Tanı dedi Turqa belə Başevdə,
Öyüd eşit, özbaşına olma sən.
Get, Tureldə öz bacına arxa dur,
Öyüd eşit, özbaşına olma sən.

Hindel şahı öc almağa yığışır,
Ordan bura yenə qaçqın axışır,
İki eldə yenə ara qarışıb,
Öyüd eşit, özbaşına olma sən.

İstəyirsən get Duzdağda otur sən,
Çörəkçinin hay-küyünü yatırt sən,
O ulaşan onçuları itir sən,
Öyüd eşit, özbaşına olma sən.

– Ata, bacım qaraqabaq, konazdır,
Yovuşmazdır, yekəbaşdır, qanmazdır.
Çox işlərdə düşüncəsi çox azdır,
Öyüd eşit, özbaşına olma sən.

Mən gedərəm Nuhçatana, Duzdağa,
Tanrılaşan əski durunc*-dayağa,
Çörəkçini gətirərəm ocağa,
Öyüd eşit, özbaşına olma sən.


– Mən bilirəm, sən uzağı görənsən,
Şah uzağı görsün gərək indidən.
Sən gələcək Mindiyarın şahısan,
Şah uzağı görsün gərək indidən.

Bu ölkənin uca şahı olarsan,
Hindel, Çinel, Asureli alarsan,
Dayanışda Turq adınla qalarsan,
Şah uzağı görsün gərək indidən.

– Ata, şahlıq səndən, məndən küsəri,
Mən gəzəri düşəriyəm, köçəri,
Mənəm Turər babamızın bənzəri,
Şah uzağı görsün gərək indidən.

– Nədir ağrın, niyə belə düşkünsən,
Sən ki, gücdə hamımızdan üstünsən.
Boş-boş sözdən, düşüncədən çəkin sən,
Şah uzağı görsün gərək indidən.

Get Duzdağa, ağrılardan uzaqlaş,
Tay-tuşunla, Tuncayınla ayaqlaş,
Qarçiçəyi, yar-yoldaşı soraqlaş,
Şah uzağı görməlidir indidən.


Duzdağ idi, Arpaçaydı, Nuhçatan,
Çörəyin də incə dadı duzdadır.
Turq çevrildi burda çörək duzuna,
Çörəyin də incə dadı duzdadır.

Çörəkçilər yola saldı Cuməri,
Yaraşdırıb bəzədilər hər yeri,
Adı uca, ağır idi öndərin,
Çörəyin də incə dadı duzdadır.

Dodaq büzdü çuqçulara onçular,
İynə oldu ürəklərdə sancılar,
Kələzləndi sağçılara solçular,
Çörəyin də incə dadı duzdadır.

Çəkişirdi çörəkçilər Tanıyla,
Hər göstəriş qurtarırdı qanıyla,
Gəzir çuqçu öz Turqunun yanıyca,
Çörəyin də incə dadı duzdadır.

Çörəkçiydi başraqçısı, yançısı,
Qorxmayırdı Turqdan pisi, yaxşısı,
Yerlidəndi züytutanı, sayçısı,
Çörəyin də incə dadı duzdadır.


Turq söylədi var-yox burda çörəkdir,
Tanrılaşır az olanda duz, çörək,
Gəlir hamı çörək üçün, duz üçün,
Tanrılaşır az olanda duz, çörək.

Turq söylədi, sataq duzu, buğdanı,
Yanlaşdıraq qışda qada-balanı,
Bələkləyək qayğı ilə doğmanı,
Tanrılaşır az olanda duz, çörək.

Artıq nə var verək dəmir qoşquya,
Döyüşlərdə gərək olan qurquya,
Vuruşlarla biz son qoyaq durğuya,
Tanrılaşır az olanda duz, çörək.

Çörəkçilər döş gərdilər bu işə,
Dedilər ki, el yaraqsız ötüşər,
Qoşqudansa sürü çıxsın örüşə,
Tanrılaşır az olanda duz, çörək.

Çəkişmələr çəkdi, getdi iki il,
Soraq gəldi yürüşdədir Asurel,
Daşqırlar da içlərində az deyil,
Tanrılaşır az olanda duz, çörək.


Asurel şah Kamac oğlu Amandı,
Gənc yaşlılar dəlisovluq edərlər.
Dördtəkərli qoşquları çox idi,
Gənc yaşlılar dəlisovluq edərlər.

At ürkürdü dördtəkərli görəndə,
Şahə qalxıb fırlanırdı yerində,
O qorxurdu döyüşlərə girəndə,
Gənc yaşlılar dəlisovluq edərlər.

Gənc Amanda dəlisovluq var idi,
Üzü uzun, tüklü alnı dar idi,
Gözlərində baxış deyil, qor idi,
Gənc yaşlılar dəlisovluq edərlər.
Ölkəsində beş il qıtlıq olmuşdu,
El-obası unsuz, otsuz qalmışdı,
Çoxlarının üzü-gözü solmuşdu,
Gənc yaşlılar dəlisovluq edərlər.

Aman cumub dörd yanını çapırdı,
Boğazlardan kal bağırtı qopurdu,
Bunla onlar yemək-içmək tapırdı,
Gənc yaşlılar dəlisovluq edərlər.


Aman eli çapa-çapa gəlirdi,
Adam gərək qayıtmağa üz qoya.
Mindiyara, Minelliyə acıqlı,
Adam gərək qayıtmağa üz qoya.

Tutaq, toppuz vuruşanda guppultu,
Atdan aşan ölülərdən tappıltı,
Üzə dəyən sillə-sillə şappıltı,
Adam gərək qayıtmağa üz qoya.

Tüstü, alov boğuşurdu zəmidə,
Yaxmaq qurdu havalıyda, yellidə,
Nə umursan cumhacumda dəlidən,
Adam gərək qayıtmağa üz qoya.

Asurelə sürülürdü sürülər,
Çapıb gedir düzü əli əyrilər,
Aclığından yarımölü dirilər,
Adam gərək qayıtmağa üz qoya.

Ağüzeli çapdı, çatdı Duzdağa,
Turq «dur» dedi çağrılmamış qonağa,
Bir çağrışla Minel durdu ayağa,
Adam gərək qayıtmağa yer qoya.


Aman şahın qabağına çıxdı Turq,
Dəli gərək şəlitlənə, iplənə,
Selə qarşı duruş çox-çox çətindir,
Dəli gərək şəlitlənə, iplənə.
Qabaqları üç gədikdə tutuldu,
Ağüzelli döyüşlərə atıldı,
Aman şahın qalın qaşı çatıldı,
Dəli gərək şəlitlənə, iplənə.

– Kimdir-dedi-qabağıma çıxanlar,
Turq söylədi: – Ağüzelli qaplanlar,
Bir də qaplan bəsləyənlər, doğanlar,
Dəli gərək şəlitlənə, iplənə.

– Asurelli həm yürüşdür, həm seldir,
Onla vuruş sənin işin deyildir,
– Mən bilirəm, siz acsınız beş ildir,
Dəli gərək şəlitlənə, iplənə.

– Biz gəlmişik sizi çapaq, aparaq,
Tək bizdədir dördtəkərli qoşqular,
– Sən oğrusan, çapqınçısan, yapalaq,
Dəli gərək şəlitlənə, iplənə.


İki yandan yaraqlılar baxırdı,
Döyüşlərdə sözün ayrı gücü var.
Söyüşürdü, deyişirdi igidlər,
Döyüşlərdə sözün ayrı gücü var.

Bu döyüşə qılınc, bizuc qarışdı,
Göydə qılınc, yerdə gözlər alışdı,
İki toplum bir-birinə daraşdı,
Döyüşlərdə sözün ayrı gücü var.

İki gəncin vuruşmağı acıqlı,
Əllər al qan şırımıyla sarıqlı,
Bir səs qopdu, qırıq-qırıq, yanıqlı,
Döyüşlərdə sözün özgə gücü var.

Aman idi, sallanmışdı sağ qolu,
Gözlə ağız, dəmir döşlük qan dolu,
Ağ atının gümüş yalı al olub,
Döyüşlərdə sözün özgə gücü var.

Turq Amanı sağ çiynindən vurmuşdu,
İti qılınc onu iki yarmışdı,
Ağ atının belini də qırmışdı,
Döyüşlərdə sözün özgə gücü var.


Qan almışdı Turqun qara gözünü,
Dəlisayaq olur ölən, öldürən.
Quşat yerdə tapdaladı Amanı,
Dəlisayaq olur ölən, öldürən.

Gendən yüz min adam buna baxırdı,
Bağırtılar yerdən göyə qalxırdı,
Çapqınçılar büzüşərək qorxurdu,
Dəlisayaq olur ölən, öldürən.

Asureldən toplum gəlib yetişdi,
İki toplum bir-birilə didişdi,
Yaraqsızlar boş əl ilə tutuşdu,
Dəlisayaq olur ölən, öldürən.

Turq bağırdı, yer titrədi qorxudan,
Dedi: – Neçə toplum gəlir arxadan,
Ey Minelli, vuruş, çarpış qorxmadan,
Dəlisayaq olur ölən, öldürən.

– Minellilər,-dedi-qırın, dağıdın,
Acıqanın al qanını axıdın,
Nərildəyin, yeri-göyü qorxudun,
Dəlisayaq olur ölən, öldürən.


Üçüncü gün Sərtüz gəldi tələsik:
– Böyük tanrı qırğınların qancılı,
Sərtüz dedi;-Əl saxlayın, qırmayın!
Böyük tanrı qırğınların qancılı.

Dedi: – Dayan! Basılanı qırma sən,
Sən dopdolu, basılansa boş gödən,
Öldürməyin qancılı da heç nədən,
Böyük tanrı qırğınların qancılı.
Aldanıblar, oğurluğa gəliblər,
Özlərini yenməz, dönməz biliblər,
Bunlar elə diri ikən ölüblər,
Böyük tanrı qırğınların qancılı.

Yazıqları aldadıbdır Əhrimən,
Pis dirilmir «son sorğu»da yenidən,
Mən tanrıyam, söyləyirəm sizə mən,
Böyük tanrı qırğınların qancılı.

Öldürməyin aldanmışı, görməzi,
Danışdırın dili tutuq dinməzi,
Qoy tanısın od-ocağı, Hörmüzü,
Böyük tanrı qırğınların qancılı.


Əl qaldırıb Sərtüz girdi araya,
Vuruşlarda iki yanı arala.
Yer üzündən dilli, dilsiz yox olar,
Vuruşlarda iki yanı arala.

Yerə çökdü Asurelin toplumu,
Qurtarmışdı onsuz onun durumu,
Qırılmışdı ondan səkkiz yarımı,
Vuruşlarda iki yanı arala.

Sərtüz tutdu əllərini qabağa,
Dedi: – Qırmaq bundan sonra qadağa,
Hər söz üçün əl atmayın yarağa,
Vuruşlarda iki yanı arala.

Mən tanrıdan yer üzünə elçiyəm,
Qan-qadaya, boğuntuya ölçüyəm,
Belə getsə tanrı bizdən inciyər,
Vuruşlarda iki yanı arala.

Basılanlar qayıtsınlar geriyə,
Dönməsinlər Mindiyardan bəriyə,
Mindiyarda yer yox ölü, diriyə,
Vuruşlarda iki yanı arala.


Köçdü getdi Asurelin toplumu,
Hər ölkənin ağsaqqalı var olsun.
Onlar öpdü Sərtüzərin əlindən,
Hər ölkənin ağsaqqalı var olsun.

Sərtüz dedi: – Qalan çöksün diz üstə,
Yaralılar uzanmışdı üzüstə,
Sərtüzləşdi onlar bircə söz üstə,
Hər ölkənin ağsaqqalı var olsun.

Dedilər ki, biz qurtardıq ölümdən,
Yapışırıq Mindiyarın elindən,
Bağışlayın bizi tanrı dilində,
Hər ölkənin ağsaqqalı var olsun.

Dedilər ki, bizi Minel sayınız,
Yeydir bizə inanışız, soyunuz,
Bizi burda yaşamağa qoyunuz,
Hər ölkənin ağsaqqalı var olsun.

Turq dedi ki: – İstəsəniz, qalın siz,
Mindiyarda Minel adı alın siz,
Bu ölkənin doğmacası olun siz,
Hər ölkənin ağsaqqalı var olsun.


Manayyurdda yer verildi onlara,
Dəyiş sən də yurdun, yerin dəyişsə.
Ev tikdilər, yurd saldılar, qaldılar,
Dəyiş sən də yurdun, yerin dəyişsə.

Yer əkdilər, Mindiyarı öydülər,
Çapqınçını, soyğunçunu söydülər,
Sərtüz sayaq uzun ətək geydilər,
Dəyiş sən də yurdun, yerin dəyişsə.

Tanı bildi, düşüncəsi pozuldu,
Turqa yeni bir göndərmə yazıldı,
Üzərinə gümüş basma basıldı,
Dəyiş sən də yurdun, yerin dəyişsə.
Turqla Sərtüz Əkbitənə yollandı,
Bu yazıdan dodaqları sallandı,
Əlli ata bağış, pay-puş çullandı,
Dəyiş sən də yurdun, yerin dəyişsə.

Yarı yolda Sərtüz durdu lapbadan,
İncik könlü Tanı şahdan qopmada,
– Mən dönürəm, Turqtay, -dedi-çapmadan,
Dəyiş sən də yurdun, yerin dəyişsə.


Dedi: – Atan danlayacaq məni də,
Tutarlıdır danlaq az-az olanda.
Mən doğrusu bu danlağa dözmərəm,
Tutarlıdır danlaq az-az olanda.

Mən dönürəm Nuhçatana, Duzdağa,
Gedib dönəm Ağüzeldə qonağa,
Dönəmmərəm mən Başevdə alağa,
Tutarlıdır danlaq az-az olanda.

Asurlular gəlib bizə sığınıb,
Onlar kimdir, yazıq-yuzuq yığını,
Bunla bitir çapqınçılar axını,
Tutarlıdır danlaq az-az olanda.

Harda olsam mən qırğına qarşıyam,
Yaranandan yaradana qonşuyam,
Göydə Sərtüz, yerdə tanrıbaşıyam,
Tutarlıdır danlaq az-az olanda.

Hara getsəm qayıdaram özümə,
Yarayaram mən onuna, yüzünə,
Əyriləri yönəldərəm düzünə,
Tutarlıdır danlaq az-az olanda.


– Mən gedirəm, Turqtay, məni bağışla,
Oğul, dil tap hər bir işdə atanla.
Silməliyəm yer üzünü qadadan,
Oğul, dil tap hər bir işdə atanla.
Məni anla, mən göylərdən gəlməyəm,
Mən gedirəm tanrı yolda ölməyə.
Mən gedirəm bir də bura gəlməyə,
Oğul, dil tap hər bir işdə atanla.

Atan bir az öz içindən sınıqdır,
Ana yandan tamarzıdır, yanıqdır.
O, ürəkdən, düşüncədən soyuqdur,
Oğul, dil tap hər bir işdə atanla.

Mən bilirəm şahlıq sənə çatacaq,
Mindiyarın yeri-yurdu artacaq,
Minel səni başraq kimi tutacaq,
Oğul, dil tap hər bir işdə atanla.

Sənin güclü acıqanın Yamandır,
Qalanlarsa ötəridir, yalandır,
Bundan sonra Turq mənim də balamdır,
Oğul, dil tap hər bir işdə atanla.


Turq söylədi: – Sən də mənim atam ol,
Ucalt, səni ucalanlar ucaldar.
Mənə böyük gələcəkdən soraq var,
Ucalt, səni ucalanlar ucaldar.

Mən şah olsam, gəl, Başevdə otur sən,
Arxa ollam, dayaq ollam sənə mən.
Mən tutaram yazı yazan əlindən,
Ucalt, səni ucalanlar ucaldar.

Sərtüz dedi: – Yazılarım səpikdir,
Onlar el-el, elat-elat itikdir,
Harda sümük varsa onlar ilikdir,
Ucalt, səni ucalanlar ucaldar.

Mən bilirəm, sən sevirsən birini,
Ondan artıq istəyirsən ərini,
Düz seçibsən bu sevgidə yerini,
Ucalt, səni ucalanlar ucaldar.

Unudular ilk sevgini unudan,
Sənə bir qız göndərəcək yaradan,
O olmayıb hələ ancaq anadan,
Ucalt, səni ucalanlar ucaldar.


O qayıtdı, öz yolunu düz getdi,
Yol birdirsə, tuşlanc saysız saydadır.
Şah oğluna acıqlandı, təpindi,
Yol birdirsə, tuşlanc saysız saydadır.

Tanı dedi: – Ana torpaq uludur,
Torpaqsızlar, kim olsa da, ölüdür,
O, qan ilə, kəsi ilə doludur,
Yol birdirsə, tuşlanc saysız saydadır.

Qancılına yer verirsən nə adla,
Oynayırsan uşaq kimi sən odla,
Yüz qan vardır hər çiçəkdə, hər otda,
Yol birdirsə, tuşlanc saysız saydadır.

Sərtüz bizi acıqanla bir tutur,
Yurd sözünü ürəyindən o atıb,
Buna görə tanrı onu yaradıb,
Yol birdirsə, tuşlanc saysız saydadır.

Torpaq verdik Arielə, nə oldu,
Minellilər öz yurdundan qovuldu,
Nə qədər qan yerdə göyə sovruldu,
Yol birdirsə, tuşlanc saysız saydadır.


– Ta yığışıl, şah olursan Minelə,
Bir qarıc da olsa torpaq uludur.
Get, geri al o yerləri Asurdan,
Bir qarıc da olsa torpaq uludur.

Sən birləşdir Ağüzeli, Duzdağı,
Mindiyara qoyma burnu sallağı,
Sevindirsin hər gün bizi sorağın,
Bir qarıc da olsa torpaq uludur.

Turqtay dedi: – Ata, məni bağışla,
Doğru sözü eşit, saxla qulaqda,
Yandılılar hər gün nəsə uduzur,
Doğru sözü eşit, saxla qulaqda.

Mənim könlüm bir azcana sınıqdır,

Vara, yerə, bər-bəzəyə soyuqdur,
Eviminsə qapıları açıqdır,
Doğru sözü eşit, saxla qulaqda.

İndən belə qancıl ollam özgəyə,
Qudurqan yox, bir qızırqan ölkəyə,
Mən dönərəm ot axtaran təkəyə,
Doğru sözü eşit, saxla qulaqda.


– Nəyə görə belə sınıq olubsan,
Heyi olmaz sınıq düşən ürəyin.
Kim sındırıb mənim dağdöş balamı,
Heyi olmaz sınıq düşən ürəyin.

– Mənim könlüm uşaqlıqdan belədir,
Göz çəkimim evə deyil, çölədir,
Tanrı mənə yaylığını yellədir,
Heyi olmaz sınıq düşən ürəyin.

Bunu deyib o kövrəldi, tutuldu,
Üz soyudu, qara qaşlar çatıldı,
Unudulmuş sevgisinə qatıldı,
Heyi olmaz sınıq düşən ürəyin.

Ata onun qucaqladı boynunu,
Ana açdı balasına qoynunu,
Qızlar gəldi, çalğı, döş-baş oyunu,
Heyi olmaz sınıq düşən ürəyin.

Söz söylədi, oynaqladı təlxəklər,
Don altında titrək bellər, göbəklər,
Qalxdı, endi ipək donlar, ətəklər,
Heyi olmaz sınıq düşən ürəyin.


Turqız dedi: – Oğlum deyən sevibdir,
Ancaq sevən belə solur, tutulur.
Adam salın, qoy öyrənsin bu işi,
Ancaq sevən belə solur, tutulur.

Çox izləyib Turqu hər gün güddülər,
Hara getdi, arxasınca getdilər,
Ancaq onlar izdə, düzdə itdilər,
Ancaq sevən belə solur, tutulur.

Turqız dedi: – Balam sevir, gizlədir,
Özü Turqu qapı-qapı izlədi,
Güdükçülər saldı, soraq gözlədi,
Ancaq sevən belə solur, tutulur.

Dedi: – Tanrım, sən əltut ol balama ;
Qoyma onun könlü yana, bulana,
Bu dolanış sevgi üstdə dolanar,
Ancaq sevən belə solur, tutulur.

Tanrım, mənə bu sevgini tanıtdır,
Ya da onu gənc oğluma unutdur,
Ya da onu sevgisində ovutdur,
Ancaq sevən belə solur, tutulur.


Ancaq Turqu ovunduran olmadı,
Sınıqlıqdan törənmişdir soyuqluq,
Turq soyudu evə, ata, anaya,
Sınıqlıqdan törənmişdir soyuqluq.

Nə əyləncə, nə ov, nə də qız, gəlin,
Turq arxada qoydu bu boz illəri,
Danışdırdı bulaqları, gülləri,
Sınıqlıqdan törənmişdir soyuqluq.

Çox qızları göstərdilər, olmadı,
Çox gözəllər gördü, saya salmadı,

Nə verdilər, gətirdilər, almadı,
Sınıqlıqdan törənmişdir soyuqluq.
Baş qaldırdı yenə Yanqu diləyi,
Qazılırdı, üzülürdü ürəyi,
Sevgi, inam hər kişinin dirəyi,
Sınıqlıqdan törənmişdir soyuqluq.

Səsləyirdi bu sevgini ağrılar,
Pisləyirdi bu sevgini tanrılar,
Gözləyirdi yol gözləyən ayrılar,
Sınıqlıqdan törənmişdir soyuqluq.


Gördülər ki, Turq əzilir, büzülür,
Kişi gərək dəymə-düşər olmasın.
Qız, qadında olur hərdən əzilmək,
Kişi gərək dəymə-düşər olmasın.

Sevgi oddur, o yandırır ürəyi,
O püskürür, hərdən-birdən kökrəyir,
Sevgi saymır yaşı, qışı, küləyi,
Kişi gərək dəymə-düşər olmasın.

Yanqu bunu bilməsə də, duyuqdu;
Ərdən suvay hər kişiyə soyuqdu,
Bircə ona öz körpəsi yovuqdu,
Kişi gərək dəymə-düşər olmasın.

Tanrılar da düşünürdü bu yöndə,
«Necə açaq bu sevgini düyündən,»
«Bu sevgini bilsin Yanqu-gəlin də»,
Kişi gərək dəymə-düşər olmasın.

Az-çox Yanqu bu sevgini duymuşdu,
Bunu ancaq elə-belə saymışdı,
Daha sevmək, sevilməkdən doymuşdu,
Kişi gərək dəymə-düşər olmasın.


Turqtay döndü Nuhçatana, Duzdağa,
Ağrıyana gör-gör toxdaq kəsilir,
Yaz gələndə mamırlanır daş-qaya,
Ağrıyana gör-gör toxdaq kəsilir.
Turq ovlaqda, oylaqlarda dolandı,
Zirvələrdən Çuqçuelə boylandı,
Bulaqların göz yaşları bulandı,
Ağrıyana gör-gör toxdaq kəsilir.

Yaxınları yerə örtük sərdilər,
Ona içki, cüyür əti verdilər,
Ancaq onu yenə tutqun gördülər,
Ağrıyana gör-gör toxdaq kəsilir.

Bu nə işdir, niyə Turqtay sevinmir,
Gənc ürəyi heç nə ilə döyünmür,
Nə ocaqda, nə yataqda isinmir,
Ağrıyana gör-gör toxdaq kəsilir.

Hərdən-birdən zirvələrə qalxır o,
Görünməyən uzaqlara baxır o,
Gözü dolur, öz-özünü boğur o,
Ağrıyana gör-gör toxdaq kəsilir.


Atlı gəldi, yazı verdi Turqtaya,
Yıxılana, boğulana əl uzat.
Bu yazıda ata Turqa deyirdi:
Yıxılana, boğulana əl uzat.

Soyqan gəlib tapdalayıb, Çuqçunu,
Tutuqlayıb Tuncay ilə Yanqunu,
Deyib tapın Mindiyarın Turqunu,
Yıxılana, boğulana əl uzat.

Uğureldən götür böyük Bacarı,
Onun vardır uca-uca uçarı,
Qov Çuqçuya, Uğurelə çaparı,
Yıxılana, boğulana əl uzat.

Mən də gəlsəm Turqız qalar yerində,
O, igiddir öz oğlundan, ərindən,
Çat oraya gələn ayın birində,
Yıxılana, boğulana əl uzat.

Son qoy, oğlum, o çinelli Soyqana,
Deyiblər ki, öc öcədir, qan qana,
Vur, yıx, dağıt, çap atını hər yana,
Yıxılana, boğulana əl uzat.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri