm də... Kimin bayramıdır, götürsün.

Nazlı (hirsli)

Geri qaytar, Yasəmən, geri qaytar. (İstəyir Yasəmənin əlindən gül dəstəsini alsın)

Yasəmən (vermir)

Dayan, əl vurma! Ortada gül olandan sonra ikiniz də “cəh-cəh” vuracaqsınız. (Gülü güldana qoyur)

Səadət

Rövşən, salam, bizdən də küsmüsən?

Rövşən

Salam, Səadət, mən heç kəsdən küsməmişəm, məndən küsüblər.

Kamal

Rövşən, düzü, heç xəbərim yox idi.

Rövşən

Yaxşı ki, buradasan, əmioğlu, soruş gör, əgər, artığamsa, gedə bilərəm.

Kamal

Nazlı xanım, Rövşən deyir ki... Nə dediyini özünüz eşitdiniz də...

Nazlı

Kamal, əmioğluna de ki, mənim onunla haqq-hesabım qurtarıb. Dəftərxana bağlanıb.

Rövşən

Əmioğlu, ona de ki, dəftərxana bağlansa da, yenə də onun xidmətində hazır dayanmışam. Xüsusi bunun üçün işdən bir aylıq məzuniyyətə çıxmışam. Əgər lazımdırsa, gedib o məktubu yazan adamın özünü tapıb gətirim, kefləri açılsın. Adını ki, bilirəm, ya Əhməd olar, ya Əli, ya da ki, Əzim...

Nazlı

Kamal, əmioğluna de ki, mən heç kəslə maraqlanmıram. Ürəyi sındırandan sonra bir dəstə gül ilə yamamaq mümkün deyil.

Rövşən

Əmioğlu, ona de ki...

Kamal

Əmioğlu, söz aparıb-gətirməkdən yoruldum, üzünü çevir o yana, ürəyində nə söz varsa, özün de!

Yasəmən

O poçt şöbəsi bağlandı, keçin bizim tərəfə...

Azad

Ərlə-arvadın küsməyi nə gülünc olurmuş?

Səadət

Ömründə məndən küsməyəsən ha!

Rövşən

Bu şən məclisi pozmaq fikrində deyiləm. Gülləri verdim, gedə bilərəm. Mən bu gülləri özüm toplamışam, arasına bir dənə də alaq otu girməyə qoymamışam. Çünki alaq otları gül dəstəsini korlayan kimi, bəzi təsadüfi tanışlıqlar da bir ailəni dağıdır.

Nazlı

Yasəmən, görəsən, hansı alaq otundan söhbət gedir?

Yasəmən

Bizimçün də maraqlıdır.

Rövşən

Söhbət məktublardan, telefon zənglərindən gedir. Söhbət ondan gedir ki, sənin yad bir kişi ilə gülümsünərək bir dəfə danışmağın aylarla mənim yuxumu qaçırdır. Sən özünə bəzək-düzək verib gündə bir cür saçını darayanda, mən şübhədən saçımı yoluram. (Telefon zəng çalır) Budur ey, başlandı...

Humay o biri otaqdan əlidolu gəlir.

Humay

Telefona niyə cavab vermirsiniz? Rövşən!.. Xoş gəlmisən! Keç otur, utanma. Kamal, keç otur... (Telefon dəstəyini götürür) Alo, kimdir? Salaməleyküm. (Nazlıya) Tez gəl, dayındır.

Nazlı (dəstəyi götürür)

Bəli, mənəm, kefim kökdür. Hirsləndirən yox, əsəblərimlə oynayan yox. Sizi gözləyirik... Gəlməyəcəksiniz? Kollegiyanın iclası var? Eybi yoxdur. Hədiyyənizi aldım, çox sağ olun. Burada balaca məclisimiz var, dostlar təbrikə gəliblər. Rövşən? Mən onunla əlaqəni üzmüşəm. Sağ olun! (Telefon dəstəyini asır, ətrafdakılara) Dayımın hamınıza salamı var. Əlbəttə, bir nəfərdən başqa.

Rövşən

O bir nəfər bu saat gedə bilər. Əmioğlu, düş qabağıma!

Kamal

Gedək? (Öz-özünə) Mən də Qumrala xəbər aparım ki, buradan da bir şey çıxmadı.

Humay

Hara gedirsiniz? Dəyirmana gəlməmisiniz ki? Bir tikə çörək yeyin...

Rövşən

Yox, Humay bacı, məsələ ciddidir. Mən istədim geri dönüm, o səadət günlərini bir də yaşayım, olmadı. Mən əl uzatdım...

Nazlı (sözünü kəsir)

Bəzən uzanan əllərə tikan batır.

Rövşən

Biz tikanlara öyrəşmişik.

Nazlı

Tikanlı sözlər deməyə də öyrəşmisiniz.

Yasəmən

Yavaş danışın, yazıb çatdıra bilmirəm.

Humay

Yasəmənə bax ey!.. Bunların bədbəxtliyindən də pul çıxartmaq istəyir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hər ürəkdə sevgi var

Səlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:– Nə olmuşdu, kim idi?

19699 dəq
Cavanlaşmaq dərmanı

Ağaəmi kişi səhər gözlərini açan kimi arvadını çağırdı:– Zərintac, Zərintac!

196412 dəq
Tükəzban xalanın məktəbi

Tərbiyə hekayələri silsiləsindən*Günlərin bir günündə Tükəzban xala xəstələndi və Yaşar qaldı ortada. Zakir ilə Mina başlarını itirdilər. Uşağı neyləsinlər, harda qoysunlar? Axırda qərara gəldilər ki, elə günü bu gün uşağı bağçaya aparsınlar, canları qurtarsın. Bu vaxta kimi yanlarında bağça adı çəkmək olmurdu. Nədənsə onlara elə gəlirdi ki, bağça uşağı xarab eləyir, tərbiyəsini pozur, orda onun geyiminə, yeməyinə baxan olmayacaq və ilax... Bu yeni fikirlər onları hər zaman narahat eləyirdi. İndi artıq əlac yox idi. Qocalığına baxmayaraq sap-sağlam olan Tükəzban xala birdən-birə qrip olmuşdu, bu xəstəliyin Yaşara sirayət eləməsi qorxulu idi, ona görə də uşağı tələsik bağçaya düzəltmək daha əlverişli idi. Heç olmasa bir neçə günlüyə. Bir neçə günə uşağın tərbiyəsi pozulmayacaqdı ki?..

197010 dəq
Nişanlı qız

5 pərdə, 6 şəkildə*İştirak edənlər

19531 dəq

Başqa şairlərin şeirləri