Günorta dərsdən qaldığımız yataqxanaya qayıdırdım. Yağışlı bir payız günüydü. Binaların arasındakı ağaclar saralmış yarpaqlarını sağa-sola səpələmişdi. Yağışda islanan yarpaqların qoxusu Fərrux meşəsini yadıma salırdı. Xəyalım bu vaxtlar cır armud qoxusuyla adamı bihuş edən Fərrux meşəsindən Yeddixırmana keçdi, dağın zirvəsindəki vışkanın başına dolanıb Çulluya endi. Qohumların kəndin çıxacağına toplaşıb anamı gətirən maşını gözləməsini xatırladım. Ağlayan qadınların sifəti gözlərimin önündə canlandı. Dəsmalının ucunu ağzına tutan yaşlı qadının qoz ləpəsinə bənzəyən yanaqları elə hey titrəyirdi. Kolanı dərəsi, Xaçın çayının soyuqluğu, təngnəfəs qaçdığım üzümlük, atamın qaralmış sifəti... Çoxdandır oraları belə xatırlamırdım. Məhəlləmizə sirli bir Qarabağ havası dolmuşdu.

Payızın zəhmindən saralıb-solan ağacların altında bir hərbçi dayanmışdı. Əvvəl ona fikir vermədim. Buralarda kamuflyajlı adam görmək adi hal idi. Ancaq nədənsə bu, mənə çox doğma gəldi. Diqqətlə baxanda tanıdım və özümü saxlaya bilməyib qışqırdım.

Çantam əlimdən yerə düşmüşdü. Həm sevinirdim, həm ağlayırdım. Payız ağacları məhvərindən oynadan kimi, o da məni özümdən çıxarmışdı. Qaçıb boynuna sarıldım. Ondan vətən qoxusu gəlirdi. Özüylə birlikdə bütün Kolanı dərəsini Sumqayıta gətirmişdi.

Qolunu boynuma salıb yerə dağılan kitabların yanına getdi, əyilib bir-bir yerdən yığdı. Mən də kömək elədim. Kitabları yerdən götürə-götürə gözümü ondan çəkmirdim. Bəzən kitab-dəftər yerinə asfalta əl atırdım. Həyəcanlı olduğumu görüb soruşdu:

“Göstər görüm harda qalırıq, buraları tamam unutmuşam.”

Əlimlə biz olan binanı göstərdim və dedim:

“Sən yavaş-yavaş gəl, mən qaçım atamla bibimi muştuluqlayım!” - evə tərəf qaçdım.

Bütün yataqxana onu qarşılamağa çıxdı. Kişilər ayaqqabılarını geyinə-geyinə, arvadlar yaylığını bağlaya-bağlaya, uşaqlar ayaqyalın həyətə yüyürür, gənc qızlar və gəlinlər pəncərələrin pərdəsini azca aralayıb baxırdılar. Atam qollarını açaraq axsaya-axsaya və ağlaya-ağlaya ona tərəf qaçdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 22. Komandir

Axırıncı dəfə məzuniyyətə nə vaxt getdiyimi xatırlamıram. Deyəsən, məktəbdən göndəriş alanda atamgilə dəydiyim idi. Ondan bəri getməmişdim. Əməliyyatdan qayıdan kimi avqustun maaşını aldım. Pulum varkən üç günlük məzuniyyət götürüb Sumqayıta yola düşdüm. Uşaqlara da növbəylə məzuniyyət veriləcəkdi. Əvvəl Gizir Səfərov, dalınca Çavuş Əsədov bir sıravi əsgərlə gedəcəkdilər. Qalanlarını da növbəylə göndərəcəkdim.Bölükdə işlərim getdikcə çoxalırdı. İşdən iş çıxırdı. Murova xidmətə gələn gündən yığcam bir hamam quraşdırmaq arzusundaydım. Bit-birə əsgərləri basıb yeyirdi. Mənim kimi ailəli olmayan, əsgərlərin içində qalan zabitlər də onlardan seçilmirdi. Dərimiz qaysaq bağlamışdı. Bəzən aylarla bədənimizə su dəymirdi. Əlbəttə, mən zabit idim, istəsəm, çimməyə imkan tapardım, bəs əsgərlər? “Yol evi”ndəki kazarmada qışın ən sərt şaxtasında da bit-birə olurdu. Taxtabiti uşaqları yeyib-bitirir, gecələr yatmağa qoymurdu. Qışın şaxtasında çöldə təpik döyürdülər. Hamısının bədənində qırmızı şırımlar açılmışdı. İçəridə his verən solyarka yandırırdılar deyə sifətləri qapqara qaralmışdı. Kazarmaya girəndə elə bilirdin zəncilərin arasındasan. Görüşə gələn valideynlər səsi çıxmamış uşaqlarını tanımırdılar.

20181 dəq
Üçüncü hissə, 24. Komandir

Atamın ağlaya-ağlaya çıxması məni də qəhərləndirdi. O, təkcə mənim gəlişimə sevindiyi üçün ağlamırdı. Bu göz yaşlarının içində çox şey vardı. Çox şey! Qaçıb onu qucaqlamaq, Yeddixırmanın qaşında gördüyüm, sonra Murovda - Ömər aşırımında və Yeddiqardaşda qarşıma çıxıb məni ən doğma insanlara, doğma torpaqlara bağlayan gümüşü işıqdan danışmaq istədim. Ancaq yaşadıqlarımı anlada bilməyəcəyimdən qorxdum. Bu, elə bir duyğu idi ki, haqqında yalnız susmaq olurdu.Atamı bağrıma basdım. Onun doğma qoxusu məni uşaqlığımın ən xoşbəxt anlarına apardı. Onda hər şeyimiz vardı. Bizi xoşbəxt edən heç nəyi əlimizdən almamışdılar. Atamı da heç vaxt ağlayan görməmişdim.

20181 dəq
Üçüncü hissə, 25. Zabil

Həmişə fikir vermişəm, görüşün ilk dəqiqələri çox həyəcanlı olur. Bu həyəcan, uzağı, beş dəqiqə çəkir. Sonra hamı sakitləşir və adam kimi söhbət etməyə başlayır. Mən qardaşımla oturub şirin-şirin söhbət eləməkdən ötrü bu həyəcanlı anların tez bitməsini istəyirdim. Amma bitmirdi. Yaxın-uzaqda yaşayan qohumlar onun gəldiyindən xəbər tutub özlərini yetirirdilər. Gələn-gələn özünü saxlaya bilməyib ağlayırdı. Əllərinə fürsət düşmüşdü. Qardaşımın belə qəfil gəlişiylə kəndimizlə anam təkrar yada düşmüşdü. Mən onda anladım ki, nə qədər torpağımız işğaldadır, heç bir dərdimizi unuda bilməyəcəyik. Hər dəfə bir bəhanə ilə faciəmiz təzədən başlayacaq, biz onu ilk dəfə yaşayırmış kimi təzədən ağlaşacağıq.Axırda atam özü təpindi qohumlara, uşağın üstünə ağlaşmayın dedi. Uşaq e! Məni gülmək tutdu. Yaxınlaşıb astaca qoluna toxundum:

20182 dəq
Üçüncü hissə, 26. Komandir

Doğmalarla söhbət eləmək həmişə mənə çətin gəlib. Bilmirəm hansı sözü seçəm, necə işlədəm. Mən doğmalara sevgisini ifadə edə bilməyən adamlardanam. Uca hislərin qarşısında susuram. Hərbi xidmətlə bağlı verilən suallarda da belədir. Cavab tapa bilmirəm. Ömür boyu əsgərlik xatirələrini danışan, hələ üstəlik bəzəyibdüzəyən adamlara həsəd aparmışam. Mənə qalsa, sevgidi, dostluqdu, kişilikdi - bunlar haqda danışmaq ayıbdı. Etməli olduğun işi niyə danışasan? Heç ağac deyir ki, baxın, necə meyvə gətirmişəm? Günəş deyir ki, sizə təmənnasız isti bəxş edirəm?İndi atamın qarşısında da belə tərk-silah olmuşam. Nə deyim, nə danışım? Hamısını özü bilir. Vaxtımın az olmasını da, bir az səhlənkarlığımı da, əslində, gəlmək və görmək istədiyimi də. Məndən olsa, doğmalarla üz-üzə oturub saatlarla bir-birimizə baxarıq. Mənim üçün bunun əvəzi yoxdur. Doğmalar həm də ona görə doğmadır ki, onlarla bu cür rahat ola bilirsən.

20181 dəq

Başqa şairlərin şeirləri