Ağ ayı söylənci
Buz yarğandan eşidildi
Ağ ayının nəriltisi.
El-obaya qorxu saldı,
Ağ ayının nəriltisi.
Kimi tutdu, yerə vurdu,
Hər bir şeyi yaxdı, qırdı,
Sökdü, tökdü, yolub, yardı,
Ağ ayının nəriltisi.
Şaman qaldı ayaq altda,
Hamı qaçdı el-elatdan,
Bağır yardı çathaçatda
Ağ ayının nəriltisi.
Gücər kəsdi qabağını,
Vurub qırdı ayağını,
Tutdu dəniz oylağını
Ağ ayının nəriltisi.
Ölüm ilə üz-üzəydi
Qan-qan deyən iki ərən.
Süpürləşib didişirdi,
Qan-qan deyən iki ərən.
Hay-harayda itmişdilər,
Bir-birini didmişdilər,
Çox uzağa getmişdilər,
Qan-qan deyən iki ərən.
Hər yer qanla allanmışdı,
Toz-torpağa bulanmışdı,
Suya, quma quylanmışdı,
Qan-qan deyən iki ərən.
Gün batanda bitdi döyüş,
Ayı düşüb qaldı yerdə.
Bel sümüyü xırçıldadı.
Ayı düşüb qaldı yerdə.
Gücər onu yallayanda,
Son evinə yollayanda,
Alıb yana tollayanda
Ayı düşüb qaldı yerdə.
Son bağırtı, son yalvarış,
Sürün-sürün, qarış-qarış,
Gətirmədi dözüm, duruş
Ayı düşüb qaldı yerdə.
Tanrı bundan acıqlandı,
Çovğun tutdu el-obanı.
Meşə yandı, dəniz daşdı,
Çovğun tutdu el-obanı.
Çaylar şişdi sel-su oldu,
Sular daşdı göl-göl oldu,
Şimşək düşdü yer kül oldu,
Çovğun tutdu el-obanı.
Qayaquşu aldı sellər,
Qanadlanıb çapdı yellər,
Seldə-suda batdı ellər,
Çovğun tutdu el-obanı.
Qalx ayağa ayıbaşı,
Anan yaxşı, atan yaxşı.
Göylər ulu, ellər naşı,
Çovğun tutdu el-obanı.
Gücər düşdü meşələrə,
Qayaquşu axtar-axtar,
Yolu, yalı, döşü, daşı,
Qayaquşu axtar-axtar.
– Dərin-dərin göy buzlaqlar,
Qar örtülü yastı dağlar,
Sərt qayalar, buz bulaqlar,
Qayaquşu axtar-axtar.
Keçim dağın bərisindən,
Sorağ alım birisindən,
Ölüsündən, dirisindən,
Qayaquşu axtar-axtar.
Maralları, ayıları
Gördün durma, dursan ürkər.
Qartalları, quzğunları
Gördün, durma, dursan ürkər.
Çaylar axar dinməz-dinməz,
Düz ağaclar yerə enməz.
Oxusa da quş görunməz,
Gördün, durma, dursan urkər.
Çəkil yana meşə çəni,
Kimdir busan daldan məni,
Qurd-quş daha yeməz məni,
Gördün, durma, dursan ürkər.
Gün görməyir burda meşə,
Günsüz bitən solğun olar,
İldə bir ay günə qonaq,
Günsüz bitən solğun olar.
Tanrım Günəş, parla bura,
Çıxsın bura qışdan, qardan,
Bu yerləri qurtar dardan,
Günsüz bitən solğun olar.
Ulu Günəş soldum mən də
Bu yerlərə tuş gələndən,
Kim ayırar səni məndən.
Günsüz bitən solğun olar.
– Ay Qayaquş, harda qaldın,
Quş buradan keçə bilməz.
Bir ildir səni gəzirəm,
Quş buradan keçə bilməz.
Gündoğana gedirəm mən,
Söylə quşum, hardasan sən,
İncimisən deyən məndən.
Quş buradan keçə bilməz.
Ay Qayaquş, qadan alım,
İtirmişəm yalı-yolu.
Gah qabağa, gah da dalı
Quş buradan keçə bilməz.
Qayaquşdan iz görmədi,
Olacağı bilmək olmaz.
Bir il gəzdi tapammadı,
Olacağı bilmək olmaz.
Çıxdı Qobu torpağına,
İsti Günəş qabağına,
Yaşıllıqlar qırağına
Olacağı bilmək olmaz.
O baş əydi, diz qatdadı,
Harda, hansı elatdadı,
Yerə çöküb ot otdadı,
Olacağı bilmək olmaz.
Biri keçdi qabağından
Beş min atın ilxısında.
Göydə qamçı səslənirdi
Beş min atın ilxısında.
Bu yer kimin, ilxı kimin,
Çapışırdı atlar min-min,
Kişnəyirdi şimşək təkin
Beş min atın ilxısında.
– At otaran, ilxı sürən,
Ağ papaqlı atçı ərən,
At boyda quş görməmisən,
Beş min atın ilxısında.
– At boyda quş olarmı heç,
Uçar gərək yüngül olsun.
Deyimlərdə eşitmişəm,
Uçar gərək yüngül olsun.
Uçar olsa bizim atlar
Qaplan ona boyun qatdar,
Ot yerinə ulduz otdar
Uçar gərək yüngül olsun.
Tanrı qanad versə ata
Uçar-çapar aya çatar,
Ay çomaqlı yorğun ata,
Uçar gərək yüngül olsun.
Çörək verdi atçı ona,
Qobuçöldə bu, öyrəncdir.
Gücər yedi heyə gəldi,
Qobuçöldə bu, öyrəncdir.
Qaşqa, kəhər, dəmir, səmənd,
Tanı yorğa yerişindən,
Hər dayçanı yürüşündən,
Qobuçöldə bu, öyrəncdir.
Saydı bir-bir atlarını,
Dedi yer-yer adlarını
Gənclərini, qartlarını,
Qobuçöldə bu, öyrəncdir.
– Qobuçöldür bura, ata,
Göz gördükçə yaşıllıqdır-.
Burda yüz-yüz ilxı otlar,
Göz gördükcə yaşıllıqdır.
Qobuçölün atı, otu,
Az yağışı, az buludu,
Gündə min-min döl tutulur,
Göz gördükcə yaşıllıqdır.
Deyən uzaq yol gələnsən
Attanıyan, at bilənsən,
İlxı otar gəl, hələ sən,
Göz gördükcə yaşıllıqdır.
İlxı birdən götürüldü.
Dağlar qopdu öz yerindən,
Dəniz coşub çalxalandı,
Dağlar qopdu öz yerindən.
At yalları dalğalandı,
Göy-yer toza çulğalandı,
Sıx buludlar yırğalandı
Dağlar qopdu öz yerindən.
Gücər yürük bir at çapdı,
Ön çaparın yönün tapdı,
Birdən qırmanc səsi qopdu,
Dağlar qopdu öz yerindən.
Bu yenilməz gözəllikdən
Göy diksindi, yer udqundu.
Kişnərtidən, nəriltidən
Göy diskindi, yer udqundu.
Dağ titrədi, bulud qorxdu,
Qamçısayaq şimşək çaxdı,
Nə vardısa yıxdı, yaxdı
Göy diskindi, yer udqundu.
Çapdı ilxı, dolay-dolay
Bu dənizdir, yoxsa ki, çay,
Çomaq, qamçı, hoydu-haray,
Göy diskindi yer udqundu.
Keçmişindən söz açdı o,
Keçmiş ötən -yol deməkdir.
Öz başına gələnlərdən
Keçmiş ötən yol deməkdir.
Ağ ayıdan, Qayaquşdan,
Göy buzlaqdan, qarlı qışdan,
Qaraqaya, Durudaşdan,
Keçmiş ötən-yol deməkdir.
– Gedək bizim evə ərən,
Danış bizim elə hərdən,
Dünənindən, bugünündən,
Keçmiş ötən yol deməkdir.
Ellər çıxdı qabağına,
Gücər dönüb doğmalaşdı.
Qumuz içdi, çörək kəsdi,
Gücər dönüb doğmalaşdı.
Dedilər ki, bizim, oğlan,
Sənin itmiş atan, anan,
Doğmalardır yerdə qalan,
Gücər dönüb doğmalaşdı.
Gəlib çatdı doğma elə,
Qobuyerdən Qobuçölə,
Gücər adı düşdu dilə,
Gücər dönüb doğmalaşdı.
Bir qız çıxdı ortalığa,
Çiyinləri ağ göyərçin.
Mənəm dedi, o Qayaquş,
Çiyinləri ağ göyərçin.
Mənim yolum sənin yolun,
Qondum bura, burda qaldım,
Dönüb gözəl bir qız oldum,
Çiyinləri ağ göyərçin.
Sən də gələn, mən də gələn,
Verək burda biz əl-ələ,
Doğma olaq doğma elə
Çiyinləri ağ göyərçin.
– Mən də tapdım bu ellərdə
Ata, ana, bacı, qardaş.
Çox dolaşdım, çox axtardım,
Ata, ana, bacı, qardaş.
Urəkləndim bu yerlərdə,
At bəsləyən bu ərlərdən,
Qalacağam sizinlə mən,
Ata, ana, bacı, qardaş.
Sən haradaydın, Qayaquşum,
Gəldim sənə mən qovuşum,
Necə sizə mən qarışım,
Ata, ana, bacı, qardaş.
– İndi adım Qızuçardır,
Qurd dərisi geyən Gücər.
Sən ki məni axtarırdın,
Qurd dərisi geyən Gücər.
Alsan məni, sevinərəm,
Gəlin donu geyinərəm,
El içində öyünərəm,
Qurd dərisi geyən Gücər.
Sənə hər gün at sağaram.
Tək olsam da cüt doğaram,
Sənə anan tək baxaram,
Qurd dərisi geyən Gücər.
İllər keçdi, yaşı artdı
Gücdən düşdü ovçu Gücər,
Baş ağardı, döş daraldı,
Gücdən düşdü ovçu Gücər.
Oğulları iyid, qoşa,
Biri Bacar, biri Uçar,
Gəncliyini vurdu başa,
Gücdən düşdü ovçu Gücər.
Çox sevirdi dağı-daşı,
Qızuçarı-Qayaquşu,
Beş yol yüzə çatdı yaşı,
Gücdən düşdü ovçu Gücər.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-ag-ayi-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir