Altıncı fəsil
Səhifə 2 / 6 · 17%
Varis yerə qədər əyilərək:
– Yetirərəm, madmazel, canla-başla yetirərəm, – deyə cavab verdi.
Qız durdu, ciddi bir vəziyyət aldıqdan sonra iki barmağını onun çiyninə qoydu. Çox mühüm və gizli bir sirr söyləyirmiş kimi:
– Bu vaxta qədər açmadığım sirri açıram, – dedi, – kimsəyə açmamaq şərtilə. Mən general qızıyam. Kiçik ikən anam vəfat etmiş, atam isə bir başqası ilə evlənmişdir. Mən onlarla yola gedə bilmədim. Bir gün analığımla vuruşub evdən çıxarkən atam: “Çıx get, acından öl!” – deyə üstümə bağırdı. Mən də cavabında: “Acından ölməyəcəyəm, astarı, üzü beşyüzlükdən olan yorğan altında yatacağam!” – deyə cavab verdim. Bu söz o zaman necə olmuşsa ağzımdan çıxmışdı. Mənim arzum budur!
Bu sözləri dedikdən sonra qız cavab gözləyirmiş kimi gözlərini Varisin üzünə dikdi. Varis məğrur bir tövrlə gülərək:
– Elə bu? Baş üstə, göz üstə, sabah yorğan hazırdır! – deyərək qızdan ayrıldı. Mal almaq üçün Nijni-Novqoroda barat etdiyi pulun teleqramla Həştərxan bankına göndərilməsinə dair bir teleqram vurdu. O gün Qənbərlə görüşüb əhvalatı ona danışdı. Başını oynada-oynada:
– Hər şey pulun başındadır, – dedi. – Mənim əlimdən qız qurtarar? Sən qonaqlığının tədarükündə ol!
Qənbər:
– Hay, hay, hələ duza gedirsən, sən o qızı ələ keçirsən, dediyim kimi sənə bir qonaqlıq verəcəyəm ki, bütün Bakı, Həştərxan tamaşasına gəlsin, – deyə cavab verdi.
O gecə Varis ilan vurmuş adam kimi səhərə qədər yatmadı. Kimsənin ələ keçirə bilmədiyi bu qızı özünə ram edərsə Həştərxanda böyük şöhrət qazanacaq, bütün varlılar, gözəl qızlar onu hər yerdə barmaqla göstərəcək, hətta bu səs Bakıya qədər yayılacaqdır, – deyə düşünür, sevincindən yerə-göyə sığmırdı. Səhər erkən qalxıb, birbaş banka getdi. Qapıdan içəri girən kimi xidmətçi:
– Hara vətəndaş? Hələ bank açılmamışdır, – deyə onun qabağını kəsdi, bir saat sonra təşrif gətirin.
Varis geri qayıdıb, bir saatdan sonra yenə banka gəldi. Lakin pul hələ gəlib çıxmamışdı. O, acığından dil-dodağını çeynəyirdi. Üç-dörd dəfə gəlib-getdikdən sonra, nəhayət, pulun gəldiyini öyrənib, çox sevindi. Bankın müdirinə yanaşaraq:
– Sizdən bir ricam var, – dedi, – əmr edin pullar qatı açılmamış beşyüzlüklərdən verilsin.
Axşam idi. Qız lampasını yandırmış, başını aşağı salaraq kiçik bir stolun üstündə açdığı kitabın mütaliəsi ilə məşğul kimi görünürdü. Kiçik lampanın solğun sarı işığı onun sifətini işıqlandırdığından gizlətməyə çalışdığı həyəcan və sevincini büruzə verirdi. Onun intizar çəkən gözləri gah kitaba, gah da küçəyə açılan pəncərəyə dikilib qalırdı. Vaxt ona çox uzun göründüyündən əsəbiləşir, tez-tez saata baxırdı. Artıq dayana bilmədi. Yerindən qalxıb, yatağın üstünə sərdiyi örtüyün qırışlarını əlləri ilə düzəltməyə başladı. Sonra kiçik qoltuq güzgüsünü çıxarıb yenidən pudralandı, dodaqlarına, yanaqlarına qırmızı sürtdü. Gözləri otağın kirli divarlarına, qapı və pəncərəsinə sataşdıqda nəşəsi qaçdı; çünki onlar bu fövqəladə gecəyə yaraşmırdı. Dərindən içini çəkərək düşünməyə başladı. Otağın bir bucağında hörümçək toruna düşmüş milçəyin vızıltısı onu bu düşüncədən ayırdı. O, tələyə düşmüş milçəyin özünü qurtarmaq üçün çalışıb çapalamasını və onun başı üstə duran hörümçəyin incə tellərlə tez-tez onun əl-ayağını möhkəm bağladığını seyr edirkən, küçədə bir fayton səsi eşitdi. Tez gəlib öz əvvəlki yerində oturdu. Bir saatdan bəri stolun üstündə tərsinə açılmış olan kitabın sətirlərini yenə gözdən keçirməyə başladı. Qapı ağzında ayaq səsi eşidildiyi zaman yerindən qalxdı. Pəncərəyə yaxınlaşaraq, onu manikürlü barmaqları ilə yavaş-yavaş qapadı, pərdəni aşağı saldı. sonra gəlib döyülən qapını açdı. Varis əlində ağ qətfəyə sarılı bir şey içəri girdi. Şən və məğrur bir səslə:
– Al, gözüm, bu sənin beşyüzlüklərdən tikilmiş yorğanın – deyərək, bağlı bir şeyi nəzakətlə qızın açılmış qolları üzərinə qoydu. Qız sevinclə parıldayan gözlərini ona dikərək, titrək bir səslə:
– Sağ ol, ruhum, qəlbim, sən məni arzuma çatdırdın! – dedi.
Bu söz Varislə bu şıltaq qız arasında olan pərdəni tamamilə yırtıb parçaladı. Qız yorğanı açıb sevə-sevə yatağın üzərinə çəkdi, sonra dodaqlarını Varisin dodaqlarına yaxınlaşdırdı. Onlar beşyüzlüklərin xışıltısı altında məhəbbətlə öpüşdülər. Varis ehtirasla parlayan gözləri ilə qıza baxaraq:
– Gözəlim, daha nə istəyirsən? – dedi.
Qız cavab əvəzinə lampanın işığını azaltdı... Sönük sarımtraq lampa işığında inləyən otağın sükutunu yalnız beşyüzlüklərin xışıltısı və bucaqda ölümlə pəncələşən milçəyin vızıltısı pozurdu...
Varis ertəsi gün mehmanxanada Qənbəri çox gözlədi, lakin o gəlib çıxmadı. Əhvalatı ona təfsilatı ilə danışmaq və əldə etdiyi qələbəni bildirmək üçün qalxıb getdi. Qənbərin vaxtı ilə “mən burada yaşayıram” – deyə ona göstərmiş olduğu möhtəşəm bir binanın qapısını döydü. Qapıya xidmətçi bir qadın çıxdı.
Varis nəzakətlə:
– Qənbər evdədirmi? – deyə soruşdu.
Xidmətçi heyrətlə ona baxdıqdan sonra:
– Qənbər kimdir? – dedi. – Burada Ali məhkəmənin sədri Lukyanov yaşayır.
Varis o gün axşama qədər Qənbəri axtardı, ondan bir xəbər tuta bilmədi. Axşam qızın evinə getdi. Qapıya yaxınlaşdıqda yerindəcə donub qaldı. Qapı açıq, otaq bomboş idi. Oba köçmüş, yurdu qalmışdı. Varis bu sirli əhvalatdan çaşıb qaldı. Heyrət və iztirab içində oradan geri dönərkən, dalandara rast gəldi, ondan:
– Xanım hara köçmüşdür? – deyə soruşdu.
Dalandar onu şübhəli baxışla süzdükdən sonra dəmir bir qab içinə toplamış olduğu zibili darvaza ağzında qoyulmuş böyük qutuya boşalda-boşalda:
– Kim bilir hara köçmüşdür. Hər halda buradan qazanclı bir yerə! – deyə cavab verdi.
Varisin bütün vücudu titrədi. Əsəbi bir səslə:
– Necə qazanclı yerə? Sən nə deyirsən? – deyə ona bağırdı.
Dalandar acıqla:
– Canım, çıx get, bir fahişənin hara köçdüyünü mən haradan bilim? – deyə cavab verdi.
Varis qızıb özündən çıxaraq:
– Sus! – deyə çığırdı, – doğrudanmı o fahişədir?
Dalandar dönərək, gedə-gedə:
– Ən adisi, – deyə cavab verdi.
Varis oradan başı odlu çıxdı. Lakin dalandarın sözlərinə hələ inanmaq istəmirdi. Hər necə olsa Qənbəri tapmalı, əhvalatı ona danışmalı idi.
Oradan restorana gəldi. Restoran sahibinə yanaşıb:
– Hər gün mənimlə yemək yeyən adamın evi haradadır? – deyə soruşdu.
Restoran sahibi, bir şey duymuş kimi, mənalı-mənalı gülümsəyərək:
– O cibkəsənimi deyirsən? Onun harada yaşadığını mən bilmirəm.
– Sən nə danışırsan? O cibkəsəndir?
Restoran sahibi yenə gülərək:
– Həm də ən məşhurudur, – deyə cavab verdi.
Həştərxanda var-yoxu əlindən çıxdıqdan sonra Varis kor-peşman Bakıya qayıtmışdı. Bir dəfə Nikolayevski küçəsindən keçərkən sinif yoldaşı Şamilə rast gəldi. Şamil Peterburq Tibb İnstitutuna imtahan vermək üçün latıncadan hazırlaşırdı. Köhnə yamaqlı geyiminə baxmayaraq, başındakı tələbə furajkası ona çox gözəl yaraşırdı.
Varis Şamili istehzalı bir baxışla süzdü. Onun Peterburq Tibb İnstitutuna girmək istədiyini öyrəndikdən sonra dərindən içini çəkdi:
– Gərək adamda bəxt olsun... – dedi. – Mən varlı olduğum halda orta məktəbi bitirib bu şapkanı qoya bilmədim. Sən Peterburqa oxumağa hansı pulla gedirsən? – Varis sonra acı-acı gülərək yenidən təkrar etdi: – Doğrudan, adamın gərək bəxti olsun.
Şamilin orta məktəb diplomunu nə qədər zəhmət və əziyyətlə əldə etdiyini Varis çox gözəl bilirdi. Onun belə qaba hərəkəti və ona düşmən kimi yanaşması Şamili çox qəzəbləndirdi. O özünü toplayaraq ciddi bir tövrlə:
– Taleyi hər kəs özü yaradır. Sən öz taleyini kor qoydun, ona mən neyləyim? Hansı pulla Peterburqa oxumağa getdiyimə gəlincə, o mənə aid bir məsələdir, – deyə cavab verdi.
Şamilin ciddi söylədiyi bu sözdən Varis çox pozuldu. Əli ilə onun çiyninə vurub:
– Oho! Diplom və doktorluq xülyası səni yaman qudurdubdur. Bir yerdə oxuduğumuzu, dərs kitablarını almaq üçün dilənçi kimi atalar şurasına əl uzatdığın günləri yadına sal! – deyə üzünü ondan çevirib, cavab almadan sürətli addımlarla uzaqlaşıb getdi.
Şamil yerindəcə donub qaldı. Onun dalınca bağırmaq, onu dayandırmaq və cavab olaraq bir neçə kəsərli söz demək istədi. Lakin deyə bilmədi. Boğazına sanki ağır bir şey tıxanmış, gözləri dumanlanmışdı. Heç bir pislik etmədiyi halda bu adamın yersiz təhqirindən daxilində müdhiş bir fırtına baş qaldırmışdı. O fırtına Şamilin gözləri qabağında ictimai quruluşun o vaxta qədər görə və duya bilmədiyi bir çox yarpağını açdı. Dodaqlarını gəmirərək biixtiyar:
– Ah, alçaq, – deyə bağırdı.
Varislə Şamilin görüşündən tam beş il keçdi. Şamil Peterburqda ali təhsilini bitirib Bakıya qayıtmış, özünə yoxsul bir kabinə düzəldərək, xəstə qəbul etməyə başlamışdı. Bir gün növbəti xəstə qəbulu zamanı skeletə bənzər uzun bir adam içəri girdi. O, qapının ağzında durub:
Kitabxana.az · https://kitabxana.az/works/saiq-araz-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.
AğlaşmaISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:
Dəyərli bir xatirəİsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.
İblisin hüzurundaQaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.
Başqa şairlərin şeirləri
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Bir az da, gəlin, gözləyək ol yar gəlincəBir az da, gəlin, gözləyək ol yar gəlincə,Min naz ilə ol sevgili dildar gəlincə!
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
MinayəsənmiMüddətdir düşmüşəm mən intizara,Bircə söylə görüm Minayəsənmi?