Ey könül, var bu ziyafətdə şərafət bu gecə,Bir gözəl növrəs üçündür bu ziyafət bu gecə.

Xəlqimiz qüssəyi-qəmdən uzaq olsun, yarəb,Bu səfa məclisinə yetməsin afət bu gecə.

Toplaşıb bir yerə dost-aşna, hamı xatiri şad,Gül, danış sübhə kimi eylə zərafət bu gecə.

Musiqi zövq verir ruhinə pəjmürdələrin,Tapacaq dərdinə hər şəxs şəfaət bu gecə.

Yusifi-Misr, sanırsan ki, Züleyxayə görəQurdurub izzət ilə təxti-xilafət bu gecə.

Olmamış bir kəsə dünyada müyəssər belə toy,Hamı şadlıqla olur məclisə dəvət bu gecə.

Bu gözəl məclisə bir şer yazarsan, Vahid,Sən də göstərməlisən xəlqə nəzakət bu gecə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri