Manayqız söylənci
Tanı şahın səsləncləri gurladı,
Qız sevincdir, oğul önəm hamıya.
Turqız doğdu, «Manay» qoydu adını,
Qız sevincdir, oğul önəm hamıya.
Manay adı sevindirdi hamını,
Dağı, düzü, uzaq, yaxın aranı,
Qız sağaltdı Tanıdakı yaranı,
Qız sevincdir, oğul önəm hamıya.
Manay adı qızıl qaba qazıldı,
Turər kökü soy adına yazıldı,
Günü, ayı görgülərə basıldı,
Qız sevincdir, oğul önəm hamıya.
Görüşünə gəldi Yanqu, Qızçiçək,
Gül-gül oldu daş-qaşlarla ağ bələk,
Durudaşlar, qızıl-gümüş bir ətək,
Qız sevincdir, oğul önəm hamıya.
Manay döndü işıqlığa bir daha,
Ölən üç yol özgə üzdə doğulur.
Sərtiş dədə üç anadan doğulub,
Ölən üç yol özgə üzdə doğulur.
İlk gülüşü, ilk addımı, ilk sözü,
Danışırdı elə bil ki göy gözü,
Manaylaşıb böyüyürdü qız özü,
Ölən üç yol özgə üzdə doğulur.
Manaylaşıb sevinirdi doğmalar,
Daşlanırdı çöllər, evlər, daxmalar.
Başevdəki qapı-qapı oymalar,
Ölən üç yol özgə üzdə doğulur.
Qız ayağı yüngül olur,-deyiblər,
Buna görə qızı bərk-bərk seviblər,
Gəlişini, gülüşünü öyüblər,
Ölən üç yol özgə üzdə doğulur.
Hamıdan çox Turq sevindi Manayla,
Qardaş qolu, qanadıdır bacının.
At çapmağı, ox atmağı öyrəndi,
Qardaş qolu, qanadıdır bacının.
On yaşında Manay igid qız oldu,
Gülüş getdi, ay bənizi buz oldu,
Tanış-biliş bu gözələ göz oldu,
Qardaş qolu, qanadıdır bacının.
On beş yaşda yaraqlıydı sırada,
Turq hardaydı, bacısı da orada,
Vuruşurdu acıqanla arada,
Qardaş qolu, qanadıdır bacının.
Turqa bacı unutdurdu Yanqunu,
«Tuncay» deyib o mələyən quzunu,
Uşaqlıqdan qalan sönük yanğını,
Qardaş qolu, qanadıdır bacının.
İlk döyüşdə yaralandı başından,
Unudulmaz ilk döyüşlə ilk yara.
Kilkələnib sallanırdı saçları,
Unudulmaz ilk döyüşlə ilk yara.
Qan qurumu görünürdü telində,
Qılınc vardı, qalxan vardı əlində,
Qorxmayırdı o, yaradan, ölümdən,
Unudulmaz ilk döyüşlə ilk yara.
Soyqan üç yol çıxdı qızla üz-üzə,
Üzdə nə yağ, nə boyadan bər-bəzək,
Vurulmuşdu o, od saçan göy gözə,
Unudulmaz ilk döyüşlə ilk yara.
Vuruşurdu qardaşıyla yanaşı,
Buzdan idi qızın sanki göz-qaşı,
Yanaqları inam ilə allaşıb,
Unudulmaz ilk döyüşlə ilk yara.
Qılınc çəkib Soyqan ona söylədi:
– Gözəl qızlar evdə olar, çöldə yox.
Dedi: – Mən o gözəllərdən deyiləm,
Gözəl qızlar evdə olar, çöldə yox.
Mən Mindiyar uğrundaca yaraqlı,
Qaplan kimi, qartal kimi caynaqlı,
Döyüşlərdə basar-kəsər soraqlı,
Gözəl qızlar evdə olar, çöldə yox.
Qız çiynindən yaralandı, yıxıldı,
Qara saçlar səpələndi, dağıldı,
Bir azcana qız utandı, sıxıldı,
Gözəl qızlar evdə olar, çöldə yox.
Turq Manayı harayladı, çağırdı,
«Soyqan» deyib o qancıla bağırdı,
İlk vurduğu toppuz dağdan ağırdı,
Gözəl qızlar evdə olar, çöldə yox.
Tutaq batdı, qol əyildi, bel sındı,
Vurum gərək güclü ola, acıqlı,
Soyqan düşdü at ayağı altına,
Vurum gərək güclü ola, acıqlı.
Ağzındakı son sözləri qırıldı,
Son harayı tutqun göyə sovruldu,
O silkənib qanlı yerə sərildi,
Vurum gərək güclü ola, acıqlı.
Qalxdı atın yəhərinə Manayqız,
Dedi: – Bitdi qan tökməyin, a qansız,
Çinel qaldı bundan sonra Soyqansız,
Vurum gərək güclü ola, acıqlı.
Bir ay çəkdi, vuruş bitdi çökəkdə,
Çuqçu, Xançu, Muğel güldü ürəkdən,
Qan qurudu, döyüş bitdi ətəkdə,
Vurum gərək güclü ola, acıqlı.
İlk döyüşü bunca bitdi Manayın,
İlk addımda bərkiyənlər bərk olur.
Yanqu gəldi, Tuncay, Tuncər, Qızçiçək,
İlk addımda bərkiyənlər bərk olur.
Od-alovca bir qız idi Manayqız,
O, qardaşı Turqtay kimi amansız,
Döyüş-vuruş anlayırdı o yalnız,
İlk addımda bərkiyənlər bərk olur.
Günay dedi: – Bacı qızı, bacılı,
Səni görcək könlüm gül-gül açılır,
Mindiyarın qancılının qancılı,
İlk addımda bərkiyənlər bərk olur.
Yanqu dedi: – Manay qalsın bizimlə,
Qoruyaram kirpiyimlə, gözümlə,
Qalar qonaq bir il burda özümlə,
İlk addımda bərkiyənlər bərk olur.
Ancaq dinib danışmadı Manayqız,
Danışmağı sevmir güclü olanlar.
Dedilər ki, qızın dili tutulub,
Danışmağı sevmir güclü olanlar.
Uğureldə üç ay, üç gün qaldılar,
At səyirdib yeni cığır saldılar.
Neçə-neçə qonaqlıqda oldular,
Danışmağı sevmir güclü olanlar.
Turqtay dedi: – Bacı, sən də bir danış,
Deyilənə, danışana bir qarış,
Bir şey istə, sən birindən söz soruş,
Danışmağı sevmir güclü olanlar.
Ancaq Manay nə danışdı, nə dindi,
Ər ürəyi qız köksündə döyündü,
Dinməzliklə, enməzliklə öyündü,
Danışmağı sevmir güclü adamlar.
Nə olmuşdu görən gözəl Manaya,
Qız ürəyi tanrılarla danışır.
Danışmasa, dinməsə də bilirdi,
Qız ürəyi tanrılarla danışır.
Bir deyən də yox idi ki, bu nə iş,
Niyə qızı çəkir bunca vur-döyüş,
Bu, tanrıdan tapşırıqdır, göstəriş,
Qız ürəyi tanrılarla danışır.
Tanrılarsa anlayırdı Manayı,
Manay şahın acığıydı, harayı,
Yaranışa gəlib gizli, dolayı,
Qız ürəyi tanrılarla danışır.
Ürəyində çırpınırdı Manay şah,
Sığınmışdı təkcə doğma qardaşa,
Döyüşlərdə qancıllarla baş-başa,
Qız ürəyi tanrılarla danışır.
Turq dedi ki: – Burdan gedək Turelə,
Hər şey öncə ikiləşib dağılır.
Arieldə, Darvideldə beləydi,
Hər şey öncə ikiləşib dağılır.
İki eldə acıqanlıq səngimir,
Döyüş-vuruş, qırdı-qırdı təngimir,
Tanrılar dadayan demir, dur demir,
Hər şey öncə ikiləşib dağılır.
İndi də Karş Gümüşqızla üz-üzə,
Dirənmişdir el döş-döşə, söz-sözə,
Vuruşlarda çıxır hərdən qan dizə,
Hər şey öncə ikiləşib dağılır.
Onlar çapdı atlarını Turelə,
Yanlayırdı Gümüşqızı Karş hələ,
Sıtqamalar, yalvarmalar bir belə,
Hər şey öncə ikiləşib dağılır.
Yolda Manay geydi kişi geyimi,
Bir geyimdə bacı, qardaş tanınmaz.
Turq dedi ki: – Səni yandan güdürəm,
Bir geyimdə bacı, qardaş tanınmaz.
Tüklü, tüksüz, oxşar idi üzləri,
Bir boyada, iri idi gözləri,
Yaxından da yaxın səsi, sözləri,
Bir geyimdə bacı, qardaş tanınmaz.
Qız götürdü qardaşından «Turq» adı,
Qalxıb mindi oynaqlayan Quşatı,
Turq göz qoydu bacısına gözaltı,
Bir geyimdə bacı, qardaş tanınmaz.
Çuqçubaşı qarşıladı birinci,
Onu görcək daşdı, coşdu sevinci,
Manay idi qardaşından görümcül,
Bir geyimdə bacı, qardaş tanınmaz.
Bacısına Turq qıraqdan göz idi,
Dinməzlikdən doğur deyən susqunluq.
Turqu tutqun gördü bu yol çuqçular,
Dinməzlikdən doğur deyən susqunluq.
Gümüşqız da gəldi çıxdı buraya,
Dedi – birdən o, bir işə yarayar,
Bir susqunluq çəpər çəkdi araya,
Dinməzlikdən doğur deyən susqunluq.
Dedi: – Karşdır oğurlayan balamı,
Karş öldürüb mənim doğma atamı,
Karş pozandır burda hər gün aranı,
Dinməzlikdən doğur deyən susqunluq.
“Turq” dinmədi, sanki bunu bilirdi,
Ürəyində Gümüşqıza gülürdü,
Bu gözələ yazıqlığı gəlirdi,
Dinməzlikdən doğur deyən susqunluq.
Çuqçubaşı dedi: – Onu gəzirik,
Su çəkilib çökər yerin təkinə.
O, Hindeldə gəzir sonev yerini,
Su çəkilib çökər yerin təkinə.
Manay dedi: – Get, tap, vur, kəs, yox elə,
Çuqçubaşı dedi: – Getdik Hindelə,
Gümüşqızla gərək verək əl-ələ,
Su çəkilib çökər yerin təkinə.
Gümüşqızı Manay nədən saymadı,
Onun yersiz qılığına uymadı,
Bir də onu baş əyməyə qoymadı,
Su çəkilib çökər yerin təkinə.
– Hoydu!-deyib çuqçubaşı qıy vurdu,
Çayı, suyu, yeli, seli o yardı,
Neçə-neçə qurğuları o qırdı,
Su çəkilib çökər yerin təkinə.
Gümüşqızla Manay evə getdilər,
Könül küsür göylər tutqun olanda.
Bəzənmişdi-düzənmişdi Gümüşqız,
Könül küsür göylər tutqun olanda.
Qız at üstə Manayqıza yan aldı,
Dedi: – Sevdim səni, Turqum, ucaldım,
Dedi: – Sənə ilk görüşdə vuruldum,
Könül küsür göylər tutqun olanda.
– Qaraqabaq olmağına vurğunam,
Buna görə ağ gül kimi solğunam,
Buna görə göylər kimi dalğınam,
Könül küsür göylər tutqun olanda.
Kölə elə məni, böyük şah oğlu,
Döyüşlərdə olum sənə yaraqlı,
Bir ev quraq sənlə köklü, budaqlı,
Könül küsür göylər tutqun olanda.
Manay dönüb baxdı ona, dinmədi,
Evə çatdı, o, Quşatdan enmədi,
Qız yalvardı, istəyindən dönmədi,
Könül küsür göylər tutqun olanda.
Manay dönüb baxdı ona, dinmədi,
Bir-birini sevə bilməz iki qız,
Bilmirdi ki, bu, Manaydır, Turq deyil,
Bir-birini sevə bilməz iki qız.
Darvidelli gözəgəlim qız idi,
Tez aldanıb, düz danışan düz idi,
Belə gəlin bu ellərdə az idi,
Bir-birini sevə bilməz iki qız.
Manay dərin düşüncələr içində,
Pal-paltarı, üzü Turqtay biçimdə,
Nə sevilmək, nə də sevmək gücündə,
Bir-birini sevə bilməz iki qız.
Düşünürdü nənəsini, Tanını,
«Niyə tökdü oğul ana qanını?»,
Yaşayırdı bu ağrılı ağrını,
Bir-birini sevə bilməz iki qız.
Evdən çıxıb Karş sıçradı bayıra,
Bildirmədən lapdan vurmaq düz deyil,
Gümüşqızı vurdu, yıxdı torpağa,
Bildirmədən lapdan vurmaq düz deyil.
Minib ata götürüldü acıqan,
Manay ona ox tuşladı arxadan,
Qız qışqırdı, dedi: – Qancıl, dur, dayan,
Bildirmədən lapdan vurmaq düz deyil.
Karş durmadı, yay dartıldı sonacan,
Manay saydı bir, iki, üç, onacan,
Dedi: – Dayan! Yoxsa oxu atacam,
Bildirmədən lapdan vurmaq düz deyil.
Yaydan çıxdı, fışıldadı iti ox,
Gözdən itdi, üç yüz addım getdi ox,
O qancılın kürəyində bitdi ox,
Bildirmədən lapdan vurmaq düz deyil.
Bir ah qopdu Karşın qanlı döşündən,
Öldürəni öldür, qoyma yaşasın.
Yaralanıb Gümüşqız da ölmüşdü,
Öldürəni öldür, qoyma yaşasın.
Manay dedi: – Tanı oğlu Turqtayam,
Dibə kimi bərk çəkilmiş bir yayam,
Pisə pisəm, qolaylara qolayam,
Öldürəni öldür, qoyma yaşasın.
At çaparaq Karşı yerə yıxmışdı,
Sürütləyib kolluqlara soxmuşdu,
Ox kürəkdən batıb döşdən çıxmışdı,
Öldürəni öldür, qoyma yaşasın.
Sonevləri qazılmışdı yan-yana,
Sevgiləri bələnmişdi al qana,
Turel bütün bürünmüşdü dumana,
Öldürəni öldür, qoyma yaşasın.
Manay dedi: – Yerinc mənəm Turelə,
Bir işləmək, bir yaşamaq, bir ölmək,
Bizə yardım olacaqdır çuqçular,
Bir işləmək, bir yaşamaq, bir ölmək.
Tanrı mənə buyurubdur, birləşin,
Özgələrlə vuruşanda ərləşin,
Ulus-ulus, ev-ev, yurd-yurd yerləşin,
Bir işləmək, bir yaşamaq, bir ölmək.
Gözləməyin, gəlim qılınc sıyırım,
Sizi bir də bir-birizdən ayırım,
«Mən-mən»ləri qızıl qanla doyurum,
Bir işləmək, bir yaşamaq, bir ölmək.
Tanrı bizi bir yaradıb, bir olaq,
Hamınındır bu yer, bu yurd, bu oylaq,
Bir-birinə yapışıqlı ev salaq,
Bir işləmək, bir yaşamaq, bir ölmək.
İki yandan ağsaqqallar yığıldı,
Yasda, toyda unudulur öc, acıq,
Dedilər ki, qan-qadaya son qoyaq,
Yasda, toyda unudulur öc, acıq.
Açıqlayıb Üstüağı, Manayı,
Öyüb, öyüb Turqız-Tanı toyunu,
Oxşadılar Turqun hündür boyunu,
Yasda, toyda unudulur öc, acıq.
Kim ayrılıq salsa Turel içinə,
Boyun əysin gərək qılınc gücünə,
Qancılların qıyma iki, üçünə,
Yasda, toyda unudulur öc, acıq.
Ağsaqqallar Manayqızı Turq sanıb,
Qorxmaz, böyük Turq önündə dayanır.
Birlik alır yenə o yan, bu yanı,
Yasda, toyda unudulur öc, acıq.
Manayqızın səsləncləri gurladı,
Yeni başçı yeni inam gətirir,
Hamı deyir, güc birlikdə, inamda,
Yeni başçı yeni inam gətirir.
Qan-qadaya qarşı dözüm tükənir,
Turel yeni başçısına güvənir,
Hər iki el kobudluqdan çəkinir,
Yeni başçı yeni inam gətirir.
Bir ay keçir, Manay gedir Başevə,
Hər bir şeyi atasına düz deyə,
Hər bir işdə öz kökünə sən güvən,
Yeni başçı yeni inam gətirir.
Ata soyuq qarşıladı qızını,
Hərdən kəsdi balasının sözünü,
Manay dedi hər bir şeyin düzünü,
Yeni başçı yeni inam gətirir.
Dedi: – Qızım, özbaşına olmusan,
Öz evində boy götürə qız gərək,
Hələ tezdir sənin ərən olmağın,
Öz evində boy götürə qız gərək.
Vuruşmağı öyrən, get sən döyüşə,
Qız bildiyi işə gərək girişə,
Turq aparıb qoşub səni bu işə,
Öz evində boy götürə qız gərək.
Özbaşına yerinc oldun Turelə,
Özbaşına Çinə getdin sən hələ,
Özbaşına olmaz, qızım, qız belə,
Öz evində boy götürə qız gərək.
– Bunu səndən qabaq Soyqan deyirdi,
Ancaq bizim əlimizlə gəbərdi,
Bu, nənəmdən gələn gücdür, yetərdir,
Öz evində boy götürə qız gərək.
Öz qızını çox sərt gördü Tanı şah,
Qız qabarıb atasına ağ olmaz.
Nənəsinə, qardaşına güvənib,
Qız qabarıb atasına ağ olmaz.
Manay dedi: – Mən Tureldə yerincəm,
Qoyun qalım orda, qalım ölüncə,
Mən soyuğam toy-düyünə, sevincə,
Qız qabarıb atasına ağ olmaz.
– Orda qalmaq, qızım, sənə yaraşmaz,
Anan Turqız bu işinlə barışmaz,
Qız uşağı bu işlərə qarışmaz,
Qız qabarıb atasına ağ olmaz.
Bunlar kişi geyimidir, yal-yaraq,
Qardaşına oxşayırsan bu sayaq,
Çıxart bunu, Başevdə qal, bir olaq,
Qız qabarıb atasına ağ olmaz.
Qız baxmadı atasının sözünə,
Ana qanı unudulmaz min il də,
Anasını öldürmüşdü Tanı şah,
Ana qanı unudulmaz min il də.
Qız qapıdan saymazyana çıxsa da,
Şah qızına acıq ilə baxsa da,
Göz yaşları şahı içdən boğsa da,
Ana qanı unudulmaz min il də.
Turqız çıxdı qabağına Manayın,
Ev-eşiyi tutdu ana harayı,
Ana könlü bunca sınır, qanayır,
Ana qanı unudulmaz min il də.
Maha salıb ayrılığı bu evə,
Anasını öldürəni kim sevər,
Manay getdi, Başev qandır, qan deyə,
Ana qanı unudulmaz min il də.
Uşaq baxar doğma ata, anaya,
Ata, ana gərək qancıl olmasın,
Nə görübsə uşaq onu yamsılar,
Ata, ana gərək qancıl olmasın.
İlk yuvadır balalara ev, beşik,
Bu yuvadan isti alır qan, sümük,
Necə varsa elələşir kök, ilik,
Ata, ana gərək qancıl olmasın.
Yaxşı olmaq yolu öyrət uşağa,
Uşaq dönsün kök üstündə budağa,
Başa gəlməz sonra kötək, qadağa,
Ata, ana gərək qancıl olmasın.
Dağılışır kökdən qopan uşaqlar,
Kök götürmür sonra üç qat boyaqlar,
Qopmur səndən dibdən gələn qaynaqlar,
Ata, ana gərək qancıl olmasın.
Manayqız da öz kökündən qopmuşdu,
Kimə gərək kökdən qopan qopuqlar?
Nə dinirdi, nə gülürdü Tureldə,
Kimə gərək kökdən qopan qopuqlar?
Hərdən-birdən çıxıb yerinc olurdu,
Turqlaşanda çox-çox gülünc olurdu,
Mindiyara böyük qorunc olurdu,
Kimə gərək kökdən qopan qopuqlar?
Turq görürdü qancıllaşır bacısı,
Yuva salıb onda doğral acısı.
Gözündəydi ürəyinin sancısı,
Kimə gərək kökdən qopan qopuqlar.
Necə etsin bacı qopsun Manaydan,
Uzaq düşsün nənəsindən, soyundan,
Yan keçməsin sevgi, sevinc payından,
Kimə gərək kökdən qopan qopuqlar?
Manay nənə qızı olub gedirdi,
Ad qoyanda qıza ayıq ol bir az,
Manay nənə qızı olub gedirdi,
Ad qoyanda qıza ayıq ol bir az.
Turq bunları düşünürdü, nə etsin,
Bacısının acığını kiritsin,
Onda dirlik anlayışı diriltsin,
Ad qoyanda qıza ayıq ol bir az.
– Bacı, igid qız olmusan, tanıq qız,
Sənlə bağlı ucalmışdır adımız,
Sənsən Minel göylərində ağ ulduz,
Ad qoyanda qıza ayıq ol bir az.
Manay nənə sənlə, mənlə öyünür,
Buz ürəyi qızır, bizlə döyünür,
Ancaq bizdən hərdən-birdən yayınır,
Ad qoyanda qıza ayıq ol bir az.
Gərək ayrı düşməyəsən atayla,
Ayrılıqdır ölkələri dağıdan.
Manay nənə üz döndərər, inciyər,
Ayrılıqdır ölkələri dağıdan.
Manay bunca dəyişmədi ölçünü,
Unutmadı nənəsinin öcünü,
Soy-kökündən aldı yenə gücünü,
Ayrılıqdır ölkələri dağıdan.
Dedi: – Qardaş, baxma qaraqabağam,
Nə olsam da Mindiyara dayağam,
Mən də bir az el işində oyağam,
Ayrılıqdır ölkələri dağıdan.
– Gəl, biz gedək Manayyurda baş olaq,
Manay olaq, manaylaşaq, ucalaq,
Nənəmizdən döyüşlərdə güc alaq,
Ayrılıqdır ölkələri dağıdan.
Manay dedi: – Səslənclərim gurlasın,
Gör-gör dədə bir üz biçib hərəyə.
Mən də belə biçilmişəm, dəyişməm,
Gör-gör dədə bir üz biçib hərəyə.
Manayyurda özün getsən yaxşıdır,
Orda Günay, Tuncər ölkəbaşıdır,
Onlar Daşqır, Asurellə qonşudur,
Gör-gör dədə bir üz biçib hərəyə.
– Mənsiz qalmaz burda min-min çuqçular,
Mənsiz olsan yerinc yerin uçular,
Bürüyəcək səni ağrı, acılar,
Gör-gör dədə bir üz biçib hərəyə.
Qız düşündü, yaraqlılar gedərsə,
Ariellə Hindel verər səs-səsə,
Gərək toplum yaratmağa tələsəm,
Gör-gör dədə bir üz biçib hərəyə.
Dedi: – Onda qız toplumu yığaram,
Qız istəsə yaraqlanıb ərləşər.
Döyüş-vuruş yollarını öyrənib,
Qız istəsə yaraqlanıb ərləşər.
Bacısına acıqlandı Turq, ancaq
Bacı ondan üz döndərdi, saparaq,
Turq Quşatla yola düşdü çaparaq,
Qız istəsə yaraqlanıb ərləşər.
Çuqçubaşı getdi Turqun dalınca,
Yay çiynində, qılınc əldə yalınca,
İndi Manay nəyə, kimə sığnacaq,
Qız istəsə yaraqlanıb ərləşər.
Manay bunca öz içindən sarsıldı,
Könlü sındı, bircə tükdən asıldı,
O tək qaldı, öz-özünə qısıldı,
Qız istəsə yaraqlanıb ərləşər.
Manay kişi geyimini soyundu,
Geyim çöldən dəyişdirir adamı.
Gördülər ki, o, Turq deyil, Manaydır,
Geyim çöldən dəyişdirir adamı.
Görüşünə gəldi qızlar, qadınlar,
Gözlərində isti, soyuq yatımlar,
Yağdı yerincev yerinə addımlar,
Geyim çöldən dəyişdirir adamı.
Manay gördü bunu, sanki dil açdı,
İki yana bir ürəklə yanaşdı,
Güclü, sağlam biləklərdən yapışdı,
Geyim çöldən dəyişdirir adamı.
Dedi: – Qızlar, gəlin toplum yaradaq,
Ox atmağı biz öyrənək arada,
Yaraqlanaq, duraq biz də sırada,
Geyim çöldən dəyişdirir adamı.
Doğma idi Manyurd Tuncər, Günaya,
Doğma içrə doğmalığa nə var ki.
Özgə içrə doğmalaşmaq çətindir,
Doğma içrə doğmalığa nə var ki.
Özgə içrə Tuncay doğma doğmadan,
Get, doğma ol sən özünü boğmadan,
Varsa səndə bu doğmalıq toxmadan,
Doğma içrə doğmalığa nə var ki.
Ancaq Günay təklənmişdi nədənsə,
Verməyirdi Manyurd ilə səs-səsə,
Düz gəlmirdi Tuncər ilə nə isə,
Doğma içrə doğmalığa nə var ki.
Düşünürdü, Duzdağ, Duzgöl, Uğurel,
Mindiyara bicləmədə tuş deyil,
Ötüb bura gəlməyindən on beş il,
Doğma içrə doğmalığa nə var ki.
Niyə Tanı boşaltmışdı ipləri,
Birlik yoxsa ölkə bütün dağılar.
Buraxmışdı özbaşına elləri,
Birlik yoxsa ölkə bütün dağılar.
Minel yaman səpələnib, yayılıb,
Dayanışda böyük ölkə sayılır,
Bunun üçün min-min başlar qoyulub,
Birlik yoxsa ölkə bütün dağılar.
Buzboğazdan Körfəzəcən gələn yox,
Elin, yolun say-soyunu bilən yox,
Ayrılığın göz yaşını silən yox,
Birlik yoxsa ölkə bütün dağılar.
Manyurd qancıl qabağında udqunur,
Varmı bu sərt bicləmənin bir sonu,
Qorxuludur özbaşına oyunu,
Birlik yoxsa ölkə bütün dağılar.
Tez-tez gəlib vurur, yaxır Asurel,
Selin-suyun qabağında güc gərək.
Çapqınçılar qorxudurdu Tuncəri,
Selin-suyun qabağında güc gərək.
Gərək burda yeni toplum yarana,
Toplum yeni yaraqlara sarına,
Son qoyula çapqınçıya, harına,
Selin-suyun qabağında güc gərək.
Turqtay deyib çuqçularla gələrəm,
Asur şahı yer üzündən silərəm,
Asureli iki yerə bölərəm,
Selin-suyun qabağında güc gərək.
Günay tez-tez düşünürdü beləcə,
Tuncər ilə danışırdı hər gecə,
Kim uzadar yardım əli yerincə,
Selin-suyun qabağında güc gərək.
Toplum çəkdi Asur şahı-şah Kamac,
Dadlı olur özgə evin yapması.
Dedi: – Sizi mən yenidən çaparam,
Dadlı olur özgə evin yapması.
Kamac dedi: – Manayyurda girərik,
Atımızı evə, bağa sürərik,
Nəyiniz var qırıb, yolub, dərərik,
Dadlı olur özgə evin yapması.
Asurelli sevir boya, bər-bəzək,
Göydaş verin, evimizi bəzəyək,
Bizə vergi verəsiniz siz gərək ,
Dadlı olur özgə evin yapması.
Tuncər gəldi, onlar soyuq görüşdü,
Nə istəyib kim olduğun soruşdu,
Ona baxdı, bir azcana irişdi,
Dadlı olur özgə evin yapması.
Dedi: – Üç yol Manayyurdu çapmısan,
Dördüncü yol tanrı küsər, qınayar.
Sizə göydaş, buğda, arpa vermişik,
Dördüncü yol tanrı küsər, qınayar.
Təzə salıb Manayyurdu seçmişik,
Biz buraya on ildir ki, köçmüşük,
Beş ildir ki, arpa, taxıl biçmişik,
Dördüncü yol tanrı küsər, qınayar.
– Tanrı mənəm, Tuncər, indi bölgədə,
Çapacağam nə var sizin ölkədə,
Qurtarammaz qılıncımdan kölgə də,
Dördüncü yol tanrı küsər, qınayar.
– Çox qılıncdan danışırsan sən, Kamac,
Qarnın doymaz, gözün doymaz, yalavac,
Mən vermərəm sənə bir də bir komac,
Dördüncü yol tanrı küsər, qınayar.
– Onda gərək biz yox, qılınc danışsın,
Söz bitibsə, ölçü iti qılıncdır.
– Qoturları ancaq qılınc susdurar,
Söz bitibsə, ölçü iti qılıncdır.
Deyişdilər, söyüşdülər o ki var,
Ağızlaşdı göydə parlaq qılınclar,
Endi qılınc, vurum aldı dalbadal,
Söz bitibsə, ölçü iti qılıncdır.
Qopuq-qopuq oldu dəmir tutaqlar,
Qalaqlandı sınıq-salxaq yaraqlar,
Yaralıydı əllər, qollar, yanaqlar,
Söz bitibsə, ölçü iti qılıncdır.
Tuncər bir də yaralandı alnından,
Üzü-gözü suvarıldı qanında,
Bir də gördü Quşat keçdi yanından,
Söz bitibsə, ölçü iti qılıncdır.
Turqtay idi, yoxlayırdı Tuncəri,
Arxa duysan gücün üç qat artacaq,
Qızıl qanın şırımları üzündə,
Arxa duysan gücün üç qat artacaq.
Kamac gördü qan aparır Tuncəri,
Qan sıçrayıb, qızardıbdır hər yeri,
Bir də vursam aşar-dedi,-gəbərər,
Arxa duysan gücün üç qat artacaq.
Birdən boynu, çiyni, köksü yarıldı,
Vurmaq üçün qalxmış qolu qırıldı,
Sol əliylə öz atına sarıldı,
Arxa duysan gücün üç qat artacaq.
Tuncər idi vuran onu iki yol,
Acıqanla yuxuda da ayıq ol,
Yoxdur qolun, Kamac, silkən, bir ayıl,
Arxa duysan gücün üç qat artacaq.
Son qılıncla üzülmüşdü, yerdəydi,
Çox duyulmaz iti qılınc ağrısı,
Göz bərələ, ağız açıq qalmışdı,
Çox duyulmaz iti qılınc ağrısı.
Kamac aşıb at üstündən yıxıldı,
Qol bu yana, qıç o yana dağıldı.
O, qan qusdu, xırıldadı, boğuldu,
Çox duyulmaz iti qılınc ağrısı.
Gümüşatdan düşdü Tuncər, dayandı,
Xırıldayan Kamac şaha boylandı,
Silkələnib şah bir daha oyandı,
Çox duyulmaz iti qılınc ağrısı.
Dedi: – Tuncər, döyüş qalsın sonraya,
Çağır gəlsin mənimkilər haraya,
Oğlum gəlsin, oğlum gəlsin buraya,
Çox duyulmaz iti qılınc ağrısı.
Yerdən qopub gəldi birdən bir atlı,
Təkbətəkə özgə ərən girməsin.
Turqtay onun qabağına yüyürdü,
Təkbətəkə özgə ərən girməsin.
Kamac oğlu İnad idi bu atlı,
Əl qılınclı, ağız odlu, göz odlu,
Dağ köküslü, iri qollu, qanadlı,
Təkbətəkə özgə ərən girməsin.
İnad dedi: – Mələdərəm səni də,
Başlayaram bu döyüşü yenidən,
Dağıdaram bu ölkəni təkcə mən,
Təkbətəkə özgə ərən girməsin.
Turq bizucu atdı ona qıraqdan,
Bir vurumla İnad düşdü ayaqdan,
«Sağol» səsi eşidildi uzaqdan,
Təkbətəkə özgə ərən girməsin.
«Sağol» səsi çuqçuların səsiydi,
Döyüşlərdə sevinc səsi az olur.
Bir gövdəni bir vurumla aşırdı,
Döyüşlərdə sevinc səsi az olur.
Lap yerində Turq özünü yetirdi,
Bir bizucla bir döyüşü bitirdi,
İnad çaşdı, durumunu itirdi,
Döyüşlərdə sevinc səsi az olur.
Manayyurdun toplumları yürüdü,
Asurları Mindiyardan kürüdü,
Turq İnadı aldı, yıxdı, sürüdü,
Döyüşlərdə sevinc səsi az olur.
Çapıldılar çapmaq üçün gələnlər,
Özlərini çox-çox güclü bilənlər,
Ayaq altda qaldı düşüb ölənlər,
Döyüşlərdə sevinc səsi az olur.
Turq Tuncərin yarasını bağladı,
Bir yaradan ölür hərdən güclü də.
Günay gəldi, qucaqladı onları,
Bir yaradan ölür hərdən güclü də.
Çapqınçılar pərən-pərən oldular,
Kamac öldü, onlar başsız qaldılar.
Qız-gəlinlər saçlarını yoldular,
Bir yaradan ölür hərdən güclü də.
Çuqçubaşı qaçanları izlədi,
Asureli döydü, söydü, pislədi.
Qoşadəniz ağzındaca gözlədi,
Bir yaradan ölür hərdən güclü də.
Necə gəldi, necə döndü geriyə,
Bənzəmirdi yaralılar diriyə,
Çətin bir də bu ölkəyə yeriyər,
Bir yaradan ölür hərdən güclü də.
Manayyurdun el-ulusu sevindi,
Hər ölkədə dinclik bolluq gətirir.
Başlamışdı yaz əkini, yaz şumu,
Hər ölkədə dinclik bolluq gətirir.
İpək, qızıl, sarıdəmir, aldəmir,
Alıb gəldi, satıb getdi birbəbir,
Acıqandan ta yox idi səs-səmir,
Hər ölkədə dinclik bolluq gətirir.
Gəlib çatdı Tanı şahın yazısı:
«-Doğma Günay, ay anamın bacısı,
Qalır hələ o günlərin acısı,
Hər ölkədə dinclik bolluq gətirir.
Nə yaxşı ki, çapqınçını qovdunuz,
O qan dolu gözlərini ovdunuz,
Qancılları bir də qansız qoydunuz,
Hər ölkədə dinclik bolluq gətirir.
Günay yazdı: «Bacım oğlu Tanı şah,
Təklənməkdən pis şey yoxdur, bunu bil,
Tuncər başdan yaralanıb, ağırdı,
Təklənməkdən pis şey yoxdur, bunu bil.
Biz üç yandan təklənmişik büsbütün,
Təklik bizi yeyib, çapıb, lap ütüb,
Nəyə gərək örtük üstdən bir örtük,
Təklənməkdən pis şey yoxdur, bunu bil.
Bir əl gərək dolandıra Mineli,
Yerinc ölkə saxlamağı nə bilir,
Birliyi var, birgəliyi bir əlin,
Təklənməkdən pis şey yoxdur, bunu bil.
Yerincləri başçı etmək gərəkdir,
Hərə eldə şahdır, bu, nə deməkdir,
Ölkə çoxdur, şahlar isə tək-təkdir,
Təklənməkdən pis şey yoxdur, bunu bil.»
Tanı şaha gəlib çatdı bu yazı,
Toxunmayır doğma sözü doğmaya.
Bu, toxundu Tanı şaha nədənsə,
Toxunmayır doğma sözü doğmaya.
Tanı dedi: – Günay qorxur Manyurdda,
Daşqırlardan, balasqlardan, Asurdan,
Tuncər niyə uzaq düşüb Bozqurddan,
Toxunmayır doğma sözü doğmaya.
Bu söz çatdı bir ay sonra Tuncərə,
Çıxdı o da seyrək orman yerlərə,
Buralarda balalayan qurd görə,
Toxunmayır doğma sözü doğmaya.
Qurd yox idi, köçmüşdülər buradan,
Bir qorxulu səs gurladı arada,
«-Bu səs nədir, bu səs gəlir haradan»,
Toxunmayır doğma sözü doğmaya.
O axtardı, araşdırdı ormanı,
Qorxu tökür ürəklərə sıx orman.
Gördü düzdə adam udan ilanı,
Qorxu tökür ürəklərə sıx orman.
Qıvrılırdı, açılırdı, yatırdı,
Dörd bir yanda nə var idi, udurdu,
Daş-qayaya hərdən buynuz atırdı,
Qorxu tökür ürəklərə sıx orman.
Tuncər dedi: – Bu udubdur qurdları,
Buna görə şişib iri ordları,
Yoxdur qurdun balaları, qartları,
Qorxu tökür ürəklərə sıx orman.
O, dik üstdən qurdsayağı uladı,
Heyvərəyə xırda bir daş tulladı,
İplə üstdən quru ağac salladı,
Qorxu tökür ürəklərə sıx orman.
İlan girdi qayalığa qorxudan,
Qorxmayandan qorxan daha qorxulu.
İtdi-batdı qayalıqda heyvərə,
Qorxmayandan qorxan daha qorxulu.
İki qaya arasında ovuqluq,
Ovuqluqda gizlənmişdi o yoluq,
O yatırdı burda bir ay biryolluq,
Qorxmayandan qorxan daha qorxulu.
Tuncər onu çıxarmaqçın ormana,
Ox yağdırdı, bizuc atdı ilana,
İlan çıxıb od püskürdü hər yana,
Qorxmayandan qorxan daha qorxulu.
Tuncər onu daşa tutdu, daşladı,
O çıxaraq sürünməyə başladı,
Tuncər oxu ona sarı tuşladı,
Qorxmayandan qorxan daha qorxulu.
Heyvərədən ürküb çapdı Gümüşat,
Qancılına güc verirsən qaçanda.
İlan atın arxasınca süründü,
Qancılına güc verirsən qaçanda.
Bir ox atdı Tuncər atın tərkindən,
Bu ox dəydi heyvərənin əngindən,
Bir inilti gəldi yerin təkindən,
Qancılına güc verirsən qaçanda.
İkinci ox dəydi onun gözünə,
İlan sordu, çəkdi atı özünə,
Qurdlar gəldi ulartının səsinə,
Qancılına güc verirsən qaçanda.
İlan çaşdı, yuvasını itirdi,
Sonuncu ox onu yola gətirdi,
Qılınc, bizuc hər bir işi bitirdi,
Qancılına güc verirsən qaçanda.
İlan yüz yol qıvrılaraq açıldı,
İlan başdan, quş ürəkdən keçinir.
Qurdlar ölən ilandan da qorxurdu,
İlan başdan, quş ürəkdən keçinir.
Bir ox dəydi heyvərənin alnına,
Caynaqları sındı, düşdü yanına,
Qılınc ilə o boyandı qanına,
İlan başdan, quş ürəkdən keçinir.
Qıvrılması, çırpınması tükəndi,
Tuncər gedib bir ağaca söykəndi,
Bu nə qandır, nəriltidir, küylənti,
İlan başdan, quş ürəkdən keçinir.
Qurdlar gəlib dırmaşırlar Tuncərə,
Ulartılar qorxu yayır hər yerə,
Səs yayılır dağa, döşə, bərəyə,
İlan başdan, quş ürəkdən keçinir.
Meşələrin səsləncləri ulartı,
Qurd tələsir ulartıya, at yemə,
Qurdlar gəldi səs-küyünə Tuncərin,
Qurd tələsir ulartıya, at yemə.
Nə dedisə, hansı dildə, yatımda,
Qurdlar çökdü ayaqları altına,
Ürkürdülər onun Gümüşatından,
Qurd tələsir ulartıya, at yemə.
Dedi: – Mənim böyütdüyüm balalar,
Harda qaldı o talalar, yaylalar,
Nədir arıq ombanızda yaralar,
Qurd tələsir ulartıya, at yemə.
Hanı Bozqurd, hanı qorxmaz Əyridiş,
Bu heyvərə deyən sizi yeyirmiş,
Niyə belə ürkəksiniz, bu nə iş,
Qurd tələsir ulartıya, at yemə.
Ağqurd Alpan mənim orman atamdır,
Üz anadan, güc atadan gələndir.
Harda öldü, necə oldu, bilmədim,
Üz anadan, güc atadan gələndir.
Bundan sonra heç bir şeydən ürkməyin,
Qorxmaz olun, bir də aclıq çəkməyin,
Qancıl didin, doğma qarnı sökməyin,
Üz anadan, güc atadan gələndir.
Birdən qurdlar qaçdı yaxın oylağa,
Çəkib onu apardılar uzağa,
Yetişdilər özgə yerə, torpağa,
Üz anadan, güc atadan gələndir.
Neçə günə bir sonevə çatdılar,
Qazıb, eşib ordan çuxa dartdılar,
Uladılar, birdən on-on artdılar,
Üz anadan, güc atadan gələndir.
Tuncər ata çuxasını tanıdı,
Çuxa bütün yanmış idi, qan idi,
Bura Körfəz, Qoşaboğaz yanıydı,
Üz anadan, güc atadan gələndir.
– Ağqurd Alpan, orman atam,-dedi o,
Oğul, səni böyüdəni unutma.
Kimdir səni qan içində yandıran?
Oğul, səni böyüdəni unutma.
Qurdlar onu iyləm-iyləm tapıblar,
Qancıl ölüm caynağından qapıblar,
Burda ona bu sonevi yapıblar,
Oğul, səni böyüdəni unutma.
Tuncər dedi: – Ata, səni unutmam,
Yersiz qalar, yurdsuz qalar unutqan,
And içirəm sənə, ata, bu axşam,
Oğul, səni böyüdəni unutma.
Qanın sənin gərək yerdə qalmasın,
Qurdlarımız gərək bizsiz olmasın,
İçlərinə dev ayrılıq salmasın,
Oğul, səni böyüdəni unutma.
Yola düşdü burdan Tuncər Manyurda,
Hər dilliyə öz yuvası gözəldir.
Qumsal çöllər, qum səpələr, isti gün,
Hər dilliyə öz yuvası gözəldir.
Buralarda əkin, biçin, orman yox,
Bulud yoxdur, yağış yoxdur, duman yox,
Od günəşdən qorunmağa aman yox,
Hər dilliyə öz yuvası gözəldir.
Gümüşatın dili, ağzı qupquru,
Susuzluqla qumlar onu lap yorub,
Qumsallığın yoxdur aydın bir yolu,
Hər dilliyə öz yuvası gözəldir.
Sapsarıdır odla qumun yağımı,
Addımbaşı su bilirlər ilğımı,
Arayırlar odlu yerdən çıxımı,
Hər dilliyə öz yuvası gözəldir.
Tuncər deyir: – Gərək gecə yol gedək,
Gecə olcaq qurd-quş çıxır yuvadan.
Dev görürlər girib quma dizəcən,
Gecə olcaq qurd-quş çıxır yuvadan.
Kəsir yolu qaranlıqda, qumluqda,
Şişib onun ağzı-burnu suluqdan,
Durub qaya altındakı ovuqda,
Gecə olcaq qurd-quş çıxır yuvadan.
Dağdev dedi: – Görüb, Tuncər, bil, hamı,
Öldürübdür Bacar atan atamı,
Gəldim yeyim qurdu, atı, adamı,
Gecə olcaq qurd-quş çıxır yuvadan.
Dev somurdu, səpələdi quşları,
Buynuzlayıb yırtdı, diddi qurdları,
Şişdi yellə, yelkənləşdi ordları,
Gecə olcaq qurd-quş çıxır yuvadan.
Tuncər qoydu oxatana qoşa ox,
Tanrı sevmir yolkəsəni, qopuğu,
Çəkdi, çəkdi, o, mənzilə tuşladı,
Tanrı sevmir yolkəsəni, qopuğu.
Dedi:-çox da şeşələnmə, ay qoduq,
Tikər yelkən ordlarını iti ox,
Dönər sənin sonevinə daş ovuq,
Tanrı sevmir yolkəsəni, qopuğu.
Dev əl atdı, ordlarını qorudu,
Oxlar əli orda tikdi, sarıdı,
Ox yaxdıqca əl-qol, döş-baş qurudu,
Tanrı sevmir yolkəsəni, qopuğu.
Əllər qaldı ordlarına tikili,
Boynu, beli, əli, qolu bükülü,
Döş-başına birdən yüz ox əkilir,
Tanrı sevmir yolkəsəni, qopuğu.
Sonuncu ox dəydi devin gözünə,
Ox qılıncdan qorxuludur yerində.
Sıçrayaraq qurdlar ona sarmaşdı,
Ox qılıncdan qorxuludur yerində.
Yerə gəldi dağ görkəmli o cəmdək,
Oldu oxla ələk-vələk o köpək,
Dil dolaşıq, ayaq titrək, baş titrək,
Ox qılıncdan qorxuludur yerində.
Qurdlar onu diddi, sökdü, dağıtdı,
Qılınc onu, toppuz onu bağırtdı,
Bunca Tuncər dağı-daşı qorxutdu,
Ox qılıncdan qorxuludur yerində.
Yol getdilər, qumsal qaldı arxada,
Sınadılar Gümüşatı yorğada,
Ötüb keçdi Tuncər qandan, qadadan,
Ox qılıncdan qorxuludur yerində.
Ağüzeli yorğun yorğa keçdilər,
Gözəl olur doğmalıqlar, doğmalar.
Birel, yerbir iyi gəldi çöllərdən,
Gözəl olur doğmalıqlar, doğmalar.
Qurdlar getdi, qaldı təkcə Tayqulaq,
Gövdə hündür, göz alışqan, diş parlaq,
Tuncər üçün bu qurd iti bir yaraq,
Gözəl olur doğmalıqlar, doğmalar.
Bozqurd kimi dil anlayır, söz bilir,
Düzənlikdə iz tanıyır, iz bilir,
Hər bir yerin öz yerini düz bilir,
Gözəl olur doğmalıqlar, doğmalar.
Çatmışdılar Manyurd elə, gecəydi,
Çapqınçılar gəlirdilər, neçəydi,
Tayqulaqsa yiyəsindən öncəydi,
Gözəl olur doğmalıqlar, doğmalar.
Ev çaparaq qaçırdılar Manyurddan,
Oğurluqdur pis işlərdən ən pisi.
Tuncər dedi: – Ay qardaşlar, kimsiniz,
Oğurluqdur pis işlərdən ən pisi.
Biri durub ağız əydi, danışdı,
Əl aparıb qılıncından yapışdı,
Dedi: – Gəldik Manyurd ilə qapışdıq,
Oğurluqdur pis işlərdən ən pisi.
Tuncər dedi: Ağız əymə, bel əy sən,
Mən Tuncərəm, Bacarsoyun elindən,
Nə çapmısan burax yerə əlindən,
Oğurluqdur pis işlərdən ən pisi.
Tanıyıram, hər bir işə qarışan,
Manyurd elə gələn qopmaz yapışqan,
Bu çöllərdə ancaq qılınc danışar,
Oğurluqdur pis işlərdən ən pisi.
Qılınc çəkdi oğrubaşı Tuncərə,
Dildən, əldən ötkəm olar pisdikli,
Aldı onu neçə oğru araya,
Dildən, əldən ötkəm olar pisdikli.
Şahə qalxdı birdən-birə Gümüşat,
Quyruğunu çəkirdilər darthadart,
Biri dedi: – Quyruğunu kəs, qopart,
Dildən, əldən ötkəm olar pisdikli.
Qalxdı göyə güclü qolu Tuncərin,
Dedi: – Alın payınızı, gəbərin,
Qılınc kəsdi, tökdü yerə üç əri,
Dildən, əldən ötkəm olar pisdikli.
Biri qaçdı geri,-Manyurd sarıya,
Vurumlardan baş-döşünü qoruya,
Qaça-qaça and içirdi tanrıya,
Dildən, əldən ötkəm olar pisdikli.
Daldan ona çatıb tutdu Tayqulaq,
Qorxaq çətin qurd ağzından qurtara.
Yıxıb yerə gəmirtdədi boynunu,
Qorxaq çətin qurd ağzından qurtara.
O qışqırdı, haray təpdi, bu diddi,
Dişlərini boş qarnına yeritdi,
Çox çəkmədi, o, oğrunu kiritdi,
Qurd ağzından qorxaq çətin qurtara.
Beşincinin başı düşdü yanına,
İti qılınc çəkilmişdi boynuna,
Bələnmişdi öz-özünün qanına,
Qurd ağzından qorxaq çətin qurtara.
Tuncər dedi: – Sonunuza varam mən,
Qan qusacaq özgə vara göz dikən,
Kimin ola bu oğurluq, var, görən,
Qurd ağzından qorxaq çətin qurtara.
Dağıldılar, qırıldılar oğrular,
Oğurluqlar gizli qalmır, açılır.
Tökülmüşdü yerə qızıl qab-qacaq,
Oğurluqlar gizli qalmır, açılır.
Neçə bağlı, neçə dolu dağarcıq,
Üç səyəzi, ağız-buğuz-qabarıq,
Onlar bunu görən hardan qoparıb,
Oğurluqlar gizli qalmır, açılır.
Tuncər varı sürütdədi, gətirdi,
Manayyurda, yiyəsinə yetirdi,
Bununla da öz yolunu bitirdi,
Oğurluqlar gizli qalmır, açılır.
El sevindi, yerincini oxşadı,
Dedilər ki, yerinc deyil, Aşadı,
El deyərək o işlədi, yaşadı,
Oğurluqlar gizli qalmır, açılır.
Gəldi, gördü Günay küsüb, inciyib,
Arxa, güvənc gücdür qadın, kişiyə.
Dedi: – Getdin, mənə niyə demədin?!
Arxa, güvənc gücdür qadın, kişiyə.
Turqtay getdi, çuqçular da onunla,
Görüşmədi o, doğmayla, yaxınla,
Belə olmaz mənim kimi qadınla,
Arxa, güvənc gücdür qadın, kişiyə.
Tuncər dedi: – Qurdlarımı soruşdum,
Sonra böyük əjdahayla vuruşdum,
Bir də ata sonevinə qovuşdum,
Arxa, güvənc gücdür qadın, kişiyə.
Sonra Dağdev, sonra oğru qardaşlar,
Vuruşmalar, çəkişmələr, tutaşlar,
Sonra yüz-yüz qurd tanışlar, soydaşlar,
Arxa, güvənc gücdür qadın, kişiyə.
Acıqana qarşı qurdlar arxadır,
Boş-boşuna əldən vermə arxanı.
Mən onları tapdım, necə sevindim,
Boş-boşuna əldən vermə arxanı.
– Məni görüb sevinmədin, nədəndir?
Görünür ki, yanar sevgi ötəndir,
Gül yerinə tikanlıqlar bitəndir,
Boş-boşuna əldən vermə arxanı.
– Yox, gözəlim, könlüm, sevgim yerində,
Heç üstündə sən incimə ərindən,
Gəl düşünək Manyurd eli dərindən,
Boş-boşuna əldən vermə arxanı.
– Çuqçuları saxlasaydıq burada,
Onlar ilə biz bir yerdə, sırada,
Yerdə Tanı, göydə isə yaradan,
Boş-boşuna əldən vermə arxanı.
– Toplum yığaq, cumaq qancıl üstünə,
Sən çapasan gərək səni çapanı,
Asurelə yürüş edək iki yol,
Sən çapasan gərək səni çapanı.
Düz deyildir bizi üzən şah yolu,
Böyük birlik, böyük toplum olmalı,
Başevdən də böyük yardım almalı,
Sən çapasan gərək səni çapanı.
Biz yığırıq, onlar gəlib soyurlar,
Qışda, yazda bizə boş ev qoyurlar,
Nə çəkinir, nə utanıb doyurlar,
Sən çapasan gərək səni çapanı.
– Onda gərək yardım alaq Cumərdən,
Asurelli salıb bizi dəyərdən,
Düzdür, çapaq onları da biz hərdən,
Sən çapasan gərək səni çapanı.
Toplum yığdı Tuncər, Günay o gündən,
El işində güvən ancaq özünə.
İki ilə qırx min toplum yığıldı,
El işində güvən ancaq özünə.
Turq biləndə yazdı: «-Çuqçu sizindir,
Tuncər, Günay, Tuncay iki gözümdür,
Nə güc, yaraq varsa bütün bizimdir,
El işində güvən ancaq özünə.
Asurelə çıxaq ancaq İlamdan,
Deyək şahdan biz küsmüşük, yalandan,
Səs yayılsın biz ölkəyə dolanda,
El işində güvən ancaq özünə.»
Tuncər yazdı: «Gəl, topluma ərən ol,
Mindiyarda sən qabağı görən ol,
Acıqanın başı üstə duran ol,
El işində güvən ancaq özünə».
Yeni toplum qarlı qışda tərpəndi,
İsti yerin qışı gözəl, yatımlı.
Yol getdilər onlar beş gün, beş gecə,
İsti yerin qışı gözəl, yatımlı.
Öncül takım yalı-yolu yoxladı,
Turqla gizli bağlantılar saxladı,
Gəlib onlar Firatçayda toxdadı,
İsti yerin qışı gözəl, yatımlı.
Öncül takım yolu açdı yürüşlə,
Yorğun toplum yüz kənd aldı döyüşlə,
Gəldi döyüş dalısınca söyüşlər,
İsti yerin qışı gözəl, yatımlı.
Soraq gedib çatdı böyük Xarrata,
«Tuncər Turqla girib elə, elata...».
Haray çəkib Xarrat mindi yel ata,
İsti yerin qışı gözəl, yatımlı.
Turqla Tuncər qarşıladı Xarratı,
Nə etmisən bir gün çıxar qarşına.
Mindiyarı çox çapmışdı atası,
Nə etmisən bir gün çıxar qarşına.
Evyolunda onlar çıxdı üz-üzə,
Acıq, ağrı, söyüş döndü dənizə,
Yer yox idi bu döyüşdə boş sözə,
Nə etmisən bir gün çıxar qarşına.
Turq bizucu vurdu şahın gözünə,
Göz pırtladı, qan töküldü üzünə,
Turq söylədi, şah gəlincə özünə:
–Nə etmisən bir gün çıxar qarşına.
Dedi: – Atan bizim yurdu çox çapdı,
Ağzımızdan çörək qapdı, su qapdı,
Ölümünü Manyurdeldə o tapdı,
Nə etmisən bir gün çıxar qarşına.
Çapdığınız varı geri qaytarın,
Nə etsən də acı öcü unutma.
On il bizdə yüz-yüz sürü otarıb,
Nə etsən də acı öcü unutma.
Sən Kamacın oğlu Xarrat yerincsən,
Uduzubsan bu döyüşü, gülünc sən,
Asureldə boş-boşuna öyüncsən,
Nə etsən də acı öcü unutma.
Taygöz Xarrat qılıncına əl atdı,
Bizuc dəydi, dar köksünü qanatdı,
Bu, Xarratın vurumunu yubatdı,
Nə etsən də acı öcü unutma.
Bir qılıncla başı, boynu yarıldı,
At üstündə dağ dözümü qırıldı,
Heydən düşdü, əl-ayağı buruldu,
Nə etsən də acı öcü unutma.
Dedi: – Ey Turq, məni burax, öldürmə,
Bağışlamaq yaraşıqdır igidə,
Nə çapılıb qaytararam Manyurda,
Bağışlamaq yaraşıqdır igidə.
– Bağışlayıb sizi çox-çox bizim el,
Bağışlamaq daha doğru, düz deyil,
Toplumunla gəl, qarşımda sən əyil,
Bağışlamaq yaraşıqdır igidə.
Xarrat qalxdı, baş əyəndə yıxıldı,
O, ölümdən qorxub birdən bağırdı,
Bunu görüb toplumları dağıldı,
Bağışlamaq yaraşıqdır igidə.
Turq dedi ki, ancaq Başev çapılsın,
Manyurdelin varı ordan tapılsın,
Başçıları kölə olub satılsın,
Bağışlamaq yaraşıqdır igidə.
Çuqçularla Manayyurdun toplumu,
Çapıb yaxmaq igidlərə yaraşmaz.
Biri çapdı, biri qaldı qıraqda,
Çapıb yaxmaq igidlərə yaraşmaz.
Çuqçubaşı saxlancları alınca,
Tuncər, Turqtay güc verdilər qılınca,
Qırx min toplum keçdi ölkə boyunca,
Çapıb yaxmaq igidlərə yaraşmaz.
Qorxu düşdü, el-obanı dağıtdı,
Turq Başevdə qırdı, qanlar axıtdı,
Çapqınçını vurdu, yaxdı, bağırtdı,
Çapıb yaxmaq igidlərə yaraşmaz.
Toplum on gün Asureli dolaşdı,
Çox dikbaşlar öz qanına bulaşdı,
Turqla Tuncər toplumları calaşdı,
Çapıb yıxmaq igidlərə yaraşmaz.
Yükləndilər varla sıra dəvələr,
At çəkəni sıra dəvə qaytarar.
Zınqırovlar gecə-gündüz səsləndi,
At çəkəni sıra dəvə qaytarar.
Turqla Tuncər, qurdla çuqçu qayıtdı,
Bu döyüşlər çox şahları ayıltdı,
Mindiyarı ölkə-ölkə böyütdü,
At çəkəni sıra dəvə qaytarar.
Qabaqdaydı Tayqulağı Tuncərin,
İyləyirdi, arayırdı hər yeri,
Açıq, gizli qoruyurdu ərləri,
At çəkəni sıra dəvə qaytarar.
Qoşaboğaz, Qoşadəniz, Yastıdağ,
Yollar isə yüzmin, yüzmin min ayaq,
İsti qarla yun patava, yun dolaq,
At çəkəni sıra dəvə qaytarar.
Qarşıladı Tuncay, Yanqu onları,
Yola baxmaz könlü birgə vuranlar,
Gözəl Yanqu yollar çapıb gəlmişdi,
Yola baxmaz könlü birgə vuranlar.
O, at üstdə bitən qızılgül idi,
Arxasınca gələn Manyurdel idi,
Tuncay sanki buğa idi, kəl idi,
Yola baxmaz könlü birgə vuranlar.
Sağalsa da Turqun sevgi yarası,
Parıldadı gözlərinin qarası,
Sancdı onun ürəyinin ortası,
Yola baxmaz könlü birgə vuranlar.
Sevgi var ki, görür ancaq döş-başı,
Sevgi də var ərənliyin dib daşı,
Keçib gedir, tanrılığa qarışır,
Yola baxmaz könlü birgə vuranlar.
«Niyə gəldin, bir də məni öldürdün,
Küsüb gedir adam kimi sevgi də.
Ulu olur yeniyetmə sevgilər,
Küsüb gedir adam kimi sevgi də.
Dilə tutdu məni böyük tanrılar,
Getməyibdir üzümdəki sarılar,
Hər görəndə könlüm sapı qırılar,
Küsüb gedir adam kimi sevgi də.
Ürəyi daş, dili ipək gözəllər,
Ürəkləri cırmaqlayıb üzərlər,
Bu yaraya mən kimilər dözərlər,
Küsüb gedir adam kimi sevgi də.
Yavaş yeri, yavaş danış, gözəlim,
Sevgim məndə, mən sevgimdə qoy ölüm,
Hara gedim, göz yaşımı mən silim,
Küsüb gedir adam kimi sevgi də».
Silkələnib çıxdı qışdan Manyurdel,
Qış yaz ilə yerlərini dəyişir.
Yer üzündə dəyişməyən sevgidir,
Qış yaz ilə yerlərini dəyişir.
Yola salır qışı solğun qargülü,
Gül ayağı altındaca qış ölür,
Salxımlanan buz ucundan tökülür,
Qış yaz ilə yerlərini dəyişir.
Hara qoydun getdin, bizi, qarlı qış,
Tük örpədir səndən qalan bu yağış,
Nə gözəlsən, tükənməzsən, yaranış,
Qış yaz ilə yerlərini dəyişir.
Durnaların qaqqıltısı, harayı,
Sevən sınıq ürəkləri sarıyır,
Qış qar altda yaşıl yorğan sırıyır,
Qış yaz ilə yerlərini dəyişir.
Atlı gəldi Tanı şahın yanından,
Başev, şahlıq elə gözdür, qulaqdır,
Lapdan yürüş çoxlarını sarsıdıb,
Başev, şahlıq elə gözdür, qulaqdır.
Turq yazını alıb özü oxudu:
«Sizin işlər məni yaman qorxudur,
Bu saymazlıq mənə qarşı qurqudur,
Başev, şahlıq elə gözdür, qulaqdır.
Mənə qarşı yönəltdiniz Xarratı,
Qan-qadadır onun çölü, iç qatı,
Özbaşına bicləmələr pas atıb,
Başev, şahlıq elə gözdür, qulaqdır.
Yola düşüb Turq Başevə qayıtsın,
Az dalaşıb ora, bura daş atsın,
Gəlsin burda yeni toplum yaratsın,
Başev, şahlıq elə gözdür, qulaqdır.
Tanı şaham, Manay şahın oğluyam,
Başev bütün yerinclərdən ucadır,
Mindiyarı bölünməyə qoymaram,
Başev bütün yerinclərdən ucadır.
Tanı şaham, söyləyirəm son kərə,
Yerinc Günay, yerinc əri Tuncərə,
Özbaşına siz getməyin hər yerə,
Başev bütün yerinclərdən ucadır.
Başıpozuq yaşasaz da on ildir,
Bunlar hələ yerinc olmaq deyildir,
Yetər, ölkə dörd bir yandan döyüldü,
Başev bütün yerinclərdən ucadır.
Yetər, mənə vergiləri göndərin,
Üzünüzü Başev yönə döndərin,
Mənə baxsın yurdun önər, öndəri,
Başev bütün yerinclərdən ucadır.»
«Mən gedirəm Əkbitənə yanqulu,
Bir də bizim görüşümüz olmasın.
İncə belin, gülər üzün mənlədir,
Bir də bizim görüşümüz olmasın.
Öz sevgimi güclə çəkdim ölümə,
Qız adını gətirmədim dilimə,
Sonev qurdum ürəyimdə gülümə,
Bir də bizim görüşümüz olmasın.
Mərci boyda qaraltı var üzündə,
Aparıram bal dilini özümdə,
İpə çəkdim ilk sevgimi dözümdə,
Bir də bizim görüşümüz olmasın.
Tanrım, məni Tuncayımdan soyutma,
Sınıq sevgim, bir də mənə qayıtma,
Qurd ürəyim, məni məni ayıltma,
Bir də bizim görüşümüz olmasın.
Sağ ol, gülüm, qoy sevgimiz gül olsun,
İki gülün arasında ot olma,
Tanrı mənə pıçıldayır hər axşam,
İki gülün arasında ot olma.
Bu il yağış mənim gözüm yaşıdır,
Ötən durna uçan sevgi quşudur,
Çay daşları mənə danlaq daşıdır,
İki gülün arasında ot olma.
Sağ ol, mənim qan qardaşım, Tuncayım,
Yüz alaya üstün olan alayım,
Bundan sonra bir az uzaq olayım,
İki gülün arasında ot olma.
Sağ ol, sevgim, ta ağlama içimdə,
Uç, get ötən sevgilərin içində,
Bir sevgiyəm yüz ayrılıq gücündə,
İki gülün arasında ot olma.»
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-manayqiz-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qaratelin səsi incə, çəkimli,– Hamı gərək borclu bilsin özünü,
Sannanın qaçırılması söylənciDolanışı başa düşmək olmayır,Çox qışqırıb, səsi batıb torpağın.
Döyüş söylənciBalasqelin yolu dolu atlıdır,Hər üzləşmə on min ölüm deməkdir.
Görüş söylənciAğüz getdi Nuhçatana, Duzdağa,Görüş, səni bitgin edir görüşlər.
Başqa şairlərin şeirləri
Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Qalmağay erdi bu aləmdə məhəbbət kaş kiQalmağay erdi bu aləmdə məhəbbət kaş ki,Tuşkey erdivü berdin rəsmi-müvəddət kaş ki.
Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlümBillah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi