Mindon söylənci
– Qızım, ötur, sən də gərək biləsən,
Tanrı bilir daha səndən nə gizli.
Qanlı qorxu hədələyir şahlığı,
Tanrı bilir daha səndən nə gizli.
Deyirlər ki, səndən olan ilk uşaq,
Bu ölkədə sonuncu şah olacaq.
Bu ölkədən o qanlı öc alacaq,
Tanrı bilir, daha səndən nə gizli.
Qorxu basıb, bala, məni bir ildir.
Bu yuxular, ancaq yalan deyildir,
Göy deyəni rəml atanlar nə bildi.
Tanrı bilir, daha səndən nə gizli.
Mindon tutdu əllərilə üzünü,
Ata belə söz deyərmi qızına.
Ata-bala arasında ölçü var,
Ata belə söz deyərmi qızına.
Qız atanın bu halından şəklənir,
"Ata deyən bu söz nədir, ərk nədir.
Güvəncini itirən qız təklənir,
Ata belə söz deyərmi qızına.
Onda gərək heç getməyim ərə mən.
Evdə qalım şah atama görə mən,
Ya da ölüm, basdırılım yerə mən,
Ata belə sız deyərmi qızına".
– Ata, ölmək bundan daha yaxşıdır,
Tanrı bunu bağışlamaz bizlərə,
Doğulmamış uşaq kimə neynəyib?
Tanrı bunu bağışlamaz bizlərə.
Ata, səni yanlayıbdır falçılar.
Dildə ötkəm, ötkəmlikdə yolçular,
Bıçaq sözün ürəyimə sancılar,
Tanrı bunu bağışlamaz bizlərə.
Məni öldür, ya da azdır tək qalım,
Qurda quşa yuva olum, tay olum,
Nə şah, nə ər, nə yurd. nə qız, nə oğlum,
Tanrı bunu bağışlamaz bizlərə.
– Ancaq məni azdırmazdan qabaq bil,
Yad ağızlar səni səndən ayırır,
Falçı rəmmal, cinçi şaha tay deyil,
Yad ağızlar səni səndən ayırır.
Mən atamın sözlərindən çıxmaram,
Oğul, uşaq, ər evinə baxmaram,
Soysuz qallam, ərsiz qallam, doğmaram.
Yad ağızlar səni səndən ayırır.
Falçılara, cinçilərə inanma,
Onlar kimi göydən sallaq dayanma,
Eli eşit, onlar ilə dolanma,
Yad ağızlar səni səndən ayırır.
Şah qızına inanmadı nədənsə,
Qoca kişi hər bir sözə inanmaz.
Bir az qorxdu hələ onun sözündən,
Qoça kişi hər bir sözə inanmaz".
"Qız ağ oldu niyə mənim üzümə,
O baxmadı bir yol nəmli gözümə,
Gəl, sən inan falçıların sözünə,
Qoca kişi hər bir sözə inanmaz.
Falçıların dedikləri olandır,
Mən gedəri, Mindon isə qalandır,
Düz deyirlər, məni yıxan balamdır,
Qoca kişi hər bir sözə inanmaz".
Qız çağırdı öz yanına Muğəri,
Ağsaqqalın dedikləri düz olar.
– Məni qurtar bu qadadan, yol ara.
Ağsaqqalın dedikləri düz olar.
Aldadıblar şah atamı fal ilə,
Yola gətir onu doğru yol ilə,
Get inandır şahı, Muğər, dil ilə,
Ağsaqqalın dedikləri düz olar.
Atam qartıb, fala, rəmlə inanıb,
Bel bükülüb şah inamı qatdanıb,
Şahlığını, varlığını o danır,
Ağsaqqalın dedikləri düz olar.
Muğər dedi,-Qorxma, qızım, atandan,
Yol azanı yola qoymaq çətindir.
Get yanına, ağla, yalvar, əl uzat,
Yol azanı yola qoymaq çətindir.
Mən bilirəm şahı falda yorublar.
Onu alıb sənə qarşı qoyublar,
Bu ölkəyə dərin yara vurublar,
Ol azanı yola qoymaq çətindir.
Məni apar, qoy danışım düzünü,
Bizə sarı mən döndərim üzünü,
Ya ölərəm, ya qurtarram qızımı,
Yol azanı yola qoymaq çətindir.
Mindon getdi şah yanına Muğərlə
Şah onlardan üz döndərdi bir az da.
– Ata, dinlə, yalvarıram, Muğəri,
Şah onlardan üz döndərdi bir az da.
– Şahım, qızın bağrı yanıq qorxudan,
Atma onu, kəsmə onu qayğıdan,
Ulduz özgə yol göstərir yuxudan,
Şah onlardan üz döndərdi bir az da.
Ulduz deyir yerdə inam tükənib,
Su yolu ilə vuruş gözlər ölkəni,
Çoxalt bu il arpa, buğda əkəni,
Şah onlardan üz döndərdi bir az da.
– Mən Muğərəm, göyə gizli bacam var,
Göydən gəlir ağrı, acı, uzüntü.
İşdayağın göy ulduzu apaydın,
Göydən gəlir ağrı açı, uzüntü.
Yerdəkilər sizi sözə tutublar,
Boş fal ilə başınızı qatıblar,
Könlünüzə üzüntülər çatıblar,
Göydən gəlir ağrı, acı, üzüntü.
Bu yuxuda su döyüşdür, su qandır,
Mindon qanda üzən sarı samandır,
Gəmi aldır, gəmi yolu açandır,
Göydən gəlir ağrı, acı, üzüntü.
– Mən şahımın qabaqında bükülü,
Şah uzağı görməlidir Başevdən.
Falçılardan, cinçilərdən sapınıb,
Şah uzağı görməlidir Başevdən.
Şahım, suda gəmiləri artırın,
Onda yönü belə idi Turərin.
Dənizlərdə ayıq olun, bərk durun,
Şah uzağı görməlidir Başevdən.
Neçə eldə yerinciniz saralıb,
Qalıb iki yol arası asılı.
Şahımızda şah inamı azalıb,
Şah uzağı görməlidir Başevdən.
– Müğər, məni inandırsan bu dillə,
Oyun baha başa gəlir Başedə.
Minellinin qorxudadır şahlığı,
Oyun baha başa gəlir Başevdə.
Gəmilərim dəniz-dəniz üzürlər,
Toplumlarım ölkə-ölkə gəzirlər.
Necə qana bata bilər bu düzlər,
Oyun baha başa gəlir Başevdə.
Nə yürüş var, nə qasırğa, nə qırğın,
İçindədir acıqanı şahlığın.
Gərək deyil şaha Müğər qılığı,
Oyun baha başa gəlir Başevdə.
Sən atırsan məni qana-qadaya,
Yer yox yersiz öyüdlərə bu yerdə.
Yoxsa başın qoltuğunda olacaq,
Yer yox yersiz öyüdlərə bu yerdə.
Qız mənimdir, diyar mənim, ev mənim,
Çaşdırırsan düşüncəmdə sən məni,
Sən deyənlər yelə verər ölkəni,
Yer yox yersiz öyüdlərə bu yerdə.
Mən baxaram, soruşaram, bilərəm,
Öz tanrımdan yardım, əltut dilərəm.
Yeri gəlsə şah kimi də ölərəm,
Yer yox yersiz öyüdlərə bu yerdə.
– Ata, inan, sənə qarşı o düzdü.
Düz tikanlı düzdə qalır, təklənir,
Niyə yalan ürəklərə yol tapır,
Düz tikanlı düzdə qalır, təklənir.
Bu gəlişin qurtuluşu yürüşlə,
Hamı gərək sınanıla döyüşdə.
Falçı, rəmmal üzə çıxsın bu işdə,
Düz tikanlı düzdə qalır, təklənir.
Ata, bir də söyləyirəm, biləsən,
Yalvarıram məni ərə vermə sən,
Şahım, niyə axı niyə görəsən,
Düz tikanlı düzdə qalır, təklənir.
Yalvardılar, yaxardılar ataya,
Dəyişməyir sözlə alın yazısı.
Məncil şaha yol göstərdi bilərlər.
Dəyişməyir sözlə alın yazısı.
– Atam, yazıq Mindonundan öc alma,
Tanrım düşük gücsüzlərdən güc alma,
İstək quşum, en aşağı, ucalma,
Dəyişməyir sözlə alın yazısı.
Tanrım, qurtar məni qanlı gəlişdən,
Başevdəki gizli alış-verişdən,
Yad görünən doğma tanış bilişdən,
Dəyişməyir sözlə alın yazısı.
Qısnadılar İşdayağı falçılar,
Toyuq içdən, balıq başdan iylənər.
Muğər, Mindon təkləndilər Başevdə,
Toyuq içdən, balıq başdan iylənər.
Şahın artdı öz qızından qorxusu,
Lap dolaşdı burum-burum yuxusu.
Başev oldu hörümçəklər toxusu
Toyuq içdən, balıq başdan iylənər.
Yuxu üstdə neçə başlar vuruldu,
Müğərinsə köksu iki yarıldı,
Şah qızının kövrək könlü qırıldı,
Toyuq içdən, balıq başdan iylənər.
Nələr etdi yuxuları yozumlar,
Şahlıq qızıl qan üstündə qurulub.
Qan üstündə üzən şahdır, ya gəmi.
Şahlıq qızıl qan üstündə qurulub.
Minellinin birellisi nə gündə,
Başbiləni, düz deyəni sürgündə.
Çırpıntısı kəndir-kəndir düyündə
Şahlıq qızıl qan üstündə qurulub.
Böyük ölkə burdan tutub oracan,
Başev olub başdan-başa yozmaca
Bu ölkəni dolandırır bir qoca,
Şahlıq qızıl qan üstündə qurulub.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-mindon-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mədhiyyə
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!
Başına dolandıXəbər gəldi, şah qoruğu talandı,Xəstə cismim yar başına dolandı.
Bu qəsidə dəxi ol sahibqiran şə’nindədürŞahənşahi-bülənd əxtər, səriri-mülkətə sərvər,Xudayi yarü tovfiqi qərinü dövləti çakər.
Birinci Dumanın iniqadı münasibətilə söylənmişdirOlub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,