Dördüncü pərdə
Səkkizinci şəkil
Nüşabənin sarayı. Nüşabə pəncərə
qarşısında dayanmış, günəşə baxır.
Nüşabə
Ey göylər tovuzu, o gündən ki sən
Fəzanın qoynunda eylədin məskən,
Dünyalar üstünə qanad açırsan,
Hər yana hey qızğın alov saçırsan.
Yenə də atəşin sönməyir nədən?
Aç, söylə bu sirri, gözləmə məndən!
Mənim də qəlbimin odu sönməsin;
Vətən bir xarabazara dönməsin!
Almaz
(Nüşabənin sözlərini eşidərək ona yanaşır)
Bu nə söz? Atəşin sönərmi sənin?
Eşqinlə şənlənir ana vətənin.
Nüşabə
Hər yana baxıram, elə bil mənə
Yerlər də, göylər də eyləyir tənə.
Almaz
Nədir bu üzüntü, sıxıntı yenə?
Nüşabə
Mənə öz həyatım olmuş məngənə.
Almaz
Çarəsi qolaydır bir olsa bəla.
Nüşabə
Hər yandan olmuşam dərdə mübtəla. Məsturu andıqca, qəlbim odlanır,
Elə bil körüklü ocaqdır yanır.
Qatildən almadım intiqamımı.
Dalğalar ağzında bir yelkən kimi
Gah sahil, gah girdab olur məskənim, Nə qədər bəlalı başım var mənim!
Qeysər də göz dağı olmuş bir yandan, Məktub da gəlmədi bizim Tərxandan.
Almaz
Xaqanım, yerlərdə bir kölgə kimi
Dolaşma, yan, yüksəl bir şölə kimi. Qarşıda amansız düşman var deyə,
Al bütün gücünü səfərbərliyə.
Dilbər
(Gəlib Nüşabəyə baş əyərək)
Tacidar, İrandan qasid gəlmişdir.
Nüşabə
De gəlsin!
(Dilbər gedir, Nüşabə Almaza)
Görəsən nə var? Nə işdir?
Almaz
Xeyir olsun.
Qasid gəlir.
Qasid
Gün aydın, şövkətli xaqan!
Sənə yar olsun o böyük yaradan.
Nüşabə
Gün aydın.
Qasid
Qaplandan məktub var sizə.
Nüşabə
(Almaza)
Al, oxu... Xoş gəldin öz ölkənizə.
Almaz
(Məktubu oxuyur)
“Hörmətli xaqanım, sən, ana vətən Bir an da çıxmayır bu xatirimdən. Öncə xidmətinə çox salamım var.
Dövlətlə, şövkətlə yaşa payidar!
Düşmənin kor olsun, dostlarınsa şən, Tutduğum işləri bilmək istəsən,
Gəlincə İranı aldım tez ələ,
Düşmənin qəlbinə saldım zəlzələ. Yar oldu verdiyin fərmanla, bayraq, Düşmənə qurmuşam çıxılmaz duzaq. Adımı Şahqubad çağırır İran,
Ölkədə getdikcə artır kin, üsyan. Qasidlə mümkünsə bir xəbər göndər, Sizinlə döyüşə girdimi qeysər?”
Nüşabə
Çox sağ ol, get bir az dincəl, rahatlan!
(Qasid baş əyib çıxır)
Şübhə yox, zəfərlə dönəcək Qaplan.
Almaz
Bu məktub müjdədir böyük zəfərə,
Çatallı bir oxdur rumlu qeysərə.
Nüşabə
Verilən qərardan nə xəbər, Almaz?
Almaz
Xaqanım, işimiz yaxşıdır bir az,
Birləşib üç qonşu sərkərdələri,
Həlqəyə almışlar rumlu qeysəri.
Nüşabə
Çalışın, bu sirri bilməsin qeysər,
Babamız Uluca vermişdir xəbər:
İskəndər ölkəyə salmış xəfiyyə,
Hər yeri dolaşır, abidəm, deyə.
Mərcan
(Gəlib Nüşabəyə baş əyərək)
Xaqanım, tutulmuş bir abid kişi.
Nüşabə
Gətirin!
Mərcan
Fitnədir hər tərpənişi, Mən göyə, ulduza aşiqəm deyə,
Bir boru uzadır işıqlı göyə.
Kimonu gətirirlər.
Nüşabə
Kimsiniz?
Kimon
Vurğunam təbiətə mən,
İşığa, atəşə, hərarətə mən.
Ruhumun mərkəzi bu yezdandır,
Mən kiçik zərrəyəm, o vulkandır.
Sinəsi atəşli qətrəyəm ondan.
O isə çalxanan geniş bir ümman.
Nüşabə
(Almaza)
Mənə çox şübhəli görünür bu iş,
Bir qurddur ki, qoyun cildinə girmiş.
Kimon
Abidəm, keçirəm sizin ölkədən.
Nüşabə
Üzündən sezilir dost ilə düşmən.
Ey kərtənkələ, gəl hiyləni burax!
Gözünü gizləmə, üzümə dik bax!
Şübhə yox, özüdür, bu qatili mən
Tanıdım gözündə olan ləkədən.
Kimon
Xaqanım, mən hara, cinayət hara!
Gəl miskin abidi salma odlara.
Nüşabə
Tələdən çıxmaqçın hiylə əbəsdir! Cinayət işlətdin, həvəsdir, bəsdir!
Kimon
Bir qərib abidəm, gəl etmə təhqir...
Nüşabə
(Almaza)
Boynuna saldırın ağır bir zəncir,
Satqını sürüyün Cıdır düzünə.
Hər görən tüpürsüın murdar üzünə. Bir il bu cəzanı çəkdirin ona!
Kimon
Ey xanım, susama günahsız qana!
Nüşabə
Qəlbimdə sızlayan dərin yaranı
Sağaldar ancaq bu qatilin qanı!
Dilbər gəlib baş əyir
Dilbər
Bir elçi göndərmiş rumlu İskəndər
Nüşabə
(Mərcana)
Aparın satqını, bilməsin qeysər.
(Dilbərə)
Daynama, şahların ayini üzrə,
İskəndər elçisi gəlsin hüzurə! (Dilbər gedir, Kimonu aparırlar)
Duyuram, səbəbsiz deyil bu gəliş.
Almaz
Yer üzü onlardan xeyir görməmiş.
Nüşabə
Qoy gəlsin, bu dünya böyükdür, gendir, Qaranquş yurd salmaz, köçüb gedəndir!
Şeypurlar çalınır, vəzirlər, əyanlar, sərkərdələr gəlib Nüşabəyə təzim edərək, əmrə
müntəzir dururlar. Kiçik bir sükutdan sonra Nüşabə işarə verir, qiyafəsini dəyişmiş
İskəndər gəlib Nüşabəyə təzim edir.
Nüşabə
Buyurun!
İskəndər
Fatehlər fatehi rumlu tacidar
Salam söylədikdən sonra, ey salar.
Deyir: ey şöhrəti dünyanı alan,
Ey kamil şahlara nümunə olan,
Nə üçün çevirdin bizdən yüyəni?
Hüzura gəlmədin, saymadın məni?
Yurdunda qonağam bir neçə müddət, Qonağa hər yerdə olunur hörmət.
Gəlmədim ölkənə yiyə durmağa,
Yağı düşmən kimi qılınc vurmağa.
Şərqin şah körpüsü bu Azərbaycan,
Keçmiş fatehlərə yol olmuş hər an.
Mən də bir dost kimi yoldan keçirəm.
Nüşabə
Mən dostu, düşməni gözəl seçirəm.
İskəndər
Şübhəyə düşməsin bu gəlişimdən,
Başqa bir fikrim yox...
Nüşabə
(Mənalı və istehzalı nəzərlə İskəndərə baxaraq)
Mərhəba, əhsən!
Daha nə söyləyir o böyük qeysər?
Ölkələr fəth edib qazanan zəfər?
İskəndər
Başqa bir sözü yox, o əziz qonaq
Ölkənə dost kimi girmişdir ancaq!
Nüşabə
(Qəhqəhə ilə gülərək)
Mərhəba, ey qeysər, eşq olsun sənə!
Elçilik edirsən özün özünə!
İskəndər
Ey xaqan, mən hara, İskəndər hara?
O igid qartalı bənzətmə sara.
Bu fikri qəlbindən sil, at büsbütün.
Məndən çox uca bir qeysəri düşün!
Yoxsa İskəndəri sandın kimsəsiz,
Özünə elçilik edən bir aciz?
Nüşabə
Əbəsdir bu sözlər, yetər inadın,
Dünyada şan-şöhrət qazanmış adın.
Hiylə və siyasət işlətmə sən də,
Aslanı gizləmə qurd dərisində!
Elçidə olurmu belə cəsarət, Acıqlı sözlərlə, coşqun hərəkət?
Bizimlə hökmlə edirsən rəftar,
Bu kəsin hərəkət şahlara yarar.
İskəndər
Gözündə olsam da cəsur, qəhrəman, İskəndər deyiləm, elçiyəm ondan. Xəbəri böyüklər göndərmiş belə,
Hökmünü dəyişmək olurmu? Söylə! Sözündə varsa kin, acıq, kükrəyiş, O sizin və onun bildiyi bir iş.
Nüşabə
Bu inad nə gərək, mənə bax, Dilbər, Şahlar rəsm olunmuş ipəyi göstər! Qoy görsün, tanısın öz surətini,
Şüursuz bir qadın sanmasın məni.
Dilbər gedir.
İskəndər
(Öz-özünə)
Deyəsən, açılır kələfin başı?
Seçir saf-çürüyü bu məhək daşı.
Dilbər ipəyi gətirib Nüşabəyə verir. Nüşabə alıb İskəndərin
ipəkdən çəkilmiş şəklini ona göstərir.
Nüşabə
Yaxın gəl, buna sən diqqət ilə bax. Nə deyir İskəndər şəkilli bucaq?
Yaxşı bax, öz siman olsun aşikar.
İskəndər
İnsanın insana bənzəri olar,
Yanılma, xaqanım, diqqət ilə bax!
Nüşabə
Günəşə palçıqdan vurma gəl suvaq!
Bu Odlar ölkəsi, mərdlər ocağı,
Can kimi bəsləmiş gələn qonağı.
Bu şəkli onunçun göstərdim ki, sən
Mənim də şəklimi aydın görəsən.
Erkək tinətliyəm, olsam da qadın,
Hər sirri bəllidir mənə dünyanın.
İskəndər
Sən dişi aslansan!..
Nüşabə
(Onun sözünü kəsərək)
Gəl düşün bir az,
Aslanın erkəyi, dişisi olmaz!
Qara, sıx bulud tək coşduğum zaman
Sudan od saçaram, tüstüdən duman.
(Almaza)
Durmayın, şahanə bir süfrə açın!
Ortaya hər çeşid naz-nemət saçın!
İskəndər
(Kənara)
Bu qadın bal qatmış gül ləblərinə,
Belə bir sevimli dilbər yerinə
Olsaydı amansız, kinli bir düşmən,
Çoxdan əl üzmüşdüm şan-şövkətimdən.
Nüşabə
Taxtımda sən otur, böyük hökmdar,
Bir taxta sığışmaz iki tacidar.
İskəndər keçib taxt üstündə oturur, saray xidmətçiləri qızıl
sininin birində yaqut, birində almaz, birində inci və birində
dürr gətirib İskəndərin qabağına qoyurlar.
Nüşabə
Hörmətli, şövkətli, uca tacidar!
Buyurun, soyuyur ləziz təamlar.
İskəndər
(Təəccüblə)
Süfrəndə daş-qaşdır, hörmətli bəyim,
Daş olan bir şeyi mən necə yeyim?
Daşı da yeyərmi ağıllı insan?
Bu rəngi təbiət həzm etməz, inan.
Elə bir yemək ver, mədəmiz dolsun.
Rəğbətlə ona əl uzatmaq olsun.
Nüşabə
Sözlərin doğrudur, burda haqqın var,
Mədəyə yol tapmaz bu qatı daşlar.
Eyləsə, gərəksiz bu daşlar üçün
Bu qədər qan tökmək, çarpışmaq neçün? Çalış, bu daşlardan açılsın yollar!
Bununçun qovğanın nə mənası var?
İskəndər
Doğru söyləyirsən, bu daş-qaş ilə
Hər insan, ancaq daş keçirir ələ.
O zaman kəsərli olardı sözün,
Öncə bu daş-qaşdan qaçaydın özün,
Tacında cavahir parlar, doğrudur,
Şahların tacında cavahir olur.
Süfrəndə kasalar daş-qaşla daşır,
Bu töhmət daha çox kimə yaraşır?
Nüşabə
Tamahdır o daşı qiymətləndirən,
Tamahdır insana fəlakət verən.
İskəndər
Haqlısan, bəladır bu insan nəfsi.
Nüşabə
(Almaza)
Əmr ver qurulsun şənlik məclisi.
İskəndər
(Öz-özünə)
Bu ürkək ceyranı ələ keçirmək
Çətindir, eşqlə ovlamaq gərək!
(Çalğı başlanır, rəqqasələr oynayır)
Baxdıqca doyulmaz bu gözəllərə,
Pərilər göylərdən enmişdir yerə!
Nüşabə
(İskəndəri süfrəyə dəvət edir)
Buyurun!
(İskəndər qədəhi qaldırır. Çalğıçılara)
Belə bir məclisdə susmaq xoş deyil.
Simləri səsləndir, şənlənsin könül.
Çalğı başlanır, rəqqasələr yenə oynayır, xanəndə qız oxuyur.
İskəndər
Eşq olsun qəhrəman, igid qadına,
İçirəm səndəki mərdlik adına!
Xanəndə
Ah, sevirəm səni, ağlatma məni, Gəl, gəl, yarım, gülzarım,
Ay aman, ay aman,
Halım oldu yaman...
Sənsiz günüm qara,
Çəkmə məni dara.
Rəhm et, elə çara,
Qurban nazlı yara,
Ağlatma məni!
İskəndər
Odlar diyarının çalğısı, rəqsi,
Xüsusən bu gözəl qızların səsi
Başqa bir aləmə atır insanı;
Qəlbinin içində qaynayır qanı.
Rəqs qurtarır, İskəndər Nüşabəyə yaxınlaşır.
İskəndər
Ey xanım, hüsn-məlahət səndə, Belə qaş-göz, bu qiyafət səndə, Sərvə bənzər uca qamət səndə, Bu gözəllik, bu lətafət səndə,
Neçin erkəklərə şəfqət yoxdur? Dolu qəlbində məhəbbət yoxdur? Dişi, erkək – ikisi bir candır,
Bunlara tək yaşamaq nöqsandır!
Nüşabə
Anadandoğma, bir olmuş ürəyim. Vətənimdir uca sevgim, diləyim. İki olsaydı bu sövdalı ürək,
Erkək ilə bölüşərdim gerçək.
İskəndər
Daş olur eşqdən azadə könül,
Tez solar bağda qidasız bir gül.
Bir qadın bir kişiyə olmasa yar,
Bu həyat bəlkə də mənasız olar.
Nüşabə
Bütün ulduzları düzsən yoluma,
Qoysan o ay, günəşi sağ-soluma,
Olsa yer, göy mənə qarşı əlbir,
Pozmaram əhdi, sözüm birdir, bir!
İskəndərin bu cavabdan ümidi qırılır, dalğın və pərişan bir hal alır.
Özünü toplayaraq ayağa qalxıb getməyə hazırlaşır.
İskəndər
Çox sağ ol, günümüz xoş keçdi, gerçək. Məsəldir: hər yolçu yolunda gərək.
Nüşabə
İxtiyar sizindir, bizdə hər qonaq
Əzizdir; vəzifəm hörmətdir ancaq!
İskəndər vidalaşıb getmək istərkən, Kimon halı pərişan,
saç-saqqalı dağınıq yorğun halda onun ayaqlarına yıxılır.
Kimon
Yetiş fəryadıma, ey böyük insan!
Məni məhv eləyir bu yerli xaqan.
İskəndər
Kimsiniz?
Kimon
Vurğunam təbiətə mən,
İşığa, atəşə, hərarətə mən! Göylərə pərəstiş edən abidəm,
Münəccim, filosof, həm də zahidəm.
İskəndər
Görürəm, simanda şəfəq oynayır.
Gözündə həqiqət nuru qaynayır.
Görürəm abiddir, rəhm elə ona,
Günahsız əllərin batmasın qana.
Nüşabə
Özünü min dona salan yaramaz,
Amansız qatildir, o bağışlanmaz!
İskəndər
Xaqan, mən tac qoyub taxta keçəli, Boş qaytarmamışam açılan əli.
Sən də, gəl abidin yanında məni,
Qızartma, burax bu həqir bəndəni, Sözümü tutaraq hörmət et mənə;
Qəhrəman İncini qaytarım sənə.
Nüşabə
Məni sən çox yaman yerdə qısnadın, İstəyin gül açdı, yetdi muradın,
Bil, sənə casusluq edən bu adam
Çağlayan eşqimi qoymuşdur nakam.
(Kimona)
İtil, get, kor bayquş, ölkəmdən uzaq. Səni qurban verdim İncimə ancaq!
Kimon
Çox sağ ol, eylədin məni sərəfraz,
İskəndər
(Nüşabəyə)
Verdiyin xəcalət əvəzsiz qalmaz
Nüşabə
Hər zaman bu dostluq olsun payidar.
İskəndər
Səmimiyyətimə yoxsa şübhən var?
(Nüşabəyə aşiqanə nəzərlərlə baxaraq tərəfə)
Baxdıqca qəlbimdə qaynayır qanım.
(Getmək üçün ayağa qalxır)
Günümüz xoş keçdi, çox sağ ol, xanım!
Nüşabə
Tacidar, ixtiyar sizindir, ancaq
Şəfqətlə azacıq saxlayın ayaq.
Bu gündən mənimlə bağlayın peyman,
İskəndər ölkəmə verməsin ziyan.
İskəndər
Doğrudur, gözəlsən, camalın vardır,
Ondan çox ağılın, kamalın vardır.
Məni yenməmişdi heç bir hökmüran,
Bükülməz qolumu sən bükdün, inan!
Fikrini bilirəm, al vəsiqəni,
Nə qədər ömrün var, saxlar bu səni.
Hələlik çox sağ ol, unutma bizi,
Sən gəl işıqlandır dövlətimizi.
Nüşabə
Təşəkkür edirəm, borcumdur, əlbət.
İskəndər
Edərəm hörmətə qarşı çox hörmət.
Nüşabə və saray adamları İskəndəri qapıya qədər yola salır.
Nüşabə
Get, ulduz görməsə can verməz ilan,
Əyilər ox daşa dəydiyi zaman.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-nusabe-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Faşistin qəlbindən daha qaranlıq bir gecə idi. Hitler istilaçılıq xülyası ilə məst olaraq artırmada oturmuş, özünün “Mənim mübarizəm” kitabını tamamlamaq üçün ərkani-hərb ilə birlikdə hazırlamış olduğu dünyaya hakim olmaq planını nəzərdən keçirirdi. Sovet hökumətinə hücum planını gözdən keçirərkən tək səbir gəldi. Bu tək səbir onun qəlbində acı şübhə doğurdu, qürurla yumruğunu masaya çırparaq: “Bu tək səbir nədir? Mənim səbir etməyə vaxtım yoxdur; faşizm bütün dünyaya hakim olmalı, bütün millətlər “nəcib” alman millətinə köləlik etməlidir! Dünya alt-üst olsa da bu fikrimdən dönməyəcəyəm” – dedi.Hitler, planı bir də gözdən keçirməyə başladı. Elə bu arada otaqdakılardan birisi yenə asqırdı. Hitler bu tək səbirdən acıqlandı, başını oynadaraq: “Ah, yenə tək səbir” dedi. Bu tək səbirlər onu əsəbiləşdirmişdi. Oturduğu yerdən qalxdı, bığlarını çeynəyə-çeynəyə artırmada gəzinməyə başladı. Onun buludlu gözləri qaranlıqda şimşək kimi parıldayırdı, ürəyi çırpınaraq dərin düşüncəyə dalmışdı. Düşünməkdən yorulmuş başını əlləri içinə alaraq hiddətlə oturdu, zəngi basdı, xidmətçi qız gəldi, bir fincan su istədi, qız su gətirdi. Hitler əsəbi, titrək əli ilə suyu alıb içdi. Kin və qürurla parlayan gözlərini göylərə dikərək daldı, fikri plan, gözləri isə ulduzların seyri ilə məşğul ikən birdən gözü Marsa sataşdı. Onu bütün qüvvəti ilə özünə cəlb edən Mars cahangirin qəlbində dadlı bir xülya oyatdı. Əlini ona uzadaraq: “Ey Mars, dünya işlərini bitirdikdən sonra sənə də əl atmağa bir yol tapacam” – dedi. Bu fikir onun qəlbindəki kədərini büsbütün dağıtdı. Gülməyə yad olan simasını süni bir təbəssüm bürüdü: “Yavaş, sənə də kəmənd atmasam cahangir Hitler deyiləm”.
Baş üstəTədris hissəsi müdiri Həsən müəllim öz kabinəsində oturub, dərs cədvəlini hazırlayırdı. Axşam qaranlığı çökmək üzrə idi. O gün səhərdən göy üzünü bürüməyə başlayan qara buludlar havanı bir qədər də tez qaraltmışdı. Həsən müəllimin zəif və gözlüklü gözləri işləməyə müsaidə etmədiyindən yazı masası üstündəki elektrik çırağından istifadə etmək istədi. İşlə ciddi məşğul olduğu halda qabağındakı lampanın düyməsini basdı, ancaq işıq yanmadı. Masa üstündəki çırağın lampası götürülmüşdü. Həsən müəllim əsəbiləşdi, tələsik zəngi basdı, gələn olmadı. Zəngi bir neçə dəfə basdıqdan sonra orta boylu, arıq vücudlu bir kişi qapını açıb içəri girdi. İtaətkar bir vəziyyət aldıqdan sonra qısa, sıx kirpikli kiçik gözlərini ona dikərək:– Nə buyurursunuz? – dedi.
MasamaEy mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.
İldırımBeş pərdəli dramİ Ş T İ R A K E D Ə N L Ə R**:
Başqa şairlərin şeirləri
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Oxudum, öyrəndim heç nə bilmədimQarış, - qarış el obanı dolandım,Oxudum, öyrəndim, heç nə bilmədim.
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.