Qaratelin səsi incə, çəkimli,
– Hamı gərək borclu bilsin özünü,
Danışırdı çəkinmədən, qorxmadan,
Hamı gərək borclu bilsin özünü.

Gənc olsam da inciməyin sözümdən,
Biz tutuğuq bu çöllüklər düzündə,
Mən heç nəyəm, yükəm mən öz gözümdə,
Hamı gərək borclu bilsin özünü.

Dörd bir yanda gəlin birlik yaradaq,
Ayrı olsaq biz gedərik aradan,
Duraq işdə bir yerdə, bir sırada,
Hamı gərək borclu bilsin özünü.

Balaşq ona vurğun-vurğun dalmışdı,
Gözəlliyə uyub uyuq qalmışdı,
Sevgi ondan ayıqlığı almışdı.
Hamı gərək borclu bilsin özünü.

Qarateli eşidirdi Daryaş da,
O görürdü sevincəkdi Balaşq da,
Doymamışdı öcdən, dava-dalaşdan,
“ İkisi də yox olacaq yavaşca
Ya öldürrəm, ya ölərəm savaşda”,
Hamı gərək borclu bilsin özünü.

Qız onu da oynatmışdı yerindən,
Sancı kimi öc də yeyir ürəyi.
O deyirdi “Mən bu qızı boğaram”,
Sancı kimi öc də yeyir ürəyi.

Bir ay güddü Qarateli, o hər gün,
Öc işinə qurşanmışdı büs-bütün,
Günlərini saymaqdaydı qaragün,
Sancı kimi öc də yeyir ürəyi.

Çıxdı gecə “ölüm” sözü dilində,
Bir torbaydı bir də bir ip əlində,
Bir qılıncla bir balta da belində.
Sancı kimi öc də yeyir ürəyi.

Daryaş çatdı qıza günəş batanda,
Boğazına daldan ipi salanda
Dedi: – Yazıq, ta sağollaş ananla,
Sancı kimi öc də yeyir ürəyi

Onda kimsə onu daldan girlədi,
Qaranlıqda iti qılınc hərlədi,
O, Daryaşı alıb göydə hərlədi,
Qılınc onun başı üstə parladı,
Birdən qızın boğuq səsi gurladı,
Sancı kimi öc də yeyir ürəyi.

Balaşq idi, dedi: – Qanlı qaraça,
Mən güdürdüm çoxdan səni, adamcıl,

Niyə qızı öldürürsən, a qancıl,
Dar gözləri qanla dolu yabançı,
Dedigilə düz gəlməyən yalançı,
Sancı kimi öc də yeyir ürəyi.
Yaralandı Daryaş, düşdü torpağa,
Sonra durdu, qaçdı ordan uzağa,
Qorxusundan əl atmadı yarağa,
Sancı kimi öc də yeyir ürəyi.


Dağ başında günəş batdı, tutuldu,
Günəş görür çox işləri ucadan.
Daryaş, Balaşq, iplə torba, Qaratel,
Günəş görür çox işləri ucadan.

Qaratelin boğazında ip yeri,
O gəzirdi Balaşq ilə elləri,
Yuva qurub ev etmişdi çölləri,
Günəş görür çox işləri ucadan.

Öyrənirdi ox atmağı Balaşqdan,
Qılınc vurmaq bacarığı savaşda,
Yaşamağı meşəlikdə, dağ-daşda,
Günəş görür çox işləri ucadan.

İstəyirdi acıqandan öc ala,
İstəyirdi dağdan-daşdan güc ala,
O, köçlərə qoşularaq köç ola,
Günəş görür çox işləri ucadan.

İstəyirdi ox-yay kimi dartıla,
Döyüşlərə, yürüşlərə atıla,
Qız toplumu sırasına qatıla,
Günəş görür çox işləri ucadan.


Toplum yığdı Daryaş Parseldiyarda,
Gücün artar, öz gücünə inansan.
Hindel, Balasq ona yardım elədi,
Gücün artar, öz gücünə inansan.

Yaraq verdi, öyrənc verdi qonşular,
Dedilər ki, çöksün böyük Mindiyar,
Mindiyara qarşı dursun Parsdiyar,
Gücün artar, öz gücünə inansan.

Daryaş dedi: – Əkbitəni tutaram,
Darvideli Parsdiyara qataram,
Sak dağına yürüş edib çataram,
Gücün artar, öz gücünə inansan.

Daryaş dedi: – Mənim olar Əkbitən,
Mindiyarı oynadaram yerindən,
Ona son ev qazdıraram dərində,
Gücün artar, öz gücünə inansan.

Mən Daryaşam, Əlvənd boyda öcüm var,
Toplumum var, yenilməyən gücüm var,
Minə qədər yaraqlanmış gəncim var,
Gücün artar, öz gücünə inansan.

Soraq aldı bir basırıq görüşdə,
Tunqər öndə gözlənilən yürüşdən,
Çatdı ona sonra yazı-yetişmə,
Gücün artar, öz gücünə inansan.

Yazı yazdı: – “Mən gələnə Çuqçular
Basıb alsın Daryaşərdə nə ki var,
Öcdən, gücdən uzaqlaşsın Parsdiyar,”
Gücün artar, öz gücünə inansan.

Ağüz dedi: – Oğlum doğru buyurur,
Yığışdırın iki yanlı oyunu,
Uca tutun Minel, Parsel soyunu,
Verin ağzıəyrilərin payını,
Çox azaldın yaraqlının sayını,
Gücün artar, öz gücünə inansan.

Yerinc yerə çatdı yazı-yetişmə,
Başlamışdı onda yeni tutaşma,
Neçə yerdə qızışmışdı vuruşma,
Burda barışmaydı, orda alışma,
Gücün artar, öz gücünə inansan.


Çuqçubaşı Daryaş ilə üz-üzə,
Gülümsəyib öc baxmaqda qıraqdan.
Çuqçubaşı yaralıydı, çökürdü,
Gülümsəyib öc baxmaqda qıraqdan.

Çuqçuların çatmaqdaydı sonları,
Daryaş vurub aşırırdı onları,
Geyimlərə hopmaqdaydı qanları,
Gülümsəyib öc baxmaqda qıraqdan.

Bir qız səsi eşidildi yaxında,
Bir atlıydı, qu lələyi alnında,
At çapırdı Kumar onun yanında,
Gülümsəyib öc baxmaqda qıraqdan.

Qanlı qılınc sağa, sola enirdi,
Daryaşlılar geri-dala dönürdü,
Yıxılanlar haray çəkib sönürdü,
Gülümsəyib öc baxmaqda qıraqdan.

Qız deyirdi: – Mən Sannayam, onbaşı,
Axtarıram iki üzlü Daryaşı,
O bit kimi, Parsdiyara daraşıb,
Gülümsəyib öc baxmaqda qıraqdan.

Daryaş atı çapdı, çıxdı qabağa,
Hər ikisi əl atdılar yarağa,
Daryaş döndü qorxusundan yaltağa,
Dedi: – Qurban gözə, qaşa, yanağa,
Mən dönərəm yolun üstə alağa,
Gülümsəyib öc baxmaqda qıraqdan.

Qılınc endi, Daryaş yerə oturdu,
Bir də endi, tunc qalxanı batırdı,
Bir də vurdu, onu yerə yatırtdı,
Gülümsəyib öc baxmaqda qıraqdan.

– Sanna, səni tanıyıram, yaraqlı,
Sanna deyil, Qaratelsən, acıqlı,
Acıqlısan, ancaq yenə yapıqlı,
Həm gözəlsən, döyüşçüsən, qılıqlı,
Gülümsəyib öc baxmaqda qıraqdan.

Qız toplumu gəlib girdi araya,
Kəsərlidir qız hikkəsi, qız ərki,
Keçdiyi yer yaralıyla qalandı,
Kəsərlidir qız hikkəsi, qız ərki.

Birləşmişdi iti qılınc, incə səs,
Acıqana oxdur sanki bircə səs,
Göyərçin səs, qartal, bayquş, sərçə səs,
Kəsərlidir qız hikkəsi, qız ərki.

Qızlar çatıb birləşdilər Sannaya,
Bənzəmirdi onlar daha sonaya,
Bənzəmirdı toplum-toplum durnaya,
Bənzəyirdı qan-qan deyən anaya,
Kəsərlidir qız hikkəsi, qız ərki.

Balaşq, Kumar güc artırdı onlara,
Əllər, üzlər incə, ancaq qap-qara,
Qızlar qaplan doğumudur diyara,
Kəsərlidir qız hikkəsi, qız ərki.

Daryaş qalxdı, o əl atdı qılınca,
Çapdı getdi o, Sannanın dalınca,
Gəzdi onu vuruşmalar boyunca,
Kəsərlidir qız hikkəsi, qız ərki.

Çatdı ona, bizuc atdı arxadan,
“Öc alıram bu gün”-dedi Sannadan.
Qız qıvrıldı belindəki yaradan,
Kəsərlidir qız hikkəsi, qız ərki.

Balaşq dedi: – Alçaq, yenə durubsan,
Qızı gəlib sən arxadan vurubsan,
Hələ gəlib burda ölkə qurursan,
Kəsərlidir qız hikkəsi, qız ərki.
Bunu deyib o, Daryaşı izlədi,
Bir də onu döyüşməyə səslədi,
Sonra durdu, o Sannanı gözlədi,
Kəsərlidir qız hikkəsi, qız ərki.

Yaralı qız döyüşürdü yenə də,
Birdən durub valayladı yerində,
Çatdı Balaşq ona bunu görəndə.
Kəsərlidir qız hikkəsi, qız ərki.


Tunqər gəldi Eldəbirlə, toplumla,
Vuruşmadan sonra barış olmalı.
Yerinc gəlib öz yerini görməyə,
Vuruşmadan sonra barış olmalı.

Daryaş yoxdur boğazından yapışsın,
Ağsaqqallar yoxdur gedib barışsın,
İşlər bitib, hansı işə qarışsın,
Kimsə yoxdur ondan bir söz soruşsun,
Vuruşmadan sonra barış olmalı.

Soraq çatdı bütün tanış-bilişə,
Çuqçu, Balaşq, Kumar gəldi görüşə,
Dedi: – Öncə kim başladı döyüşə?
Vuruşmadan sonra barış olmalı.

Daryaş,Balaşq,Kumar,Sanna-dedilər,
– Hər iki el batdı qana, -dedilər,
Olmuşları açıb ona dedilər,
Vuruşmadan sonra barış olmalı.

Tunqər dedi: – Sanna kimdir,nəçidir,
Balaşq dedi: – Darvidelin gəncidir,
İşdə işlək, sözdə ölçü-biçidir,
İnanılmış söykənəcək, elçidir,
Vuruşmadan sonra barış olmalı.

– Bir adı da Qarateldir, vuruşqan,
Sözdə ötkəm, döyüşlərdə alışqan,
İşdə-gücdə, zəmilərdə çalışqan,
Vuruşmadan sonra barış olmalı.

Tunqər dedi: – Yerinc qoysaq, necədir?
Deyirsiniz döyüşkəndir, nərçədir.
– Bu, onunçun ağır olar, incədir.
Vuruşmadan sonra barış olmalı.

Balaşq, Kumar bu deyimi bəyəndi,
Döyüşkən qız Sanna ilə öyündü,
İkisi də bir ürəkdən sivindi,
Vuruşmadan sonra barış olmalı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri