Meşə gözətçisi
Səhifə 2 / 2 · 50%
– Çıxartmıram, oğlum, – deyə Sadıq əmi cavab verdi, – belə cavan ağacların yan-yörəsini təmizləyirəm, payızda bunları çıxarıb təzə meşəliyə əkəcəyəm. Sonra başını qaldırıb uzaqlara baxaraq: – Arzularımız böyükdür. Bu meşəni o dağların ətəklərinədək böyüdəcəyik. Gələndə meşənin axırındakı açıqlıqda əkdiyim şitilləri gördünüzmü?
Hamı bir səslə:
– Gördük, Sadıq əmi, gördük.
Sadıq əminin gözlərində fərəh qığılcımları doğdu, həsrətlə pionerlərə baxaraq:
– Hayıf ki qocalıram, uşaqlar. On-on beş il sonra kəndimiz, əkin yerlərimiz və meşələrimiz tamam dəyişəcəkdir. Qorxuram, o günləri görməyə ömrüm macal verməyə.
– Qorxmayın, Sadıq əmi. Siz hələ çox yaşayacaqsınız, o günləri gözünüz doyunca görəcəksiniz, – deyə pionerlər bir ağızdan ona təsəlli verdilər. Bu sözlər sanki Sadıq əmiyə ürək-dirək verdi. O, ürəkləri suallarla dolu olan pionerlərə macal verməyib, meşələrin əhəmiyyətindən, yaşıllıqları, bağları qorumaq yollarından uzun-uzadı söhbət açdı, görüləcək işlər və onların faydası haqqında geniş məlumat verdi.
Xəlil yerindən səsləndi:
– Sadıq əmi təzə meşəyə şitil əkəndə bizi də köməyə çağırın.
– Çox sağ ol, oğlum. Siz dərslərinizə çalışın mənim köməkçilərim çoxdur, – deyə Sadıq əmi gülümsəyərək cavab verdi. Sonra üzünü uşaqlara tutub dedi:
– İndi də gedin, bir az meşəni gəzin, meyvələrindən yeyin, görün sizin üçün nə ağaclar bəsləmişəm. Sadıq əminin deməsi ilə pionerlərin dağılması bir oldu, bir anda meşənin dərinliklərində gözdən itdilər.
Sadıq əmi öz işinə məşğul oldu. Bir neçə ağacın dibini qazıb təmizlədikdən sonra oturub dincəlmək istədi. Qurdbasan da onun ayaqları altında uzandı. Qoca keşikçi vaxtının çoxunu meşədə tək keçirdiyindən, öz-özünə danışmağı və gördüyü işlərin nəticəsini xəyalında canlandırmağı vərdiş etmişdi. İndi də o, xəyal aləminə dalıb öz-özünə düşünürdü; o, nəzərinə dövlətin qərarı ilə Yenikənd meşəsinin şimalında salmağa başladıqları təzə meşəni gətirirdi. Yeni meşə əkin üçün əlverişli şərait yaradaq, şimal tərəfdən əsən küləklərin qarşısını alacaq, torpağı nəmişli saxlayacaq və bu boz, şoranlı çöllərin bol məhsul verməsinə səbəb olacaqdı. Belə getsə beş-on il sonra bu meşədə hər kol dibində bir qırqovul yuvalayacaqdı. Bu şirin arzular onu o qədər həyəcana gətirdi ki, birdən-birə əllərini bir-birinə vurub:
– Oh, bu meşəni mən istədiyim kimi görsəydim! – deyə çığırdı. O, elə şiddətlə səsləndi ki, ayaqları ucunda uzanan köpək yerindən sıçrayıb heyrətlə sahibinin üzünə baxdı. Sadıq əmi itin başını əli ilə oxşayaraq:
– Uzan, Qurdbasanım, uzan sən mənim qəlbimdəkini duya bilməzsən, – deyə ona yenə uzanmağı işarə etdi.
Bu zaman əlli-altmış addım məsafədə topa kolun içindən bir tülkü çıxıb qaçmağa başladı. Sadıq əminin ovçu gözləri onu görüncə tez tüfəngi alıb qalxdı və tülkünü nişan alıb vurdu.
Tülkü yerə yıxılınca bir qırqovul onun ağzından pırıltı ilə uçub yaxındakı budağa qondu. Qoca ovçunun gözləri parıldadı. Öz-özünə: “Yaxşı vaxtında vurmuşam, yoxsa namərd yazıq quşu yeyəcək idi. Mən bu vəhşi heyvanları bu qədər qırıb tələf edirəm, bunlar yenə göbələk kimi yerdən göyərir”.
Qurdbasan tülkünü gətirməyə getmişdi. Bu zaman yaxında, ağaclar arasında bir yad it hürdü, onun arxasınca bir səs eşidildi: “Keşikçi, keşikçi!” Sadıq əmi bu yad adamın kim olduğunu bilmək üçün gözlərini qıyıb o səmtə baxdı, sonra iti addımlarla səs gələn tərəfə getdi. Uzunboylu arıq bir adam ona doğru gəlirdi. Keşikçini görüncə:
– İtin sərtdirmi? – deyə soruşdu.
Kişi sözünü qurtarmamışdı ki, Qurdbasan ağzında tülkünü gətirdi. Onu tez Sadıq əminin yanında qoyub iri, qara ağzını açaraq, kəskin səslə hürə-hürə yad itə hücum etdi. O it qorxub yiyəsinin arxasına keçdi. Yad adam əlindəki tüfəngi ilə Qurdbasandan özünü, itini müdafiə etməyə çalışdı. Sadıq əmi tez itinin boynundan tutub, özünə tərəf çəkdi və ona bərk acıqlandı. Qurdbasan yerə çöməlib acıqlı-acıqlı onlara baxır və arabir mırıldanırdı. Yad adam Qurdbasanı gözucu süzdükdən sonra:
– İtin yaman sərtdir ha, onu açıb buraxmağın xatası çıxar.
Sadıq əmi itinin başını oxşayaraq:
– Qorxma, sərt olsa da mənim yanımda ziyan yetirməz.
Yad it quyruğunu, qulaqlarını sallayıb, gözlərini Qurdbasandan çəkmir, arabir mırıldanırdı.
Sadıq əmi tüfənginə söykənib:
– Siz kimsiniz? – deyə soruşdu.
– Mən aqronomam, adım Rəhimdir.
– Çox yaxşı, bu meşəyə nə üçün gəlmisiniz?
– Quş ovlamağa gəlmişəm.
– Yox, ov vaxtı deyil, ovçular ittifaqının ov mövsümünün başlanması haqqında qərarı olmayınca, mən bu meşəyə bir ovçu da buraxmayacağam.
Ovçu tüfəngini ucu ilə tülkünü göstərib:
– Sadıq əmi, sən özün ov edirsən, bəs məni nə üçün qoymursan? – dedi.
Ovçunun onun adını haradan bildiyinə çox maraqlanıb:
– Siz mənim adımı haradan bilirsiniz? – deyə soruşdu.
Ovçu sağ əlinin havada oynadıb gülə-gülə: – Sadıq əmini bu mahalda tanımayan kimdir? Səni kənddə uşaqlar da tanıyır. Sən də məni yaxşı tanıyırsan! Sizin aqronom Aslan ilə bu meşədə çox gəzmişik.
– Ola bilər, sifətin mənə tanış gəlir, meşədə gəzməyə sərin çeşmə sularından içməyə, meyvələrindən dərməyə mən də bir söz demirəm. Meylin olsa, bulaq başında səni qonaq da edə bilərəm. Yaxşı təndir çörəyim, üzlü pendirim, ət soyutması var. Ancaq quş vurmağa razı olmaram.
Ovçu etiraz etdi:
– Yaxşı, Sadıq əmi, bəs məni ovsuz yola salmaq istəyirsən? Bu heç yaxşı iş deyil axı!
– Yox, elə yaxşısı budur. Mən qanunu poza bilmərəm, quşlar təzə bala çıxarıblar, onları indi ovlamaq, yuvalarda balaları acından öldürmək deməkdir. Mən buna heç cür razı ola bilmərəm. Heç üz vurma, düzələsi iş deyil.
– Bəs bu quşları kimin üçün bəsləyirsən?
– Sizin üçün. Bir neçə gün əvvəl hamımızın istəklisi, Səməd, şair Səmədi deyirəm bura ova gəlmişdi. O da ov əvəzinə mənimlə çeşmə başında qəlyanaltı elədi. Qoyun meşələrimizin torpağımızın bəzəyi olan ceyran, cüyürlər, qırqovullar və turaclar artsın, vətənimiz zənginləşsin.
Ovçu məyus bir halda başını aşağı dikib durdu.
Sadıq əminin ürəyi köyrəldi: – Bilirəm, ovdan boş qayıtmaq ovçu üçün çox ağırdır. Al bu tülkünü sənə verirəm, apar, qoy əllərin boş olmasın, – deyə hələ bədəni soyumamış tülkünü ona tərəf uzatdı. Ovçu istər-istəməz tülkünü aldı. Ona təşəkkür etmək istəyirdi ki, Xəlil gəlib çıxdı. O, ciblərini meşədən yığdığı qabıqlı fındıqlarla doldurmuşdu. Qoltuğunda isə ağacların diblərindən çıxardığı on beşə qədər şitil vardı. Xəlil yaxınlaşan kimi əvvəl yad adama salam verdi, sonra Sadıq əmiyə müraciətlə dedi:
– Sadıq əmi, baxın, bu yığdığım şitilləri aparıb həyətimizdə, evimizin qabağında əkəcəyəm. Gələn il bunları salmağa başladığımız təzə meşədə öz əlimlə basdıracağam.
Sadıq əmi Xəlilin bu təşəbbüsünü sevinclə qarşıladı:
– Sağ ol, oğlum, bax bu işinə sözüm yoxdur, həmişə belə olmaq lazımdır, – dedi.
Sadıq əmi ilə Xəlilin arasında gedən bu söhbətdən sonra, onlara çox diqqətlə qulaq asan aqronom artıq köhnə söhbətin təzələnməsinə səy göstərmədi. O görürdü ki, Sadıq əmi sözündə çox möhkəm adamdır. Aqronom elə bunları fikirləşirdi ki, Sadıq əmi gülə-gülə Xəlildən soruşdu:
– Xəlil, bizim meşəyə qonaq gələn gördüyün ovçu, burada quş ovlamaq istəyir. Sən yay zamanı buna necə baxırsan?
Xəlil, Sadıq əminin nə demək istədiyini dərhal başa düşdü. Odur ki, heç fikirləşmədən cavab verdi:
– Sadıq əmi, indi ki ov vaxtı deyil, quşlar bu saat bala gəzdirir...
Meşə gözətçisi ovçuya mənalı-mənalı baxdı, ancaq bir söz demədi.
Sadıq əmi Xəlili o qədər sevməyə başladı ki, uşağın ağac sındırmaq əhvalatını tamamilə yadından çıxartdı.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-mese-gozetcisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Doğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İki qaranquşKür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Vərəmli həyatƏsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.
ŞəklindəÜzümdə gərdi-təkəddür niqab şəklində.Gözümdə əşki-təhəssür hübab şəklində.