Turla bölgəmicin görüş söylənci
Tur bacısı Baxa qonaq gedirdi,
Bacı-qardaş ayrı olsa, vay olar.
On at yükü qızıl, gümüş bağışla,
Bacı-qardaş ayrı olsa, vay olar.
Tur deyirdi: "Qızağ, məni sındırıb,
Qocaikən ürəyimi yandırıb.
Ağ başımı əyib yerə endirib,
Bacı-qardaş ayrı olsa, vay olar.
Baxı görsəm unudaram özümü,
Bacı deyib boşaldaram gözümü.
Çatdıraram ona ürək sözümü,
Bacı-qardaş ayrı olsa, vay olar".
Tur deyirdi: "Gücər atam itəndən,
Bu itgidən neçə yüz il keçəndən,
Duru ana son evinə gedəndən
Bacı-qardaş ayrı olsa, vay olar.
Anam, bacım, hardasınız, dillənin,
Mən şah oldum, siz də gülün, güllənin.
Başrağımtək saçaq-saçaq yellənin,
Bacı-qardaş ayrı olsa, vay olar.
Bir sevincim varıydısa, Qızağdı,
İndi o da məndən aytək uzaqdı.
Bu dirrikdə hamı beş gün qonaqdı,
Bacı-qardaş ayrı olsa, vay olar".
Min atlıyla Tur gedirdi durmadan,
Nisgil, sevinc yanaşıdır yolda da.
Çıxdı yolda önlərinə yüz atlı,
Nisgil, sevinc yanaşıdır yolda da.
Hardan belə, hara belə, atlılar,
Gəlib daldan atlılara çatdılar.
Bunu deyib yüyənləri dartdılar,
Nisgil, sevinc yanaşıdır yolda da.
– Siz kimsiniz? - Tur soruşdu,
– Sumərlər,
Uruyeri qoruyanlar, cümərlər,
– Biz Mindiyar, minellili turərlər…
Nisgil, sevinc yanaşıdır yolda da.
– Biz bir dildə danışırıq deyəsən,
Siz kimsiniz, biz kimlərik görəsən,
Bölgəmicə bənzəyirsən, igid, sən,
Nisgil, sevinc yanaşıdır yolda da.
– Bölgəmici mən görmüşəm, - dedi Tur.
Yarıtanrı bir igiddir…
– Hə, odur.
– Beli tüklü, boynu yallı.
– Hə, odur.
Nisgil, sevinc yanaşıdır yolda da.
Qırx il qabaq tutuq idim Misirdə,
O gəlmişdi tutuq alsın o yerdən,
Məni görüb danışdırdı o, birdən,
Nisgil, sevinc yanaşıdır yolda da.
Dedi: – Kimsən?
Dedim: – Minel, Mindiyar…
Dil ən yaxşı doğmalıqdır, yaxınlıq.
Dedi: – Yerli, niyə tutuq düşmüsən?
Dil ən yaxşı doğmalıqdır, yaxınlıq.
– Səni alıb buraxaram igid, mən,
Mənlə Uru şəhərinə gedərsən,
Sonra daha görünmədi o nədən,
Dil ən yaxşı doğmalıqdır, yaxınlıq.
Deyən onda baha olub dəyərim,
Bəlli olub tutuqçuya təpərim,
Onda nəydim, bir sümükdüm, bir dəri,
Dil ən yaxşı doğmalıqdır, yaxınlıq.
İndi artıq Mindiyara mən şaham,
Tutuq alıb satmaqdayam mən daha,
Mənə baxır ölkə, diyar, ev, kaha,
Dil ən yaxşı doğmalıqdır, yaxınlıq.
Başraq altda iki yüz min yaraqlım,
Yeləsəndə yüz-yüz min də papaqlım.
Yüz min atım, yüz-yüz min də çomaqlım,
Dil ən yaxşı doğmalıqdır, yaxınlıq.
– Odur, gəlir şahla yaxın yoldaşı,
Bölgəmicin göydən gələn qardaşı.
Yenisoydur Bölgəmicin başbaşı
Dil ən yaxşı doğmalıqdır, yaxınlıq.
Bölgəmicin boynu, beli tuk idi,
Görkəmlidir, yarıtanrı adamlar,
Dili Minel dili idi öndərin,
Görkəmlidir yarıtanrı adamlar.
Bölgəmiclə Tur yaxıntək görüşdü,
Uru yeri, eli, yurdu soruşdu,
Birsoy bilib onlar ilə öpüşdü,
Görkəmlidir yarıtanrı adamlar.
Tur söylədi: – Qırx il qabaq sizi mən,
Misireldə tutuq olan görmüşəm.
Bölgəmic: - şah nə buyurur bu işə,
Görkəmlidir yarıtanrı adamlar.
Bölgəmic şah dedi: – Bildim, nə yaxşı,
Sən şah, mən şah, dilibirik yanaşı.
Yengisoy da toplumlara başbaşı,
Görkəmlidir yarıtanrı adamlar.
Uruyer də qonaqcıldır, buyurun,
Suyu boldur, at, qatırı doyurun.
Boldur bunca onun otu, cayırı,
Görkəmlidir yarıtanrı adamlar.
Uruyerin dörd bir yanı daş hörgü,
Bu yerlərdə nə qorxu var, nə ürkü.
Yamac ilxı, döş mal-qara, çöl sürü,
Görkəmlidir yarıtanrı adamlar.
Kişnərtilə, bəyirtilə, mələşmə,
Qapışmalar, dırnaqlaşma, güləşmə,
Süd, bulama, balqımısa bələşmə,
Görkəmlidir yarıtanrı adamlar.
Sumərlərin başbaşçısı Bölgəmic,
Başçı necə, ölkə elə görünər.
Yengisoy da toplumların başbaşı,
Başçı necə, ölkə elə görünər.
Yastıdağdan Şişdağacan az bəri,
Sıx-sıx evi, uca-uca çəpəri.
Uru aldı qucağına Turəri,
Başçı necə, ölkə elə görünər.
Cümər, sumər bu ölkəyə güc verir,
Çox-çox şahlar ödənc verir, borc verir.
Tanrı bura bir, iki yox, üç verib,
Başçı necə, ölkə elə görünər.
Cumər döyüş tanrısıdır Uruda,
Hər bir yanda - dağda, suda, quruda.
Yarıtanrı sayılırlar yarıdan,
Başçı necə, ölkə elə görünər.
Tanrı, bizə qonaq gəlib Mineldən,
Qonaq evin bəzəyidir, sevinci.
Qonaqdırlar illər, ellər, oğullar,
Qonaq evin bəzəyidir, sevinci.
Qonaq toydur, qonaq ocaq tüstüsü,
Qonaq şahdır, evin ürəkəsdisi.
Doğmalaşan elin çörəkkəsdisi,
Qonaq evin bəzəyidir, sevinci.
İncə sözlər, dillər, oğrun baxışlar,
Susur, bitir çəkişmələr, savaşlar,
Öpüşürlər ərlər, qızlar, qardaşlar,
Qonaq evin bəzəyidir, sevinci.
Qonşuların qulaqları şəklənir,
Qopuzların tük telləri köklənir.
Aşır qat-qat yorğan-döşək yükləri,
Qonaq evin bəzəyidir, sevinci.
Yaraşıqdır burda qonaq olanlar,
Sevinərək gözü, könlü dolanlar.
Doğmalaşır getməyərək qalanlar,
Qonaq evin bəzəyidir, sevinci.
Ev yiyəsi itirmişdir özünü,
Çəkmir qonaq gələnlərdən gözünü.
"Otur başda, hamı görsün üzünü",
Qonaq evin bəzəyidir, sevinci.
Turər başda oturubdur şahsayaq,
Hamı durar qabağında qonağın.
Söykəncilər, döşəmələr mərmərdən,
Hamı durar qabağında qonağın.
Qab-qacaqlar göydaş ilə gümüşdən,
Ara işdə qızlar kəhlik yerişdə.
Ağır-ağır başbilənlər görüşdə,
Hamı durar qabağında qonağın.
Başbilənlər, ağsaqqallar, ağırlar,
Mindiyarın başçısına baxırlar.
Ağızlarda şişir sözlər, uğurlar,
Hamı durar qabağında qonağın.
Bölgəmicə qulaq asır ərənlər,
– Ölür bizlə döyüşlərə girənlər,
Öndə gedir atla qoşqu sürənlər,
Hamı durar qabağında qonağın.
Üç min ildir bir döyüşə girəndən,
Acıqanı oturtmuşuq yerində,
İndi daha cınqır çıxmır birindən,
Hamı durar qabağında qonağın.
Biz on min il qabaq bura gəlmişik,
Özümüzü Mindiyardan bilmişik.
Döyüşlərdə dirilmişik, ölmüşük,
Hamı durar qabağında qonağın.
Öyünc ilə danışırdı Bölgəmic,
Qaya olar daş daşlara sığınsa.
Bir elliyik, bu birlikdən soraqsız,
Qaya olar daş daşlara sığınsa.
Bir güvəncdir Mindiyardan bu gəliş,
Tanrı verib bizə yeni yüksəliş.
Tanrı özü sözə "bura gəl", demiş,
Qaya olar daş daşlara sığınsa.
Üç gün sonra biz gedirik vuruşa,
Siz qalarsız burda, başız qarışar.
Turər birdən "hara belə" soruşur
Qaya olar daş daşlara sığınsa.
– Humbaba var, səsi qorxunc, ağzı qor,
Nərildəsə dağdan qaya, daş qopur.
Əl qanlıdır, baş yaradır, üz qotur,
Qaya olar daş daşlara sığınsa.
Odur Sıdır meşəsində bağ əkən,
Qol güclüdür, yaraq iti, səs ötgəm.
Tanrı verib ona qorxunc bir görkəm,
Qaya olar daş daşlara sığınsa.
Uruyerə böyük qapı gərəkdir,
Sıdır yonma balta sapı gərəkdir.
Qapı yoxdur, qapılı ev tək-təkdir,
Qaya olar daş daşlara sığınsa.
Çox getmişik, başa düşmür Humbaba,
Anlamazı vur, başa sal zopayla.
Gözəl Sidr meşəsində şahdır o,
Anlamazı vur, başa sal zopayla.
Mən gedirəm, Turər burda otursun,
Mən gələnə hay-küy olsa yatırsın.
Hamı üç qat sayıqlığı artırsın,
Anlamazı vur, başa sal zopayla.
Tur mindiyar başçısıdır, uludur,
Böyük inam qardaşlığın yoludur.
Uru çox-çox minelliylə doludur,
Anlamazı vur, başa sal zopayla.
Tur söylədi: – Mən də sizlə gedərəm,
Min atlım var, onları da götürrəm.
Bölgəmicə hər yerdə əl yetirrəm,
Anlamazı vur, başa sal zopayla.
Oturanlar sevindilər bu sözdən,
Ancaq biri alovlandı iç üzdən.
Onda əyri düşüncələr üst-üstə…
Anlamazı vur, başa sal zopayla.
Dedi Turər qalsın burda, biz gedək,
Bölgəmici yola salaq biz gərək.
Humbaba yox, o, bir devdir, pəzəvəng,
Anlamazı vur, başa sal zopayla.
Suər idi onun adı Başevdə,
Səs adamın iç qatını göstərir.
Bir kobudluq gizlənmişdi səsində,
Səs adamın iç qatını göstərir.
Üzü, boynu saqqal idi, bığ idi,
İşi-gücü ona-buna lağ idi.
Sürüləri, naxırları çox idi,
Səs adamın iç qatını göstərir.
Qurcalanıb deyinirdi nədənsə,
Üç idilər, verirdilər səs-səsə.
Üstlərində daş-qaş, qotaz bər-bəzək,
Səs adamın iç qatını göstərir.
Düşünürdü: – Turər qalsın Uruda,
Onun ilə dil taparam arada.
Bir də bizə yardım olar Yaradan,
Səs adamın iç qatını göstərir.
Düşünürdü: – Ələ allam Urunu,
Dəyişərəm bu oyuncaq qurumu.
Dəmirləşər suərlərin durumu,
Səs adamın iç qatını göstərir.
Sona çatar Bölgəmicin bölgəsi,
Yarıtanrı Yengisoyun kölgəsi.
Mənim olar böyük Uru bölgəsi,
Səs adamın iç qatını göstərir.
Bölgəmic də düşünürdü gizlidə,
İşi tapşır işbilənə, güclüyə.
Məndən sonra Turər qalar yerimdə,
İşi tapşır işbilənə, güclüyə.
Məndən sonra Suər başlar işini,
İrəliyə verər qaban döşünü.
Çəkib yığar dörd yanına beşini,
İşi tapşır işbilənə, güclüyə.
Şeşələnib Suər çıxar araya,
Deyər: Gəlin cumaq Urusaraya.
"Yaraq" deyib qaçar ora-buraya,
İşi tapşır işbilənə, güclüyə.
Görəcək ki, Turər vardır arada,
Güdür onu güdükçülər arxadan.
Bir də ona əl tut, olmaz Yaradan,
İşi tapşır işbilənə, güclüyə.
Tanrı mənə güc bağışlar, qızaram,
Humbabanı Sıdırlıqda basaram.
Ağacımın köklərini qazaram,
İşi tapşır işbilənə, güclüyə.
Onu kəsib yontalaram ordaca,
Ondan yüz-yüz ağac qapı olacaq.
Uruyer də dördqapılı qalaça,
İşi tapşır işbilənə, güclüyə.
Getdi böyük meşəliyə Bölgəmic,
Sən də istə, istəyənlər basardır.
Arxasınca on min atlı yürüşdə,
Sən də istə, istəyənlər basardır.
On gün yolu üç-dörd günə ötdülər,
Dördüncü gün meşəlikdə itdilər.
Durub sanki ağac kimi bitdilər,
Sən də istə, istəyənlər basardır.
Sidr ağacı iy verirdi gül kimi,
Bu ağacı görən haçan, kim əkib.
Yamaclara yaşıl-yaşıl yol çəkib,
Sən də istə, istəyənlər basıqdır.
Gül qoxuyur ağac, budaq, kol, tikan,
Sidilərdə gül qoxusu haradan?
Bu yerlərdə dincev salıb Yaradan,
Sən də istə, istəyənlər basardır.
Səs eşitdi, durdu birdən Bölgəmic,
– Gələn kimdir, ya şah olar, ya yerric.
Bu gəlişlər ya sevincdir, ya gilinc,
Sən də istə, istəyənlər basardır.
– Urudandır sənə qonaq olanlar,
At üstündə yaraqlıdır qalanlar.
Uzaqdadır ağac, odun alanlar,
Sən də istə, istəyənlər basardır.
Bir səs gəldi, meşə dağ-dağ titrədi,
Səs var, onda yatır ölüm qorxusu.
– Mən yaşıllıq Tanrısıyam! - söylədi,
Səs var, onda yatır ölüm qorxusu.
Bir səs gəldi ürəksıxan nərilti,
Danqıltıydı, şaqqıltıydı, gurultu,
Göy gurladı, yağdı yerə xarıltı,
Səs var, onda yatır ölüm qorxusu.
– Mən meşələr Tanrısıyam, Humbaba,
Mən qorxulu bir ərənəm, çox qaba.
Mən qoymaram, gələn burda at çapa,
Səs var, onda yatır ölüm qorxusu.
Gəlin yarıtanrı kimi danışaq,
Bu olmasa, biz güləşək, yarışaq.
Lap yaxşısı, qurşaq tutaq qarpışaq,
Səs var, onda yatır ölüm qorxusu.
Ancaq ağac kəsmək olmaz meşədən,
Quru ağac alar məni eşidən.
Eşitməyən ağaclaşar meşədə,
Səs var, onda yatır ölüm qorxusu.
On min atlı ağac oldu bir anda,
Qorxu içrə səs çıxmadı qalandan.
Göydən baxdı meşələrə Yaradan,
Səs var, onda yatır ölüm qorxusu.
Tanrı dedi: – Yararlıdır yaranış,
Çöp də olsa gərək yurda yaraya.
Dedi: – Baba, gələnlərə ağac ver.
Çöp də olsa, gərək yurda yaraya.
Acıqlandı o, Tanrının sözündən,
Tanrı düşdü Humbabanın gözündən.
Dəli olub sanki çıxdı özündən,
Çöp də olsa, gərək elə yaraya.
Qonaqların üzərinə yeridi,
Yengisoy da onun üstə yürüdü.
Qılınc görüb meşəbəyi kiridi,
Çöp də olsa, gərək elə yaraya.
Dedi, qılınc bu vuruşda yaramaz,
Ağac qılınc yarasını sarımaz.
Toplum yoxdur, yaraqlı yox, adam az,
Çöp də olsa, gərək elə yaraya.
Qalxdı qılınc, endi, ona çatmadı,
Bir də vurdu, qılınc ona batmadı.
Bu, ərlərin ürəyinə yatmadı,
Çöp də olsa, gərək elə yaraya.
Humbaba da çıxdı yarpaq kürkündən,
O, çıxartdı bir ağacı kökündən.
Od alışdı, gözlərinin kökündən,
Çöp də olsa, gərək elə yaraya.
Dedi: – Onda gəl, vuruşaq bu sayaq,
Qılınc iti, çomaq ağır yaraqdır.
Çomaq, qılınc qalxdı, durdu üz-üzə,
Qılınc iti, çomaq ağır yaraqdır.
Üç gün çəkdi ərənlərin duruşu,
Cingildədi çomaq-qılınc vuruşu.
Qanlar axdı, qan qanlara qarışdı,
Qılınc iti, çomaq ağır yaraqdır.
Dördüncü gün duman tutdu hər yanı,
Dağdan endi qarlı külək boranı.
Meşə aldı qucağına toranı,
Qılınc iti, çomaq ağır yaraqdır.
Duman ötdü, güclü yağış yağırdı,
Meşəbəyi üç yol bərkdən bağırdı.
Bu vuruşa Bölgəmici çağırdı,
Qılınc iti, çomaq ağır yaraqdır.
O, daş atıb Bölgəmici daşladı,
Bölgəmicsə ona bizuc tuşladı.
Yağış altda döyüş belə başladı,
Qılınc iti, çomaq ağır yaraqdır.
Üç gün meşə üzərində bağırtı,
Palçıq içrə qan qarışıq, boğuntu.
Yağış, yarpaq selləməsi, yağıntı,
Qılınc iti, çomaq ağır yaraqdır.
Onuncu gün yerə çökdü Humbaba,
Adam ağac, ağac adam sevəndir.
O, buynuzlu bir dev idi meşədə,
Adam ağac, ağac adam sevəndir.
Duman ötdü, yağış kəsdi, gün çıxdı,
Dev buzuşdu, arıqladı, sınıqdı.
Sonra öldü, palçıq oldu, yapıqdı,
Adam ağac, ağac adam sevəndir.
Meşə güldü, min-min ağac gərildi,
Ağaclaşan yaraqlılar dirildi.
Necə ağac qopdu, yerə sərildi,
Adam ağac, ağac adam sevəndir.
Uzaqlarda bir ağac da əyildi,
O, iriydi, belə ağac deyildi.
Qurumuşdu, yaşı on min il idi,
Adam ağac, ağac adam sevəndir.
Yığıldılar, aşırdılar ağacı,
Hər budaqda min-min naxış, arqacı.
Gövdəsində min qapının tıxacı,
Adam ağac, ağac adam sevəndir.
Bölgəmic də, Yengisoy da yaralı,
Qansızlıqdan qara gözlər qaralır.
İki qardaş qan itirib, saralıb,
Adam ağac, ağac adam sevəndir.
Tanrı dedi: – On min yaşı var onun
Adamlarla qonşudurlar ağaclar.
Ondan qapı, əric, arğac düzəldin,
Adamlarla qonşudurlar ağaclar.
Tanrı dedi: – Onu dibdən qoparın,
Çəkə-çəkə Uruyerə aparın.
Bu ağacın qurtarmışdı yatarı,
Adamlarla qonşudurlar ağaclar.
O ağacın gövdəsində boz un var,
Əzik yara sağaltmağa yarayar,
Bölgəmicə, Yengisoya yay olar,
Adamlarla qonşudurlar ağaclar.
O ağacın kökü qalıb dərində,
Ağac salın hər ağacın yerində.
Yeddi güc var hər ağacın birində,
Adamlarla qonşudurlar ağaclar.
Mən tanrıyam, tanrıları eşidin,
Tanrılaşır, kim bağlansa Tanrıya,
Tanrıların qonaq yeri meşədir,
Tanrılaşar kim bağlansa Tanrıya.
Özünüzü tez çatdırın Uruya,
Uru düşüb, əl açıbdır Tanrıya.
Turər, Suər, Asur girib araya,
Tanrılaşar, kim bağlansa Tanrıya.
Yaralılar mindirildi qoşquya,
Atlar çapdı, döndü uçar qırğıya.
Başbilənlər büründülər qayğıya,
Tanrılaşar, kim bağlansa Tanrıya.
Atlı çatar gəlib çatdı minlərə,
Dedi: – Uru qalıb yaman günlərə.
Suərlilər dönüb qanlı çinlərə,
Tanrılaşar, kim bağlansa Tanrıya.
Turər qovub Suərləri Urudan,
Çoxlarını çıxartdılar sıradan.
Aclıq çəkir ancaq yaraq sarıdan,
Tanrılaşar, kim bağlansa Tanrıya.
Bir yandan da Asur gəlir çaparaq,
Dəmir qoşqu, dəmir geyim, tunc yaraq.
Turər vurur asurları qıraraq,
Tanrılaşar, kim bağlansa Tanrıya.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-turla-bolgemicin-gorus-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tanı dedi Turqa belə Başevdə,Öyüd eşit, özbaşına olma sən.
Minel-Çinel söylənciUğurelə çatdı Turqtay gecəykən,Belə gündə daldan gələn bərk gələr,
İpək söylənciİpək gəldi, Əkbitəni bəzədi,Gözü çəkən gözəllikdir, bəzəkdir.
Dinti söylənci– Böyük Xaqan, indi mənə yol göstər,Hayan olsun gərək vurğun vurğuna.