Uçdu mələkim, qaldı mənə dərdü məlalı,Fəryad! Yenə almaqdadır ətrafımı zülmat!Eyvah, ümid qönçələrim solmada, heyhat!Bu köhnə cahan söndürə bilməz bu zəvalı.

Ey bariqələr, zərbələr endir bu cəhanə!Söndü niyə vicdanımı tənvir edən amal?Oldu niyə ümmidlərim zülmlə pamal?Ey hiyləgər iblis, nədir indi bəhanə?Baxdıqca bu aləmlər edər könlümü bərbad,Xəstə ürəyim aldı dərindən yara bir də.Doktor, yetər, əl çək, buna yoxdur çara bir də,Olmazsa muradımca bu viranələr abad.

Durma daha, ey ədl, səadət buludu, yağ!Ey ildırım, əzminlə gurulda yenə hər an!Ey güclü külək, sən də qopar fırtına, tufan!Bu köhnə cahanı təməlindən uçur ancaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri