Üçüncü pərdə
Yeddinci şəkil
Səhnə Tərtər çayı sahilində İskəndərin ordugahını və çadırlarını təsvir edir.
Səhnənin arxa tərəfində dağlar, qayalar, təpəciklər, daha sonra çəmənliklər görünür.
Səhnənin bir tərəfində İskəndərin çadırı qurulmuşdur. Çadır üzərində iri qotazlı
uca bayraq var, bayraq üzərində əjdaha şəkli çəkilmişdir. Çadırda şahanə
döşənmiş İskəndərin səfər taxtı ətrafında qızıl kürsülər qoyulmuşdur.
Səhnə arxasından təntənə andıran boru və təbil səsləri eşidilir.
Axilles
Gəlir Rum qeysəri, çox şəndir yenə,
Bu gün də verəcək xələt, xəzinə.
İskəndər qabaqda, ardınca da Ərəstu və bir neçə sərkərdə gəlirlər.
İskəndər
Gərək hər əmrimə baş əysin cahan,
Ovcumda top kimi oynasın dövran.
Ad-sanım dünyada bilinsin gərək!
Fatehlər tarixdən silinsin gərək!
İskəndər təpənin üzərinə çıxaraq, ardı kəsilmədən keçib gedən
Rum ordusuna məğrur nəzərlərlə baxır.
Attal
(İskəndərə baş əyərək)
Bu dünya durduqca yaşasın qeysər!
Hamı
Qılıncı hər zaman olsun müzəffər!
İskəndər
Bu axan canlı bir dənizdir, nədir?
Klit
İskəndər eşqinə bir təntənədir!
İskəndər
Vəzir, bir baxsana, qazandıq nələr!
Ərəstu
Dünyanı tutsa da doymaz İskəndər.
İskəndər
Nə qədər parlayır bəxtin çırağı,
Göylərə tikərəm şanlı bayrağı.
(Üzünü kənarda dayanmış Şəhpərə tutaraq)
Əmr ver, qurulsun şahanə məclis!
Yaşıllıq altında coşsun nəğməmiz.
Al-əlvan şərabla dolsun hər qədəh,
Süzsün rəqqasələr, qaynasın fərəh.
Nəşəmlə inləsin Odlar ölkəsi,
Min səsə qarışsın xanəndə səsi.
(Şəhpər gedir, İskəndər qürurludur).
Hökmümə baş əydi Hind, Həbəş, İran,
Möhrümün altına girincə cahan!
Ərəstu
Kəməndi atarsan uca göylərə,
Ay ilə günəşi çəkərsən yerə.
Kim keçər o günəş kimi gəlindən!
Günəşi alarsan ayın əlindən!
Qarışar başın ən qızğın bir toya.
İskəndər
Vəzir, bil, kiçikdir bu qoca dünya,
Kiçikdir, İskəndər sığmayır ona!
Sığmayır qılıncım bu kiçik qına.
Zəfərlər gözümdə sönük xülyadır.
Ərəstu
İnsan acgöz olur, gözü doymayır.
İskəndər
İndi də at saldım Azərbaycana,
Mənimlə kim çıxar, görək, meydana?
Klit
Çırağa ölümdür günün məşəli,
Səndədir qüdrətin sarsılmaz əli.
Attal
Həm yıxan, həm quran bir tacidarsan.
Dövran görməmişdir belə qəhrəman.
İskəndər
Bütün sərkərdəyə verilsin xələt!
Klit
Yaşasın qeysərim!
Hamı
Var olsun dövlət!
Məclis şənlənir, şərab paylanır, hindli qız oxuyur.
Hindliqız
Yuvasız bir quşam, elindən ayrı,
Dağından, daşından, selindən ayrı.
Sevimli ölkəmdən ayrı düşəli,
Qəlbimi yandırır həsrət məşəli.
Göz yaşım qurumur, işim ağlamaq.
Sızlamaq, fəlakət olmuşdur, ancaq!
Hicranda yansan da, ey dərdli könül, Döz hər zillətinə, həm ağla, həm gül!
İskəndər əlindəki qədəhi son damlasına qədər içir.
İskəndər
Xəyalım göylərdə uçur, saqi, dur!
Şahanə qədəhi bir daha doldur!
Şəhpər
(Gəlib İskəndərə baş əyərək)
Qeysərim, əmrinə baş əysin dövran, Bir qasid göndərmiş bərdəli xaqan.
İskəndər
Çox gözəl, izin ver, gəlsin hüzura!
Şəhpər gedir.
Ərəstu
Pərvanə vurğundur işığa, nura.
Mərcan
(Gəlir, İskəndərə baş əyərək) Ədlinlə min yaşa, şövkətli qeysər, Xaqandan məktub var.
İskəndər
Al gətir, Şəhpər.
Şəhpər məktubu alıb İskəndərə verir. İskəndər məktubu Ərəstuya ötürür,
Ərəstu məktubu ucadan oxuyur.
Ərəstu
“Ey Filipp oğlu böyük İskəndər!
Şanlı, şövkətli, şərəfli qeysər!
Öncə məndən sizə hörmət, şəfqət, Var bu dövlətlər içində adət:
Qonağı sevməmək olmaz, ancaq,
Bir xəbər verməyərək, saymayaraq, Qurdunuz bu ana yurdumda çadır. Qəlbimi şübhə tərəddüd qanadır.
Məqsədim fikrinizi bilməkdir,
Aradan kin tozunu silməkdir,
Bizə bir dost kimi gəldinsə qonaq, Sənə hörmət o zamandır ancaq!
Fikrini mərd kimi aydın söylə!
Oynama sən bu elim, ölkəmlə!
Məqsədin olsa döyüş, hiylə, riya, Fayda verməz o çürük, boş xülya! Bu canımda nə qədər can vardır,
Damarımda nə qədər qan vardır,
Qorumaq torpağımı borcumdur!
O mənim şanlı ana yurdumdur!”
Ərəstu məktubu İskəndərə verir, İskəndər məktuba baxır.
İskəndər
(Kinayə ilə)
Sərçə də qürurla yaşarmış demək!
Ərəstu
Xeyli kamallıymış bu qadın, gerçək!
Mərcan
Ey qeysər, cavab ver, gözləyir xaqan.
İskəndər
Sən get, göndərilər başqa adamlan.
Mərcan baş əyib gedir. İskəndər qaşlarını çatır
Oyanır qəlbimdə yatan kinlərim.
Ərəstu
Xaqana nə cavab yazım, qeysərim?
İskəndər
Tələsmə, bir sərçə şahinə neylər?
Onu da susdurram.
Flut və Kimon qolubağlı İncini qabaqlarına salıb gətirirlər;
Flut İskəndərə yaxınılaşıb təzim edir.
Flut
Ey böyük qeysər!
Budur sərkərdəni təhqir edən.
İskəndər
(Başını qaldırıb İnciyə baxır, istehza ilə gülür)
Qorxmuş igid xaqan
Mənim dünyaları alt-üst edən kəskin qılıncımdan. Qürur satsaydı Nüşabə, kənizi verməsəydi, mən
Açardım öylə bir meydan, səsi gəlsin cəhənnəmdən.
Kimon
Yaman qorxmuş!
İnci
Bizim ellərdə olmaz qorxağa hörmət,
İgidlər, doğru, ancaq etməmiş qan içməyə adət.
Özüm gəldim ki, haqsız axmasın qan.
İskəndər
Sus, rəzil!
İnci
Alçaq!
İskəndər əlindəki kağızla İncinin üzündən vurur, əsəbi halda gəzişir.
Kimon sərkərdələrə yaxınlaşıb İncini göstərir.
Kimon
Baxın, alçaq deyə, təhqir edir çəngi.
İnci
Ax... yaltaq!
İskəndər
Fələk, gör kimlərə oldu oyuncaq fateh İskəndər!
Dayan, xaqan da, çox çəkməz, bilər kimdir böyük qeysər.
İnci
Böyük fateh, böyük qeysər, bizə çox baxma yüksəkdən. Əl üstündə çox əllər var, sən əl çək bu öyünməkdən.
Çox insana qüruru bir məzar oldu, kəfən biçdi,
Cahana sığmayan Dara içən bir şərbəti içdi.
İskəndər
(Şəhpərə acıqlı)
Salın zindana!
Kimon
Qoy bilsin, deyil meydanda qorxaq Rum.
İnci
Keçər candan Vətən uğrunda sarsılmaz igid ordum.
Kimon
Qürur satma ki, çox çəkməz bu yerdə diz çökər xaqan,
Gedər şan-şövkəti əldən...
İnci
Gözündən bəllidir siman,
Elin ən qəhrəman oğlu Saluru öldürən alçaq!
Səni lənətlə yad eylər bütün ölkə, oba, oymaq.
Dayan, dövran belə keçməz, o qanı qoymarıq səndə!
İskəndər
Alın, söylənməsin qarşımda bu miskin, səfil bəndə.
(İncini aparırlar, dərin bir sükutdan sonra, İskəndər göz altından
acıqlı-acıqlı Kimonu süzür)
Lal olub durma, ver işindən xəbər!
Kimon
Üç qonşu ordusu, ey böyük qeysər,
Bağlarda, çöllərdə qurmuşlar çadır;
At çapır, məşq edir, qılınc oynadır.
Qırmızı bayraqlar ucalmış göyə,
Hazırlıq görürlər, qovğa var deyə.
İskəndər
Şeytanlar fikrimi anlamış demək?
Kimon
Başqa bir siyasət işlətmək gərək!
İskəndər
Xaqandan, xanlardan söylə müxtəsər.
Kimon
Ey şanlı hökmdar, ey böyük qeysər,
Erkəksiz yaşayır o dişi ceyran.
Gözəldir bəzəkli erkək tovuzdan.
Büllurdan taxtı var, göyə vurur baş.
Üstünə xalvarla tökülmüş qaş-daş...
Gərdəndə, qulaqda incilər gülür,
Qaşının tağında piyalə gözlər
Yeni ay qoynunda ulduza bənzər.
İskəndər
Dünyada, bax, nələr var imiş, vəzir! Bu işlər həqiqət, ya əfsanədir?
Ərəstu
Gözəllik elə bir dadlı xülyadır,
Sehrlə çərxi də göydə oynadır.
İncə tellərinə bağlanan ürək,
Qurtulmaz, tərsinə dönsə də fələk!
İskəndər
Bu Bərdə xaqanı Nüşabə, vəzir,
Sanki bir xəyaldır zehnimdə gəzir.
Deyir ki, elçi gəl özün özündən,
Ceyran ovlamağa Bərdə düzündən...
Ərəstu
Ürəyə bağlıdır hər sevgi, sövda,
Qeysərə qəlbini verərsə o da,
Nə gərək düşmənlik, nə gərəkdir qan?
Kimon
Bəs mənə verilən o əhd, o peyman?
İskəndər
Hım... sonra?
Kimon
Tərxanla görüşmüşəm tək,
Bu abid qiyafəm etdi çox kömək;
Əlimdə üstürlab tökdüm çox tədbir,
Sanki mən göyləri etmişdim təsxir.
Taledən, günəşdən, aydan, ulduzdan
Söz açdım, dostumu eylədim heyran.
Getdikcə qəlbində artırdım maraq,
Arada yaratdım kəskin bir nifaq;
Tərxanın gözündə böyümüşdüm mən,
Mürşüdsən dedi o.
İskəndər
Mərhəba, əhsən! Sonra?
Kimon
Mən ona yüz min dil tökərəm,
Ləğmlə saraya göndərdim qız tək.
İskəndər
Sonra?
Kimon
Tədbirimi pozmuş Uluca.
İskəndər
Hələ də yaşayır o miskin qoca?
Ərəstu
Qurduğu hiylələr, verdiyi zəhər,
Faydasız çıxmışdır, verməmiş səmər.
Kimon
O, uçan quşu da gözdən qaçırmaz!
O, qazdan ayıqdır, gecə də yatmaz!
İskəndər
Demək, baş tutmayıb saldığın nifaq?
Ərəstu
Bağlanıb qeysərə qarşı ittifaq?
Kimon
(Cavab verməyərək susur)
Qeysərim!
İskəndər
Alçaldım gözümdə, miskin!
Səndə yox siyasət, bacarıq, təmkin! Mən çoxdan vurğunam Azərbaycana! İstərdim qılıncım batmadan qana
Bu gözəl ölkəni keçirim ələ
Sən bu tədbirimi sovurdun yelə.
İskəndər qəzəblə gəzişir, əlindəki məktubu
gözdən keçirərək, Ərəstuya yaxınlaşır.
İskəndər
Yox, ələ keçməsə bu qız, bu ölkə,
Mənim tariximə ləkədir, ləkə!
Ərəstu
Sənin istəyinə razı olmasa?
İskəndər
Bu coşqun elləri salaram yasa!
Kimon
Fələkdən uca bir tale var səndə,
Göy sənə kölədir, yer sənə bəndə.
İskəndər
Bu xəyal çırpınır mənim başımda,
Dünyalar diz çöksün gərək qarşımda!
Qüdrətim hər kəsə bilinsin gərək,
Fatehlər tarixdən silinsin gərək!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/saiq-nusabe-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1905 mənə verdi sənət şövqünü,O ziyalı iksirdən mən də aldım qol-qanad.
Mən də qayaların yalçın başındaMən də qayaların yalçın başındaQartal kimi döyündüm.
Şairin şairə təsəllisiEy könüllər mühəndisi şair,Qələmin öylə incə bir sahir.
Ailə həyatımın on altı illiyiSəməd Vurğuna ithaf edirəm*Vurğunum, get-gedə gəncləşir könül,