Səhifə 2 / 2 · 50%

Murad ağa təzim edib, ona tərəf əyildi, qıpqırmızı qızararaq cavab verdi:

– Baş üstə, cənab! Tapşıraram ölməsin.

Cəlil Naim əfəndi dalı-dalı çəkilib xəstənin üstündən tullandı və üzünü camaata çevirib yüksəkdən çığırdı:

– Siz öləsiz, camaat!.. Hamınız keflisiniz... Hamınız araq içmisiniz!.. Yaxşı eləmişsiniz. Araq içkilərin şahıdır, için bizim hökumətin sağlığına, sağ olsun müsavat!.. Ura!..

Heç kəsdən səs çıxmadı. Cəlil Naim əfəndi hədəqəsindən çıxmış gözlərini bir az oyan-buyana gəzdirdi, heç kəsin qımıldanmadığını görüb, hamının ölgün, xəstə gözlərlə baxdığını görüb ağız-burnunu qırışdıraraq çığırırdı:

– Camaat, sizin hamınızın...

O, çox qəliz söyüş söydü, ancaq yenə heç kəsdən səs çıxmadı. Ortada uzun bir sükut oldu, sonra yerdə uzanıb yatan sarıbəniz kəndli başını qaldıraraq tüpürdü və Cəlil Naim əfəndinin üzünə kinli-kinli baxaraq, onun söyüşünə daha möhkəm bir söyüşlə cavab verdi.

Hamı qorxudan diksindi. Cəlil Naim əfəndinin yuxarı qalxan tapançasını Murad ağa güclə saxladı.

Uzun həngamədən sonra onu faytona mindirdilər.

2

Cəlil Naim əfəndinin getdiyi kənd – Çinarlı kəndi stansiyadan dörd saatlıq bir məsafədə idi. Stansiya ilə bu kəndin arasında, hər iki tərəfində iri qoz ağacları əkilmiş gözəl bir yol var idi. Fayton irəlilədikcə, yoldan ötüb keçən kəndli arvadlarına, qoca kişilərə, kiçik uşaqlara və kişilərə təsadüf edilirdi.

Quraqlıq Çinarlı kəndini tamam batırmışdı. Xırman vaxtı olmasına baxmayaraq, kənddə yeməyə çörək tapılmırdı.

Meyvə yeməkdən, bulanıq göl suyu içməkdən kəndlilərin hamısının qarnı şişmiş, rəngləri saralmışdı. Səkkiz gün armud yeyib dolanan bir kəndli bu gün kəndin ortasında yıxılıb öldü. Bu ölən kəndli bütün həyatında həmin kənddən bayıra çıxmayan və həmişə azərbaycanlılarla bir yerdə yaşayıb biçinçilik edən bir erməni idi.

Kənd böyüklərinin hədə-qorxusundan bu adama bir loğma çörək də verən olmadı. Meyit hələ də kəndin ortasında qalırdı. Heç kəs onu basdırmağa cürət etmirdi. Bir yandan da əxlaqsız müsavat zabitləri camaatı dinc qoymur, iki-üç gündən bir kəndlərə qarışqa kimi daraşırdılar, “Sizi ermənilərdən saxlayırıq” – deyib gəlinlərə, qızlara sataşırdılar.

Fayton Çinarlıya girdikdə Cəlil Naim əfəndini bir dəstə atlı qarşıladı. Kəndə xəbər yayıldı. Ölümlə dolu kəndin, üzlərinə ölü rəngi çökmüş adamları qorxudan ora-bura səpələndilər.

Ətrafını atlılar bürümüş fayton kəndin ortasında – armud yeyib ölən erməninin meyidi qarşısında dayandı. Cəlil Naim əfəndi adamların köməyi ilə yerə düşdü. Yol gəldikcə Cəlil Naim əfəndinin bədənində çalxalanmış araq onun kiçik gözlərini bir az da kiçiltmiş, boyunu bir az daha qısaltmışdı. O, qabağında kəmərbəstə durmuş kənd bəyi Mürsəl bəydən soruşdu:

– Ay bəy, bu yerdə yatan adam kimdir?

– Ağa, yatmayıb, ölüdür.

– Malades... Səd malades!..

Qonaq Murad bəyin evinə getdi.

Nəşəli Cəlil Naim əfəndi oturan kimi vaqondakı düşüncəsinin mabədini bəyin adamlarına söyləməyə başladı. O, tapançasının bağını əlində oynadaraq donuq gözlərlə baxan Mürsəl bəyin qoçusuna deyirdi:

– Yemək və qadın... Həyatın mənası bu iki şeydədir. Yemək qadın kimi, qadın da yemək kimi olmalıdır.

Onun hüzurunda oturmağa cürət etməyib ayaq üstə duran Mürsəl bəy qorxa-qorxa soruşdu:

– Cənab, siz nə cür qadın təsəvvür buyurursunuz?

Cəlil Naim əfəndi üçüncü bir adamın mövcudiyyətini indi hiss etmiş kimi, üzünü Mürsəl bəyə çevirib başdan-ayağa qədər onu süzdü. Mürsəl bəy onun nəzərləri altında açıq yaxasını düzəltməyə, düymələməyə başladı. Cəlil Naim əfəndi əlini yuxarı qaldırıb yüksəkdən söylədi:

– Qadın... qadın... Arvad demirəm, arvad bir zad deyil... Mən elə qadın təsəvvür edirəm ki, onun mövcudiyyəti insan üçün ruhən bir qida olsun... Elə deyilmi, bəy?

Mürsəl bəyin ən hörmətli adamı və qolunun dayağı Əhməd bəy bu səsə yuxudan ayıldı və başı ilə razılıq işarəsi verərək dedi:

– Əlbəttə, əlbəttə!

– Saçları ipək kimi yumşaq, üzü qaymaq kimi ləzzətli, dodaqları marojna kimi olsun! Elə deyilmi, ay a bəy?!

Əhməd bəy yenə diksindi və bir daha özünü unutmamaq üçün gözlərini bərəldib qeyri-adı səslə dedi:

– Əlbəttə, əlbəttə!

– İnsan maddi yemək yedikdən sonra qadın onu ruhən qidalandırmalı... Qadın... qadın... qadın insanın allahıdır.

Cəlil Naim əfəndi səsini bir az da ucaltdı, üzünü Mürsəl bəyə çevirərək bərkdən qışqırdı:

– Yenə mənə ilham gəldi, bəy! Gətir bir az yemək yeyək, kefimiz açılsın...

Həmin saat süfrə açıldı. Cəlil Naim əfəndi böyük bir həvəslə çox sevdiyi işinə başladı.

Elə bu vaxt bəyin adamları qapı-qapı düşüb kəndliləri meydana yığmağa başladılar. Hamıya xəbər verdilər ki, bu gün kənddə müsavat firqəsi tərəfindən böyük bir mitinq olacaqdır. Hər kəs öz arzusu ilə meydana gəlməli və müsavat firqəsi haqqında olacaq məruzəni dinləməlidir.

Kənd meydanını iki nəfər yaxşıca süpürdü. Gələn çox az olduğundan əlavə tədbirlər görüldü: bir adam məscidin yanındakı ağaca çıxıb (bu ağac minarəni əvəz edirdi) bir iki ağız “əssalat” deyə çığırdı. Sonra da odunla ləyən döyməyə başladılar.

Cəlil Naim əfəndinin boyunun qısa olması, Mürsəl bəyin adamlarını düşündürürdü. Onun hamını görməsi və hamının da onu görməsi üçün kürsünü əvəz edəcək yüksək bir şey lazım idi. Bu yüksək yeri daşlardan düzəltmək istədilər, mümkün olmadı, münasib bir şey tapmaq üçün yaxın evləri axtarmağa başladılar. Meydana yaxın bir yerdə, həyətin ortasında duran bir su boçkası var idi. Bəyin adamları onun suyunu boşaldıb meydanın ortasına gətirdilər.

Kəndlilər yavaş-yavaş boçkanın ətrafına toplaşdılar. Çadraya bürünmüş arvadlar halay vuraraq kişilərdən uzaqda oturdular və başlarını tərpədərək pıçıldaşmağa, barmaqları ilə onu-bunu göstərərək danışmağa başladılar.

Cəlil Naim əfəndi meydana yetişdikdə kəndlilər sıxlaşdılar və müsavat nümayəndəsinə yaxşı tamaşa etmək üçün daha da yaxın gəldilər.

Cəlil Naim əfəndi bəyin adamlarının vasitəsilə boçkanın üstünə qalxdı. Beş dəqiqəyə qədər öz müvazinətini saxlamaq üçün əlləşdi, sonra da tədricən səsini ucaldaraq danışmağa başladı:

– Həzərat! – dedi. – Ey Çinarlı kəndinin camaatı! Mən bizim hökuməti-milliyyəmizin müqəddəs firqəsi olan müsavat firqəsi tərəfindən göndərilmişəm. Mən sizə öz milli firqəmizin məna və əhəmiyyətindən bəhs edəcəyəm...

O əvvəlcə mənasını özü də bilmədiyi farsca bir beyt oxudu:

– Camaat, farslar deyirlər ki:

İlahahü əcz nəzdi sitəm pişə əbləhəst
Əşki-kəbab baisi-tüğyani-atəşəst.

– Ey samein kəndlilər! Əgər miyanınızda düşmən, ərbabi-kafiri var isə, onunla söhbəti-sazidən etina və ictinab edərək mübarizeyi-əşəddi ondan əsirgəməyin. Firqeyi-müsavat, firqeyi-müsəlman, firqeyi-ədalət məqamındadır. Firqeyi-müsavat cümlə əvamünnasın dəfatiri-əkabirində məsturdurlar ki, bu firqeyi-həmşəmətpənah onları kafiran hücumundan və bəlayi-erməniyyədən dəf etməyə müvəffəq olmuş və həzrəti-Allahın mübarək kölgəsinin onların üzərinə düşməsinə xeyli yardımda bulunmuşlardır.

Cəlil Naim əfəndi nöqtəni qoyub bir az nəfəs alan kimi arvadlar oturan tərəfdən bərk ağlaşma qopdu. Eşidilən hıçqırıqlar arasında:

– Can, axund əmi! İmama Allah rəhmət eləsin!

– Nəfəsinə qurban!

– Yezidə lənət, – kimi səslər eşidildi. Həmin saat bəyin adamları aralığa səpələndilər. Çoxdan bəri imam büsatı görməmiş və natiqin danışığından məhərrəmliyi xatırlayan arvadları güclə sakit etdilər.

Məhərrəmlik büsatını xatırlamış arvadlar daşların üstündə otura bilmədilər. Ürəklərini boşaltmaq üçün evlərinə qayıtdılar. Bircə dəqiqədə meydan arvadlardan boşaldı.

Hay-haray kəsildikdən sonra Cəlil Naim əfəndi boğazını yana uzadıb bir-iki dəfə öskürdü və sözünə davam edərək dedi:

Camaat! Ey Çinarlı kəndinin avam əhalisi! Mənim sizə nəsihətim budur ki, dünyada bütün öyilikləri zəxireyi-axirət qılıb səriüzzəval olan dünyayi-qəddarə vəfa etməyin və əmri-napak, qəribi-bəid nəfəsi əziziniz kimi bilib heç bir pisliyi onların babində rəva görməyin. Ancaq və ancaq və yenə də ancaq... bizi istəməyənləri sərnigün etmək lazımdır, sərnigün...

Dal sırada oturan kəndlilərə yavaş-yavaş dən düşürdü. Camaat Cəlil Naim əfəndinin nitqinin nəşəsi ilə, yavaş-yavaş dağılırdı. Cəlil Naim əfəndi danışdıqca qızır və qızdıqca danışırdı. O, əlini gah qərbə uzadır, kəndlilər də onun əlinin dalınca qərbə baxır, gah şərqə uzadır, kəndlilər də onun əlinin dalınca şərqə baxırdılar. Cəlil Naim əfəndi Rüstəm-Zal kimi qalxıb düşür və ağzından köpük daşa-daşa danışırdı. O, gah da özünün mövqeyindən və hörmətindən söhbət açırdı. Hamısının da sonunda bir ağız ermənilər haqqında deyirdi.

Kəndlilər yavaş-yavaş azalırdılar. Adamların getməsi ilə müvazi olaraq Cəlil Naim əfəndinin danışıq sürəti artır və səsi ucalırdı. Cəlil Naim əfəndi gözlərini üfüqə zilləyərək sözləri bir-birinə calayırdı... O, nələr danışmırdı! Mollaxanada oxuduğu ərəbi, farsı dərslərini yada salır, orada bir çox əzbərlədiyi kəlmələri, sözləri, cümlələri söhbətin arasına qataraq avam kəndlilərin qulaqlarına yamayırdı. O heç qulaq asanlar tərəfə baxmırdı. Mütəmadiyən danışırdı. Araq ona əməllibaşlı qüvvət vermişdi. Cəlil Naim əfəndi özündə bu qədər qüvvətli danışıq qabiliyyəti olduğunu hələ bu vaxta qədər bilməmişdi. Bu bəlağətli danışıqdan sonra təbii ki, kəndlilərin hamısı müsavat firqəsi üçün ölümə belə getməyə hazır olacaqdılar.

Cəlil Naim əfəndi bunu lap yəqin etmişdi. Ona görə də danışığının arasını kəsmirdi, tənəffüs eləmirdi. Bir ucdan bütün bildiklərini ortalığa tökürdü.

O, son sözünü söyləmək və qüvvəli alqış sədaları altında danışığını bitirmək üçün üzünü camaata doğru çevirdi. Lakin... qərbə və şərqə uzanan əlləri qeyri-adi bir vəziyyətdə qaldı.

Meydanda heç kəs qalmamışdı. Kəndlilər onun başının qarışıq olmasından istifadə edərək tamam çıxıb getmişdilər. Ancaq birdən lap qabaqda, daşın üstündə bir kəndlinin oturaraq ona baxdığını gördü.

Cəlil Naim əfəndi əlini kəndliyə doğru uzadaraq yüksəkdən çığırdı:

Afərin sənə! Mən indi bildim ki, bizim də kəndlərimizdə həqiqi idealni adamlar varmış. Mən indi bildim ki, bizim də kəndlilərimizdə öz canını millətə qurban edən millət xadimləri tapılırmış... Bax... (o, əli ilə kəndi göstərdi) hamı çıxıb gedib... Onlar anlamadılar. Mənim kəlamımın mənasını anlamadılar. Amma sən anladın. Sən bildin... və ona görə də axıra qədər həvəslə oturaraq müsavat firqəsi rəhbərinin sözlərini dinlədin... Malades!..

Kəndli bu sözləri axıra qədər dinlədikdən sonra papağını çırpıb başına qoyaraq ayağa qalxdı və Cəlil Naim əfəndiyə dedi:

– Ağa, mən avam kəndliyəm. Sənin o dediklərindən bir kəlmə də başa düşməmişəm. Ancaq sənin ayağının altındakı boçka mənimkidir. Mən sənin danışıb qurtarmağını gözləyirəm ki, boçkanı evimə aparım. Yoxsa mən də onlar kimi çıxıb gedərdim, işlərim tökülüb qalıb...

Cəlil Naim əfəndinin rəngi ağardı. O, heç bir söz demədi. Ayaqları əsə-əsə boçkanın üstündən yerə düşdü. Kəndli boçkanı meydanın ortasından gurultu ilə diyirləyərək evinə apardı.


Bu boçka əhvalatından üç-dörd gün sonra Bakıda müsavat firqəsi mərkəzi komitəsinin iclasında gödəkboylu, alçaqtəbiətli, şirin bülbül – Cəlil Naim əfəndi kəndlərdə müsavat firqəsinin çox hörmətli olduğundan, hər tərəfdə əmin-amanlıq hökm sürdüyündən, kəndlərdə onları nə qədər gözəl qarşıladıqlarından məruzə edirdi.

Cəlil Naim əfəndinin bu danışığını hamı çox həvəslə dinləyirdi.

Bu danışıqdan sonra müsavat firqəsinin mərkəzi komitəsi ona bolluca pul bağışladı...

Əsil məsələ də bu idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri