İkinci hissə, 4. Komandir
“Kaş” söylədim söyləməyinə, lakin biz istəyən olmadı. Arxasından qara tüstü verən “UAZ” nərildəyə-nərildəyə dağı o üzə aşdı. Maşının belə əziyyətlə hərəkət etməsi düşmənin zəifliyinin əlaməti kimi içimdə rahatlıq yaratdı.
Biz geniş dərə boyu iki saata yaxın müşahidə aparıb meşənin ortasında qərar tutmuş yoldaşların yanına qayıtdıq. Axşamacan dincəldik, qaranlıq düşəndə hərəkətə başladıq. Gecə “UAZ”-ın dırmaşdığı dağı aşıb Yanşaq tərəfə sallandıq. Sərt uçurumla irəliləyib çəmənliyə çıxdıq. Qaranlıq hələ çəkilmədiyinə görə çəmənliyi birlikdə adladıq. Yanşağın yaxınlığındakı meşədə yerləşib səhərin açılmasını gözlədik.
Səhər ağır-ağır açılırdı. Yanşaq tərəfdən gələn duman azca çisəkləyib çılpaq yamaclara süründü. Dağılmış evlər bir-bir çiskinin altından çıxmağa başladı. Durbinlə baxanda dünənki “UAZ”-ı salamat evlərin birinin həyətində gördüm. Evin yan-yörəsində əsgərlər vardı. Bu, bir, uzağı iki bölüyün əsgəri idi. Ətrafda heç bir yeni tikinti gözə dəymirdi. Lakin kənddən yuxarı yastanaya yol çəkilmişdi. Çox güman, buranı yeni hərbi hissə üçün nəzərdə tutmuşdular.
İki əsgər əlində kanistr meşəyə tərəf gəldi. Demək, yaxınlığımızda bulaq vardı. Əslində, kəşfiyyat xəritəsində bulaq mütləq göstərilməlidir. Bizim hərbi hissədə Yanşaq kəndini yaxşı tanıyan nə qədər kəlbəcərli var, soruşmaq olmazdımı? Biz buralarda bulaq olduğunu bilsək, bəlkə tamam başqa cür hərəkət edərdik.
Əsgərlər əlli addımlığımızacan gəlib xəndəyin altına düşdülər. Yəqin, bulaq balaca idi, suyu az olduğundan çəmənliyə səpələnib itirdi, yoxsa asanlıqla görərdik.
Əsgərlər xəndəyin altında xeyli yubandılar. Qırğı mənə əliylə “Bəlkə, gedib qulaqlayaq?” söylədi. Olmaz işarəsi verdim. Açıq sahəyə çıxsaq, kənddən bizi görərdilər. Köhnə-kürüş forma geyinmiş çəlimsiz əsgərlər üstü kirli, saralmış su qablarının altında güclə yeriyirdilər. Qırğı təkbaşına onların ikisini də qoltuğuna vurub Öməri o üzə aşardı. Əsgərlərə baxdıqca “dil” gətirmək eşqi mənə də sirayət etdi. Gəlmişkən, əliboş qayıtmayaq barı.
Kəndin girəcəyindəki yolayrıcına çatanda əsgərlərin biri sola dönüb dərə yoxuşa çıxdı. Onu rahat izləmək üçün yerimi dəyişdim. Əsgər irəliləyib kəndin yuxarısından bir də sola, biz olan meşənin baş tərəfinə qayıtdı. “Qırğının cücəsi gəlir” deyə düşünüb altdan yuxarı bir az da qalxdım. Əsgərin getdiyi səmtdə, meşənin başındakı talada balaca bir çadır vardı. Əsgər ora yaxınlaşıb içəri keçdi. İçəridən üç nəfərlə bayıra çıxıb siqaret çəkdilər. Zarafatlaşdılar. Zabit geyimində olan yekəpər su gətirən əsgəri bir neçə dəfə xüsusi fəndlə yerə yıxdı. Sonra fəndləri yanındakılara göstərdi. “Bunu aparmaq çətin olacaq” dedim öz-özümə. Və Allaha yalvardım ki, gecə çadırı tərk edib kəndə gəlməsinlər. Elə də oldu. Su aparan əsgər qayıtdı, zabit və iki əsgər çadıra keçdi.
Qırğıya heç nə demədim. Onu xüsusi tapşırıqla uşaqların yanına göndərdim; növbəylə yatıb dincəlsinlər, yemək yesinlər...
Bir saatdan sonra Qırğı yanıma gəldi. Axşam şər qarışana qədər Yanşağın ətrafını müşahidə etdik, gəlibgedən maşınları, adamların sayını, salamat evlərin yerini xəritədə qeyd elədik, axşam konsert olacaqdı.
Çöldə hərlənən əsgəri Qırğı tutdu, cınqırını da çıxarmağa imkan vermədi. Sürüyüb çadırın yanındakı daşın arxasında “ştık-noj”la susdurdu. İkimiz çadıra girdik, Qırğı sağdakının, mən soldakının üstünə atıldıq. Təsadüfən əsgər mənə, zabit Qırğıya düşmüşdü. Əsgərin boğazından elə tutdum ki, səs çıxara bilmədi. Zabit müqavimət göstərirdi. O, Qırğını öldürmək, Qırğısa onu sağ tutmaq istəyirdi. Gördüm alınmayacaq, “öldür” dedim. Qırğı sözümə bənd imiş kimi avtomatın qundağı ilə başına möhkəm bir zərbə vurub cəld də ağzını tutdu. Can vermirdi. Əsgəri sürüyə-sürüyə Qırğının əlindən partlayıb çıxmaq istəyən pəzəvəngə yaxınlaşdım. Qırğı səs çıxarmaması üçün onun ağzını tutduğuna görə rahat vuruşa bilmirdi. “Ştık-noj”u zabitin sol qoltuğundan vurdum, sümüklərinin xırçıltısı eşidildi. Bir dəfə burub çıxarmamış ölmüşdü.
