Xasay yenidən məktəbə qəbul edilmişdi. Kamil isə onu bir an gözdən qoymur, onu dərsə, məktəbə maraqlandırmaq üçün hər şərait hazırlamışdı. Kamil müəllimi ancaq Xasayın ailə həyatı düşündürürdü. O, bilirdi ki, Xasayın ailə həyatında yeniliyə və yaxşılığa doğru bir dəyişiklik olmasa, istedadına güvəndiyi Xasayı istədiyi kimi bir vətəndaş yetişdirə bilməyəcək. Halbuki Xasaydan gələcəkdə çox şeylər gözləyirdi. Bu arzusuna qovuşmaq üçün hər şeydən əvvəl Xasayın anası Badamı tərbiyələndirmək, yeni həyatın bütün şəraiti ilə onu aşna etmək istəyirdi. O indi yalnız bunu düşünür, bunun üçün çarələr axtarırdı.

Xasayın pozulmuş əxlaqı hələ tamamilə əvvəlki halına gəlməmişdi. O, yenə sinifdə arabir bəzi qaba hərəkətləri ilə dərsə mane olub müəllimləri və yoldaşlarını incidir, intizamı pozurdu. Qoca müəllim Mirzə Rəhimin şikayətləri yenə başlamışdı. Kamilə arabir şikayətlənib: “Bu nədir, bu xuliqanı yenə nə üçün məktəbə gətirdiniz? Bilmirəm nə üçün bu qədər ona yapışmısınız? Ondan adam olsa mən bu bığlarımı kəsdirərəm” – deyirdi.

Kamil gülə-gülə:

– Səbir et, Mirzə, Xasay əvvəlkindən artıq olmasa, mən də adımı müəllimlikdən sildirərəm – deyə cavab verdi.

Böyük tənəffüsdə bir gün Xasay həyətdə oynarkən sinif yoldaşı Rəşid bilmədən ona şiddətlə toxundu. Xasay hirslə geri döndü, üzgözünü turşudub Rəşidə bir sillə ilişdirdi. Rəşid bir an dinmədi, əli ilə qızarmış üzünü tutub ona baxdı. Sonra mülayim bir səslə dedi:

– Heç utanmırsan, Xasay, adam da öz yoldaşını vurarmı? Mən sənə nə yamanlıq eləmişəm?

Doğrusu Xasay belə cavab gözləmirdi. Bir də bu sözləri Rəşid o qədər təsirli ifadə ilə söylədi ki, Xasay donub qaldı. Rəşidin üzünə heyrətlə baxdıqdan sonra birdən-birə hıçqıra-hıçqıra ağlamağa başladı. Yoldaşları nə qədər çalışdı. onu sakit edə bilmədi. Səsə növbətçi müəllim Mirzə Rəhim gəldi. Kamil də dərhal hazır oldu, məsələni aydınlaşdırmaq istədi:

– Kim vurdu? Nə üçün ağlayırsan? – deyə ondan soruşdu. Xasay ağlaya-ağlaya cavab verdi:

– Müəllim, Rəşid bıçaq ilə ürəyimin başından elə vurdu ki...

Heyrətindən özünü itirmiş Mirzə Rəhim Rəşidin üstünə yüyürüb əli ilə ondan yapışdı:

– Ver bura bıçağı. Bıçaq hanı?

Rəşid gülə-gülə:

– Müəllim, məndə bıçaq nə gəzir – deyə ciblərini ona göstərdi.

Kamil Xasayın yaxasını aça-aça:

– Hardan vurdu? – deyə soruşdu.

Xasay ağlaya-ağlaya sözündə israr etdi:

– Müəllim, bıçağı ürəyimə elə sancıb ki, nə izi görünür, nə də qanı.

Şagirdlər gülüşdülər. Müəllimlər çaşıb qalmışdı. Elə bu vaxt şagirdlərdən birisi irəli gəlib əhvalatı olduğu kimi müəllimlərə söylədi. Kamilin üz-gözündən dumanlar dərhal uçdu. Gülə-gülə Rəşidə baxdı, onun söylədiyi sözləri bir də təkrar etdi: – “Heç utanmırsan? Xasay, adam da öz yoldaşını vurarmı? Mən sənə nə yamanlıq eləmişəm?”. Sözə bax, sözə! Bu cani bıçağı deyil, həqiqi məktəbli bıçağıdır, özü də elə kəsir ki, nə izi olur, nə qanı. Kəsərli söz qılıncdan da itidir.

Mirzə Rəhim acıqlı durub başını tərpədirdi. Kamil gülə-gülə ona yanaşdı, qolundan tutub danışa-danışa getdilər. Kamil deyirdi:

– Siz deyirsiniz, bu uşaq islah olmaz, halbuki, onun bu halı islah olunacağına böyük ümid verir.

Mirzə Rəhim acı-acı gülərək:

– Nə ümid verir, dəlidir, dəli, özü vurub, özü də ağlayır – dedi.

– Yox, belə deyil, vurmağa, söyməyə Xasay vərdiş etmişdir. Ancaq o çirkin həyat onun qəlbinə həmişəlik hakim olmamışdır. O, əvvəlki təmizliyini mühafizə edə bilmişdir. Baxsana, Rəşidin ipək kimi yumşaq sözü onu qılınc kimi kəsir, o öz işindən peşman olub ağlayır.

Onlar danışa-danışa dəhlizə girərkən müdirlə bir neçə müəllim onları qarşıladı. Müdir Mirzə Rəhimdən soruşdu:

– Yenə nə var, Mirzə? Həyətdə nə səs-küy idi?

Mirzə Rəhim əhvalatı olduğu kimi anlatdı. Müdir başını tərpədə-tərpədə:

– Ondan adam olmayacaq, qovmaq lazımdır – deyə müəllimlərin üzünə baxdı. Mirzə Rəhim:

– Mən bunu çoxdan deyirəm, siz indi anlayırsınız; ona çəkilən bu zəhmətlər nahaqdır. Kamil müəllim onları diqqətlə dinlədikdən sonra soruşdu:

– Zəhmət kommunası evindən gələni Xasay xeyli dəyişməmişdi? O get-gedə dəyişmirmi?

Müdir əlini havada oynadaraq ciddi bir tövrlə dedi:

– Biz bütün pioner təşkilatını, sinif müəllimlərini səfərbərliyə aldıq, bütün qüvvəmizi, energiyamızı ona sərf edirik, bu dəyişmək dəyişməməkdir. Bu gün bir şagirdi, sabah da bir müəllimi vurar... Onu qovmaq lazımdır!

Mirzə Rəhim müdirə tərəfdar çıxdı:

– Stolun qutusuna siçan buraxdığını unutdunuzmu? Onu edən bir şagird hər şey edə bilər. Mən bilmirəm təzədən bunu nə üçün qəbul etdiniz; nə böyük bir mətahmış. O, bizdən əl çəkir, biz ondan əl çəkmək istəmirik. Kamilin işlərinə mən çaşıram.

Kamil müəllim qızardı, bozardı, özünü toplayıb bundan artıq cavab verə bilmədi:

– Onun zəhməti hər kəsdən çox mənim üzərimdədir. Siz nə üçün bu qədər şikayət edirsiniz?

Mirzə Rəhim yenə Kamil müəllimi fikrindən daşındırmaq istədi:

– Bir bilsəydim, bu yaramazı sən nə üçün bu qədər müdafiə edirsən; onun yeri küçədir, küçə!

– Onun həm böyük istedad olduğunu bildiyim, həm də cəmiyyətimizə dəyərli bir vətəndaş bağışlamaq istədiyim üçün müdafiə edirəm. Yanılırsan, Mirzə, onun yeri küçə deyil, məktəbdir. Mən ürəyimin qanı ilə becərdiyim bağçamın ən gözəl, ən parlaq çiçəyini qoparıb atmağa razı olmayacağam.

Bu sözə müdir və müəllimlər güldü. Mirzə Rəhim də onların içində idi.

– Ən gözəl, ən parlaq çiçəyə bax! Görmürsünüzmü, ətri bütün məktəbi basıbdır?!

Kamil üzünü Mirzə Rəhimə tutub ciddi bir səslə:

– Mirzə, sonuncu gülən qazanır, – dedi, – sözümü isbat üçün sizdən yalnız bir ay vaxt istəyirəm. İslah olmasa, Xasayın qovulmasına birinci mən özüm səs verəcəyəm.

Kamilin bu sözündən sonra hamı susdu. Ayaqüstü iclas qurtardı; yalnız Mirzə Rəhim qaşlarını çataraq:

– Kişidə səbrə bax, inada bax – deyə heyrətlə açılan gözlərini Kamilin üzünə dikib qaldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Beşinci pərdə

İkinci şəkilSəhnə Quzğun şahın sarayını təsvir edir. Dünya gözəli qəmli-qəmli*

19419 dəq
I

Üçüncü rübün nömrələri yoxlandıqdan sonra məktəb ən fəal əlaçı şagirdlərin və onların valideyni şərəfinə təntənəli bir müsamirə verməyi qərara almışdı. Axırıncı dərs bitmək üzrə idi. Çağırışlar siniflərdə şirin-şirin paylanırdı. Sinif rəhbəri Kamil müəllim əlində çağırış vərəqələri öz sinfinə girincə bütün sinif yerindən oynadı. Kamil müəllim sinfi zor-güc sakit etdi və qırmızı rəngli çağırış vərəqəsini Xasaya uzadıb “Al, bu sənindir”, dedi. Sonra çağırışları bir-bir payladı.Artıq dərs bitmiş, zəng vurulmuşdu. Müəllimlər bayıra çıxınca bütün siniflər sel kimi həyətə axdı.

19354 dəq
II

Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.

19351 dəq
III

Bu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?

19352 dəq

Başqa şairlərin şeirləri