Auerbaxın meyxanəsində görüş
Leypsiqdə yağışlı axşam
Leypsiq şəhərində bir meydança var,Qədim bələdiyyə meydançasıdır,Elə bil o kiçik tağlı dükanlar,Əmir bazarının bir parçasıdır.¹
Burda az görünür adamlar indi,Şöhrəti tarixə zəbt olmuş ancaq.Qonşu küçələrsə işıqlı, enli,Həyatda, zamanda təzada bir bax.
Böyük mehmanxana,Təkəm otaqda.Nə bir tanış vardır deyəm, danışam.Daha yorub məni yazıb-pozmaq da,Qəribə haldayam, düzü, bu axşam.Elə bil kim isə tutub əlimdən,Çəkib dar otaqdan çıxarır məni.Kiminsə, nəyinsə arxasınca mən,Keçirəm səssizcə neçə küçəni...Narın yağış yağır yenə bu axşam.Damcılar böyüyür, artır anbaan.Mən də göylər kimi elə dolmuşam,Çətir də, papaq da çıxıb yadımdan.Gedirəm... bomboşdur hər yan gözümdə,Bilmirəm bu yağan yağışmı, qarmı.Heç deyə bilmərəm bu an özüm də,Öz qəti arzumu, son qərarımı.O qədim meydana çatdığım zamanGecəyarısını vurur saatlar.Dururam bir anlıq.Axı, uzaqdanMəni çağırdılar.Bəlkə gələn var?Sonra da yaxından gəlir o səda,Duyuram çiynimə toxundu bir əl.Bu gecə, kimsəsiz bir meydançada,Bir mənəm, bir də ki, o mərmər heykəl.Bəlkə o heykəldir səsləyən məni?Heykəl danışarmı?Onda bu kimdir?Astaca çiynimə qoyub əlini,Görürəm meydana bir qoca enir.Baxıb tanıyıram.
Mən
Ustad, mən səniVeymarda Şillerlə qoşa görmüşəm.
Gete
Əzizim, bilirsən, Faustçun məni,Bura gətirdilər.Çoxdan gəlmişəm...Təəccüb eyləmə,Mənə de görümSəni bu meydana gətirdilərmi?
Mən
Yox, məni buraya... doğrusu... özüm
Gete
Bəli, aydın oldu.Sən gələn kimiElə bu səhər,¹ Əmir bazarı – Təbrizdə üstüörtülü bazar.
Mənə Mefistofel vermişdi xəbər.Dedi, gələcəksən.Dedim: – Dələduz,Mən səndən də yaxşı bilirəm onsuz,O məni görməmiş getməz şəhərdən.Axı, ömrüm boyu Şərqi sevdim mən.Hafizi, Xəyyamı, Sədini sevdim,Fərhadın dağ yaran eşqini sevdim.Günəşdən yeddi rəng ayrılır hər an,Beş günəş doğubdur Şeyx Nizamidən.Eşqin dünyasına qalxdıqca mən də,Bir hikmət şam kimi yandı sinəmdə.Dedim: – Nə tərsa var, nə də müsəlman,Bütün təriqətdən yüksəkdir insan.Yaratdım insanın məhəbbətilə,Yaşadım mən onun hürriyyətilə...
Mən
Elədir, fikrinə baş əyirik biz,Sənin söz dünyandan öyrənirik biz.Səni zaman doğdu, zaman yaratdı,Fikrin zəmanədə tufan yaratdı.Hikmət dünyamıza Faust tanışdır,“Şeytan”ın heç yerdən qovulmamışdır.Mefistofel, yəni cəsarət, hünər.Onsuz keçinməmiş bircə gün bəşər.Şərq də öz oğlu tək tanıyır səni,Odur bu yerlərə gələn hər qonaqVeymarda, Leypsiqdə arayır səni.
Gete
Bunu Mefistofel bilsə də ancaqSəni bu yağışda çıxarıb yola,Gör necə islanıb üstün, başın da.Bizim bu yerlərin gur yağışındaDaş-divar soyuqdan donur az qala.Elə mən özüm də donuram, düzüBir Xəyyam norması isidər bizi.¹
Meydanın başında bir meyxanə var,Örtmüşdür üstünü çəpəki tağlar.Yolu daş döşənmiş, pillə-pillədir.Pillələr özgə bir dünyaya enir.Qapının ağzında bir dəstə adam²Qarışıq səslərdən hiss olur, tamam –Əsəblər dartılmış kaman kimidir.Gözlər od püskürən vulkan kimidir.İndicə bir tufan qopacaq həmən...Tərəddüd edirəm,Bu meyxanədənİmtina eyləsək nə yaxşı olar.
Mən
Ustad, bir baxınız, keçdi buludlar,Ayna tək açıldı səmanın üzü.Gəl, bir yerdə gəzək şəhərinizi.Axı, ilk dəfədir Leypsiqdəyəm mən.
Onun göz oxşayan gözəlliyindənHələ bir şey görüb öyrənməmişəm.Axı, bilirsiniz, Şərqdən gəlmişəm.Şərq özgə aləmdir, Qərb özgə aləm.Gete fikrə getdi...
Gete
Bilirəm, qonaq,Səni bu yerlərə gətirən maraqMəni də bir zaman Şərqə çəkərdi...Deyirsən, bu Leypsiq gözəl şəhərdir?Hələ nabələdsən bu şəhərdə sən,¹ Xəyyam norması – bir şüşə şərab deməkdir.² Auerbaxın meyxanəsinin girəcəyində qoyulmuş heykəllərə işarədir.
Sabah işıq vaxtı gəzib görərsən.Sən ki yaxşı vaxtda gəlmisən, qonaq,Bir zaman burada qan uddu torpaq.Sevib vəsf etdiyim bu Almaniyada,Nələr yaratmadı bir yığın dəni?!Zərdüşt baba demiş,Qoca dünyadaƏhriman boğurdu Əhrimüzdəni...Burda, bu Leypsiqdə hələ bir zamanMəhkəmə qurdular qanun adından.¹
O gün də burdaydım, bu meydanda mən.Əfsus ki düşmüşdü qələm əlimdən.Dilim də olmadı çıxam danışam,Yumruğum altında əsə tribuna.Axı ömrüm boyu düşmən olmuşamİnsanın insana haqsızlığına.Faşistlər dünyanı salanda oda,Mən beləcə qaldım bax bu meydanda.Sanma ki, sənətə qoyuldu qiymət,Məni düşürməyə etmədi cürət...
Mən
Bilirəm, çox sənət ocağı söndü,Çox dahi heykəli torpağa döndü.O zaman dünyanın yaman çağıydı,Almaniya bir ölüm, qan çanağıydı.
Gete
Gəlir xatirimə, bir yaz səhəriLeypsiqdən qaçanda faşist əsgəri,Gəldi bu meydana başqa bir əsgər,Əlində dağlarda bitən çiçəklər...¹ Leypsiq şəhərində Dimitrovun məhkəməsinə işarədir (müəllif).
İndi yaxşı vaxtda gəlmisən, qonaq,Bu qədim şəhərin hər daşına bax.Mən də çox istərəm səninlə qoşa,Gəzim doğma yurdu lap başdan-başa,Fəqət, bu axşam,Faustla yenə də qərarlaşmışamBurada görüşək.Gələcək yəqin.Sən bu meyxanədə ötən illərinBircə gecəsini olsan bizimlə,Görərsən hər şeyi onda gözünlə.Gəl keçək...Gedirik, qapıda elan:“Meyxanə bağlıdır”.“Ey ayıq insan,Daha gecikmisən, qayıt qapıdan.Evə dönmək üçün gec deyil hələ,Ya da get məbədə, ibadət eylə...”Gete gülümsəyir...
Gete
Ey meyxanəçi!Hamıdan müqəddəs, mehriban bacı,Gəl aç qapıları, qayıtmayaq boş.Axı, nə ayığıq, nə də ki, sərxoş.Nə evimiz vardır, nə yol gözləyən.Məbədə getməyi rəva görmə sən.
Auerbaxın meyxanəsində
Keçərik içəri,nə aləmdir bu?Doldurub havanı şərab qoxusu.Elə bil meyxanə özü sərxoşdur,Səndəllər də daşdır, mizlər də daşdır.Daşdır kuzələr də, piyalələr də,Neçə qəlb döyünür piyalələrdə...Şərabda elə bil eks olur aləm,Özüm də bilmirəm hara gəlmişəm.
Xəyyamın sevdiyi o həyatmı bu?Şərqdən Qərbə köçmüş xərabatmı bu?O piri-muğanmı oturmuş gendə,Bir cüt mavi gözlü dərinliyindəQərq olub danışıb-dinmədən belə?Bəlkə o Faustdur,MefistofeldəLeypsiqə gəlmişdir elə haman gün?Yeni fəlsəfələr kəşf etmək üçün?Yox, Şeyx Sənana oxşarı vardır,O xurmayı saçlı qızda Xumardır.Gör necə saxlayıb ədasını da,Sənan çıxarmışdır ridasını da,Nə əmmamə qalmış, nə təhtülhənək.Eşqin qarşısında o baş əyərəkZahirən, daxilən dəyişmiş tamam.Dinin zülmətindən qaçan bu adamVüqarla gəzdirir tərsa xaçını,Boynundan asmışdır dar ağacını.
Gete
Bizə şərab gətir, möhtərəm xanım,Şərabın oduna alışıb yanım.Doldur kuzələri,bir insafa gəl.Dostum Şərqdən gəlib eşit, ey gözəl.Yox, hardan biləsən sən o diyarda,Saqilər dolanar meyxanələrdə.Qızılgül ətrilə yuyular sürah,İçən savab edər, içməyən günah.Sanma meyxanədə məst olur hamı,Orda kimisinə həyat ilhamı,Axı, kimisinə yük olur şərab.Bu küpdən o küpə tökülür şərab,Biz ola bilmərik onlara şərik,Biz ki al şərabı qəlbə içirik...Dönüb hamı baxır Göteyə sarı.
Birinci səs
Qoca Fausta var bunun oxşarı.
İkinci səs
Yəqin yanındakı Mefistofeldir.
Üçüncü səs
Burdan getdikləri gör neçə ildir...Susur bir andaca qarışıq səslər,Susur çalğıçılar, dayanır rəqslər.Hamı heyrət edir.Qızlar bu araEtiraz edirlər:“Çal, ey avara!Tez ol, valsı başla qızışsın meydan!Bizə nə çıxacaq qoca Faustdan?Mefistofeli də tanımırıq biz!Yüz il yaşamışıq Mefistofelsiz.Görmək istəmirik üzünü belə!Ötən əsrlərin fəlsəfəsiləYaşaya bilmərik bilirsiz, cənab!Yaşasın azadlıq!Yaşasın şərab!”Qapının ağzında durub bayaqdanƏtrafı seyr edir lovğa bir cavan.
Mefistofel
Qızlar, gözəl qızlar, səhv edirsiniz,Bir anınız keçməz Mefistofelsiz.Bir də deyin görək Faust nə zaman,Getmiş Auerbaxın meyxanəsindən?Şeytan da burdadır, hikmət də burda,Zülmət də burdadır, cənnət də burda.Dünya yaranandan bu günə qədər,Qayğısız olmamış heç zaman bəşər...Gete köks ötürüb.
Gete
Faust, yazıq Faust,Səbrə bax səndəUşağa dönmüsən bunun əlində.O öz aləmindən qoparır səni,Haraya istəyir aparır səni...(Bu vaxt Faust gəlir xəyal içində Gete ilə görüşür.)
Faust
Burdasan sən də?Nə yaman korlanıb yaddaşım, düzü,Bir saat əvvəldə dediyim sözüTamam unuduram bir saat sonra.Məni Mefistofel gətirdi bura.Gəlin çıxıb gedək çölə, çəmənə,Düzü, bu meyxanə dar gəlir mənə.
Mən
Bəlkə yorğunsunuz, oturun, cənab,Sizə kömək edər bir qədəh şərab.Bir də musiqini dinləyin bir az.Şərab olan yerdə, axı, şər olmaz.
Faust
Nə gözəl dediniz, a şərqli qonaq,Bu bir həqiqətdir dərindən duysaq.Elə bil yerdən qopardın məni,Öz hikmət dünyama apardın məni.Əslində şərabdan doğmamışdır şər,Nadandır mey içib şər törədənlər.Şərqin fəlsəfəsi ucadır, uca,Ona baş əymişəm ömrüm boyunca.
Mən
Biz də xeyli vaxtdır dinləyib səni,Həyat, xilqət haqda fikirləriniÖyrənə-öyrənə görürük bəzənBizim Fəzlüllahla eyniləşirsən.“Mən bir allahammı?”Sorduğun zaman“Bəli, sən allahsan, ey qadir insan”Deyərək Nəsimi səs verir sənə.Həqiqət yol tapır şübhələrinə...Faust fikrə gedir...
Faust
Bir hikmətə bax,Mənim fikirlərim məndən çox qabaqGəlmiş bu dünyaya.Mən isə hələBoş-boş öyünürəm hikmətlərimlə.
Mən
Yox, cənab, bu böyük təfəkkürlə siz,Elə bizimçin də qiymtlisiniz.Məğriblə məşriqin yovuşmasına,Fikir dünyamızın qovuşmasına,Böyük təfəkkürlər yol açmış ancaq,Bu belə olmuşdur, belə olacaq.
Gete
Hər zaman, hər yerdə görürəm, qoca,Hikmət axtarırsan ömrün boyunca.Bu tərəddüd, şübhə yorduqca səni,Girdablar içində gördükcə səni
Mən əzab çəkirəm.Axı, bir zamanDedim ki, fikrinin işıqlarındanGözümüz, qəlbimiz nurlandı bəlkə.İndi xəyallarla pəncələşdikcə...(Faust burda onun sözünü kəsdi.)
Faust
İnan, bu tərəddüd səndə əbəsdir.Sən bütün bəşərçin yaratdın məni,Əbədi olaraq yaratdın məni.Əgər “Faust”unu yazmasaydın sən,Sən Gete olsan da mən olmazdım mən.
Gete
Əbədi gəlirik biz bu dünyayaBizə elə gəlir, ölürük guya.Xəyyam söyləmiş ki, bu cansız kuzəŞərabla ruh verir, can verir bizə.Bir vaxt saqi idi meyxanəmizdəYenə də qayıtmış məclisimizə.Şairin sözündə hikmətə bax sən,Deyir ki, heç zaman ölməyəcəksən.Dünən insan idin, sabahsa çiçək,Adınla görkəmin dəyişir demək.Bu mey ki, rəngi də, dadı da gözəl,Kim bilir neçə gün, neçə il əzəlTorpağın ətriydi, günəşin nuru.İnsanın əliylə dönüb mey oldu.
Faust
Dərk etsək əgər,Bu şəfəq rənginə çalan zərrələrYenidən qayıdıb dönür əslinə.Günəşin nuruna, torpaq ətrinə.
Gete
Elədir, düzdür..Bu bizim həyatla vəhdətimizdir.
Faust
Biz hər şeydə varıq,ya daş, ya çiçək.Hər şeydən bizdə də zərrə var demək.Biz həmi bir küllük, həmi min zərrə,Həm ayrı-ayrıyıq, həm də bir yerdə.
Gete
Arayıb, axtarıb, öyrənə bilsən,Sən bəlkə də mənsən, Faust deyilsən.Bir zaman zərrə tək ayrılıb məndən,İndi bu görkəmdə sən olmusan sən.
Mən
Ustad, bilirsənmi Şərqdə bir zaman,Özünü dərk etmək istəyən babam,Nə qədər anlayış, hikmət yaratdı.
Gete
Yəqin ki, axırda bir yerə çatdı,Özünü, dünyanı dərk eləyərəkSöylədi, yaşayıb ölmürük demək,Dəyişə-dəyişə yaşayırıq biz.Nə isə... Bəs hanı kuzələrimiz?Nə qədəh veriblər, nə də ki, kuzə,Demək meyxanəçi dağ çəkib bizə.Bir qurtum içmədik,belə iş olar?
Faust
Mən öz otağımdan çıxanda, dostlar,Dedim təbiətin gedim qoynuna.Görüm nə gətirir xilqəti cana?Təbiət yerinə indi meyxanə,Bir də sizi gördüm,Razıyam buna.Bu söz-söhbətimiz qurtarmır hələ...Sanki fürsət düşdü MefistofeləQocanı bir anda götürüb getdi.Götenin alnını qırışlar örtdü.Gözləri yol çəkdi elə bil birdən.Çıxdıq meyxanədən...
Artıq səhərdi,Günəşli, buludsuz bir yaz səhəri.Şəfəqlər içində Leypsiq şəhəriNecə gözəl idi, necə füsunkar.Adamla doluydu gen xiyabanlar.Bahar havasıyla qabardı sinəm.(Meyxanə bir aləm, şəhər bir aləm...)Qoşulub o səhər izdihama mən,Yenə də Götenin keçdim önündən.Yenə həmən tağlar, həmən meydança,Yenə əzəmətlə durmuşdu qoca...
Leypsiq-Bakı, 1969, may
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-auerbaxin-meyxanesinde-gorus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq,Görən dir: xoş yaratmışdır dəhanında şəkərxalıq
O nədir?"Dünya ulu tanrının yuxusudur" -– dedilər.
Könlümün türküsüKönlümün türküsü sənsiz olmaz,Gülşənimsən, çəmənimsən, gözəlim!
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur