Ana südü söylənci
Odərboydan dərpaya yüz il yol,
Od-ocağa bağlan, otur, yüz yaşa.
Biri suya, biri oda quylanıb,
Od-ocağa bağlan, otur, yüz yaşa.
Turqun yerə dəyməmişdi heç dizi,
Qocalanda bir oğluydu, bir özü.
Bir də sonda Alçiçəkdən bir qızı,
Od-ocağa bağlan, otur, yüz yaşa.
Qocalanda şirin olur sonbeşik,
Heyin gedir çıxaranda ilk dişi.
İlk addımı, ilk sözüylə yerişi,
Od-ocağa bağlan, otur, yüz yaşa.
Ad qoymadı Turq qızına düz on il,
Yer buz idi gözlərində sular, lil,
Qızın gözü çer olmuşdu, üz çil-çil,
Od-ocağa bağlan, otur, yüz yaşa.
Qarışmışdı varlığına odla su,
Qız od idi, göz yaşıysa axar su
Odur ata ad qoymaqda çox susur,
Od-ocağa bağlan, otur, yüz yaşa.
El-obaya göyöskürək yayıldı,
El sarsılır qanı qara olanda.
El-obaya qızılca da yayıldı,
El sarsılır qanı qara olanda.
Qızılcayla göyöskürək artırdı,
Uşaqları ölümlərə qatırdı,
Qalanlar da ölümüstü yatırdı,
El sarsılır qanı qara olanda.
Yataqdaydı qızılcadan Çilçiçək,
El baxırdı göz yaşları tökərək,
Qız öləcək, ya qalacaq, nə bilmək?
El sarsılır qanı qara olanda.
Yenilməz Turq sanki susub qalmışdı,
Mindiyarı qara günlər almışdı,
Turq yolunu çöllüklərə salmışdı,
El sarsılır qanı qara olanda.
– Böyük Tanrı, bu nə gündü, söylə bir,
Tanrıların səsi, sözü qapalı.
Yardım elə, el-obalar yazıqdır,
Tanrıların səsi, sözü qapalı.
Nədən idi, tanrılar da susurdu,
Mindiyarı hərdən qara basırdı,
Bu sözlərə Tanrı qulaq asırdı,
Tanrıların səsi, sözü qapalı.
Turq gəzirdi, “Tanrı, yardım et” deyə,
Yalvarırdı dağa, daşa, küləyə,
Gölə, çaya, kola, ota, çiçəyə,
Tanrıların səsi, sözü qapalı.
Birdən bir səs eşidildi uzaqdan,
Səs yaxından, gur-gur axan bulaqdan,
Söz yağırdı sınıq-sallaq budaqdan,
Tanrıların səsi, sözü qapalı.
Turq atına:- dayan! –dedi, saxladı,
Hər bir yanı, sağı, solu yoxladı,
Səs ucaldı, dağlar-daşlar laxladı,
Tanrıların səsi, sözü qapalı.
“-Mənəm! Yerin alt qatında Qızçiçək!
Sevgi məni tutuq etdi insana,
Bacar öldü, mən qayıtdım Alt Yerə,
Sevgi məni tutuq etdi insana.
Alpis məni qayalara bağlayıb,
O ipləyib məni, tutuq saxlayıb,
Şimşək olub məni hər gün dağlayır,
Sevgi məni tutuq etdi insana.
O öldürə bilmir məni, yox hayı,
Tək sevgiyə onun gücü çatmayır,
İnsan sevdim, ölüm məni tutmayır,
Sevgi məni tutuq etdi insana.
Qızçiçəyəm, Üst, Alt Yerdə köçəri,
Anasıyam Qarçiçəyin, Tuncərin,
Bacar idi ilk sevgili dağ ərim,
Sevgi məni tutuq etdi insana”.
Səs kəsildi, Turq bağırdı, at aşdı,
Səs Üst Yeri, səs Alt Yeri dolaşdı,
Yer titrədi, göy diksindi, çay daşdı,
Sevgi məni tutuq etdi insana.
Qızçiçəyin səsi gəldi yenidən,
“Alpis tanrı yamanlığın tanrısı,
O sarsıdıb Mindiyarı, Mineli,
Alpis tanrı yamanlığın tanrısı.
Tutub eli göyöskürək, qızılca,
Gələcəkdir sarılıq da dalınca,
Öləcəkdir kiçik, körpə, balaca,
Alpis tanrı yamanlığın tanrısı.
Düşərliyin tanrıları burada,
Gəl, onları öldür, götür aradan,
Güc veribdir sənə böyük yaradan,
Alpis tanrı yamanlığın tanrısı.
Ana südü, çörəyindən güc götür,
O çörəkdən qurşağında bol gətir,
Qabağında ölüm nədir, güc nədir,
Alpis tanrı yamanlığın tanrısı.
Süddür böyük yaranışda təbərrik,
Ölümlərin qabağında o, dirrik,
Üç tanrını öldür, bitsin düşərlik,
Alpis tanrı yamanlığın tanrısı.”
Turq tərpəndi, Şimşək atı çaparaq,
Ana südü tanrılardan güclüdür.
Səsləyirdi onu tez-tez Qızçiçək,
Ana südü tanrılardan güclüdür.
– Alçiçəyim, öz südündə çörək yap,
Mənə yundan qat görməmiş qurşaq tap,
Mən gedirəm vuruşlara, çaphaçap,
Ana südü tanrılardan güclüdür.
Daha məndən “nədir-mədir” soruşma,
Uşağa bax, çöl işinə qarışma,
Hər bir şeydən yapışqan tək yapışma,
Ana südü tanrılardan güclüdür.
Mən gedirəm, tez qayıdıb gələrəm,
Düşərliyi Mindiyardan silərəm,
Bu yoldaca gərək olsa ölərəm,
Ana südü tanrılardan güclüdür.
Odur, məni çağırmaqda Qızçiçək,
Gedər-gəlməz bir ölümə gedərək,
Ölümlərə tez son qoyum mən gərək,
Ana südü tanrılardan güclüdür.
Turq buraxdı Şimşəkatın başını,
Tanıyırdı o yolları Şimşəkat.
Yer altının dolaq yolu hardadır,
Tanıyırdı o yolları Şimşəkat.
O yel olub, yel tək atı çapırdı,
Yumaq yolun dolağını tapırdı,
Hərdən-birdən düz yolunu sapırdı,
Tanıyırdı o yolları Şimşəkat.
Turq atını yeldən iti sürürdü,
Bulud yerə ağ döşənək sərirdi,
O elə bil şirin yuxu görürdü,
Tanıyırdı o yolları Şimşəkat.
– Çap, iti get, yenilməyən təkərim,
Yeraltının, Yerüstünün kəhəri,
Qalsın yerdə qoşa-qoşa ləpirin,
Tanıyırdı o yolları Şimşəkat.
Çap, qardaşım, atam, oğlum, yorulma,
Göz oxşayan gözəlliyə vurulma,
Çətinlikdən sınma, durma, qırılma,
Tanıyırdı o yolları Şimşəkat.
Bir ulartı eşidildi meşədən,
Meşə sonsuz, dilsiz, qoca söyləncdir,
Bir qurd igdi, ağlayırdı elə bil,
Meşə sonsuz, dilsiz, qoca söyləncdir.
Sürdü atı Turq, o səsə yan aldı,
At dayandı, o nə gördü, nə oldu,
Bir qurd idi, beş balası ölüydü,
Meşə sonsuz, dilsiz, qoca söyləncdir.
Qurd ulayır, süd axırdı döşündən,
Səs çıxmırdı balaların beşindən,
Gəzdirirdi hər balanı dişində,
Meşə sonsuz, dilsiz, qoca söyləncdir.
Turq söylədi: – Yazıq, dağdır bu ağrı,
Tanrı sənin ürəyini beş yarıb,
Nədən ölüb sənin, yazıq, beş yavrun?
Meşə sonsuz, dilsiz, qoca söyləncdir.
Turq xurcundan ət çıxartdı, pay qoydu,
Ət iyini qurd nə aldı, nə duydu,
Hey uladı, meşələrə səs yaydı,
Meşə sonsuz, dilsiz, qoca söyləncdir.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-ana-sudu-soylenci-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
On il keçim, çatdı Turqtay qırx yaşa,İlk sevgini öz içində qocaltma.
Alçiçək söylənciBirdən Quşat lap yaxında kişnədi,Yüz at içrə at səsilə tanınar.
Hindel-Çinçay vuruşları söylənciAtlar çapdı, gəlib çatdı Çinçaya,Tələsənlər nəyi isə unudur.
Darvidellə döyüş söylənciParsdiyarın səsləncləri gurladı,Döyüşlərdə söz üstündür, güc üstün?