Meşə gözətçisi
Səhifə 1 / 2
Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecəgündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin bostan yerləri və ucubucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.
Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan, Yenikəndi şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qonaqların yolunu gözləyirdi.
Hər gün dəstə-dəstə arvad-uşaq meşəyə fındıq, zoğal, moruq dərməyə gedirdi. Meşə keşikçisi Sadıq əmi gələnlərin qabağını kəsib deyirdi:
– Bura baxın, meyvə dərməyinizə sözüm yoxdur, ancaq bir budaq qırılsa, məndən inciməyin.
Bu zamanlar, qoca keşikçinin əsəbi hallar keçirdiyi günlər idi. Budaq qırmasınlar, ağac kəsməsinlər deyə, onun gözü dörd idi.
O gün bir uşaq meyvə yığırkən üstü zoğal ilə dolu böyük bir şaxəni qırmışdı. Budaq sındırmaq, icazəsiz ağac kəsmək Sadıq əmiyə onu təhqir etməkdən də ağır gəlirdi. O, yerə enmiş iri ağac budağına nəzər saldıqdan sonra uşağı bərk danladı. Sadıq əminin çox qəzəbləndiyini görən uşağın anası Sənəm xala onu sakit etməyə çalışdı:
– Sadıq əmi, Xəlil elə uşaq deyil, bilməyib, daha sındırmaz.
Sadıq əmi onu acıqlı-acıqlı süzərək:
– Sən bilirsən ki, bu ilin gələn ili də var, – dedi, hər gələn bir şaxə qırsa axırı nə olar? Mən buna yol vermərəm. Bir də belə etsə, onu səninlə birlikdə meşəyə buraxmayacağam.
Sadıq əmi ortaboylu, üzü ətli, çıxıq yanaqları qırmızı, vücudu polad kimi möhkəm, sağlam bir kişi idi. O, cavanlığından qışda, yayda otaqda yatmazdı, açıq havanı çox sevərdi. Hər səhər soyuq suda çimməyi vərdiş etmişdi. Altmış yaşa dolduğuna baxmayaraq, bu vaxtadək onun ağır xəstələndiyini görən, eşidən olmamışdı. Qar düşdüyü zamanlarda da açıq eyvanında, kefi gələndə gecəni də meşədə yatardı. Meşə ona öz canından da əziz idi. Gecə-gündüz çalışır, yeni ağaclar əkir, meşənin içini bağ kimi təmizləyirdi. Meşə onun üçün hər şey idi.
Sadıq əmi yaxşı keşikçi, həm də mahir ovçu idi. Meşədə onun ən yaxın dostu quşlar olduğu kimi, ən böyük düşməni də quşları tələf edən mal-qaraya soxulan canavar, tülkü, çaqqal, çölpişiyi və dovşan kimi ziyançı heyvanlar idi. Bunları gördümü, vurub öldürərdi. Bu işdə ona iri gövdəli, Qurd basan adlı boz köpəyi də az kömək etmirdi. Küçük vaxtından saxlayıb onu elə öyrətmişdi ki, Sadıq əminin hər sözünü, hər hərəkətini başa düşürdü. Onun köməyi ilə Sadıq əmi vəhşi heyvanları qırıb tələf edir və ovçular ittifaqından tez-tez mükafat alırdı. Sadıq əmi meşədə qurdun kökünü çoxdan kəsmişdi. Artıq kolxoz heyvanlarının da canı dincəlmişdi. Bir də buna görə kolxozçular Sadıq əmini çox sevir və ona böyük hörmət bəsləyirdi.
Qoca Mərdan kişi işini görüb qurtardıqdan sonra eşşəyini otlamaq üçün çox tez-tez naxır bulağının yanındakı çayırlıqda hörükləyirdi.
Axşam qaranlığı çökmüş, naxır kəndə qayıtmış, quşlar yuvalarına, toyuq, xoruz hinlərinə çəkilmişdi. Mərdan kişi kənd içində dostu Əkbər kişinin qapısı ağzında oturub söhbət etməkdən doymayırdı. Söhbət Yenikəndin gündən-günə gözəlləşməsindən, Nazirlər Sovetinin qərarı ilə kəndin şimal tərəfində yeni salınacaq meşədən, Sadıq əminin meşələr üzərində çəkdiyi əməkdən düşmüşdü. Mərdan kişi deyirdi:
– Sağ olsun Sadıq əmi, kəndimizin bəzəyi olan bu meşəni göz bəbəyi kimi qoruyur.
Əkbər kişi də onun sözünü təsdiq etdi.
Söhbət uzanıb gedərkən eşşək Mərdanın yadına düşdü; tez ayağa qalxdı:
– Söhbət dananı qurda verər, gedib eşşəyi gətirim, – deyə dostu Əkbər ilə görüşüb getdi. O, çayırlığa çatdıqda ala-qaranlıqda gözünə qara kölgələr göründü. Dayanıb diqqətlə baxdı: iki qurd eşşəyi yerə yıxıb yeyirdi. Əlində silah olmadığından yaxın getməyə qorxub, tez qayıdıb kəndə səs saldı. Zəmidən yenicə qayıtmış kolxozçular it, silah götürüb gedincə qurdlar qaçmışdı.
Ertəsi gün bu səs kəndə yayılmışdı. Səhər naxır bulağı başına yığışan kolxozçular: “Sadıq əmi daha qocalıb, qurdlar yenə kəndə yol salıb; yazıq Mərdan kişinin eşşəyini dağıdıb yeyiblər”, – deyə onun arxasınca söylənirdilər. Sadıq əmini yaxşı tanıyanlar: “Bu qurdlar meşədən gəlməyib, görəsən haradan azıb kəndə daraşıbdır. Bir də, Sadıq əmi meşə keşikçisidir. Sənin eşşəyinə də keşik çəkməyəcək ha, mal sahibi öz malını özü saxlamalıdır. Buna Sadıq əmi neyləsin?” – deyə onu müdafiə edirdilər.
Deyişmə, söhbət getdikcə uzandı, deyişmənin qızğın çağında Sadıq əmi iki anaş, üç bala qurdun dərisini bir-birinə kəndirlə bağlayıb eşşəyin üstünə aşırmış olduğu halda gəldi. Bunu görən kolxozçulardan biri “Ay sağ ol, Sadıq əmi, səni bizim kəndin üstündən əskik olmayasan. De görək, bur qurdları harada öldürdün?” – deyə ondan soruşdu.
Sadıq əmi adəti üzrə kiçik, qara gözlərini qıyaraq cavab verdi:
– Bu namərd qurdlar bu il hardansa azıb meşəyə giribdir. Meşədə ağac altında oturmuşdum, Qurdbasan da ayaqlarımın ucunda uzanmışdı. Birdən gözümə uzaqdan keçən iki kölgə ilişdi. Tez qalxıb diqqətlə baxdım. Gözlərimə inanmadım. Çünki çoxdan bu meşədə qurd görməmişəm. İti tez götürüb onların izinə düşdüm. Səs çıxarmasın deyə iti başa salmışdım. O mənim fikrimi anlayıb səssiz yanımca gəlirdi. Qurdlar getdi, biz getdik, qurdlar getdi, biz getdik. Gördüm, onlar meşədə kiçik bir köhülə girdi. Tez yüyürüb çatdım. Tüfəngi dörd-beş dəfə köhülün içinə boşaldıb, Qurdbasana qıs vurdum. Bu zaman bir qurd köhüldən çıxıb qaçmaq istərkən nişan alıb vurdum. O biri qurd köhüldən çıxmadı. İtə yenə qıs vurdum. İt köhülə girib, əvvəlcə yuvasında, vurduğum qurdu çıxartdı. Sonra bir-biri balalarını. Namərd qancıq üç bala doğubmuş.
Kənd əhli bir ağızdan Sadıq əmini alqışladı:
– Çox sağ ol, Sadıq əmi! Bu qurdlar artıb döl salsaydı, kəndin işi nə olardı?
Ferma müdiri Əsli bir qədər irəli gəlib, gülə-gülə soruşdu:
– Sadıq əmi, bu beş qurda ovçular ittifaqından nə qədər mükafat alacaqsan? Püstə bacının kefidir.
Sadıq əmi gülümsəyib cavab vermədi.
Qoca keşikçini dilləndirməyə çalışan Əsli yenidən soruşdu:
– Sadıq əmi, bu qurdlar dünən axşam çayırlıqda qoca Mərdanın eşşəyini dağıdıblar, xəbərin varmı?
Bu sözü eşitcək Sadıq əminin nəşəsi qaçdı, qaşlarını çataraq, acıqlı-acıqlı qurdlara baxdıqdan sonra:
– Onda, yaxşı vaxtında intiqam almışam! – dedi.
Getdikcə uzanan yamyaşıl meşənin arxasında günəş yavaş-yavaş sönməyə, göy üzünü əlvan şəfəqlər bürüməyə başlamışdı. Göyün rəngi meşəyə əks etmiş olduğundan budaqlar, yarpaqlar gecə paltarını dəyişib incə, əlvan tül paltarını geyinmişdi. Günəş ucaldıqca təbiətin mahir rəssamı meşəni daha kəskin və zəngin boyalarla bəzəyirdi. Dan yeli yavaş-yavaş əsdikcə yarpaqlar bir-birilə pıçıldaşır kimi səslənir, kollarda budaqlarda ötüşən quşlar yeni səhəri yaradan günəşi salamlayırdı.
Sadıq əmi o gecə meşədə yatmışdı. O, alaqaranlıqdan oyanıb çeşmə başında əl-üzünü yuyub sildikdən sonra yaxındakı kiçik bir təpəcəyin başında oturub təbiətin gözəlliyini seyr edir, quşların cəh-cəhini böyük maraqla dinləyirdi.
Qurdbasan da onun ayaqları altında uzanıb, o da sanki quşların səhər konsertindən zövq alırdı.
İşsiz durmağı sevməyən Sadıq əmi qalxıb böyük həvəslə meşədəki cavan ağacların yan-yörəsini, diblərini qazıb təmizləməyə başladı. Bu zaman qulağına qat-qarışıq səslər gəldi. Qurdbasan qulaqlarını tez şəkləyib hürə-hürə səs gələn səmtə qaçdı. Sadıq əmi Qurdbasanı çağırdı. İt durdu. Çox çəkmədi ki, qarşıda dəstə rəhbəri ilə birlikdə bir neçə qırmızı qalstuklu pioner göründü. Sadıq əmi onları məhəbbətlə qarşıladı:
– Gəlin, balalarım, gəlin, hamınızı tanıyıram. Kəndimizin küçələrini ağaclarla bəzəyəndə mənə siz çox kömək etmisiniz. – Sonra Sadıq əminin gözləri Xəlilə sataşdı. Onu pionerlər arasında görüncə: – Oho... bacıoğlu, sən də gəlmisən? Eybi yoxdur, xoş gəlmisən. Ancaq gərək ağaclarla pis rəftarını tərgidəsən ha! – dedi.
Dəstə rəhbəri Sadıq əminin töhmətlərinə təəccüb etdi:
– Necə bəyəm? Sadıq əmi, yoxsa Xəlil meşəyə gələndə budaq qırır?
Sadıq əmi Xəlilin başını sığallayaraq:
– Belə bir iş olmuşdu. Xəlil mənə onda söz verdi ki, daha meşədən ağac qırmayacaq. İndi deyəsən ağaclarla barışıb.
– Barışmaq azdır. Sadıq əmi, o bizim məktəbimizin bağçasını, onun ətrafında əkilən ağacları bəsləyən, onlara hər gün qulluq edən pionerlərimizdəndir, – dedi. Sonra: – Görünür töhmətləriniz ona yaxşı təsir edib, – deyə əlavə etdi.
Sadıq əminin gördüyü işlər, onun təcrübəsi pionerləri çox maraqlandırdı. Odur ki, onlardan biri soruşdu:
– Sadıq əmi, bu ağacı niyə çıxardırsınız?
Kitabxana.az · https://kitabxana.az/works/saiq-mese-gozetcisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Doğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İki qaranquşKür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Vərəmli həyatƏsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.
ŞəklindəÜzümdə gərdi-təkəddür niqab şəklində.Gözümdə əşki-təhəssür hübab şəklində.