Nizaminin atası Böyük Vətən müharibəsi günlərində əsgər getmişdi. Əvvəlləri hər ay məktub göndərirdi. Məktublarında cəbhə həyatından, döyüş səhnələrindən, oradakı dostlarından yazır, evdəkilərin halını soruşurdu. Bir məktubunda da yazırdı ki, son döyüşlərdən birində qəhrəmanlıq göstərib, onu “Şərəf nişanı” ordeni ilə təltif ediblər. Hətta o zərfin içində döşündə “Şərəf nişanı” ordeni olan şəklini də göndərmişdi.

Son məktubundan üç-dörd ay keçdi, ancaq Nizaminin atasından nə məktub gəldi, nə də bir xəbər. Nazim və anası hər gün həyəcan içində məktub gözləyirdilər.

Nazim birinci sinifdə oxuyurdu. Əlifbanın ilk hərflərini öyrənirdi. Bir gün məktəbdən evə gəldiyi zaman anasını çox pərişan gördü. Onun gözləri də bir qədər şişmişdi. Nazim dərhal anasını qucaqlayıb soruşdu:

– Ana can, atamdan məktub gəldimi?

Bu Nazimin hər gün məktəbdən gələndə anasına verdiyi sual idi.

– Yox oğlum, bu gün də məktub gəlmədi.

O gündən anası Nazimə daha çox mehribanlıq göstərməyə başladı. Onun başına, ayağına keçir, nəvaziş göstərir, şirin dil ilə dindirirdi. Arabir dərindən səssiz bir ah çəkirdi. Anasının bu halı bəzən Nazimin ürəyində qara fikirlər oyadırdı.

Axşam oldu, şamlar yandı... Anası Nazimin yeməyini verəndən sonra yatağını açıb:

– Oğlum, yat, dincəl, – dedi.

Nazim yatağına uzandı. Başında dolaşan qara fikirlər onun gözlərindən yuxusunu qaçırdı. Çox çalışdı, yata bilmədi. Anası da onunla yan-yana öz yatağında səssiz uzanmışdı. Heç birinin gözünə yuxu getmirdi. Hər ikisi özünü yatmış kimi göstərib yataqda səssiz uzanmışdı. Bir az sonra yavaş-yavaş anasının ağlayan səsi eşidildi. O, həm ağlayır, həm də dodaqları altında nə isə bir söz deyirdi. Nazim çox dinlədi, ancaq nə anasının ağlamasının səbəbini bildi, nə də dediklərini başa düşdü. Qalxıb anasından ağlamasının səbəbini soruşmaq istədi. Ancaq anlaşılmaz bir qüvvət onun boğazını tıxayıb halsız buraxdı. Nazim o gecə səhərə qədər yata bilmədi. Qəlbini sıxan bu ağırlıq köksünü dəlirdi.

Səhər oldu. Nazim qəlyanaltı etdikdən sonra məktəbə getdi. Nazimin məktəbdə bir partada oturduğu çox yaxın bir dostu var idi. Adı Əziz idi. Əziz Nazimi çox qəmli görüb soruşdu:

– Nazim, rəngin qaçıb, nə olub?

Nazim dərdini deməyə bir fürsət axtarırdı. Odur ki, gecəki əhvalatı, öz şübhələrini Əzizə danışdı. Balaca Əziz məsələnin nə yerdə olduğunu dərhal anladı. Ancaq balaca qəlbi duyduğunu, hiss etdiyini gizlətməyə darlıq etdi. Uşaq sadəliyi ilə kövrələ-kövrələ dedi:

– Nazim, məncə bilirsən gecə anan nə üçün ağlayırmış? Görünür, atanın qara xəbəri gəlib, ancaq o səndən gizlədir.

Hər iki dostun gözü bir-birinə dikildi, matəm dolu gözlərdə yaş damlaları parladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri