Görən harda qaldı Gücər,
İki oğul qoydu getdi.
Biri Daşar, biri Coşar
İki oğul qoyub getdi.

Qayaquşu gəzə-gəzə,
Gedib çıxdı Qobudüzə.
Hər ağrıya, günə dözən
İki oğul qoyub getdi.

Çovğun keçdi Arıx qaldı,
Uşaqlara könül saldı.
Gücər ata itkin oldu,
İki oğul qoyub getdi.


Qızay gözəl bir qız idi,
Yazıq olur gözəl qızlar.
Gözlər mavi dəniz idi,
Yazıq olur gözəl qızlar.

Baxıb gendən yazıq-yazıq,
Bir yoldaykən yoldan azıb,
İki qardaş sevdi qızı.
Yazıq olur gözəl qızlar.

İki qardaş nə biləydi,
Necə geri çəkiləydi,
Ya qalaydı, ya öləydi,
Yazıq olur gözəl qızlar.


Ana bunu bilmiş idi,
Şaman gilə gəlmiş idi,
Üzü-gözü solmuş idi,
Ayrı düşdü iki qardaş.

Hərə bir söz danışırdı,
Bu sevgiyə qarışırdı,
Küsüb tez-tez barışırdı,
Ayrı düşdü iki qardaş.

İkisi də ərən idi,
Qıza ürək verən idi,
Gələcəyi görən idi,
Ayrı düşdü iki qardaş.


Çəkimliydi qıyıq gözlər,
İki qardaş vurulmuşdu.
Bal dadırdı incə sözlər,
İki qardaş vurulmuşdu.

Qız onları saymayırdı,
Yaxınına qoymayırdı,
Hər bir sözə uymayırdı,
İki qardaş vurulmuşdu.

Yox, Qızayda duruş vardı,
Yoxsa ərlər vuruşardı,
Qan sevgiyə qarışardı,
Vurulmuşdu iki qardaş.


Qızay deyib qardaşlara,
Aranıza girə bilməm,
İkiniz də iyidsiniz,
Aranıza girə bilməm.

Alınyolum uzağadır,
Uzaq-uzaq oylağadır,
Qoşa sevgi qadağadır,
Aranıza girə bilməm.

Şaman deyir, get buradan,
Burda qan var, çıx aradan,
Desin özü qoy yaradan,
Aranıza girə bilməm.


Durudaşlar diyarında
Ayrı düşdü iki qardaş.
Biri Daşar, biri Coşar,
Ayrı düşdü iki qardaş.

Biri getdi Günbatana,.
Biri getdi Gündoğana,
Çox uzağa, çox yaxına,
Ayrı düşdü iki qardaş.

Qız deyirdi sevgi ötsün,
İki qardaş burdan getsin,
Bunca hər şey ötüb bitsin,
Ayrı düşdü iki qardaş.


Bunu Şaman danışırdı,
Coşar yaman qorxmaz idi.
Buzlaqlara doğru getdi,
Coşar yaman qorxmaz idi.

Ağac üstə sürüş-sürüş,
Buza, qara doğru yürüş,
Şaxtalarda qat-qat duruş,
Coşar yaman qorxmaz idi.

Suboğazı, enli, buzlaq,
Donur əl-üz, burun, dodaq,
Yollar sonsuz, yollar uzaq,
Coşar yaman qorxmaz idi.


Gedərgəlməz bir ölüm var
Kölgəsizlər diyarında.
Kölgəsini görən yoxdur
Kölgəsizlər diyarında.

Qayıtmayıb gedən hələ,
Qatışıbdır qara, yelə,
Dünən elə, bu gün belə
Kölgəsizlər diyarında.

Coşar getdi, döndü qara,
Yağdı bizim bu dağlara,
Hara getdin, oğul, hara,
Kölgəsizlər diyarında.


Hər gün gəlir yuxuma o,
Xizək deyir, yemək deyir.
Ay boydaca buza dönüb
Xizək deyir, yemək deyir.

Deyir bura ordan yaxşı,
Burda yoxdur başçı başı,
Nə qumu var, nə də daşı,
Xizək deyir, yemək deyir.

Adam var ki, üç mən boyda
Yaşayırlar buz dolayda,
Günəş yoxdur qışda, yayda,
Xizək deyir, yemək deyir.


Aylar keçdi, illər ötdü
Tutqun gəzdi gözəl Qızay.
İstəyəni o gizlətdi,
Tutqun gəzdi gözəl Qızay.

Tək dolaşdı dağı-daşı,
Çatıq qaldı çatma qaşı,
Öz özüylə tək dolaşıb
Tutqun gəzdi gözəl Qızay.

Kim nə dedi, dəydi ona,
Qaldı düzdə yana-yana,
Takımından ayrı sona
Tutqun gəzdi gözəl Qızay.


Biri gəldi lap uzaqdan
Buz bağlayıb pal-paltarı.
Ağ ayıdır, ya adamdır,
Buz bağlayıb pal-paltarı.

Saç-saqqalı buzdan biz-biz,
O yıxılıb qalıb heysiz,
Diş qıçılı, ağız dilsiz,
Buz bağlayıb pal-paltarı.

Şaman deyir, bu öləcək,
Sonra qara yel gələcək,
Qalsa günümüz güləcək,
Buz bağlayıb pal-paltarı.


Onu alıb ovuşdurdu
Gözü yaşlı Arıx ana.
Dedi, oğlum elçisidir,
Gözü yaşlı Arıx ana.

Arıx nəsə anmış idi,
Onu elçi sanmış idi,
Ürəyinə dammış idi,
Gözü yaşlı Arıx ana.

Od qaladı, övkələdi,
Evi ona kürk elədi,
Çörək yapdı, kökələdi,
Gözü yaşlı Arıx ana.


Göz açanda dilə gəldi
Yastı-yastı danışdı o.
Dedi, Coşar göndəribdir,
Yastı-yastı danışdı o.

Coşar bizdə düşük yatır,
Deyir günüm sona çatıb,
Deyir mənə ocaq çatın,
Yastı-yastı danışdı o.

Ocaq olsa ölmərəm mən,
Ölüm nədir bilmərəm mən,
Belə heyə gəlmərəm mən
Yastı-yastı danışdı o.


Coşar dedi, elim-obam,
Mənə ölməz od göndərin.
Sönməz odun odunundan
Mənə ölməz od göndərin.

Burda gün yox, günəş yoxdur,
Buzlar gözə iti oxdur,
Yerin üstü ağappaqdır,
Mənə ölməz od göndərin.

Qoymayın ki burda sönüm,
Qar üstündə buza dönüm,
Ay günəşli elim-günüm,
Mənə ölməz od göndərin.


Ana getdi meşələrə,
Odu sönməz odun hanı?
Coşar balam gedir əldən
Odu sönməz odun hanı?

Elçi dedi, mən də gəlim,
Gözəl yeri var bu elin,
Yaraşıqlım, yaxın dillim,
Odu sönməz odun hanı?

Bir tapdılar, bir yığdılar,
Şələləyib bərk sıxdılar,
Yol azdılar, karıxdılar,
Odu sönməz odun hanı?


Ana dedi, mən gedirəm,
Coşar balam darda qalıb.
Od qaladı, ocaq çatdı
Coşar balam darda qalıb.

Qoydu odu xizək üstə,
"Maralları bura səslə.
"Arıx, getmə, yaşı gözlə,
Coşar balam darda qalıb.

Elçi, Arıx yola düşdü,
Bu nə qardır, bu nə qışdır?
Xizəyə on maral qoşdu,
Coşar balam darda qalıb.


Şaman gəldi yolu kəsdi,
– Getmə, ana yol ağırdır.
Gücərdən tək sən qalmısan,
Getmə, ana, yol ağırdır.

Tanrı yeri-göyü örtüb,
Buludları söküb, yırtıb,
Soyuq artıb, şaxta artıb,
Getmə, ana, yol ağırdır.

Gedib ora ocaq çatmaz,
Maralların yolu yortmaz,
Od bu sayaq qalıb artmaz,
Getmə, ana, yol ağırdır.


– Şaman, mənə uğur söylə,
Od-ocağım saxlar məni.
Bəbəyimdə gizlədərəm
Od-ocağım saxlar məni.

Oğul yolu ağır olsa,
Ürəyimə şaxta dolsa,
Günlərimdən bir gün qalsa,
Od-ocağım saxlar məni,

Baş əyirəm sənə, atam,
Ana gücüm yola çatar,
Od-ocağı darta-darta
Od-ocağım saxlar məni.


Şaman dedi, getmə, ana,
Dedi gərək gedim, oğul.
Buzlaq dedi, getmə, ana,
Dedi, gərək gedim bala.

Bulud dedi, getmə, ana,
Şaxta dedi, getmə, ana,
Boran dedi, getmə, ana,
Dedi, gərək gedim, bala.

Tanrı baxdı buza, qara,
Dağ ürəyi düşdü dara,
Tanrı dedi getmə, ana,
Dedi, gərək, gedim, bala.


Arıx ana qar götürdü
– Ovuşdurram qarla onu.
Bizim-yurdun qarı isti
Ovuşdurram qarla onu.

Bir az qara durna yağı,
Bir ağ quru qazayağı,
Övkələrəm un sayağı
Ovuşdurram ğarla onu.

Çatdır məni qıvraq maral,
Çap get uzaq yolu azalt,
Qucağımda istidir qar,
Ovuşdurram qarla onu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri