Parsdiyarın səsləncləri gurladı,
Döyüşlərdə söz üstündür, güc üstün?
Iran ola gərək bütün Darvidel,
Döyüşlərdə söz üstündür, güc üstün?

Tusər gizli düşünmüşdü bu toyu,
Turan üçün qazılmışdı bu quyu,
Tunq yardıma gələcəkdi çay boyu,
Bir də üzə çıxacaqdı bu oyun,
Oxu atıb gizlətmişdi o yayı,
Döyüşlərdə söz üstündür, güc üstün?

Darvidelli ayrılmışdı Turandan,
Istəyirdi üzülüşsün İrandan,
Heç bilmirdi tutsun kimdən, hayandan,
Döyüşlərdə söz üstündür, güc üstün?

Qocalmışdı Balaşq, həm də Qaratel,
El-elatdan ayrılırdı ilbəil,
Diyarlaşıb yurdlaşırdı hər biri,
Döyüşlərdə söz üstündür, güc üstün?

Turan böyük, Turanlılar dipdiri,
Baş girdənə, köküs enli, göz iri,
Türkün, mağın, farsın, sakın ilk yeri,
Döyüşlərdə söz üstündür, güc üstün?
Çini, Hindi, Misri keç, gəl dayan, dur,
Yerdə qalan nə vardırsa Turandır,
Kim desə ki mən də varam, yalandır,
Döyüşlərdə söz üstündür, güc üstün?

Darvidelə Tunq qardaşlıq adına,
Qurdər şahı yola saldı yardıma,
Dedi: – Min, get mənim Çilçil atıma,
Toplum götür, çox güc vermə artıma,
Sayı çatsın on iki min yarıma,
Döyüşlərdə söz üstündür, güc üstün?


Qız toplumu öncə çıxdı meydana,
Öncə qız yox, oğlan qızdan utanır.
Dedilər ki, biz bağlıyıq Turana,
Öncə qız yox, oğlan qızdan utanır.

Bu, Tusərə alçaqlama gətirdi,
Sanki, birdən o özünü itirdi,
Uruyerdən Qurdər özün yetirdi,
Öncə qız yox, oğlan qızdan utanır.

Qaş-qabaqlı çıxdı Tusər meydana,
Dedi: – Qızlar, bu təhqirdir İrana,
Mən qızlara bu yürüşdə qurbanam,
Öncə qız yox, oğlan qızdan utanır.

Sanna dedi: – Qarateləm, vuruşqan,
Bizim qızlar döyüşgəndir, alışqan,
De, sən kimsən, sən nəçisən, ay oğlan,
Öncə qız yox, oğlan qızdan utanır.

Yarımüztut beş yüz, başda dəbilqə,
Içlərində topal, çolaq, ələngə,
Az danışan, çox düşünən, deyingən,
Öncə qız yox, oğlan qızdan utanır.

Iki qırış düyünləndi alnında,
Parlaq qılınc sıyrılandan qınından,
Tusər gördü gözəl qızı yaxından,
Öncə qız yox, oğlan qızdan utanır.

Sanna vurdu, gözləmədi Tusəri,
Iti idi qılıncının kəsəri,
Daha iti qadın ərki, təpəri,
Öncə qız yox, oğlan qızdan utanır.

Çıxdı önə pota, gödək, Pişikgöz,
Dedi: – Ay qız bir az gözlə, bir az döz,
Bu meydanda sən maralsan, mən öküz,
Öncə qız yox, oğlan qızdan utanır.

Qızlar güldü, ancaq hücum çəkdilər,
Pişikgözü alıb, yırtıb, sökdülər,
Yarıb keçib toplumu, qan tökdülər,
Öncə qız yox, oğlan qızdan utanır.

– Mən Tusərəm, gözləyirəm Tunqəri,
Qurdər, kimi gözləyirsən, çıx bəri,
Qabağıma çıxan ərlər gəbərib,
Öncə qız yox, oğlan qızdan utanır.

– Sanıb uşaq oyuncağı Tunq səni,
Sənə qarşı göndəribdir o məni,
Qatlayaram, büküb iri gövdəni,
Diz çökdürrəm sənin kimi ərəni,
Öncə qız yox, oğlan qızdan utanır.

Qurdər çapdı atı Tusər üstünə,
Tusər çıxdı qıvraq onun qəsdinə,
Vurdu onu, sındı ağız, alt çənə,
Qurdər döndü özü vecsiz gödənə,
Öncə qız yox, oğlan qızdan utanır.

Qurdər: – Gəl, güləşək, ağrıların azalsın,
Kim güc gəlsə, o burada şah olsun,
Basılana burda sonev qazılsın,
Öncə qız yox, oğlan qızdan utanır.

Sanna dedi: – Darvidelin şahı var,
Şah olmağı Darvidelli bacarar,
Məni basan ancaq burda şah olar,
Öncə qız yox, oğlan qızdan utanır.

Bunu deyib Sanna vurdu qılıncı,
Tusər aşdı, yaralandı sağ qıçı,
Söz ağzında qaldı onun yarımçıq,
Öncə qız yox, oğlan qızdan utanır.

Qurdər vurdu yıxılanı bizucla,
Silkələnib Tusər qalxdı qılıncla,
Buynuzlaşdı iki keçi bir qoçla,
Öncə qız yox, oğlan qızdan utanır.

Qılıncların vıyıltısı, işığı,
Qalxanların gumbultusu-yırtığı,
Ərənlərin coşub, daşan acığı,
Ölənlərin daşdan, qumdan yastığı,
Düşündürdü bir az Tusər yazığı,
Öncə qız yox, oğlan qızdan utanır.

Dedi: – Qurdər, gəl, güləşək, yaxın dur,
Tunq gələnə yaxşı vuruş, bax, budur,
Nəyə gərək qırhaqırla, vurhavur,
Öncə qız yox, oğlan qızdan utanır.

Batdı bizuc Qurdər şahın çiyninə,
O çırpıldı bir qayanın tininə,
Çabaladı uzununa, eninə,
Öncə qız yox, oğlan qızdan utanır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri