Məzmun
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil

Səhifə 2 / 3 · 33%

On birinci şəkil

Yaxında hələ tikilib qurtarmamış bir qələ görünür. Qabaqda Şəhpər, onun ardınca
əlləri bağlı İncibirneçəRuməsgəri qarşısında gəlir. Şəhpər kənarda
olan yeni tikilmiş qələnin yanındakı qocaman bir ağaca yaxınlaşıb, əlindəki ipi qalın
bir budağa ataraq, İncini asmağa hazırlaşır. Uzaqdan qılıncların şaqqıltısı, oxların
vıyıltısı, pəhləvanların nərəsi eşidilir. İnci gözlərini həsrətlə uzaqlara dikir.

İnci
Gözlərim ancaq onu görməkdə, baxsam hər yana, Ah, onun yalnız xəyalı bir təsəllidir cana!
Ayrılıqdır, sevgilim, ah, köksümü həsrət dəlir,
Çıx tamaşaya, başım eşqin yolunda yüksəlir!

(Bir qədər susduqdan sonra)
Hər şəfəqdə bu könül ümid sezərdi bir zaman,
Hər səhərdə bir təsəlli, hər fidanda bir cahan,
Hər qığılcımda hərarət, hər çiçəkdə şən həyat,
İldırımlarda mətanət, odlu şimşəkdə qanad.
Belə dərs vermiş böyük ustad olan sevgim mana, Keçdi o şən günlərim, lənət vəfasız dövrana!

Kimon

(Gəlib İncinin sözlərini dinlədikdən sonra)
Çox mırıldanma, səni dar gözləyir, keç, gəl bəri!

İncini ağaca sarı sürükləyir.

İnci
Sevgi uğrunda məni dardan asır Rum qeysəri,
Sakit ol, çırpınma, könlüm, mərd kimi ver imtahan.

Kimon
Bax, ölürkən də qürurdan çəkməyir əl...

Ağacın budaqlarından asılan ipi İncinin boğazına
keçirmək istərkən İnci ona mane olur.

İnci

Bir dayan!

(Deyib gözlərini uzaqlara dikərək)
Əlvida, ey dövlətim, ey millətim, yurdum-yuvam! Əlvida, ey sevgilim, şən günlərim, sevgim-səfam!

O, gözlərini qapayır. Kimon və Şəhpər İncini dara çəkmək istərkən qabaqca
Uluğbəy, onun ardınca bir neçə igid gəlir.

Uluğbəy
Ey, dayan!

İnci
Sənsən, Uluğ!

Kimon

(Şəhpərə)
Qoyma, Uluğdur bu!

Şəhpər

(Uluğun qarşısını kəsərək)

Dayan!

Uluğbəy
Ah, səfil, alçaq!

Vuruş başlanır, Uluğ Şəhpəri vurub yerə yıxır.

İnci

(Kimonu göstərərək)
Uluğ, bu xainə vermə aman!
Saluru qətl eyləyən casus Məlikdir, durma vur!

Kimon

(İncini sürükləyərək)
Gəl bəri, yox qurtuluş!

İnci

Əl çək, quduz!

Kimon

(İncini bıçaqla yaralayaraq)

Sus, çəngi!

Uluğbəy

(Kimonun üzərinə atılaraq)

Dur!.. Yaxşı düşdün çəngimə, Salur kimi qardaş qanı
Yerdə qalmaz!

Kimon
Bu qılıncdır susduran nər aslanı!

İgidlər vuruşda sağ qalmış Rus əsgərlərini sıxışdırıb uzaqlaşırlar.

Uluğbəy
Dinmə sus! Bax, kim kimə meydan oxur, əfi ilan! Al, cəzan... qoy qalmasın satqından aləmdə nişan!

Uluğ bəy Kimonu öldüdükdən sonra yerə sərilmiş İnciyə
yaxınlaşır, onu qolları arasına alır.

İnci!..

İnci
Ah, bu sənsənmi, ya dadlı bir röyamıdır?
Bir həqiqətmi bu, yoxsa nazənin xülyamıdır?

Uluğbəy
Sevgilim, qəlbim, həyatım, çox ağırdırmı yaran?

İnci
Qəlbimi, ah, sızladır başqa yara... xain zaman
Qoymadı kim almağa...

Uluğbəy
Sən bu qara fikri burax,
Qarşıda şən günlərin var.

İnci
Qəlbimi dəlmiş bıçaq.

Uluğbəy
Qəm yemə sən, sevgilim, qatildən aldım intiqam! Gözləyir xaqan bizi, dur!

İnci
Çox ağırdır bu yaram,
Sən, Uluğ, durma, çəkil get, görməsin düşmən səni, Eşqinə qurban verərsən dövləti, həm ölkəni.

Uluğbəy
Qorxma, İnci, orduma basqın edən Rum qeysəri
Düşdü eylə bir kəməndə, çıxmaz ordan əskəri.
Qalx gedək, qalx, sevgilim, gəldim səni qurtarmağa.

İnci
Taqətim yoxdur, Uluğ, salmış əcəl bu torpağa.

Uluğbəy
Biz ki, əhd etdik səninlə bir gülüb, bir ağlayaq.

İnci
Mən vəfasız çıxmadım, qəlbim susur, səndən iraq...

Uluğbəy
Dur, həyatım, heç susarmı eşqlə çarpan ürək?
Düşməni məhv etməmiş ölmək yaraşmaz, dur, gedək.

İnci

İstəyim qəlbimdə qaldı, çatmadı hicran dəmi,
Düşmənə çeynətmə bu şanlı, şərəfli ölkəmi!
Sən yaşa, ol bəxtiyar, ey sevgilim, ah... Əlvida!

İnci gözlərini qapayır.

Uluğbəy
Sevgilim, salma bu həsrət könlümü qızmar oda!
Sənsiz açmaz gül çəməndə, dur quraq bir aşiyan.
Bəxtiyar olmaz cahanda sevgisi nakam olan.
Din, cavab ver, susma, bağrım çatlayır, İnci bu nə?
Sənmi söndün, ya dönük dövranmı döndü tərsinə?
Bitməmiş qönçə dodaqlarda gülüş, ah, açmadan
Qönçəmi soldurdu qeysər, üstünü aldı xəzan. Ah, məni yalnız buraxdın, dərdə saldın elləri!
Kim itirmişdir belə parlaq, yeganə ülkəri?
İnci, and olsun bu sönməz, bu tükənməz eşqimə! Sənsiz olsam da fəlakət qaynağı, batsam qəmə.
Ölkəmin ey mərd qızı, bu qanı yerdə qoymaram! İntiqam hissilə dolmuş qəlbim istər intiqam!
Qanlı meydanda qurum mən eylə bir məşəl gərək, İnləsin yer, göy, dəniz, əhsən desin çərxi-fələk.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri