Adanla Qaranın döyüş söylənci
Adan şaha dedilər ki, oturma,
Yurd alınır, yürüşdədir qonşu şah,
Toplumunu yaraqlandır, yola sal,
Yurd alınır, yürüşdədir qonşu şah.
Toplum gəlir, axınının yox sonu,
Kişnəyərək bağırmağı var onun,
Bağırtıdan yer titrəyir, qan donur,
Yurd alınır, yürüşdədir qonşu şah.
Göy ağlayır Adanşahın gününə,
Alıb geyib dəmir geyim əyninə,
Çıxdı özü acıqanın önünə,
Yurd alınır, yürüşdədir qonşu şah.
Üz-üzədir, iki toplum, iki şah,
Qılıncların parıltısı buludda.
Nəriltilər, bağırtılar, söyüşlər,
Qılıncların parıltısı buludda.
Qara şahın boşa getmir vurduğu,
Adan şahın sıra-sıra yardığı,
Döyüşlərin at yortaraq yorduğu,
Qılıncların parıltısı buludda.
Qara şahın qorxunc, domba gözləri,
Söyüşlərlə vurğulanan sözləri,
Yerə sərir on-on gələn yüzləri,
Qılıncların parıltısı buludda.
– Dayan qancıl, əliqanlı yırtıcı,
Ovuclayıb al qanından içərəm.
Sən ki, qandan soyğunluqdan doymadın,
Ovuclayıb al qanından içərəm.
Çox da haray-həşir salıb banlama,
Çox ağırdır son gününü anlamaq,
Sonun gəlib, onu-bunu yanlama,
Ovuclayıb al qanından içərəm.
Adan, boş-boş danışırsan, al, gəldi,
Güc bundadır, baxaq görək kim öldü,
Bu qılıncla ölümünü nə bildin,
Ovuclayıb al qanından içərəm.
Bir o vurdu, bir bu vurdu topbuzu,
Qalxanların döşü batdı döyüşdə.
Qılıncları oynatdılar, vurdular,
Qalxanların döşü batdı döyüşdə.
Dəmir geyim qopuq-qopuq töküldü,
Qayışlarda tunc yapmalar söküldü,
Oxlar döşdə ağac kimi əkildi,
Qalxanların döşü batdı döyüşdə.
Od qalayıb ocaq çatdı baxanlar,
Döyüşlərdən sağlam, bütöv çıxanlar,
Yumruq ilə Acıqanı yıxanlar,
Qalxanların döşü batdı döyüşdə.
Son topbuzla atı aşdı Adanın,
Yaraqlılar dağılışdı dörd yana.
Birdən biri atla girdi araya,
Yaraqlılar dağılışdı dörd yana.
– Qancıl Qara, mən Adanın oğluyam,
Sənin kimi qancıllardan dağlıyam,
Bu ölkəyə oğul kimi bağlıyam,
Yaraqlılar dağılışdı dörd yana.
Başda mənlə vuruşaydın sən gərək,
İndi mənim qabağımda dur, görək,
Doğrayaram səni bunca ay köpək,
Yaraqlılar dağılışdı dörd yana.
Bir qılıncla düşdü qolu Qaranın,
Üzü bağlı bu yaraqlı kim ola?
At altından sıçramışdı Qaranın
Üzü bağlı bu yaraqlı kim ola?
Bir də vurdu, sağ çiyni də qırıldı,
Bir də vurdu, baş ortadan yarıldı.
Yerə yatıb ilan kimi qıvrıldı,
Üzü bağlı bu yaraqlı kim ola?
Qaçanların arxasınca toz qopur,
Özgə yerə göz tikənin sonu bu,
Tanrım, qoyma qan tökülə, qanı yu,
Üzü bağlı bu yaraqlı kim ola?
– Üzü bağlı iyid kimsən, söylə bir,
Kaş ki mənim səntək oğlum olaydı.
Acıqanı üç qılıncla yox etdin,
Kaş ki mənim səntək oğlum olaydı.
Tanrı mənə bircə oğul vermədi,
Hər şey gördüm, ancaq oğul görmədim,
Yaxınlarım bu döyüşə girmədi,
Kaşki ənim səntək oğlum olaydı.
Üzünü aç, elin iyid qorxmazı,
Baş önərlik düşür sənə ən azı,
Sənin olsun, oğul, olar-olmazım,
Kaşki mənim səntək oğlum olaydı.
Açdı Adan bu iyidin üzünü,
Bu Qızbaxdır iyid kimi vuruşan.
Vurulmuşdu ona, bir də vuruldu
Bu Qızbaxdı iyid kimi vuruşan.
Yaraqlılar takım-takım gəldilər,
Onun Qızbax olduğunu bildilər.
Toy çaldılar, ağladılar, güldülər,
Bu Qızbaxdı, iyid kimi vuruşan.
Adan onu qucaqladı, aqladı,
Qız belinə qılıncını bağladı,
Qız adını öyüb uca saxladı,
Bu Qızbaxdı, iyid kimi vuruşan.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-adanla-qaranin-doyus-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Parsdiyarın səsləncləri gurladı,Döyüşlərdə söz üstündür, güc üstün?
Haçasaqqalla döyüş söylənci– Tunq, mən Tusam, haçasaqqal Tusərəm,“Mənəm” mənəm deyən öndə durur özündən.
Başev söylənciBaşev yedi, içdi, kefdən hallandı,Qarışdırma quşla quzu ətini.
Duzdağda döyüş söylənciDuzdağyerin səsləncləri gurladı,Rəqsdən sümük, səsləncdən qan oynayar.