Əsgəri alıb sürətlə uzaqlaşdıq. Bir sutkada keçdiyimiz yolu bir gecəyə qayıtmışdıq. Səhəri təmas xəttindəki axırıncı qayalıqda qarşıladıq. Orada gizlənib hərəkət etmək üçün gecənin düşməsini gözlədik.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ikinci-hisse-4-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevinc təkidlə məni ordudan aralamaq istəyirdi. Deyirdi, o qədər əziyyət çəkdin, bəs edər. Arada onu eşidib təqaüdə çıxmaq barədə düşünürdüm. Amma...Uzaqdan Yeddixırman dağını görürdüm və geriyə addım atmağı bacarmırdım.
Dördüncü hissə, 47. SevincÇox təkiddən sonra onu bir həftəlik Toğanaya dincəlməyə apara bildim. Dedim, bəlkə o dağları, meşələri görər, eyni açılar. Olmadı. Əhvalı daha da pisləşdi. Heç kimlə danışmır, dərdini-ağrısını içində çəkir, fikirxəyaldan ayrılmırdı. Mən də bir yandan düşmüşdüm üstünə, ordudan ayrılmasını istəyirdim.Üç gün keçməmiş Toğanadan geri qayıtdıq. Anam da yanımızdaydı. Goranboy yolunda ağır qəzaya düşdük. Anamın qolu qırıldı, sürücünün diz qapağı dağıldı, Nihadın ayağını şüşə kəsdi. Nihadı bir az əvvəl qapı tərəfdən götürüb aramıza qoymuşdum, yoxsa o qəzadan sağ çıxmazdı.
Dördüncü hissə, 48. KomandirGümüşü işıq hardaydı, görəsən? Qarabağdan uzaqlarda da gözümə görünərdimi? Bəlkə, imkan tapıb başından şəlalə kimi ağ işıq tökülən o dağın yanın, o dağın altındakı məzarın ağuşuna qaçaydım? Bəlkə, Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişini axtaraydım? Axı niyə bu işıq hər şeydən qabaq anamın tikanlı əllərini yadıma salırdı? Bunun nə mənası vardı? Niyə o tikanların ağrısını indi öz ürəyimdə hiss edirdim?İnsanın yaddaşı qəribədir. Hansısa şeirdə xatirələrin qəfil yada düşməsini radio dalğasına bənzətmişdilər. Doğrudan da, bəzən elə şeyləri xatırlayırsan ki, bunu yalnız istəmədən eşitdiyin hansısa səsə, musiqiyə bənzədərsən. Mən indi məchul nöqtəyə ünvanladığım bu sualların cavabını da belə qəfil, gözlənilmədən, tamam ayrı şeylər düşünərkən tapdım. 8 Mart ərəfəsi idi. Sinifdəki oğlanlar qızlara hədiyyə almaq üçün 10 manatdan pul yığırdılar. Mən heç vaxt atamdan pul istəməyə ürək eləməzdim, anamda isə pul olmurdu. Fikirli dolanır, nə edəcəyimi bilmirdim. Anam məni çağırdı, mehribanlıqla qucaqlayıb alnımdan öpdü, dedi, niyə bikefsən? Danışmaq istəmədim. Çox təkid etdi. Axırda hər şeyi açıb dedim. Güldü. Dedi, heç pula görə də adam kefini pozar? Qalxdı, düyünçələrini eşələyib bir qırmızı onluq gətirdi. Götürməyə çəkindim, dedim, atam bilər, səninlə dalaşar. Dedi, narahat olma, bu, mənim öz pulumdur, həyətdəki böyürtkənləri yığıb satmışam. Pulu sevincək aldım və qaçdım. Ömrüm boyu heç vaxt o qədər xoşbəxt olmamışdım. Həyat nədir? Ömrün içinə səpələnən xoşbəxt anlar. Deyirlər, yüz yaşlı bir kişi tənbəllik eləmədən xoşbəxt olduğu anların hesabını aparır və bu qədər ömrün içindən bir-iki saat çıxara bilir.
Dördüncü hissə, 49. SevincOnu son dəfə Novruz bayramından iki gün sonra gördüm. Yenə qoltuğunda möhürlü qovluq evə gəlmişdi. Bu dəfə cəsarətimi toplayıb nə olduğunu soruşdum, mənə necə çəp-çəp baxdısa, kiridim.Bayramın səhəri günü işə tələsirdi, di gəl, maşını həyətdən çıxara bilmədi. Qarşısını kəsən “Niva” kimin idi? Hansı mərtəbədə qalırdı? Onu necə tapaydıq? Bayram gecəsinin səhəriydi, hamı yatmışdı, Allah bilir nə vaxt oyanacaqdılar. Hirsindən maşının təkərini təpikləyir, mən də eyvandan baxıb gülürdüm. Zəng vurub mənə acıqlandı, dedi, Aqşini aşağı göndər. Aqşin getdi, o da bacarmadı. Bu dəfə mən zəng vurdum ona, dedim, sizinki baba-turp məsələsidir, istəyirsən, Nihadla mən də gələk. Dinmədi. Velosiped sürməyə çıxan gənc məhəllə uşaqlarından biri dadına çatdı, maşını çıxarıb ona verdi.