Cərrahlıq
A.P.Çexova nəzirə
Dəllək dükanıdır. Dükanın içərisindəki sağ tərəfdə olan şirəli səkinin üstünə salınmış yırtıq həsirin üzərində başaçıq oturan müştərinin üstünə qırmızı, çirkli fitə salınmış; qabağında başı keçəl balaca şagird ovuc ilə tasdan su götürüb müştərinin təpəsindən tökür və boynuna, boğazına calanırkən onun başını isladır.
Sol tərəfdəki səkinin üstündə palçıq manqalın kənarında qoyulmuş iki balaca tasda isti su buğlanır.
Dəllək şagirdi hərdən burnunu ətəyinə silib başını qaşıyarkən, müştərinin başını ovmaqda idi. Ustası dəllək Məşədi Əskər bir örü aşağa, bir örü yuxarı geydiyi qara qədək arxalığının döşü və ətəkləri çirkdən qara meşin kimi işıldayır, sürtülüb yırtılmış ciblərinin ağzı sadır bağlamış, belindəki kisəbəndinin yarısı yeyilmiş qayışının üzərinə hərdən ülgücü savlayıb sürtür və ağzındakı demi çubuğunun tüstüsünü dodağının küncündən püskürərək havada dumanladır. Bu halda motalpapaq, şal çuxalı, uzun boylu, çalsaqqal bir kişi qapıdan içəri girib salam verir. Sonra çirkli, qara səpkili ağ dəsmal ilə bağladığı sağ gözünün üstünə əlini qoyub, sol sipalaq gözü ilə o yan-buyana baxıb:
...Usta buradadırmı? – deyə soruşur.
Usta Əsgər demi çubuğunu əlinə alıb əsnəyəndən sonra:
– Aha, xoş gördük, a molla Eyvaz dayı, nə əcəb səndən? Nə qulluğun var?
– Şükr olsun, ay usta.
Ömrünə duaçı varam.
Əlindəki xurcunu səkinin üstünə qoyub ayaq üstündə durduğu halda:
– Ancaq canına sağlıq, bir neçə gündür ki, dişim ağrıyır. Nə çay içə bilirəm, nə çörək yeyə bilirəm, nüzlə duası da yazdırdım, yenə toxtamadı. Bilmirəm bu necə dərddir? Ox... ox... Belə sızıldayır ki, elə bil qulağımın içinə mıx çaxılır. Lap beynimin içi də lükküldəyir. Az qalır başım partlasın. İnan ki, namusuma qısılıb ağlamıram. A kişi, bu çayı bina qoyanın Allah evini yıxsın. Bundan irəli yüz yaşında kişilərin ağzındakı dişləri sədəf kimi idi. Bu çay zəhrimar bədənimizin axırına çıxdı.
Usta Əsgər:
– Gözünə nə olub, a kişi, bağlamışsan?
– A kişi, bu dişim zəhrimar sancdığına görə bağlamışam. Yoxsa gözüm ağrımır.
Usta Əsgər:
– Dəsmalı aç, bir baxım görüm.
Molla Eyvaz:
– Vah, vah, dişim elə sancır, elə sancır ki, ürəyimin başı zoqquldayır. Ağzımı aça bilmirəm, danışa bilmirəm. Üz-gözüm də şişib, gecələr səhərəcən yata bilmirəm.
Usta:
– Zərəri yoxdu, otur, aç ağzını görüm.
Molla Eyvaz oturub dəsmalı açandan sonra ağzını aralayır. Usta Əsgər də başını əyib onun ağzına baxır. İllərdən bəri tənbəki tüstüsündən saralmış dişlərin arasında palasa bağlamış çirkli bir çürük diş görünür.
Molla Eyvaz:
– Nə qədər ağzıma sumaq tutmuşam, nə qədər təzək tüstüsü vermişəm, dincəlməmişəm. Bilmirəm bu necə dərddir məni tapdı? Allaha pənah, orucluq da gəldi çatdı. Daha heç dava-dərman eləmək olmaz.
Usta Əsgər:
– Molla dayı, gərək dişin çəkilsin!
– Sən yaxşı bilirsən, nə ərz edim, hər nə eləməlisən elə, ancaq bircə dincəlim... Allah ömür versin, Allah səni əskik eləməsin. Mən gecə-gündüz sənə duaçı varam.
Usta Əsgər:
– O nəmənədir? Mənim əlimdə su içməkdən də asandır, – deyib köhnə bir fitəyə bükülmüş karastıların içindən bir kəlbətin çıxardır. – Cərrah deyəndə çətin bir şey deyil, ancaq adət lazımdır. Əl gərək əsməsin, vəssalam!.. Odur, sırağagün Marağalıoğlu Hacı Bəydəmirin də dişi ağrıyırdı. Kişi İran sövdəgəri, çiynində kabili kürk, ayağında sağrı başmaq. Bir dəqiqədə dişini çəkdim, qurtardı getdi. A kişi, zarafat deyil, sümük sındırmışam, bunları öyrənincə qat-qat qabıq qoymuşam. Mənim əlimdən hər şey gəlir. Qol qanı almaq, məlazə çərtmək, dilaltı qanı almaq... Bunlar sənə zarafat gəlməsin, gərək biləsən ki, qeyfal qanı hansıdır, oseylim hansıdır, əkhəl hansıdır. Qaldı diş çəkmək, diş çəkmək mənim əlimdə su içməkdən də asandır. Bu saat çəkərəm. Yoxsa hər dana-doluq, cana-cuna adamın işi deyil. Elə diş var kəlbətin ilə çəkərlər, eləsi var maşın ilə çəkilir, eləsi də var ki, qarmaq ilə çəkilir. Onların yerini bilmək lazımdır.
Usta Əsgər kəlbətini ətəyinin ucuna siləndən sonra istifham halətilə ona baxıb yerə qoyur, sonra maşını götürür:
– Hə, aç ağzını, çox arala! – deyib molla Eyvaza tərəf yönəlir. – Bu saat çəkərəm qurtarar gedər. Bu üç püskəli dişdir, gərək bıçağın ucu ilə azacıq ətini aralayım, vəssalam, qurtardı getdi.
Dişin ətini kəsir.
– Hə çətini bu idi.
Molla Eyvaz:
– Nə deyim, Allah sənə kömək olsun. Nə əcəb, kişi, sən varsanmış. Yoxsa bu camaat batıb qırılardı. Allah sənə ömür versin.
Usta Əsgər:
– Bax, tərpənmə, ancaq ağzını yaxşı arala.
Kəlbətini götürüb ağzına aparır:
– Dayan, dayan, tərpənmə, bir azacıq davam elə, bu saat qurtarım. – Zor ilə dişi çəkir. – Ancaq söz burasındadır ki, azı dişdir. Özü də üç püskəli.
Gərək kötüyü sınıb içəridə qalmasın. – Çəkir.
Molla Eyvaz:
– Vay dədəm vay! Ox, ox, ox...
Usta Əsgər:
– Dayan, dayan, bu saat qurtarım, əlimə yapışma, əlimi burax.
Çəkir.
Molla Eyvaz:
– Vay, nənə vay! Vay, baba vay! A kişi çək çıxsın, daha nə uzadırsan.
Usta Əsgər:
– Sənə zarafatmı gəlir, bu cərrahlıqdır a!.. Birdən olmaz. Budur, budur az qalıb.
Molla Eyvaz ayaqlarını dizlərinə qədər qalxızıb titrədiyi halda surəti boğumtul, qara-qırmızı rəng alır, tər üzündən damcılayır, tövşüyə-tövşüyə nəfəs alır.
Usta Əsgər isə var gücü ilə qollarını tərpədib çəkməyə çalışır... Qayət əziyyətli bir dəqiqə keçəndən sonra kəlbətin şaqqıltı ilə dişi sındırıb Molla Eyvazın ağzından bayıra atılır. Molla Eyvaz dişi çəkilib qurtarmış zənn edərkən, barmağını ağzına aparır. Lakin dişinin sınmış olduğunu hiss etdikdə:
– Çəkdin? Bu sənin gördüyün iş!.. Canına dəysin.
Ağlar və istehzakaranə bir səslə:
– Allah yaman gündən saxlamasın. Elə qabiliyyətin bu imiş? Canım, bir işi bacarmırsan, daha nə üçün boynuna çəkirsən? A kişi, sən məni öldürdün ki....Gözümün qabağı qaranlıq gətirir.
Usta Əsgər:
– Sən nə üçün əlimi tutursan? – Acıqlı bir halda: – Mən çəkirəm, sən mənim dirsəyimin altından vurursan, nə bilim nə oyun çıxardırsan. Qoydun məgər bir görüm mən nə qayırıram.
Molla Eyvaz:
– Sən salmısan zırpılığına, daha ona mən nə qayırım. Bir qələti eləyə bilmirsən, daha nə boş danışırsan.
Usta Əsgər acıqlı bir halda:
– Qələt də elə, daha uzun danışma, aç ağzını görüm. Öyrənmisiniz havayı yeməyə. Bu ölü halvası deyil ki, damağını şaqqıldada-şaqqıldada yeyəsən. – Molla Eyvazı yamsılayaraq – “başarmırsan, başarmırsan”. Buyurun, indi bu mənə öyrədəcək, başından böyük danışmağına bax. Marağalı Bəydəmirin sənin ağırda əskinası var, dişini çəkdim, heç uf da demədi... Min dəfə üst-başı səninkindən təmizdir. Heç əlimə də yapışmadı. Otur, ağzını aç görüm, məni məəttəl eləmə.
Molla Eyvaz:
– A kişi, başım gicəlir, qoy bir nəfəsimi dərim a... – Oturur. – Uzun dartma, bir dəfə çək çıxsın, müxtəsər elə.
Usta Əsgər:
– İndi bu mənə öyrədəcək. Allahın lənətinə gələsən, kor şeytan ha. Aç ağzını! – Kəlbətini salır. – Bu cərrahlıqdır a... Sənə zarafat gəlirmi yoxsa? – qollarını tərpədib çəkir. – Tərpənmə, az qalıb çıxsın, kötüyü lap dərindədir. – Çəkir. – Başını tərpətmə. Hə, belə, belə. Bir azacıq dayan, ha. – Xırçıltı səsi eşidilir. – Daha indi qurtarar.
Molla Eyvaz ölü kimi hərəkətsiz oturub, gözləri bərəlib dükanın səqfinə dikilmiş, rəngi-ruyu ağarıb, üzündən tər axır.
Usta Əsgər:
– Ax, kiçik kəlbətin burada olsaydı, nə yaxşı olardı.
Bu halda kəlbətin dişi buraxıb Molla Eyvazın ağzından bayıra atılır. Molla Eyvaz nəfəsini alandan sonra tez barmağını ağzına soxub ağrıyan dişinin əvəzində başqa bir dişinin çəkilib laxlamağını görərkən:
– Tfu! Boynunu Allah sındırsın! Canım, sən meşədən tutulmamışsan, ayı deyilsən ki... Ağrıyan dişi qoyub başqasını nə üçün çəkib laxladırsan? Allah kəssin qabiliyyətini!
Usta Əsgər:
– Ağzıbaşına danışma, yekəbaş! Bunun sir-sifətinə bax, başından böyük danışmağına bax! Marağalı oğlu Hacı Bəydəmir böyük tacir, neçə illər İranda olmuş, ağıllı adam, Hacı kişi, kabili kürkü yüz manata dəyər, o bir kəlmə artıq-əskik danışmadı... Amma bu məni gör necə danlayır.
Molla Eyvaz səkinin üstünə qoyduğu xurcunu götürüb, əlini üzünə qoyduğu halda mırıldaya-mırıldaya qapıdan çıxıb getdi.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-cerrahliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Başqa şairlərin şeirləri
Ərş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Yetdin yetənə, yetməyənə bir təpik atdınYetdin yetənə, yetməyənə bir təpik atdın,Vicdanını, imanını bircə pula satdın,
Əfqanın cavabıBizdən salam olsun, o Mirzə canaDastan tək olmağın mənası necə?