Salam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,Dişləri mirvari, qaşları peykan,Saçları sərbəsər zərnişan oldu

Zərnişan Bağdadda Məhəmməd Paşa,İndi ki rüzgar dönübdü qışa,Sayatlı corabı xub keçir işə,Ağdaşın bazarı aliyşan oldu

Aliyşan Əhməd bəy istədi gəzə,Ləzginin qoyunu çıxıbdı düzə,Hacı Məhəmməd əl elədi xam bezə,Beş arşın yarımı bir tümən oldu

Bir tümən nisyədən keçmir qola,Qolunda da bir qızıl quş, bir tülə,Bezənin altısı bir qara pula,Sufi Məhəmmədə çox ziyan oldu

Çox ziyandı zamanənin gərdişi,Necə oldu bizim bəylərin işi,Bir yerə dökürdü çomağın başı,Dünən Mamaylıda çox tufan oldu

Tufan oldu zülmü bizim Ağdaşın,Füqəra-füqəra saxlayırdı başın,Məhəmmədəli rusa verdi qardaşın,Özü də bazarda yağ satan oldu

Yağ satanın birdə böyük zərkarı,Boyaxçının ur başına pərkarı,Mazalı Əlinin böyük sərkarı,Dökdülər başına ağzı qan oldu

Ağzı qan oldu dəllak Əli Əsgər,Hacı əfəndi qula saldı sim ü zər,Sevindi mollalar, dağıldı xəbər,Cücüklü yığıldı, karvan oldu

Karvan getməli şəhri Herata,Qəndin pudu orda altı manata,Ələk Məhəmməd süvar oldu bir ata,Satıldı, qurtardı, xanıman oldu

Xanımandı bu il hayva ağacı,Hakim Hacı etsin buna əlacı,Molla Mirəlidən keçdi arğacı,Binəvanın işi pərişan oldu

Pərişandı türkmənlərin əhvalı,Qalıbdı səhrada evli-obalı,Bəs Aşıq Əhmədin nədir xəyalı,Hacı Həmid qaçdı, o qaçan oldu

Qaçan Kazım kövənmişdi dağına,Getdi girdi Pirhəsənin bağına,Mən hazıram sizin bulaq otağına,Bilmərəm bu işlər bəs haçan oldu

Haçan gəlib ruznamədə bu çilə,Nə qalıbdı yazə bu gündən belə,Qomlağlı Cəbrayıl tilsimə hələ,Demə ki qar yağdı, iş yaman oldu

Yaman oldu talеh, iş döndü bədə,Niyyətim var idi bu il Məkkədə,Mürid Məhəmməd diyür gedək Məşhədə,Pasportsuz getməyim biimkan oldu

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri