Bir az da, gəlin, gözləyək ol yar gəlincə,Min naz ilə ol sevgili dildar gəlincə!

Yetməz gülünün vəslinə, səbr etməsə bülbül,Dözmək gərək ol yari-vəfadar gəlincə!

İzn olsa, məhəbbətlə deyərdim sənə: saqi,Sal məclisi tərtibə səbəbkar gəlincə!

Öz yarımız, öz dostumuz, öz məclisimizdir,Məxsusi, gəlin, zövq alaq əğyar gəlincə.

Şövq ilə, məhəbbətlə keçirdik bu büsatı,Məclisdən iraq, bəzi dilazar gəlincə!

Gəzdir qədəh, ey dost, xərab olmadan ömrün,Sərməst olaq, ol gözləri xumar gəlincə!

Sən indi bu gülşəndəsən, ey bülbüli-şeyda.Fövt eyləmə bu fürsəti, ta xar gəlincə!

Vahid, bizə bir şer oxu bu məclisə dair,Bir zövqə yetək çəngü dəfü tar gəlincə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq