Turq söylədi: – Şimşəkatı götür, min,
Ata inan, ona güvən, onu sev.
Şimşəkatda tanrı gücü var hələ,
Ata inan, ona güvən, onu sev.

Atla yolun iki gündür, üç gecə,
Çatan kimi Darvideldə düş öncə,
Manayı gör, danış mənim dilimdən,
Ata inan, ona güvən, onu sev.

Götürüldü yellər kimi Şimşəkat,
Şimşəkqılınc güc artırdı neçə qat,
Ağüz oldu dəmirköküs, yelqanad,
Ata inan, ona güvən, onu sev.

Öncə gizli Manay ilə görüşdü,
Ondan Cumər, Parsa, Turqu soruşdu,
Manayqızın alnı, üzü qırışdı,
Ata inan, ona güvən, onu sev.

Dedi: – Səni Şimşəkatdan tanıdım,
Ağüz ola gərək igid, ər adın,
Mənsə ərə getməmişdən dul qadın,
Ata inan, ona güvən, onu sev.


Manay dedi: – Gözləyirdim Turqu mən,
Bacı-qardaş arasına girməyin.
Bu, dönüklük deyil, biclik sayılır,
Bacı-qardaş arasına girməyin.

Manay dedi: – Anlayıram, Ağüz, mən,
Sən bu yerə nə suç ilə gəlibsən,
Bu ellərə gəlməmişdir Turq nədən,
Bacı-qardaş arasına girməyin.

Mən Xruşu öyrənirəm bir ildir,
O siz deyən, bilən Xruş deyildir,
Üzayisə bicdir, içi çil-çildir,
Bacı-qardaş arasına girməyin.

O istəyir mən – dul qadın yolu ilə,
Parselə yox, Mindiyara şah olam,
Sanır mənlə əl-ələdir, qol-qola,
Bacı-qardaş arasına girməyin.

O deyir ki, Turq qocalıb, sən şah ol,
Məni yoxa sürükləyir, düzə yox,
Mənə inan, sən qayıt get, ay oğul,
Bacı-qardaş arasına girməyin.


Qardaşıma de ki, küskün olmasın,
Uduzarsan gizli işdə tələssən.
Xruş Hindel, Asurelə söykənir,
Uduzarsan gizli işdə tələssən.

Mən Xruşu sona kimi ötürrəm,
Onu birdən mən aradan götürrəm,
O satqını ilim-ilim itirrəm,
Uduzarsan gizli işdə tələssən.

Ona de ki, mən edənlər oyundur,
De ki, Xruş quş yox, qanlı quzğundur,
Qardaş, bacı Tanrıdan da yaxındır,
Uduzarsan gizli işdə tələssən.

Gözləyirəm sona kimi küyləsin,
Qanlı-qanlı istəyini söyləsin,
Hər işində məni əlbir eyləsin,
Uduzarsan gizli işdə tələssən.

Qız toplumu burda mənə arxadır,
Turqun sözü qulağımda sırğadır,
Xruşunsa atı axsaq-yorğadır,
Uduzarsan gizli işdə tələssən.


Bu sözləri deyib Manay qayıtdı,
Lap dolaşar çəkişmələr gizlidə.
Ancaq Ağüz qayıtmadı, gözlədi,
Lap dolaşar çəkişmələr gizlidə.

O düşündü, Manayı tək qoymaram,
Bu gözəlin sözlərinə uymaram,
Mən Hindeli, Asureli saymaram,
Lap dolaşar çəkişmələr gizlidə.

Döyüşlərdə Manay igid olsa da,
Gizli işdə o saralıb solsa da,
Quzğun Xruş önündə tək qalsa da,
Lap dolaşar çəkişmələr gizlidə.

O gizləndi, Darvideldə gözlədi,
Addım-addım o, Xruşu izlədi,
Hərdən “Manay” çağıraraq səslədi,
Lap dolaşar çəkişmələr gizlidə.

Gecə ikən Qızay ilə yan-yana,
Xruş beş min toplum çəkdi Muğana,
Qalxdı bu səs, getdi çatdı hər yana,
Lap dolaşar çəkişmələr gizlidə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri