Ey könül, eyləmə bülbül kimi əfqan bu gecə,Sən gərəkdir, olasan gül kimi xəndan bu gecə!

Biz bu şadlıq gününü fəxrlə təbrik edirik,Göstərir aşiqə öz lütfünü canan bu gecə!

Gül üçün bülbüli-şeyda niyə fəryad eləsin,Zövqü şövqilə səfalandı gülüstan bu gecə!

Şüəra əhlnə tarixi gözəl gündür bu,Qədrilə yetdi mükafata Süleyman bu gecə!

Otuzillik – bu əziz şairə qiymət verilir,Yeri var, fəxr eləsə Azərbaycan bu gecə!

Xəlqimiz hərgiz unutmaz bu şərafətli günü,Bizə göstərdi bu xoş taleyi dövran bu gecə!

Hamının qəlbi sevinc ilə, fərəhlə doludur,Bu böyük hörmətə heyran qalır insan bu gecə!

Yaşasın elmü maarif, yaşasın sənətü şer,Güldü öz nuru ilə çöhreyi-ürfan bu gecə!

Nə olar, Vahid, əgər məclisimiz sakit ola,Oxusun bu qəzəli Zülfü ilə Xan bu gecə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq