Eşqin eləsə könlümü qan, bilməyəcəksən,Yüz dəfə desəm mətləbi qan, bilməyəcəksən!

Bax sinəmə, min yarə vurub tiri-nigahın,Əfsus ki, ey qaşı kaman, bilməyəcəksən.

Axır ki, qocaltdı məni dərdi-qəmi-eşqin,Pir olmasan, ey tazə cavan, bilməyəcəksən.

Bimehrsən aləmdə, rüxi-alına həsrətVersəm əgər hicrində də can, bilməyəcəksən.

Məcnun kimi zənciri-səri-zülfünə bağlı,Olsam dəxi rüsvayi-cahan, bilməyəcəksən.

Tutsam, gözəlim, damənini, incimə məndən,Neylim ki, desəm, getmə, dayan, bilməyəcəksən.

Kuyində gözüm yaşını yüz yol sitəmindənEtsəm üzə, ey sərvi-rəvan, bilməyəcəksən.

Sirri-ləbini dildə nihan saxladım eldən,Faş olmaya bu razi-nihan, bilməyəcəksən.

Şövqi-dəhənin Vahidi məhv eyləsə hərgah,Ondan yenə bir namü nişan bilməyəcəksən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq