Ağlaşma
I
Səhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:
Burda bir naşı ağlar,
Əlində kaşı ağlar;
O evdən ki, cavan gedə
Divarı, daşı ağlar.
Burda gəncəli ağlar,
Sinəsi pəncəli ağlar,
Balasından ayrılan
Məgər dincəli, ağlar.
Dəsmalı güllü balam,
Başı fikirli balam,
Yüz min gəlin içində
Hamıdan şəkilli balam.
Başımın içində ildırım çaxmış kimi yatağımdan sıçradım. sərsəri kimi özümü anamın otağına atdım. Ayaq səsimə diksinib oyanmış qoca qadın diqqətlə üzümə baxaraq:
– Nə var, oğlum? – deyə heyrətlə soruşdu.
– Of, ana, bu qonşu arvadın fəryad və şivənləri on gündür ki, qurd kimi qəlbimi yeyir... Bu nalə və fəryadlar bitməyəcək, tükənməyəcəkmi? – dedim.
Anam diqqətli baxışlarla üzümə baxdıqdan sonra:
– Oğlum, nə üçün narahat olursan? Anadır, necə ağlamasın ki, sona kimi gəlin qızı əlindən gedibdir. Ölsün analar ki, övlad dağı görməsin – dedi və yaşla dolu gözlərini əllərinin tərsi ilə sildikdən sonra sözünə davam etdi:
– Ona indi heç bir söz demək olmaz! Bu sızıltılar kəsilənəcən o otağa ayaq basma!
– Başqa çarəm yoxdur – dedim. Yoxsa bu sızıltılara baş, qulaq dayanmaz. İnsanın əsəbləri dəmirdən olmalıdır ki, mütəəssir olmaya bilsin. On gündür, gecə-gündüz bayquş kimi ulaşırlar. Hələ o gün, həftəsində qadınların səs-səsə verib söylədikləri o ürək yandıran ağılar nə idi? Bunlar o kiçik yetimlərə də acımırlar. Bu on gün içində zavallıların üzünə ölüm rəngi çökmüşdür. Nə qədər dəyişmişlər. Bir nəfər ölməklə bütün ailəni öldürməkmi istəyirlər?
Anam mütəəssir bir halda:
– O gün kiçik yetimləri görməli idin – dedi, – gəlinciklərinin paltarını çıxarmış, ölü kimi uzadaraq, üstünə bir şal çəkmişdilər. Qartımış arvadlar kimi acı dil töküb, başlarına. dizlərinə vurub ağlayırdılar.
Tam qırx gün qonşu evdən bu ürək yandırıcı, ruh sıxıcı fəryad və şivən kəsilmədiyi kimi, mənim də şikayətlərim bitmir, tükənmirdi. Hər gün yuxusuzluqdan, baş ağrısından şikayətlənirdim. Anam şikayətlərimin yersiz olduğunu göstərmək üçün:
– Günü batsın – dedi, – ağlamalı günü bundan sonradır. Üç gündür Qubadan qardaşının ölüm xəbəri gəlibdir. O gün ağlaşmada: “Qardaşım bu vaxta qədər nə üçün gəlmədi? Başıma gələn qara müsibətdən xəbəri yoxdurmu? Yoxsa başında bir iş var, nədir?” deyirdi. Qarı qardaşının da ölüm xəbərini bilsə, dəli olmasa yaxşıdır.
II
Qırxıncı gün idi. Matəmin həftəsinə gəlib çıxa bilməyən qohumqardaş özlərini bu günə yetirmişdilər. Kiçik otaqlar qonaqları tutmurdu. Matəm büsatı qurulmuş, ağlaşma başlanmışdı. Gəlinin paltarları ortalığa gəlincə anası üzünü yeni gəlmiş qohumlara tutub, acı və yanıqlı bir səslə:
Sənəm, səsəmi gəldin?
Daban basamı gəldin?
Sağlığında gəlmədin,
Öldü, yasamı gəldin? – deyə saç yolub ağlayır, ağıları bir-birinin dalına düzürdü. Bu arada necə oldusa qarıya qardaşının ölüm xəbərini də yetirdilər. Ortaya ölmüş qardaşın paltarları gəldiyi zaman bayaqdan heyrət içində qalmış qarı qəflətən dəhşətli bir səs çıxardı, dim-dik ayağa qalxdı, saçları əllərində dəli kimi özünü bayıra atdı. Dili, nəfəsi tutulmuş bir halda küçəyə qaçdı.
Ertəsi günü qarını dəlixanaya aparmışdılar.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-aglasma
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İkinci şəkilSəhnə Quzğun şahın sarayını təsvir edir. Dünya gözəli qəmli-qəmli*
IÜçüncü rübün nömrələri yoxlandıqdan sonra məktəb ən fəal əlaçı şagirdlərin və onların valideyni şərəfinə təntənəli bir müsamirə verməyi qərara almışdı. Axırıncı dərs bitmək üzrə idi. Çağırışlar siniflərdə şirin-şirin paylanırdı. Sinif rəhbəri Kamil müəllim əlində çağırış vərəqələri öz sinfinə girincə bütün sinif yerindən oynadı. Kamil müəllim sinfi zor-güc sakit etdi və qırmızı rəngli çağırış vərəqəsini Xasaya uzadıb “Al, bu sənindir”, dedi. Sonra çağırışları bir-bir payladı.Artıq dərs bitmiş, zəng vurulmuşdu. Müəllimlər bayıra çıxınca bütün siniflər sel kimi həyətə axdı.
IIAxşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.
IIIBu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?
Başqa şairlərin şeirləri
Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,