Üçüncü hissə, 11. Gizir Səfərov
Komandirin sualını eşidəndə necə ürəkdən güldümsə, hamı diksindi. Yəqin, başa düşdülər ki, qorxan adam düşmən ölkənin ortasında belə ucadan gülməz. Cibimdəki pres kəndirlərini və əski qırıqlarını çıxarıb Qırğıya verdim, dedim, istəyir dünyanın ən güclü adamı olsun, ortasından yapışıb saxlayacam, sən əllərini bağlayıb, əsgiləri ağzına tıxayarsan. Vəssalam! Burda çətin nə var?!
Maşına ehtiyatla yanaşmalıydıq. Kabinədəki polis, yaxud hərbçi ola bilərdi. Bəzən belə yerlərə mühafizəçi ayırırdılar. Maşında silahlı şəxs olsa, yəqin, gün ərzində komandirin gözündən yayınmazdı. Biz toyuq fermasının yıxıq tikililərində istidən tıncıxdığımız vaxt onlar təpənin başında nə edirdilər? Aşıqdan-qarmondan danışası deyildilər ha!
Kombayn nəriltiylə dönüb sahənin o başına gedəndə özümü sol tərəfdən “Qaz 53”-ə yetirdim. Çata-çatda nə illah elədim, rusca “qapını aç” sözü yadıma düşmədi. Az qala qayıdıb komandirdən soruşacaqdım, dedim, birdən elə bilər, qorxumdan qayıdıram. Həyəcandan dimdikli papaq qoymuş adam mənə saqqallı göründü. Əlimi tutacağa atan kimi cəld hərəkətlə qapıların ikisini də bağladı. Avtomatın qundağını iki-üç dəfə şüşəyə çırpıb qışqıran vaxt söz qəfil yadıma düşdü:
“Atkroy akno!!!”
İkinci dəfə düzəliş verdim:
“Atkroy dver!!!”
Hər dəfə qundaq sürüşür, şüşə qırılmırdı. Qırğı otərəfki şüşəni qırdı. Dimdikli papaq qoyan kim idisə, mən tərəfdən qapını açıb özünü çölə atdı, ona yaxşı bir şillə ilişdirdim. Yerə yıxılanda uşaq olduğunu gördüm. Əllərini qaldırıb inildədi. Ağzından-burnundan qan açılmışdı. Özünə gələr-gəlməz bir də qışqırıb qaçmaq istədi. Buna görə ikinci şilləni yedi və sakitləşdi. Qırğı uşağın əllərini bağladı, ağzına əsgi tıxadı. Əsgi balaca olduğu üçün uşaq diliylə çıxartdı. Bir də, bir də. Alınmadı. Maykamı cırıb onun ağzını boynunun dalından bərk-bərk bağladım. Artıq komandir də bir neçə əsgərlə yanımızdaydı. Uşağı Ağsaqqala verib dedi:
“İki əsgərlə götür! Dərə yenişə Əyri yamaca tərəf! Bizi gözləmə! Özümüz gəlib sənə çatacağıq!”
Ağsaqqal uşağı ley kimi götürüb qaranlıqda itdi. Biz də getməyə hazırlaşırdıq ki, komandirin növbəti əmrini eşitdik:
“Kombaynı da götürün!” - çaşqınlığımızı görüb əlavə etdi - “Əsas ordakı gursaçlıdır! Kabinədə iki nəfərdilər. Silahları yoxdur. Amma hər ehtimala qarşı ehtiyatlı olun! Mən də burdayam. İrəli!”
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ucuncu-hisse-11-gizir-seferov
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Düz iyirmi il əvvəl yanında meyit, biz olan maşına əl eləyən sarıyanız, göygöz oğlanı Ağdamda “kambriq” kimi qarşılayırdım. Bir-birimizi qiyabi tanıyırdıq. Mən də buraların adlı-sanlı kəşfiyyatçısı idim.“Demək, məşhur Xanı sənsən!” - ilk sözü bu oldu, əlimi sıxdı.
Dördüncü hissə, 36. KomandirQərargahımız Xındırıstanda yerləşirdi. Kənddə ev tutmuşdum, ailəmlə qalırdım. Evimizin bir sakini də artmışdı: Nihad! Aqşindən fərqli olaraq, o, mənim kimi sarıyanız idi.Dərslər başlananda Sevinc uşaqları götürüb şəhərə gedirdi. Tətillərdə, istirahət günlərində Zabilin maşınıyla gəlirdilər. Zabil arada mənə sataşmaq istəyirdi:
Dördüncü hissə, 37. SevincZarafat etməyinə edirdim, amma üzü dönəndə, nəfəs çəkməyə qorxurdum. Qorxmaqdan çox çəkinirdim. Sifətində bir ifadə vardı, o, peyda oldusa, üzünü görmə. Hər dəfə o əhvalda evə gələndə Aqşin pıçıldayırdı: “Kazarma rejimi başladı!”Nihad özünü şirin satırdı. Onu lap çox istəyirdi. Baxırdı, deyirdi, Sevinc, balaca mənə oxşayıb, rahat uşaqdı, amma bu böyük var ha, səni incidəcək. Bəlkə də incidir, demirsən.
Dördüncü hissə, 38. Komandirİyirmi il sonra ilk dəfə səhər işə, axşam evə gəlmək səadəti mənə nəsib olmuşdu. Həyatımın qaydaya düşməsinə sevinirdim. Ən çox da ailəmə görə. Amma uzun çəkmədi.