Məzmun
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil

Səhifə 1 / 3

Doqquzuncu şəkil

Tərtər çayı sahilində geniş bir açıqlıq. Ətrafda iri, seyrək ağaclar. İskəndərin çadırı
görünür. İskəndər qızıl kürsü üstündə oturmuşdur. Onun sağında Ərəstu, ətra-
fında sərkərdələr oturmuşlar. Kef məclisidir. Çalğıçılar çalır, hindi qız oxuyur.

Hindliqız

Darandıqca qıvrılıb tel,

Üz üstündə yana düşər.

Əl vurma ki, bu coşqun el

Bircə teldən qana düşər.

Şərab içilir, İskəndər düşüncəli və nəşəsizdir.
Hindli qız oxumasına davam edir.

Qar-borandır uca dağlar,

Ətəyində sellər çağlar,

Kəklik-turac gülər-ağlar,

Səs dağa, ormana düşər.

İskəndər

(Qədəhi başına çəkərək acıqlı bir səslə)

Bu çəmənlərdə açsa da min gül,

Neyləyim, ah, açılmayır bu könül!

Qana düşsəm də, bağlıyam o telə,

Keçirə bilməsəm onu mən ələ,

Uca ulduzlu taleyim dönəcək,

Yakdığım şanlı məşəlim sönəcək! Yox, yerə vurmaram bu mənliyimi,
Uca, şövkətli, şanlı şənliyimi!

Ərəstu
Səndə yoxdur rəyasətə hörmət,
Görünür hər işində ziddiyyət.

İskəndər
Nə demək bu, şüura gəl bir az!

Ərəstu
Mərd olan əhdü peymanı qırmaz!

İskəndər
Hər diləkdən bu mənliyim ucadır,
Şanlı, şövkətli şənliyim ucadır!
Bu həyat hiylədir, cahan hiylə,
Düşmənə töhfədir yalan, hiylə,
Hiyləyə bağlıdır şüur, qüvvət,
Bax, təbiətdə var bu ziddiyyət!
Aylı, ulduzlu bir günəşli bahar,
Sonra zülmətli qış, qasırğalı qar.
Boz buludlarda ildırım, şimşək,
Su olur atəş ilə həmahəng!
Gecə-gündüz, işıq, ziya, zülmət...
Söylə, budur məsləkim, budur şüarım, Bu günəşlə çiçəklənir baharım!

Ərəstu
O təzadlarda başqa hikmət var,
Başqadır orda işlənən əsrar,
Gördüyün hər düyümlü ziddiyyət
Bir həqiqətlə bağlıdır, əlbət!
Hamı bir fikrə: xeyrə xidmət edir,
Hamı bir istiqamət ilə gedir. Kim gözündən dumanları silməz, O, həqiqətləri görə bilməz!

İskəndər
İstəyimdir həqiqətin özəyi,
Dövlətin, şan və şövkətin bəzəyi.

Ərəstu
Qeysərim, gəl, dolaşma bir qadına, Bu yaraşmaz sənin böyük adına.

İskəndər
Oxuma ey vəzir, mənə dastan,
Taleyimdir mənim döyüş, meydan. Mən Zənci, Həbəşi, İranı yendim, Dünya qəhrəmanı Daranı yendim. Pələngər şah idi Zəncə, Həbəşə, Mənəmlik satırdı aya, günəşə,
Qürurla qarşımda coşub-qaynadı, Gevdəsi top kimi yerdə oynadı.
Dara ki taxtından enməzdi yerə,
Qüruru sığmazdı uca göylərə.
Dünyada ən adlı bir tacidardı.
Dağları titrədən ordusu vardı.
Fateh İskəndərə mənəmlik satdı, Qılıncım boynunu torpağa atdı.
Hindustan mülkünə basınca ayaq, Əmrimə baş əydi o varlı torpaq.
Fur boyun əymədi bu rumlu şaha Saymadı, gəlmədi uca dərgaha.
Qılıncım boynunu ot kimi biçdi,
Pələngər və Dara içəndən içdi.
Adlı pəhləvandır Çin şahı Xaqan Onun qüvvətinə baş əyir dövran. Qəm tozu girməmiş dövlət bağına.
Ordumla girincə Çin torpağına,
Kininin ağzına bir sümbə tıxdı,
Çox böyük hörmətlə qarşıma çıxdı.
Bərdəli xatunsa qürur sataraq
Gəlmədi görüşə. Məni saymamaq
Şanlı dövlətimə deyilmi təhqir?
Qəlbimi intiqam və kin gəmirir!

Ərəstu

(Tərəfə)

Yenə azğın tikanlı bir çalıdır!

İskəndər
O kəniz də bu gün asılmalıdır.

Ərəstu
Şöhrətə aldanma, gəl dinlə məni.
Böyütmə hər kiçik bir hadisəni.

İskəndər
Yer göyə çıxsa, göy yerə ensə,
Dağ, dəniz vulkan ilə tərpənsə,
Dönmərəm, sevdiyim zəfərdir, qan. Açacam burda öylə bir meydan
Ki daşı qalmasın daş üstündə.
Gevdələr oynasın baş üstündə.
Dünyanın ağası bu gün mənəm, mən! Qurtuluş yox, hər kim çıxa əmrimdən. Gərək hər əmrimə baş əysin cahan, Ovcumda top kimi oynasın dövran.
Qüvvətim, şövkətim bilinsin gərək! Fatehlər tarixdən silinsin gərək!

Ərəstu

(Tərəfə)

Bir əqrəb kimidir bu tacidarlar,

Nə qulaq, nə də göz deşikləri var.

Attal

Çırağa ölümdür günəş məşəli,

Səndədir qüdrətin sarsılmaz əli.

İskəndər

(üzünü sərkərdə Attala tutub acıqlı və kəskin bir səslə).

Tez, döyüş təbili çaldır, ey Attal!

Borularla bu yurda vəlvələ sal!

Girişək hərbə, taleyi sınayaq.

Attal baş əyib gedir.

Ərəstu

Qeysərim, şöhrəti, inadı burax.

Dünya bir beşikdir, insan bir çocuq.

Vicdanlar şöhrətə olmuşdur quyruq.

Səhnə arxasında boru və təbil səsləri ucalır. İskəndər qılıncını çəkərək sürətli ad-
dımlarla səhnədən gedir. Sərkərdələr onun ardınca gedərkən səhnə qaranlıqlaşır.

Pərdə

Onuncu şəkil

Döyüş meydanı. Nüşabə ordusu ilə İskəndər ordusu arasında qızğın vuruşma gedir,
arabir pəhləvanların nərəsi, sərkərdələrin bağırtısı, yaralıların iniltisi eşidilir.

Tərxan

Sən ey xamxəyallı, uğursuz çocuq,

Al qılıncımı öp!

Axilles

Qürurlanma çox. Al, gəldi, susdurar səni bu ölüm!

Tərxan
Ölümlər üstündən atılmış könlüm.

Vuruşurlar.

Gəray
Al, başlar gəmirən əjdahadır bu!

Attal
Yenilməz, ölkələr fəth edən ordu!

Gəray
Gəl, anan süngümə yem doğmuş sizi!

Attal
Hələ yer görməmiş rumlunun dizi!

Vuruşurlar.

Uluğbəy

(Gəlir)

Vurun hey, igidlər, bizimdir zəfər!
Dəmir məngənədə əzilir qeysər!

Klit

(Gəlir)
Bəxtini zəfərlə sınamış ordum!
Bir sürü dovşandır qarşıda...

Uluğbəy

Ey Rum! Deyil bu hind ilə həbəş meydanı.
Yunanlı yenənməz Azərbaycanı.

Vuruşurlar.

Gəray
Vur, eşqin günəşi məşəldir bizə!

Axilles
Vur, başlar biçilsin, qan çıxsın dizə!

Gəray vurub Axillesi yaralayır.

Tərxan

(Attala hücum edərək)
Al, göydən mələklər etsin tamaşa!

Uluca

(Gələrək)
Vur, süngün düşməni çatsın baş-başa! Çox başlar biçmiş bu qoca əjdaha.

Klit
Vur, olsun yağının taleyi qara!

Gəray
Vur, qanqal kimi biç xam xəyalları!

Flut
Bu qılınc inlətdi çox oğulları!
(Qılıncla vurub Gərayı yaralayır)

Uluca

(Uluğ bəyə yaxınlaşaraq)
Yubanma, İncini çəkirlər dara.

Uluğbəy
Ah, dünya gözümdə geyindi qara!

(Rumlu əsgərini vurur)

Rumlu
Uf, aman!

Tərxan
Öl, alçaq!

Uluca

İncini qurtar!

Attal
Yox nicat.

Uluğbəy

Bəy döyüş?

Uluca

Gücümüz çatar!

Uluğbəy
Tərxan, gəl arxamca, gəlin igidlər!

Klit
Vurun, hey rumlular, bizimdir zəfər!

Uluğbəy

Bu ellər eşqinə, vətən eşqinə!

Gözünü yoluma dikən eşqinə!

Uluğ bəy bir neçə igidlə düşmən sıralarını yararaq səhnədən uzaqlaşır,
qızğın vuruş davam edir, səhnə qaranlıqlaşır.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri