İkinci pərdə
Səhifə 4 / 4 · 75%
Gəlsənə, zəng eləyək?
Kamal
Bu saat! (Telefonda nömrələri yığır, Qumrala) Al, özün danış. (Qumral dəstəyi götürür)
Otaqda telefon zəng çalır. Telefon olan tərəf işıqlanır. Humay dəstəyi götürür.
Humay
Alo, kimdir?
Qumral
Zəhmət olmasa, dayımı telefona çağırın.
Humay
Ay qız, bu evdə yaşayanların hamısı xaladır, burada dayı yoxdur.
Xəlil
Bəlkə məni çağırır?
Qumral
Xəlil dayını deyirəm!
Humay
Bu saat. Gəl, a kişi, səni çağırırlar. Bəxtəvərin nə çox qohum-qardaşı var!..
Xəlil (dəstəyi götürür)
Kimdir məni çağıran?
Qumral
Dayı, sənsən? Heç kəslə bir kəlmə danışma!
Xəlil
Niyə? Qolçomaq çıxmışam? Səsimi alıblar?
Qumral
Mənim barəmdə danışma, yad adamlara...
Xəlil
Yad niyə olurlar? Öz uşaqlarımızdır, hamısını yaxşı tanıyıram.
Qumral
Dayı nə danışırsan? Sən onları haradan tanıyırsan?
Xəlil
Nə danışdığımı çox gözəl bilirəm. Sən qarışma. Burada hər şeyi sahmana salmışam. (Dəstəyi asır)
Kamal
Nə dedi?
Qumral (həyəcan içində dəstəyi asır)
Onu sözündən döndərmək çətindir. Yaxşısı budur, özümüz gedək, daha utanmaqdan keçib.
Kamal
Buradan gəl.
Çıxırlar. Otaq yenə əvvəlki kimi işıqlanır.
Xəlil
Ay şair, məktub hazır olmadı?
Yasəmən
Hazırdır, elə yazmışam, daşdan keçər. Amma bilmirəm imza nə qoyum? (Nazlıya) Adını yazım?
Nazlı
İmza heç lazım deyil. Onda maraqlanıb mütləq gələr.
Xəlil
Ver qoyum cibimə. (Məktubu alır)
Qumral ilə Kamal içəri girirlər.
Kamal
Xəlil dayı!
Qumral
Bir dəqiqəliyə bura gəl!
Xəlil
Nə var ki?
Qumral
Gizlin sözüm var. Yad adamların yanında deməli deyil.
Humay
Ay qız, yad niyə oluruq ki?
Nazlı
Kamal bizə qardaş kimidir. Yaxın gəl, hamımızla bir-bir tanış ol. (Qumralın qolundan tutub hamı ilə görüşdürür)
Xəlil
Yaxşı ki, özün gəlib çıxdın. (Hamıya) Gördünüz, mənim bacım qızı Qumral necə Qumraldır? İnstitutu təzə bitirib, müəllimədir.
Səadət
Müəllimədir? Dayan, dayan. Qumral Əliqulu qızı? Ay qız, sən bizim rayona müəllimə təyin olunmusan, niyə gəlmirsən?
Qumral
Mən hələ təyinat kağızını almamışam.
Kamal
Mən harada işləsəm, o da orda işləyəcək.
Xəlil
Kamal da institutu təzə bitirib, aqronomdur.
Səadət
Lap yaxşı. O da gələr Azadın sovxozuna. İkiniz də olarsınız bir rayonda. Azad, düzəldi?
Azad
Bəli, etiraz eləmirəm.
Kamal
Düzəldi deyəndə ki, bu biri tərəfdən vəziyyət çox ağırdır.
Nazlı
Bilirsiniz nə var, əgər, aranızda həqiqi sevgi varsa, köhnə qayda-qanun sədd ola bilməz. Heç bir şeydən, heç kəsdən çəkinməyin.
Humay
Yaxşıca çalıb-oynayırdınız, bilmirəm aranıza kim soyuq su səpdi?
Xəlil
Bacı, soyuq suyu mənim üstümə səpiblər.
Humay
A kişi, dünya görmüsən, al məclisi ələ, şadlıq başlansın.
Xəlil
Başlansın da. Mən nə deyirəm ki? Birinci elə özüm süzərəm.
Mebeli bir tərəfə çəkirlər. Oynamağa hazırlaşdıqda qapı döyülür.
Nazlı
Yəqin odur, yenə gəldi. Humay get, qapıdan qaytar.
Humay
Mən qapıdan qonaq qaytarmağı adət etməmişəm. (Bərkdən) Kimsən, gəl içəri!
Qapı açılır, iki nəfər böyük gül dəstəsini ortaya qoyub çıxır. Onlardan sonra Səfər içəri girir.
Səfər
İcazə olar?
Hamıdan “buyur”, “xoş gəlmisən” deyə səslər çıxır.
Humay
Qonağın yeri gözümüzün üstündədir.
Səfər
Dəvətsiz gəldiyim üçün, hətta, üzr istəməyə də utanıram. Ürəyi yaralı bir şəxs tərəfindən bu hədiyyəni qəbul etmənizi xüsusi xahiş eləyirəm.
Səadət
Əcəb qabiliyyətli adamdır!
Azad
Dayan, deyəsən, işin içində iş var.
Nazlı
Hədiyyəni kim göndərib?
Səfər
Xanım, adını faş eləmək mümkün olsaydı, özü gətirərdi, mənimlə göndərməzdi.
Yasəmən
Təzə məsələ meydana çıxır.
Xəlil (yaxınlaşıb Səfərə diqqətlə baxır)
Sıfır, sənsən? Bu nədir? Xeyir ola?
Səfər
Dinmə, Xəlil! Ölüm-dirim məsələsidir. Sən burada neyləyirsən?
Xəlil
Mənimki də ölüm-dirim məsələsidir.
Nazlı
Bilməyək bu hörməti bizə kim eləyir?
Səfər
Biləcəksiniz, özü sizə deyəcək. Sabah axşam saat səkkizdə bu qarşıdakı bağda, yasəmən ağacının altında, bu evin sahibəsini bir nəfər ürəyi yaralı oğlan gözləyəcək.
Humay (təəccüblə)
Bu evin sahibəsini?
Səfər
Bəli, xanım! Əgər, baş tutmasa, iş infarktla nəticələnəcək. Arxayın olummu?
Nazlı (sevincək)
Arxayın olun, arxayın olun.
Səadət (Yasəmənə)
Deyəsən Humayın bəxti açıldı.
Yasəmən
Bu iş heç mənim ağlıma da gəlməzdi. Doğrudan da, ən gözəl əsəri həyat yaradır.
Nazlı (Səfərə)
Heç olmasa, oturun, bizim bayramımızda iştirak edin.
Səfər
Xanım, öl desən, bu saat yıxılıb bu parketin üstündə ölərəm. Ancaq otura bilməyəcəyəm.
Xəlil (təəccüblə)
Sıfır, sən lap yekə artistsənmiş ki.
Səfər
Qadın məclisinə ki düşdüm, Xəlil, bülbülə dönürəm. (Məclisə) İcazə verin, gedim hədiyyənin qəbul olunduğunu xəbər verib, yanan ürəyə bir az su səpim. (Baş əyib çıxır)
Nazlı
Humay, təbrik eləyirəm, bacım!
Yasəmən
Xoşbəxtlik göydən zənbil ilə düşdü.
Səadət
Humay, toyu gecikdirmə...
Humay
A... tələsməyin ey... hələ heç üzünü görməmişəm.
Azad
Xəlil dayı bizə sözün düzünü deyər. Bu kişini sən tanıyırsan, necə adamdır, elçiliyinə inanmaq olar?
Xəlil
O barədə bir söz deyə bilmərəm. İmanımı necə yandırım? Ancaq bu gül dəstəsindən bilinir ki, elçi düşən qabiliyyətli adamdır.
Humay
Heç bilmirəm nə deyim?
Xəlil
Danə, nümunəyi xalvarəst.
Nazlı
Hə, indi gərək Humaya təzə paltar tikək və sabah axşam saat səkkizə kimi hazır eləyək. Yasəmən, Səadət, gəlin işə girişək!
Səadət
Bütün bəxti açılanlara eşq olsun, içində də Humaya! Gedək paltar tikməyə.
Azad
Bəs, mən? Səadət evdə iynə saplayanda da mənimlə məsləhətləşir.
Xəlil
Hə, bu olmadı. İndi ki, dərzixana açdınız, demək məclis bağlandı?
Nazlı
Xəlil dayı, lap yadımızdan çıxmışdı ha!..
Xəlil
Bir hövsələnizi dərin, mənim də sözüm var. Bəri gəlin görək. Diqqətlə qulaq asın. (Hamı gəlib Xəlilin yanında oturur) Bizim bu Kamalın bir dolaşıq işi var. Onu həll eləmək üçün Rövşənin yanına gəlmişdim. Amma indi bəzi ailələr də bəzi idarələr kimi olub. Müdir deyir sabah işini düzəldərəm. Sabahı gün gəlib görürsən ki, o müdirin öz işini düzəldiblər, yerində ayrı adam oturub.
Nazlı
Mən xahiş edirəm ki, bu barədə söhbət olmasın.
Xəlil
Acığın tutmasın, qızım, söz məsəli deyirəm. Kamal bizim bacıqızı Qumrala bir könüldən min könülə bənd olub. Yəni əslində Qumral özü də sevginin gücündən birtəhər olub. Bu işə mən dayısı razıyam, anası Gövhər razıdır, bircə atası Əliqulu razı deyil. Rövşəni axtarırdım ki, yığsın başına dost-aşnanı, o Əliqulu kişinin tərs damarını sındırsın. O da ki, yoxdur, nəuzi-billah, adını da çəkmək olmur.
Nazlı
Nə olsun?! O yoxdur, biz varıq!
Humay
Kamal üçün nə lazımsa eləyərik.
Nazlı
Qızın atasının adı nədir? Əliqulu?
Xəlil
Necə bəyəm? Tanıyırsan?
Nazlı
Eşitmişəm, ancaq üzünü görməmişəm.
Xəlil
Bir görməli üzü də yoxdur.
Nazlı
Kim olur-olsun, məncə bizim sözümüzü yerə salmaz.
Yasəmən (dəftərinə qeyd eləyə-eləyə)
Deməli, qızın atasının adı Əliquludur?
Xəlil
Neyləyirsən, protokol bağlayırsan?
Səadət
Yəqin bu barədə şeir yazır.
Yasəmən
Əmi can! Bizim də çörəyimiz belə-belə şeylərdən çıxır da...
Kamal
Mənə qalsa, qorxub eləyən deyiləm.
Qumral
Mən də qorxmuram. Ancaq atamla-anamın hörmətini saxlamaq borcumdur.
Xəlil
Arxayın ol, qızım, biz burada elə tədbir tökmüşük ki, nə şiş yanacaq, nə də kabab.
Səadət
Biz də kömək edəcəyik, hə, Azad?
Azad
Bəli, vəzifəmizdir.
Yasəmən
Sevginin qarşısında dağ da dursa, davam gətirməz. Atanı da razı salacağıq, ananı da. Hələ o biri pərdədə sizə yaxşı elçilik də eləyəcəyik.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-eliqulu-evlenir-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:– Nə olmuşdu, kim idi?
Cavanlaşmaq dərmanıAğaəmi kişi səhər gözlərini açan kimi arvadını çağırdı:– Zərintac, Zərintac!
Tükəzban xalanın məktəbiTərbiyə hekayələri silsiləsindən*Günlərin bir günündə Tükəzban xala xəstələndi və Yaşar qaldı ortada. Zakir ilə Mina başlarını itirdilər. Uşağı neyləsinlər, harda qoysunlar? Axırda qərara gəldilər ki, elə günü bu gün uşağı bağçaya aparsınlar, canları qurtarsın. Bu vaxta kimi yanlarında bağça adı çəkmək olmurdu. Nədənsə onlara elə gəlirdi ki, bağça uşağı xarab eləyir, tərbiyəsini pozur, orda onun geyiminə, yeməyinə baxan olmayacaq və ilax... Bu yeni fikirlər onları hər zaman narahat eləyirdi. İndi artıq əlac yox idi. Qocalığına baxmayaraq sap-sağlam olan Tükəzban xala birdən-birə qrip olmuşdu, bu xəstəliyin Yaşara sirayət eləməsi qorxulu idi, ona görə də uşağı tələsik bağçaya düzəltmək daha əlverişli idi. Heç olmasa bir neçə günlüyə. Bir neçə günə uşağın tərbiyəsi pozulmayacaqdı ki?..
Nişanlı qız5 pərdə, 6 şəkildə*İştirak edənlər
Başqa şairlərin şeirləri
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
ZülfünGərdənində, qamətində ayıb yox,Amma nə gözəldir pərişan zülfün!
AyrılıqSinəmi yandırır yenə ayrılıq,Nələr çəkdirməmiş mənə ayrılıq.